manera.az
manera.az

İnsan vəfa hissini itirərsə...

İnsan vəfa hissini itirərsə...
Manera.az Qəfər Rüstəmlinin "Ax, Alabaş.." hekayəsini təqdim edir:

Sərraf kişi taksinin ön oturacağında oturmuşdu. Maşın dağ yolunda irəlilədikcə sarp qayalı, yaşıl ovalı doğma obası geridə qalırdı.
Cəmi bir neçə dəfə şəhərə getmişdi. Oğlu onu şəhərə gətirmək üçün nə qədər israr etsə də Sərraf kişi hər dəfə bir bəhanəylə onu başından sovurdu. Hələ bir evlən, hələ bir uşağınız olsun deyə-deyə hər dəfə söz verib sözünə əməl etmirdi.


Bu dəfə məsələ başqa idi, Sərraf kişi şəhərə tələsirdi. Oğlundan aldığı xəbər onu çox nigaran etmişdi. Bir dəqiqə belə kənddə otura bilməzdi. Sübh tezdən mal-qaranı qonşuya tapşırıb yola qoyulmuşdu.

Nigarançılıq ürəyinə qaranlıq kimi çökmüşdü. Oğlunun nəsə gizlətdiyindən əmindi. Oğlu həmişə belə edərdi, bir şey gizlətmək istəyəndə telefonada müxtəsər danışardı, yalan danışmaq istəmirdi çünki. Sərraf kişi də çox üz vurmamışdı.
Maşındakı adamlar nəyisə hay-küylə müzakirə edirdilər. Sərraf kişi başı ilə onların fikirlərini təsdiqləyir, hərdən candərdi söhbtə qoşulurdu. Ürəyində dua edirdi ki, onu çox söhbətə qatmasınlar. Bilirdi ki, danışamağa başlasa söz dönüb-dolaşıb ona gələcək, ondan şəhərə nə üçün getdiyini soruşacaqdılar. Onlara düzünü deməyə utanırdı, yalan danışamğı da ömürbillah sevməzdi.
Əslində utanmalı bir şey yox idi. Axı insan dəyərli bir şeyini niyə qorumağa çalışmasın? Bəs onun dəyər verdiyi şey nə idi? İt, bəli səhv eşitmədiniz, it. Kim eşitsə gülərdi, Sərraf kişi kənddən şəhər it üçün gedirdi. İtin şəhərə gedib çıxmağına Sərraf kişi heç cür inana bilmirdi.
Onlar Sərraf kişinin dayağı, vəfalı dostu Dəhrənin ekiz balası idi. O, Dəhrə ilə dağların isti-soyuğunda birlikdə can çürütmüşdü. Elə bil heyvan dil bilirdi, tək başına qoyunlara göz qulaq olurdu. Bir neçə dəfə qurdlarla sinə-sinəyə gəlib sürünü mətanətlə qorumuşdu.
Bir gün necə oldusa Dəhrə uzun müddət gözdən itmişdi. Sərraf iti nə qədər axtardısa tapa bilmədi, elə bil yer yarılıb onu içinə çəkmişdi. Dəhrəsiz onun qəlbi heç vəchlə rahatlaşmırdı. Bütün dağı-daşı ələk-vələk edəndən sonra onu çay yatağında tapmışdı. Dəhrəni ölü kimi yerdə uzanıqlı görəndə tez yanına qaçmışdı. Yaxınlaşanda onun cansız cəsədinin yanında zingildəyən iki balasını görmüşdü. Dəhrənin açıq iri gözləri sanki balalarını qorusun deyə Sərrəf kişiyə yalvarırdı. O, ürəkyanğısı ilə Dəhrəni torpağa basdırandan sonra ənikləri götürüb evə gəlmişdi. Dəhrənin əmanətlərini qorumağı özünə söz vermişdi.
Əniklər o qədər zəif və heysiz idilər ki, ağızlarını açıb südü içə bilmirdilər. Sərraf kişi zorla qaşıq-qaşıq onlara süd içirmişdi. Tir-tir titrəyən əniklərin üstünü bərk-bərk basdırmışdı ki üşüyüb xəstə olmasınlar.
Əniklər dirçəlib güclənənə qədər başlarında pərvanə kimi fır-fır fırlandı. Hər ikisinin yerişi-duruşu eyni Dəhrə idi. Sərraf kişi onları gördükcə köhnə günləri yada salır, Dəhrənin o hüzünlü gözlərinin güldüyünə inanırdı.
Sərraf kişinin qəribə bir xasiyyəti var idi. Nəsə bir şey itsə, öyrəncəli olduğu bir şey sınsa, xarab olsa az qalırdı uşaq kimi oturub ağlasın. Evdəki qulpu qırıq fincan, kənarları qırılıb kələ-koturlaşmış kasa onun ən sevdiyi əşyalar idi. Arvadı başqa kasada yemək versə aləmi bir birinə vururdu. Əslində elə bu xasiyyətinə görə şəhərə getmək istəmirdi. Kənddən ayrılan kimi arxada qoyduğu hər şey elə bil gəlib qəlbinin üstünə minir ona dayanılmaz ağrılar verirdi. Aşina olduğu hər şey, öyrəşdiyi hər əşya onu şəhərdə bir saat olsun rahat yaşamağa qoymurdu.
Bir dəfə oğlu şəhərdən gələndə ona təzə çəkmə almışdı. Arvadı onun xasiyyətinə bələd idi. Bilirdi ki, Sərraf kişi bir neçə yerindən deşilmiş çəkməsindən əl çəkməyəcək. O evə gəlməmişdən qabaq arvadı tez köhnə çəkmələri zibilliyə tullamışdı. Sərraf evə gələn kimi köhnə çəkmələrini görməyəndə bərk əsəbləşmişdi. Oğlu onu dilə tutub sakitləşdirmək üçün yarı zarafat yarı ciddi:
-Ata, köhə şeyləri istifad etsən köhnələrsən, yenilənmək lazımdır, dünya qloballaşır, köhnəliklə yaşasaq həmişə köhnə qalarıq. Gör sənə nə gözəl çəkmə almışam, yüpyüngül, yeni texnologiyadı.
Sərraf kişi başını bulayıb köks ötürmüşdü.
-Köhnə əşyalarda mənim xatirələrim var, mən xatirələrə vafılayam. Onları tərk etmək, bir tərəfə tullamaq mənə xəyanət kimi gəlir. Məncə əşyalarından asanlıqla vaz keçən biri başqa vaxt daha dəyərli şeyləri, insanları də güdaza verər. Vəfanın, sədaqətin böyüyü-kiçiyi olmaz.
Oğlu dostayana əlini atasının çiyninə qoyub onu güldürüb eynini açmaq istəmişdi
-Onda gərək insanlar yeni şeylər kəşf etməsin. Gör heç cür gəlib çıxa bilmədiyin şəhər nə qədər dəyişib, gözəlləşib. Hər yer çil-çıraq, hündürmərtəbəli binalar, lüks maşınlar. Bunların harası pisdir?
-Pis deyil, niyə pis olsun. Ancaq gərək insan köhnəni də unutmasın. İnsan vəfa hissini itirsə, öz mənliyini, kimliyini itirər. Çünki vəfasız insan birinci özünə vafasızlıq edər, özünü yox edər.
Sərraf kişini bir sual narahat edirdi, kim Alabaşı şəhərə aparmışdı və bunu necə bacarmışdı. Axı Alabaş da anası Dəhrə kimi, əkiz tayı Sarıbaş kimi zəhimli, yekəpər it idi. Bu sual onun dərd-qəminə yağ töküb daha da alovlanıdırırdı. Ürəyini bürüyən ağrılı sualın cavabını xatirələrin qoynunda axtarmağa çalışırdı
Əniklər yavaş-yavaş ətə-cana gəlir, gücə-qüvvət əldə edirdilər. Hər ikisi bir-birlərinə çox oxşayırdı. Sadəcə birinin balaca qulağının yanında ovuç içi boyda ala var idi, digəri isə başdan ayağa qızılı-sarı rəngdə idi. Sərraf ona görə birincisinə Alabaş, digərinə Sarıbaş adını qoydu.
Hər birində Dəhrənin yeriyişi, Dəhrənin baxışı vardı. Sərraf kişi dostun əziz-xələf yadigarlarını gözündən kənara qoymaq istəmirdi. Əlindən gəldiyincə onları sürünün yanında tək başına qoymurdu.
Onlar böyüdükcə Sərraf onlara qarşı daha çox doğmalıq hiss edirdi. Fəqət bir şey onu çox darıxdırır, ürəyinə qarmaqarışıq fikirlər atırdı. Alabaşın qəribə xüsusiyyəti onu çox narahat edirdi.
Bir gün Alabaş önündəki sümüyü iki pəncəsiylə tutub gəmirirdi. Sərraf onun bu halını görəndə mat-məəttəl qalmışdı. Önündəki sümüyü qonşu çoban atmışdı. Alabaş da cumub sümüyü ləzzətlə dişinə çəkirdi. Halbuki nə Dəhrə, nə də Sarıbaş belə bir şey etməzdi. Sərrafdan başqa ona kim yal atsa öldürsən yeməzdilər. Hətta belə birinə hürüb yanlarından uzaqlaşdırırdılar.
Sərraf kişi tez əl atıb ürəyini tutdu, nəfəsi çatmırdı. Maşındakılar duyuq düşməsin deyə yavaşca pəncərəni açıb təmiz havanı içinə çəkdi. Belə de, sən demə Alabaşa belə kələk gəlmişdilər. Kəndə gəlib gedən qəssablar ona sümük atıb aldatmışdılar. Sonra da maşına mindirib şəhərə aparmışdılar. Sərraf kişi nə qədər düşünsə də ağlına başqa bir cavab gəlmədi. Ancaq bu cavab onu çox narahat edirdi. İstəyirdi ki, belə olmasın, Alabaşı zorla maşına mindirib qaçırsınlar, ya da nəsə başqa bir yolla aldatsınlar. Ancaq bu mümkünsüz idi. Heç kim o böyüklükdə iti zorla maşına mindirib oğurlaya bilməzdi. Bu qaçınılmaz cavab onun ürəyini elə sıxırdı ki, az qalsın taksini saxlatdırıb düşəcəkdi. Ancaq Alabaşı görmə istəyi ona güc gəldi.
Sərraf kişi avtovağzalda düşdü. Oğlu orada gözləyirdi. Atasını maşına mindirib evinə apardı. Yolda ikisi də oradan-buradan danışdılar. Heç biri mövzunu Alabaşa gətirmək istəmirdi. Axırı Sərraf dözə bilmədi:
-De görüm Alabaşı harada görmüsən, sağdırmı barı?
-Hə, hə, sağdı, narahat olma. Gedək bir az istirahət et. Görəcəksən.
-Necə yəni görəcəm, bu heyvancığaz harda yaşayır, nə yeyir, nə içir?
-Ata Alabaş bizim məhəllədədi, daha doğrusu axşamüstü bizim məhəlləyə gəlir.
Sərraf kişi udqundu, utanmasydı ağlayacaqdı. Bu boyda şəhərdə Alabaş necə yaşaya bilərdi. Axı onlar yabancı birinə heç öyrəşməmişdilər. Yad biri gələn kimi həm Alabaş, həm də Sarıbaş hürüb özlərini öldürərdilər. Birdən yolda ağlına gələn şey yenə zehnində peyda oldu. Yoxsa, yox, yox... Alabaşı götürüb mütləq kəndə qayıtmalıydı. Həmdə günü sabah.
Günbatana qədər evdə rahat otura bilmədi. Nəvələrini götürüb məhəlləyə düşdü. Məhəllədə təkəm seyrək insan görünürdü. Şəhərin qulaq batırıcı səs-küyü Sərraf kişini çox narahat edirdi.
Məhəllədəki kiçik parkda bir neçə skamya vardı. Kənarda böyük zibil qutuları yerləşdirilmişdi. Tükləri kir-pasaq içində pişik və itlər zibilliyə daraşmışdı. Pişiklər ağzınacan dolub daşan qutuların üstündə ağnayıb zir-ibili yerə atırdı.
Sərraf kişi onları görən kimi biixtiyar nəvəsiylə birlikdə həmin tərəfə yeridi. Onları ürək ağrısı ilə izləyirdi. Qotur itlərdən bəzilərinin bədəni yara-yara idi. Kiçik bir sümüyə görə bir-brilərinə diş göstərib mırıldayırdılar. Nisbətən güclü olanlar zəifləri qovub uzaqlaşdırırdı. Heç biri Sərraf kişiyə məhəl qoymurdu, elə bil onu heç görmürdülər. Halbuki kənddə bir itə yaxınlaşmaq üçün şir ürəyi yemək lazım idi.
Zibilliyə atılmış çörək, pal-paltar, cürbəcür ev əşyası Sərraf kişinin diqqətini çəkdi. İlk dəfə zibil qabında belə bir şey görürdü. Belə əşyaların nə üçün zibilliyə atıldığını heç cür anlaya bilmirdi.
Gün qüruba tərəf əyildikcə narahatlığı artırdı. Alabaş gəlib çıxmaq bilmirdi. Məhəllənin alaqarnlığında boğuşan itləri güclə sezmək olurdu.
Uzaqdan yaxınlaşan böyük qaraltı Sərraf kişini uşaq kimi sevindirməyə yetmişdi. “Özüdür ki var, gələn Alabaşdı” deyə gələn iti fərəhlə nəvəsinə göstərdi. Alatoranlıq içindən çıxıb gələn Alabaşı yekəpər siluetindən tanımışdı.
Alabaş Sərraf kişiyə məhəl qoymadan digər itlərin yanına getdi. Sərraf kişi bir az daha onlara tərəf yaxınlaşdı, “Alabaş, Alabaş” deyə səsləndi. Ancaq Alabaş özünü o yerə qoymadı. Sərraf kişi cibinə qoyduğu bir parça çörəyi çıxarıb yerə atdı və Alabaşa səsləndi. Digər itlər tez atılıb çörəyi götürmək istəsə də yekəpər Alabaş onların hamısını qovaladı. Yaxınlaşıb çörəyi çənəsinin arasında o tərəf-bu tərəfə çevirərək yeməyə başladı. Alabaş arıqlamışdı, böyürü bir-birnə dəyirdi. Bir ayağı axsayırdı, bədənində çoxlu zərbə və diş yarası vardı. Görünür onu başqa itlərlə boğuşdurmuşdular, qüvvədən düşəndən sonra da küçəyə atmışdılar.
Sərraf yerə çöməlib Alabaşının gözlərinə baxmaq istədi. İt başını qaldırıb bomboş gözlərlə ona baxdı, elə bil onu heç tanımırdı. Sərraf kişi doluxsundu. Alabaşın ona vəfalı olduğu günləri xatırladı. Sarıbaşla qurda-quşa sinə gərdiyi günlər gözlərinin önündən şütüyüb keçirdi. İndi isə önündə yad bir heyvan durururdu, pir parça çörəyi yemək üçün tanımadığı birinin ayağını yalayan zavallı bir itə çevrilmişdi. Tamamən yad, tamamən özgə bir varlığa dönmüşdü. Bu yadlıq, bu özgəlik Sərrafın ömür boyu qorxub qaçdığı hisslərdi.
Sərraf kişi Alabaşa daha çox baxa bilmədi. Nəvəsinin əlindən tutub evə getdilər. Səhər kəndə gedən ilk maşına evə qayıtmağa qərar verdi.
Səhərsi gün gəlininin təkidiylə bir-iki qurtum çay içib oğlunun maşınına mindi. Yolda heç biri danışmırdı. Oğlu atasını yaxşı tanıyırdı, Alabaşa görə onun ürəyinin necə ağrıdını çox yaxşı bilirdi.
Sərraf kişi kənd üçün, dağlar üçün, Sarıbaş üçün çox darıxırdı. Gözlərini yumub Dəhrənin açıq qalan gözlərini, Alabaşın hər dəfə onu görən kimi iki ayağı üstə qalxıb onu qucaqladığını xatırlayırdı. Həmişə maraqla baxdığı şəhərə artıq baxmaq istəmirdi. Ona elə gəlirdi ki Alabaşı belə yadlaşdıran, sümsükləşdirən bu dəbəli evlər, bəzəkili parklar, izdihamlı küçələr idi. İndi sadəcə Sarıbaşı görmək istəyirdi. Onun tüklü boynuna sarılıb rahat nəfəs almaq istəyirdi.


MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930