manera.az
manera.az

Uşaqlar üçün yazılmış şeirlər tərbiyəvi olmalıdır - MANERA.AZ

Uşaqlar üçün yazılmış şeirlər tərbiyəvi olmalıdır - MANERA.AZ
manera.az
Vəfa Mürsəlqızı yazır...

Rəngli yuxuların adamı


(Faiq Hüseynbəylinin uşaq şeirləri haqqında)


Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da daim yenilənməyə, xüsusi diqqətə və qayğıya ehtiyacı var. Azərbaycanda professional uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Uşaq ədəbiyyatı haqqında düşündükdə mənim ağlıma ilk olaraq vaxtılə Süleyman Sani Axundovun sevə-sevə oxuduğum “Qorxulu nağıllar” hekayələr toplusu gəlir.

Sonralar Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Zahid Xəlilin, digər klassiklərin və müasirlərin yaratdığı uşaq ədəbiyyatı nümunələrini oxuduqca qərara gəldim ki, əslində uşaq ədəbiyyatı yaratmaq daha çətin və daha məsuliyyətlidir. Uşaqlardan fərqli olaraq, artıq formalaşmış düşüncə tərzinə malik insanlar nə oxuyacaqlarını və oxuduqlarından hansı nəticəni çıxaracaqlarını anlayırlar. Başqa sözlə desək, yetkin yaşlı oxucu verilən mətni özü “emal” edir. Uşaqlara isə konkret bir mövzunu emal edərək çatdırmaq lazımdır. Oxuduqlarımız bizim şəxsiyyətimizi formalaşdırır və ya artıq formalaşmış şəxsiyyətimizi təkmilləşdirir, dünyagörüşümüzü dəyişdirir. Məncə, artıq uşaq ədəbiyyatının nə üçün önəmli olduğunu dərk etmək çətin deyil. Başqa bir tərəfdən isə uşaq ədəbiyyatı kifayət qədər sadə, asan qavranıla biləcək, uşaqları mütaliyəyə cəlb edəcək qədər maraqlı olmalıdır. Uşaq ədəbiyyatının böyük bir hissəsini şeirlər tutur. Uşaqlar üçün yazılmış şeirlər qısa, lakonik, öyrədici və tərbiyəvi əhəmiyyətli olmalıdır.

Uşaqlar əslində bizim çətin qavradığımız böyük bir planetdir. Hər uşağın həyata öz baxışları var. Bizim eyni cür gördüyümüz, hansı funksiya daşıdığını aydınca bildiyimiz əşyalar belə uşaqların gözü ilə baxdıqda çox müxtəlifdir. Bu baxımdan uşaq şeirləri yazan şair bir az da uşaq kimi saf, təmiz olmalıdır ki, uşaqların nə düşündüyünü anlaya və çatdıra bilsin.

Dövrümüzün gənc yazarları sırasında xüsusi yeri olan Faiq Hüseynbəylinin uşaq şeirləri yazması çox maraqlı bir faktdir. Bəlkə də Faiqin uşaq şeirləri yazmasını bir çoxu bilmir. Mən Faiqin bu zamana qədər dərc olunmuş kitablarını oxuduqca çox maraqlı bir qənaətə gəlirəm, sanki, onun şeirləri ildən-ilə yaşa dolur və boy atır. Təbii ki, bu şeirlərin içərisində ədəbi tramplin rolunu onun yazdığı uşaq şeirləri oynayıb. Faiq ilk şeirlərini on yaşında qələmə alıb. İlk dəfə Cəlilabad rayonunun ədəbi orqanı olan “Həməşərə” (sonralar “Yeni gün” adıyla çap olunmağa başladı) qəzetində on yaşlı Faiq Hüseynbəylinin “Vətəni qoruyaq”, “Verilib”, “Bahar gəlir”, “Durnalar” şeirləri dərc olunur. Faiqin yazdığı uşaq şeirlərinin arasında təbiətə həsr olunmuş şeirlər daha cəlbedici və daha öyrədicidir. Bu şeirlərdən “Gəlibdir”, “Qar yağır”, “Bahar gəlir ellərə”, “Yazın gəlişi”, “Yay keçdi” şeirləri ilin fəsillərinə həsr olunub.

Kiçik yaşlı məktəblilər və məktəb yaşına çatmamış uşaqlara ilin fəsillərini tanıtmaq, hər fəslin özünəməxsus özəlliyini onlara başa salmaq üçün belə tipli şeirlərə ehtiyac çoxdur.

Faiqin uşaq şeirlərini bir neçə qrupa ayırmaq olar. Bunların içərisində təbiət təsvirləri ilə zəngin olan “peyzaj şeirlər” böyük üstünlük təşkül edir. Hər bir şeirdə fəsillərin gözəlliyi dəqiqliklə, oynaq, lakonik misralarla qulaqdan süzülüb ürəyə axır. “Bahar gəlir ellərə” şeiri də bu qəbildəndir. Şeirdə baharın bütün əlamətləri gözəl təsvir vasitələri ilə verilir.

Bahar gəlir ellərə,
Yaşıllaşır dağ-dərə.
Açılıb Novruzgülü,
Heyran edir bülbülü.
Baş qaldırır Yasəmən,
Gözəlləşir çöl-çəmən.
Laləyə bax, Laləyə,
Batıb şehə, jaləyə.
Açılıb min bir çiçək,
Gülləri ləçək-ləçək.
Düşüb fəqanə quşlar,
Yağır isti yağışlar.
Qar əriyir dağlarda,
Bülbül ötür bağlarda.
Gün yayılır hər yerə,
Bahar gəlir ellərə.

“Gəlibdir” şeirində isə kiçik yaşlı oxucunu qışın soyuq havası vurur:

Əsdi külək, yağdı yağış, yağdı qar,
Büründü ağ kürkə bütün ağaclar,
Yeni ildir, gözəl şənliyimiz var,
Bu gün bizə əziz qonaq gəlibdir,
Şaxta baba əldə çomaq gəlibdir.

Şeirdə yeni il şənliyinin qış aylarına təsadüf etməsi şirin bir dillə xatırladılır. Yeni il şənliklərinin baş qəhrəmanı Şaxta babanın gəlişi təsvir edilir. Qarın rəngi, qışın əlamətləri göstərilir. Qış haqda “Qar yağdı” adlı başqa bir şeirdə isə qarın yağması təbiət hadisəsi kimi balacalara çatdırılır:

Qar yağdı birdən-birə,
Düşdü buluddan yerə.
Hər yer oldu ağappaq,
Ağ geyindi dərə, dağ.
Necə ağappaqdı qar,
Uça-uça yağdı qar.
Düşdü buluddan yerə,
Qondu düzə, çöllərə.

Böyüklər ağılları ilə, uşaqlar isə intuisiyaları, gözləri və qulaqları ilə qavrayırlar. Hər bir uşaq gələcəyin tam hüquqlu vətəndaşıdır və demək, cəmiyyətin bir parçasıdır.

Cəmiyyət ayrı-ayrı insanların birliyindən qurulur. Bunun üçün sağlam şüura, sağlam əxlaqa və vicdani dəyərlərə malik olan tam, bütöv şəxsiyyətlərə ehtiyacımız var.

Təəssüflər olsun ki, bu gün uşaqlarımızın əyləncələri həddindən artıq böyüyüb. Uşaqlar ədəbiyyatı sürətli şəkildə internet məlumatları və seriallarla əvəzləyiblər. Vaxtaşırı uşaq cizgi filmləri, uşaq serialları ilə tanış oluram, təəssüf ki, bu seriallar, bu cizgi filmləri uşaqların daha tez böyüməsinə və onların həyat reallığı ilə vaxtından tez tanış olmasına xidmət edir. Bura bəzi uşaq ədəbiyyatı nümunələrini də əlavə etmək olar. Bir müddət əvvəl fərqli yazarların uşaq şeirləri ilə tanış oldum. Şeirlər müasir, maraqlı idi, demək olar ki, içərisində hər şey vardı, bircə ümid və saflıqdan başqa! Zəmanəmizin balacaları, onsuz da, çox reallıqları daha tez görüb qavrayırlar. Məncə, şeirlərlə onlara utopik də olsa, müvəqqəti olaraq rəngli bir dünya qurmaq lazımdır. Faiqin uşaq şeirlərində məhz ümidin rəngi və çalarları görünür. Uzunçuluqdan uzaq, təmiz, saf, ümid və günəş dolu sətirlər adamı uşaqlığına qaytarır. Rəngli, duru, lakonik şeirlərdən olan kəpənəklərə həsr olunmuş “Uçuşur kəpənəklər” şeiri həm də yaxşı uşaq mahnısının mətni ola bilər:

Qanad çalır kəpənək,
Qonur gülə-çiçəyə,
Əynində xallı köynək,
Bürünüb ağ ləçəyə.

El-obaya yaz gəlir,
Bağda açır çiçəklər,
Çiçəklər arasında,
Uçuşur kəpənəklər.

Və ya başqa bir şeirdə yaz fəsli olduqca cəlbedici boyalarla, gözəl və rəngarəng təsvir edilir:

Günəşli yaz gəlir, bülbülün səsi,
Ucalır göylərə, səs-səda salır.
Köçəri quşların şirin nəğməsi,
Ana təbiətə laylalar çalır.

Burdakı təbiət təsvirləri uşaqların estetik zövqünün formalaşmasına və onların bədii təsvir vasitələri ilə tanışlığına yol açır. Faiqin uşaq şeirlərinin arasında məktəblə bağlı, təhsillə əlaqəli şeirlər də var. Mən uşaqların düşüncə tərzində bədii ədəbiyyatın roluna çox inanıram. Bəlkə də bugünkü məktəblilərin dərsə və təhsilə marağının azalması təhsili təbliğ edən şeirlərin, hekayə və nağılların azlığından irəli gəlir. Faiq Hüseynbəylinin “Məktəb sevinci” şeirində uşaq arzularını, uşaq istəklərini ifadə edən misralar var. Şeirdəki lakonik dialoqların, bənzətmələrin yardımı ilə uşaqlarda məktəbə marağı hələ bağça yaşlarından aşılamaq olar:

-Salam, müəllim,
-Salam, uşaqlar...
Məktəb başlayıb,
Çoxlu sual var.

Necə gözəldir
Məktəb sevinci,
Kimlər olacaq,
Bu il birinci?

Yuxarıda qeyd etdiyim şeir sadə bir dialoqla, müəllim və şagirdlərin qarşılıqlı salamlaşması ilə başlanır. Elə ilk sətirlərdən də öyrədici xarakter daşıyır. Salamlaşma özü bir etika qaydasıdır və bu qaydalar uşaqlara əslində poetik şəkildə təlqin olunsa daha effektli olar. Sərbəst düşünən, lakin hələ tam nəticə çıxarmaq qabiliyyətində olmayan körpələrə vətəni, elm və təhsili, doğmalarımızı ədəbiyyat vasitəsi ilə sevdirmək bizim üzərimizə düşür.

Hansı yolu sevirsən? -
Soruşarsa bir nəfər,
Məktəb yolu əzizdir,
Doğmadır, - Arif deyər.

Uşaqlara nəyisə təlqin etməyin ən gözəl vasitəsi onlara bunu başqa bir yoldaşının timsalında anlatmaqdır. Neçə ki, bunu Faiq “Məktəb yolu” şeirində Arifin timsalında edir. Daha bir misalda balaca Solmaza böyüklər deyil, onun bacısı Arzu nəsihət edir. Faiq bunu iki qızcığazın şirin dialoqu şəklində verib. Şeir “Nəsihət” adlanır:

İstədi cırsın,
Kitabı Solmaz.
Arzu söylədi:
- Bacıcan, olmaz!

Arzu Solmazı
Tutub saxladı.
Kitabı aldı,
Solmaz ağladı.

Yaman dalaşdı.
Arzuyla Solmaz.
-Kitab mənimdir,
-Yox, cırmaq olmaz.

Uşaq şeirlərində dialoqların olması həm də uşaqların gözünün durğu işarəsinə alışmasına kömək edir və gələcəkdə düzgün orfoqrafiya qaydasına yiyələnməsini asanlaşdırır.

Faiqin şeirlərində məni bir məqam da cəlb etdi. Bu şeirlərdə xeyli Azərbaycan adlarından istifadə olunub. Arzu, Sevinc, Solmaz, Arif, Ləman, Nərmin, Əkbər, Zeynəb və sair. Uşaq şeirlərində Azərbaycan adlarının özünə yer alması maraqlıdır. Yaxın keçmişdə ata-analarımız uşaqlarına ədəbi qəhrəmanların adını verərdilər. Son zamanlar təəssüf ki, uşaqlara daha çox tanınmış şoubiznes nümayəndələrinin adlarını və ya milli olmayan yad adları verirlər. Bu üzdən də zamanla adlarımız dəyişikliyə uğrayır. Uşaqlara daha fərqli, Azərbaycan mənşəli olmayan adlar verilir ki, bu da öz adalarımızın unudulmasına gətirib çıxarır. Vətəndaşlıq hüququ qazanmış Azərbaycan milli uşaq adlarından şeirlərdə istifadə olunması həm o ada, həm də şeirə maraq yaradır.

Faiqin heyvanlarla bağlı şeirləri də çox maraqlıdır. Onun tapmaca xarakterli “Göyərçin” şeirində göyərçinin sülh timsalı olması ön plana çəkilir və sonda müəllif uşaqlardan bu quşun adını soruşur. Bağça və məktəb şənliklərində bu şeirdən istifadə etmək yerinə düşər. “Sərçə” adlı başqa bir şeirdə isə sərçələrin qışda yad ölkələrə uçmaması vətənə olan sədaqət kimi uşaqlara göstərilir və onlara doğma yurdu hər çətinlikdə, hər şəraitdə sevməyi, qorumağı məsləhət görür:

Qonub budağa,
Elədi “cik-cik”.
Nə gözəl quşdur,
Allah, sərçəcik.

Soyuqda quşlar,
Yerin dəyişir.
Yalnız sərçəcik,
Qışla döyüşür.

Getmir uzağa,
Doğma vətəndən.
Qarın altında,
O, axtarır dən.

Siz də vətəni,
Sevin, uşaqlar.
Yurdun qışı da
Bahardır, bahar.

Belə poetik missiya daşıyan şeirlərdən biri də “Qaranquş” adlanır. “Qaranquş” şeirində insana vətəninə, evinə, yuvasına və nəhayət, ailəsinə bağlılıq təlqin edilir:

Səhər-səhər bir qaranquş,
Uçaraq qondu eyvana.
Qanad çalıb boylandı o,
Gah bu yana, gah o yana.

Tavan üstə yuva qurdu,
Bir cüt bala böyütdü o.
Payız fəsli gələn kimi,
Yuvasını tərk etdi o.

Payız keçdi, qış ötüşdü,
Qarşıladıq nurlu yazı.
Dönüb gəldi o yuvaya,
Qaranquşun cüt balası.

Faiq Hüseynbəylinin yaradıcılığı həm də ona görə maraqlı və cəlbedicidir ki, onun yazdıqları yekrəng deyil. Faiqin yaradıcılığında sərbəst vəzndə olan şeirlərə, heca vəznində olan şeirlərə, əruzda yazılmış qəzəllərə, uşaq şeirlərinə, son dövrün modern yaradıcılığına daxil olan hokkulara və hətta təmsillərə də rast gəlinir. Təmsil lirik-epik növün ən qədim janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas özəlliyi onun tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır.
Təmsil əxlaqi-tərbiyəvi və nəsihət səciyyəli xarakterdədir. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn, M. Ə. Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir:

“Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar”.

Azərbaycan ədəbiyyatı və xarici ədəbiyyat tarixində bir çox təmsil yazarların adı fəxrlə çəkilir. Bunlardan Abasquluağa Bakıxanov, Abbas Səhhət, Mirzə Ələkbər Sabir və rus ədəbiyyatının möhtəşəm nümayəndələrindən İvan Krılovu misal çəkmək olar. Krılovun “Müşkülpəsənd gəlin”, “Trişkanın xalatı”, “Meymun və gözlüklər” təmsilləri məzmunca çox müasir və tərbiyəvidir. Bunu Azərbaycan təmsilçilərinin də yaradıcılığına birbaşa aid etmək olar. Faiq Hüseynbəylinin məhz təmsil kimi yüklü və çətin bir janra üz tutması bir daha onun öz yaradıcılığını zənginləşdirməyə meyilli olmasından və daim axtarışda olmasından xəbər verir. Faiqin bir bənddən ibarət təmsiləri belə özündə böyük bir məna daşıyır. Bu təmsilərin bir neçəsinə nəzər salaq:

Qoduq bir Qoduğu
Təpiklə döyürdü,
Düzələn deyilsən,
Eşşəksən,-deyirdi.

Yaxud:

Gəzib hər yanı
Dolandı Bayquş.
Dedi: -Elə yer
Xarabalıqmış.

Yaxud da:

Tülkü meşəyə,
Başçı qoyuldu.
Hinə girməyi,
Başında qaldı.

Faiqin təmsilləri içərisində birbaşa cəmiyyətə və insanlara mesaj daşıyan təmsillər də var. Məsələn, “Mübahisə” adlı təmsildə ağacın budaqları, yarpaqları və kökü arasında gedən mübahisə təsvir edilir. Sonda hər şeyin öz kökünə bağlı olması, kökdən ayrılarsa, budaqların və yarpaqların müstəqil var ola bilməməsi kimi insanların da öz soykökünə bağlılığı qeyd edilir. Bütün canlıların torpaqdan qüvvət alması, torpaqdan yaranıb sonda torpağa qovuşması sadə və asan şəkildə izah edilir. Eyni vəziyyətə “Lovğa gözəllər” təmsilində də rast gəlmək olar. Hər iki təmsil mövzu baxımından Məhəmməd Füzulinin “Söhbətül-əsmar” alleqorik poemasını xatırladır. Faiqin təmsillərində ibrətamizlik var, amma amansızlıq yoxdur. İnsanları qisas almağa yox, sadəcə, dərs verməyə çağırır.

Ümumiyyətlə, mən Faiq Hüseynbəylini sülh, barış, sevgi, kompramis şair kimi tanıyıram. Faiqin ədəbi dünyasına həzinlik, sakitlik, sevgi hökmrandır. Bu poeziyada aqresiya, qisasçılıq, təhdid yoxdur. İnsanların isə barışa, sevgiyə ehtiyacı böyükdür. Faiqin yaradıcılığına nəzər yetirdikdə bir şeyin də şahidi oluruq. Onun əlinə qələm aldığı gündən bəri ancaq öz ürəyinin istəyi və əmri ilə yazdığı aydınca görünür. İnkişaf edən xətt üzrə Faiqin on yaşında uşaq olan təmiz, duru, körpə, pöhrə hisslərini bir qədər sonra bir yeniyetmənin ilk eşqini, vətən məhəbbətini, mübariz əhval-ruhiyyəsi əvəz edir. Sonrakı mərhələdə artıq bir gəncin ürək çırpıntıları, bir vətəndaşın şüurlu vətən məcnunluğu dərkedilmiş şəkildə özünü büruzə verir. Nəhayət, bunun ardınca irfani şeirləri ilə artıq yetkinləşmiş bir adamın Allaha yaxınlığı, özünü anlayan bir kişinin qadına olan sevgisi və bağlılığı gəlir. Zamanla böyüyən Faiq duyğularında da, sevgisində də, sənətində də artan xətt üzrə yüksəlir. Və bunu öz zəhmətinin, istedadının sayəsində əldə edir.

Bu gün uşaqları düşünüb yazan yazarlarımız azdır. Nədənsə uşaq ədəbiyyatına bir o qədər də önəm verilmir, amma əslinə qalsa hər şey elə uşaq ədəbiyyatından başlayır. Firidunbəy Köçərli, Abdulla Şaiq, Abbas Səhhət, Süleyman Sani Axundov, Zahid Xəlil, Samuel Marşak və adını çəkmədiyim onlarla müasir və klassik uşaq yazarları kifayət qədər ciddi ədəbi imic yiyəsidirlər. Gənc yazarlar arasında Faiq Hüseynbəyli kimi uşaq ədəbiyyatına meyilli qələm adamlarını dəyərləndirmək və onlara yeni dövrümüzün uşaq ədəbiyyatını yaratmaq üçün stimul vermək lazımdır. Faiq Hüseynbəylini digər uşaq şeiri yazarlarından fərqləndirən onun bu şeirləri özü uşaq olarkən yazması ilə bağlıdır. Bu şeirlər uşaq təfəkkürü ilə yazılmışdır və uşaq maraqlarını ifadə edir. Buna görə də səmimidir, sadədir, ritmikdir.
Uşaqlar bizim gələcəyimizdir. Unutmaq olmaz ki, biz də onların keçmişiyik. Biz onları neçə yaradacağıqsa, onlar da bizi elə yaşadacaqlar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031