manera.az
manera.az

Təbiətin insanlara barış təklifi |MANERA

Təbiətin  insanlara barış təklifi |MANERA

Milli birlik bayramı:
Bahar – Təbiətin insanlara barış təklifidi


...El-oba böyük ruh yüksəkliyi ilə hər il martın ilk günlərindən başlayaraq güllü, butalı Novruzun pişvazına çıxmağa tədarük görür. Üzümüzə yaz nəfəsi toxunan bu nurlu səhərlərin birində baxıb görərik ki, bağ-baxçada gül-gülü çağırır, bülbül-bülbülü. Tumurcuq vurmuş ağaclar ağac, baharı ilk müjdələyən quşlar quş dili ilə Novruzun gəlişindən soraq verirlər. Yol-yolağı bürüyər yaz ətri, yasəmən qoxusu.

Qartallar zirvəyə, şəlalalər dağlara, leyləklər səmaya, baharsa azad Azərbaycana yaraşır.

...İlk dəf 1967-ci ildə Şixəli Qurbanovun təşəbbüsüylə rəsmi “milli vətəndaşlıq pasportu” alan bu bayram doğma Azərbaycanımızın taleyinə günəş təki doğdu. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra Novruzun hər gəlişi Odlar Yurdunun adına ucalıq, əzəmətinə əzəmət, vüqarına vüqar qatdı, bayram şənlikləri təntənəli məqamlarla zənginləşdi. Artıq 25 – ci bahardır ki, Novruz xalqla dövlətin vəhdəti işığında qarşılanır; dövlət başçısı da, el aşığı da, sadə insan da ümumxalq şənliyində birlikdə iştirak edir. Qədim xalq oyunlarını, kosayla keçəlin məzhəkəsi, Novruz atəşfəşanlığı, xoruz döyüşü, halay qurub yallı gedənlər bahar məclislərinə ülfət gətirir, sevinc, gülüş töhfəsi bəxş edir. Deyərlər, yazda gülənin ömrü də uzun olar. Bahar – ana təbiətin insanlara bərabərlik, mehribançılıq, barış təklifidir...

Haşiyə: Mənbələrdə göstərilir ki, Novruz nə bir məzhəb, nə də bir dinin bayramı deyil. Mahmud Kaşğarlının “Divan-i-Lüğəti-türk”ündə, Səlcuqlu Vəzir Nizamülmülkün “Siyasətnaməsi”ndə, Məlikşahın təqvimində, Ağqoyunlu hökmüdarı Uzun Həsənini qanunlarında, Qazi Bürhanəddinin, Səfəvi-Qızılbaş şahı Şah İsmayılın divanında türklərin yaşam tərzini, adət-ənənəsini əks etdirən Novruz bayramının ortaq türk bayramı olduğu göstərilir. Qədim dövrlərdə bu bayramın adı Novruz deyil, Tura adlanardı. Tura – Törə (törəmək) sözündən yaranıb ki, bu gün dilimizdə işlətdiyimiz Turan sözü də bu addan götürülüb. Tura yeni günün başlanğıcı kimi qeyd edildiyindən, farslar bu sözü Nov-yeni, ruz-gün ilə əvəzləyiblər. Sonralar elə bayramın adı Novruz kimi yaddaşlarda daha çox qalıb...

Artıq 25 – ci bahardır ki, üçrəngli bayrağımız allı-güllü Novruzun gözəlliyinə gözəllik qatır... Novruz abadlıq, səliqə sahman, barışıq və s. ilə yanaşı həmrəylik və SÜLH rəmzidir, bütün nəsillərdən olan insanların bir-birinə bənzərsiz etiram vədəsidir. Fəsillərin və nəsillərin görüş çağıdır. Müdrik babalar “iltəhvil saatı”dan bir az öncə təp-təzə paltar geyinərək süfrə başına yığışan nəvələrinə öyüd verərdilər ki, bəs dədə-baba atəti var: Belə əziz axşamlarda kimsəsizləri tək qoymazlar, elə ki, NOVRUZun “topu atılırdı” durun, bayram xonçasından pay götürün, gedin sonsuzlara, kimsəsiz qocalara baş çəkin! Savab qazanın, bu əziz axşamda... Bəli, əzəldən elin gözü tərəzi, dürlü-dürlü sözü batman olub! Zarafat deyil, adı dağdan ağır ulu adət-ənənəmiz boilanır bir dünya yaşıllığın içindən. Ağsaqqallar deyərlər ki, köhnə ilim haqq-hesabını təzə ilə saxlamazlar. Beləcə ilin axır çərşənbəsinə kimi borclar ödənilərdi.

...Torpağa sonsuz sevgisi ilə cütü-xışı yaradan babalar: “Durna gəldi şuma çıx...” – deyə sumaçıxma mərasiminə səsləyərdilər əkinçiləri. Toxum səpməyi elin-obanın ən hörmətli, ayağısayalı adamlarına etibar edərdilər...

Göydən yerə nur ələndikcə, ana torpağın bahar fərəhi, sevgisi köksünə sığmaz. Bir də görərsən ki, yaz yağışı ilə yaz günəşi səmada bir möcüzə yaradıb, gəl görəsən. Qovsi-quzeh masmavi göyə qurşaq atıb. El inamına görə göy qurşağının altından keçən adam nə arzu etsə, hasil olar!.. Bir də el arasında yeddi rəngli göy qurşağına qarı nənənin örkəni, Fatma nənənin hənası da deyirlər. Novruz bayramı öynəsində elin başbilənləri göy qurşağına baxıb, nəyin bol, nəyin qıt olacağını xəbər verərdilər; qırmızı rəng arpa-buğdanın, sarı rəng darının, yaşıl rəng paxlanın rəmzi sayılırdı...

Xeyirli –bərəkətli yaz günləri evlərdə şirinçörək, şəkərbura, paxlava bişirən gəlinlərimiz, ana və nənələrimiz bir-birinə könülxoşluğuyla, qəlbaçıqlığıyla: “Toy çörəyi yapasan!”, “Bayam xoncasını ilbəil artıq tutasan!”- deyə xeyir-dualar eləyərlər.
Bayram xonçasında yamyaşıl səməni tellənər, ətrafında rəngbərəng şamlar yandırarlar. Bu şamlar da adi şamlar sayılmaz. Arzu, sevgi, murad şamları deyərlər onlara! Hər evdə baharın ilk nemətinə - səməniyə alqış nəğmələri qoşular:

Səməni, saxla məni,
İldə göyərdərəm səni...

Bayram süfrələrinə adətə görə, gərək yeddi löyün xörək, çərəz, mer-meyvə düzülə, həyətlərdə, meydanlarda yeddi tonqal çatıla:

Ağırlığım- uğurluğum
Burda qalsın...

-deyib hoppanarlar uşaqlı-böyüklü tonqalların üstündən. (Bu gün xalqımızın nə ki, dərdi, ağrısı varsa, qoy Novruz tonqallarında alışıb yansın!)

Atıl-matıl, çərşənbə,
Bəxtim açıl, çərşənbə!

-deyərək qəlblərində gizli istək, sevgi cücərən el qızları niyyətlərinin işığında yamyaşıl sabahlara boylana-boylana qulaqasdıya yollanar qonum-qonşu qapısına. Adətən üç evə baş çəkib, qapı pusarlar. Odur ki, hər evin ağbirçəyi-ağsaqqalı buyurar ki, belə əziz axşamlarda gərəkdi ki, xoş sözlər danışasan, olub-olmuşlardan məzəli söhbətləri yada salıb, deyib-güləsən...

Bayram küsülü sevməz...

Yazın gəlişinin ən ümdəsi onunla əlamətdardır ki, çoxdanın küsülüləri bir-birilə əl tutub bayramlaşar, umu-küsünü unudarlar. Babalar “Bayram küsülü sevməz”-deyə ən yaman günün küsülülərini belə barışığa çağırar, ağbirçək nənələr də deyərlər:

Gəbənin eni qarış,
Güllü – butalı naxış.
Bayram küsülü sevməz
Qadan alım, gəl barış!

Əsrlərin sınağından çıxmış Novruz ruhlu uluca-uluca nəğmələr, bilməcələr, söyləmələr məclislərimizə şadlıq-şadyanalıq gətirər-yazın bu vədələrində. El-obada sinədəftər qocaların bayatı dolu ocaqdibi söhbətləri bayramın söz bəzəyi olar.
...Oğlan uşaqları bahar rəngli qurşaqlar atarlar evlərin qapısından. Qəlblərinin genişliyi yerə-göyə sığmayanlar qurşaq atanları sevindirər; iydə, kişmiş, badam, qoz, fındıq, rəngli yumurtalar düşər uşaqların paylarına.
Əvvəllərdə belə günlərdə unnuqlarda una basdırılmış yumurtaları döyüşdürərdilər. Yumurta döyüşünün bir növünə də “qatar döyüşü” deyərlər. Bu zaman adətdir ki, baxışmaz və dəyiş-düyüş etməzlər. Ən bərk yumurta səsəl adlanardı. El arasında bu günəcən sınaqlardan çıxmış mərd adama filankəs “qatardan çıxıb” deyirlər. İnsanlar arasında barişı, mehribançılığı yaradan həm də maraqlı xalq oyunları idi. “Sultanoyunu”, “Bəhməngizir”, “Əlbəndi”, “Gözbağlama”, “Təkbələncüt”, “Xan-xan” oyunu, “Beş daş”, “Dirədöymə”, “Atmindi” və s. xalq oyunları insanlarda bayram ovqatı ilə yanaşı sağlam düşüncə, möhkəm birlik yaradırdı.
Novruz Azərbaycanda və dünyada yaşayan müxtəlif millətlərin arasında birliyin və mehribanlığın möhkəmləndirilməsində, onların bir-birinə mərhəmət və diqqət göstərməsində humanizm ənənələrinə malik bayramdır.
Sevindirici haldır ki, Azərbaycanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ilin fevralın 23-də isə BMT Baş Məclisi Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, martın 21-ni “Beynəlxlaq Novruz Günü” elan edib.
Azərbaycanda qədimdən Novruz günü bütün ailə üzvlərinin birlikdə mübarək bayram süfrəsinin başına yığışması yaxşı əlamət sayılır. Son illər Novruz ərəfəsi cəzaçəkmə müəssisələrində azadlıqdan mərhum olmuş yüzlərcə məhbus əhv olunaraq, ailələri ilə birlikdə bayram sevinci yaşayırlar. Milli adət-ənənələrimizə dərin ehtirmdan irəli gələn və humanizm meyarlarına söykənən bu addımın atılması çox təqdirəlayiq haldır.
Bu milli bayram günlərində həm də bizə əziz və müqəddəs insanların, doğmalarımızın məzarını ziyarət edir, xatirələrini anır, ruhlarına dualar oxuyuruq.
Ulu Tanrıdan diləyimiz budur ki, çal-çağırlı Novruz şənliklərini tezliklə yurdumuzun Qarabağ adlı cənnət güşəsində də keçirək. Qoy əzəli torpaqlarımızda bayram tonqalları şölələnsin!
Bu gün nə qədər iqdisadi böhrənın çətinlikləri ilə üzləşsək də Bahar şənlikləri əhval-ruhiyyəmizə xoş ovqat qatır. Hər evə, hər ailəyə, uşaqdan –böyüyə hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinci yaşadan tonqalların BUTA şəkilli alov dilimləri də Odlar Yurdunun keçmişini və indiki məqamını və xalqımızin sülhə, barışa, xeyirxahlığa sevgisini təcəssüm etdirir.
Qoy bu Novruzun qədəmləri uğurlu olsun! Təkrarsız sənət incimiz olan muğam festivalları Azərbaycanın musiqi beşiyi Şuşada keçirilsin! Bax, o zaman, novbəti Novruz daha əzəmətli, daha möhtəşəm, çal-çağırlı olacaq. Bu arzunu gerçəkləşdirmək üçün - Yurda sevgimizi, Ulu Novruzun bizə bəxş etdiyi milli birliyimizi əməli işlərimizlə sübut etməliyik.

Hər birinizə tükənməz yurd sevgisi, xeyir əməl və bir də Qarabağda görüşmək istəyi ilə

Nurəddin Ədiloğlu

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031