manera.az
manera.az

Xanım Aydından YENİ HEKAYƏ - "GÜN...EL" | MANERA.AZ

📅 30.10.2015 15:02

Xanım Aydından YENİ HEKAYƏ  - "GÜN...EL" | MANERA.AZ
manera.azmanera.azmanera.az


"GÜN...EL"
(hekayə)



Qapılar bağlanır, növbəti stansiya...
Qatar zaman sürətiylə irəliləsə də, xatirələr həminkidi. Tunellər arası stansiyalar kimi işıqlı, havalı, dopdolu... Köhnəlməyib... Nə qədər təmir olunub yenilənsə də, müasir bərbəzək vurulsa da dəyişmir...
“İçərişəhər” stansiyası... Ağacların səmaya ucalan budaqları ilə çətirlənmiş Filarmoniya bağı... Zaman dayanıb burda... Yavaş-yavaş bağın içiylə addımlayıram. Payızın hüzünü yarpaqlara yansıyıb, sarı-qırmızı xəzəl ayaqlarımın altında xışıldayır. Narın yağan yağış da göydən xatirələri endirir. Qulaqcıqlar qulağımda Qədir Rüstəmovu dinləyirəm. "Neyçün gəlməz, neyçün gəlməz...?" Qəribədir. Heç kimi gözləmirəm, məni də gözləyən yoxdur. Bəs bu mahnını niyə belə kövrək-kövrək dinləyib, burnumu çəkirəm? Bir himə bəndəm ki, gölməçələrdə halqalanan yağış damcılarına qarışdıram göz yaşımı... Təkəm... Nə itirənim var, nə də axtaranım... Bu səhər evdən çıxanda güzgüyə boylandım, daha "gözəlsən" demədi mənə bu səhər. İlahi, çoxdandır özümə fikir verməmişdim. Yas evində olan kimi acığımdan güzgünün üstünə ağ sərdim. Görmək istəmirəm bu qadını! Bu mən deyiləm. Ayaqqabımı dabanımla əzə-əzə ayağıma keçirib qaçaraq evdən çıxdım. Bircə o qadını görməyim! Qapının kilidin bağladım, ya bağlamadım? Unutmuşam. Hər nə isə. Nəyim var ki? Evim dörd divardı, bir də köhnə xatirələr. Oğurlasınlar o xatirələri, onsuz da mənə acı verir. İllər boyunca ürəyimə dərd olan qubar-qubar xatirələrdi onlar. Cadar bağlamış dodaqlarımla illər uzunu söz-söz, cümlə-cümlə əzbərlədiyim, kibritin son nöqtəsinə kimi alovlanıb barmaqlarımın ucunu yandırdığı, amma onları yandıra bilmədiyim məktublar, rəsmlərdi, kitab arasında qurutduğum qızılgüllərdi onlar. İndi o qədər dəyərsizdirlər ki... Hardan yadıma düşdü bütün bunlar? Göyərçinlər azadcasına qanad çalıb uçuşur Filarmoniyanın önündəki bərbəzəkli fəvvarənin yanında. Ömrümü kitab oxumağa sərf etdim. Həyatımsa yazılmamış kitab oldu. Vərəqləri saçlarım kimi bəmbəyaz qaldı. Özüm özümü xəyallarımda asıb, düşüncələrimdə çoxdan dəfn etmişdim artıq.
"Sən... sən... Güüünel... Sən...." - həyacan dolu, amma o qədər doğma, o qədər həzin, sanki canımdan, ruhumdan gələn bir səs məni diksindirdi. Ayaq saxladım... Ola bilməz... Çevrilib baxmağa cəsarət edə bilmirəm. Bir neçə saniyə ara verən həmin qeybdən gələn səslərə bənzər səs yenə də məni çağırdı: "Günel". Yox, İlahi, dəli oluram deyəsən.
...-Tez ol, tez ol. Qapılar bağlanır. Dərsə gecikəcik. Tez min qatara... Nə yaxşı ki, çatdın.Yoxsa danlanacaqdıq yenə də. Onsuz da ikimizi bir yerdə görəndə institutda geninə boluna pıçhapıç başlayır. Barı dərsə vaxtında çataq ki, gözə girməyək...
- Əllərimdən bərk-bərk tut, heç vaxt buraxma. Səni lap çox istiyirəm. Mənim səndən başqa bir kimsəm yoxdu, bilirsən. Nəfəs kimisən, ruh kimisən canımda.
- Biz heç vaxt ayrılmayacağıq. Ağlına pis heç nə gətirmə.
Qatar adamlarla dolu idi. Kimi kitab oxuyur, kimi yoldaşıyla yüksək səslə söhbət edir, kimi qatarın pəncərəsindən qaranlıq tunelə boylanıb xəyallara dalır, kimi də qatarın uğultu fitindən bu cür xəyallardan dik atılır ayılır. Bir-birimizə çox yaxın dayanmışdıq. Xəyalımda sarılmışdım ona, sarmaşıq ağaca dolanan kimi. Boyu dağ kimi, qolları dünyanın ən geniş səddiydi mənimçün. Elə bilirdim ondan böyük, ondan yaraşıqlı, ondan çox məni qoruyan yoxdu. Kitablarda sevdiyim qəhrəmanlar kimiydi gözümdə. Deyirlər haa "ağ atlı oğlan", bax həyatıma elə girmişdi. Dərslərdə nə muhazirələri eşidirdik, nə də ki, qeydlər aparırdıq. İmtahanları da elə birtəhər yola verirdik. Göz gözdən, söz sözdən doymurdu ki... Partanın altında əl-ələ tuturduq, bəzən bir mühazirə mətni qulağımızın həndəvərindən vıyıltı kimi gəlib keçir, heç bir kəlmə də eşidib yadda saxlamırdıq. “İqtisadiyyatın əsasları” fənnindən bir müəllimimiz vardı. Elə zəhmli kişiydi ki. Qalın qara qaşlarını qaldırıb üzümüzə nəzər salanda...
...Yadıma düşənlərə bir bax... Səsə tərəf çevrilmək istəyirəm. Bacarmıram ki... Görəsən yenə gözümə nə isə, kim isə görünür? Psixoloqum özümlə az danışmağı məsləhət görmüşdü. Axır vaxtlar yaddaşım da yerində deyil. Nəyi hara qoyduğumu unuduram. Amma bu səs əşya deyil, kimsə də deyil. Bu unudulan səs deyil...
... - Ora bax, o biri qapıda dayanan üç nəfər varee. Hər səhər bizim stansiyada görüşürlər. Bizlə “Baksovet”də çıxırlar. Fikir vermişəm ki, bu qədər sərnişinin içində bütün yolu bizə baxıb pıçıldaşırlar. O bir az dolu olan qadın yol boyu gözünü bizdən çəkmir. Hər gün eyni qatarla biz dərsə, onlarsa işə gedirlər. Mən tək olanda gözləriylə sanki - "niyə təksən, hanı bəs "O" - soruşurdular".
-Heç fikir verməmişdim. Qoy baxsınlar. Toyumuza da dəvət edərik.
-Toyumuza?!
Bu sözdən ruhum titrədi... Xəyalımda vağzalı sədası altında bir əlimdə onun əli, bir əlimdə ağ güllərdən çələng, özüm də bəmbəyaz gəlinlikdə canlandı. Gözlərim yaşardı. Yəni yetim də xoşbəxt ola bilər?...
-Hə, əlbəttə ki... Az qalıb... Anama deyəcəm.
... Günel...
..."Güc tap özündə, bu odur, onun məxməri səsidir. Mən yanıla bilmərəm. Dünyada heç kimlə bu səsi dəyişik sala bilmərəm" - yavaşca gözlərimi səsə doğru yönəldirəm. Qoxudan ya da ki həyəcandan bir-birinə kip sıxıılmış kipriklərimi bir-birindən aralamağa qorxuram.
...-Alo, salam, Elgünü olar?
- Bacı, bu gün Elgünün toyudu. Çox vacib deyilsə...
Təbəssüm bir anda necə buz bağlarmış... Necə...necə... axı...biz...biz onunla...
...Yenə yadıma düşdü..Yenə qanım qaraldı. Bu qədər illər ötməsinə baxmayaraq. Yenə içim içimə sığmadı... Amma indi səsə hay verməliyəm. Bir cüt qara göz gözlərimə zillənmişdi. Elgündü. İnanıram da, inanmıram da. Gülürəm də, ağlayıram da...
...Toyundan sonra qatarda tək gedirdim. Həmin o üçlüyün gözü məndəydi. gizlənməyə yer axtarırdım, gah tunelə, gah adamlara, ora-bura boylanırdım. Qol saatıma azı on dəfə nəzər yetirdim. Amma vaxtı soruşan olsaydı təkrar qolumu qaldırıb saata baxmalı olardım. Yenə də pıçıldaşırdılar. Dolu qadın o birinə "yəqin ayrılıblar" deyirdi. Dodağından oxudum. Elə utanmışdım ki... Özümü elə alçalmış, elə lazımsız hiss etmişdim ki... Uşaq evində tək qaldığım, tək böyüdüyüm illər gəldi göz önümə... İkinci dəfə bu hissi yaşadım... Hamıdan balacaydım. Çörək də masanın tən ortasında aliminium çörək qabında olardı. Hamı əlini uzadıb götürürdü. Mən əlimi uzadıb ora çatanacan çörəyin ancaq qırıntıları qalardı... Yenə xatirələrimlə haralara getdim... Nəysə... Məcbur oldum yolumu dəyişməyə. Daha onlarla bir qatarda gedə bilməzdim. Daha yorğun və dolğun baxışlarımı onlardan gizlədə bilməzdim. Elə bilirdim hər gün məni mühakimə edirlər. Neyləyəydim. Mən aldanmışdım. Çox xoş aldanış idi bu. Amma nədən, niyə sualları fikrimi bir ömür yormuşdu. Cavab tapmamışdım. Üzünə baxıb ondan heç nə soruşmamışdım. Qaçırdım. Özüm özümdən, ondan, stansiyalardakı qatarlardan, əlində işarə taxtası olan xanımdan, bizi tanıyanlardan qaçırdım... Ruh kimi idim... Elə indi də beləyəm...
...Əlimdən tutan əl həminki əl idi..İsitisindən tanıdım. Dilimə gələn ilk söz "niyə" oldu. Heç bir mənası yox idi axı. Neyçün sorduğumu heç özüm də bilmədim. "Bağışla! Ondan eşitdiyim ikinci söz bu oldu! "
-Mən səninçün mübarizə apara bilmədim. Gücsüz oldum. Zəif oldum. Bütün nəslimizi qarşıma alacaq cəsarət tapmadım özümdə. Onunla evlənmək məcburiyyətində qaldım, səni sevsəm də... Başqa çıxış yolum yox idi. Məni bağışla... Bağışlaya bilsən...
... Yanağımdan öpmüşdü. Sevincimdən uşaq kimi atılıb düşürdüm. Mən tək idim. Kimsiz, kimsəsiz... Dünyanın tən ortasında bir o vardı, bir də mən. Atam da, anam da, bacım da, qardaşım da o idi... Şəkil çəkdirmişdik arxasında ürəklərin içində GÜN və EL yazmışdıq. Elgün - Günel.
... - Səndən əfv diləməyə üzüm yoxdu...Amma sən həmişə qəlbimdə yaşamısan. Sənə verdiyim əzabdan hər gecə can vermişəm. Evim ev olmayıb, ailəm yad olub mənimçün. Heç yoldaşımı da xoşbəxt edə bilməmişəm. Hey ürəyimdə bir başqası olduğundan əzab çəkib o da. Anam xərçəng xəstəliyindən dözülməz ağrılar çəkə-çəkə rəhmətə getdi. Ölən gününə qədər peşmançılıq çəkdi. Hey deyirdi ki, o uşaq evində böyüyən qızın ahı tutdu məni. Amma artıq gec idi. İtirmişdim səni. Qapına gəlməyə üzüm yox idi. Pəncərədən süzülən işıqda "kaş ki, ailəm sən olardın. Hər axşam evə sən varsan deyə tələsəydim, sənin ətrinlə bihuşlanaydım, bişirdiyin yeməklərdən doya-doya yeyəydim, səni yenə qısqanaydım hər ötənə, uşaqlarımızın adını bir yerdə düşünüb qoyaydıq, bircə dəfə gözlərinə baxıb bütün inciklikləri unudaydım"- xəyalları qurmuşam. Gəlib qapının zəngini basmağa cəsarətim olmayıb. Hansı üzlə gələydim qapına? Sındırdığım qəlbin bədəlini nəylə ödəyəcəkdim? Hansı gözəl sözləri yanyana düzəcəkdim ki, məni bağışlayasan? Mən bunu da bacarmadım".
...Dəniz dalğalıydı bu gün. Hava da soyuq. Üşüyürdüm. Dalğalar qayalara çırpıldıqca narın damcıları üstümüzə sıçrayırdı. Qağayılar dənizdən xırda balıqlar oğurlamaq üçün pusqudaydılar. Birdən məni özünə sıxdı. Başımı çiyninə qoydum. Saçlarımın bəndi açılıb qayaların arasına düşdü, dalğalanmağa başladı. Gözümün ucuyla çənəsinin altından ona baxmağa çalışırdım. Hələ heç vaxt məni sevdiyini dilinə gətirməmişdi. Söhbətimiz yenə də susqunluq oldu. Saatlarla dənizin üzü bizə, bizim də üzümüz dənizə sarı dayandıq. Amma üz-üzə dayanmadıq... Danışmadıq...
Tanımadığım bir adam mənə yaxınlaşdı.
- Deyəsən özünüzü pis hiss edirsiniz. Təcili yardım çağırmağa ehtiyac varmı?
Yaxılıqdakı taxta skamyaya əyləşməyə kömək etdi. Yerə düşmüş, palçığa bulaşmış, qəhvəyi rəngli dəri çantamı da silib yanıma qoydu. Dəli oluşam deyəsən. Elə bu gün mütləq psixoloqun qəbuluna yazılım. Ruhum ağrıyır. Məni yenə qara basır deyəsən.
– Ətrafınızda heç kim yox idi. Amma siz... sanki...siz kimləsə danışırdız...tək idiz, amma danışırdız...
Sonra nə danışdığı yadımda deyil. Bir də ayıldım ki, evimdə güzgünün önündəyəm. Ağ mələfə də ayağıma dolaşmışdı. Sınmamış güzgünün paralarında özümü paramparça gördüm. Çilik-çilik gördüm...


MANERA.AZ



Baxış sayı - 6 117 | Yüklənmə tarixi: 30.10.2015 15:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031