manera.az
manera.az

“Barış”a baxış - TƏHLİL


“Barış”a baxış - TƏHLİL

Hədiyyə Şəfaqətin “Barış” hekayəsi haqqında düşündüklərim...

Bir dəfə məndən müsahibə götürən jurnalist soruşdu ki, niyə hekayələrinizdəki qəhrəmanlar belə acizdir? Dedim ki, mən qəhrəmanlar haqqında yox, “qəhr olanlar” haqqında yazıram. Həyatda belə insanlara tez-tez rast gəlirəm və onların həyatı məni təsirləndirir. Saf, təmiz vicdanlı adamların əksəriyyətinin həyatda uğursuzluqları, çətin həyatları, sanki “məni qələmə al” deyir...

Bu yaxınlarda Hədiyyə Şəfaqətin “Barış” hekayəsini bir daha oxudum. Müəllifin təsvir etdiyi Səməd eynən yuxarıda dediyim “qəhr olan”lardandır. 20...-cı ildə baş tutan barışa əsasən Qarabağ qaçqınlarının geriyə köçü başlanır. Səmədin uşaqlarının şəhərdə qalmaq istəməsi, özünün isə kəndlərində üzləşdiyi eybəcərliklər, torpaqların yenidən satılması, o vaxtın vəzifə başında oturan satqınların övladlarının indiki harınlığı imkan vermir ki, rahat şəkildə öz evində yaşasın. Səməd yenidən şəhərə dönür.

Qarabağ haqqında düşüncələr, torpağımız geri qaytarılması uğrunda çalışmalar hamıya tanışdır. Amma müəllif tamamiylə yeni bir məsələni ortaya qoyur.Yəni oxucuya bildirir ki, nə vaxtsa barış əldə olunarsa, nələr baş verəcəyini düşünmüsənmi? Məsələn; mən sənə deyirəm ki, Səmədin vəziyyətinə çoxları düşəcək. Birinin övladı şəhərdə yaxşı karyera qurub, başqası yaxşı vəzifə alıb, birisinin şəhərdə obyektləri, qazanclı iş yeri var və s. Bəs onlar kəndlərinə dönmək istəməsə necə? Bəs Qarabağda açılacaq yeni iş yerləri, tikinti bumu, vəzifələr... Axı bunların hamısına yiyəlik edənlər elə Qarabağı satan adamların övladlarıdır? Səməd kimilər orada duruş gətirə biləcəkmi? Ümumiyyətlə, biz Qarabağa dönməyə hazırıqmı?

Bax hekayə bu məziyyətlərinə görə məni tutdu. Mövzu çox aktual olsa da boynumuza almalıyıq ki, yazıçılar qələmini buna oxşar mövzularda işlətməyiblər. Ədəbiyyatın ən ümdə qayəsi də bundan ibarət olmalıdır ki, yazıçı hadisələri qabaqlaya bilsin, qabaqcadan prosesləri duyub istiqamətləndirə bilsin. Müxtəlif mülahizələrin, arzu və istəyin hadisələrinin gedişinə nə təsiri ola bilər? Bir misal göstərirəm;

Dünən marşrut avtobusundayam. Yüklə dolu bir “şadmam” maşını bərk gurultu ilə bizim olduğumuz avtobusu böyük sürətlə keçib getdi. Səs-küydən, gurultudan hamı qorxub narahat oldu. Sərnişinlərdən yaşlı bir kişi qəribə bir söz dedi: “Axı bu “şadmam”ın sürücü hardan mədəniyyətli ola bilər ki? Sizi inandırıram ki, o heç ömründə bir hekayə, roman, şeir oxumayıb.”

Kişinin sözü maraqlı gəldi mənə. Onu bir az da tərpətmək üçün dedim ki, əmi, onlarda da günah yoxdur, böyükləri onları qul kimi işlədir, yuxusuz, yorğun halda tez-tez reys eləməyə məcbur edirlər. Kişi (görünür ki, nə dediyini bilən adammış) mənə dedi ki, elə deyil, əgər o sürücü kitab oxuyan, teatra gedən olsaydı, belə işdə işləməzdi. O pul ki, kobudluqla qazanılır, mədəniyyətli adam o pulu istəməz.

Düz sözə nə deyəsən?! Mütaliyəsi olan adam mənəviyyata çox üstünlük verir. Özü də yazıçının oxucu üzərində təsiri valideyn, müəllim təsirindən də böyükdür. Qarabağa qayıtmalı olacaq camaat cürbəcür vasitələrlə, ən başlıcası ədəbiyyatın köməyi ilə hazırlanmalıdır ki, Səməd kimilər təklənməsin. Amma xalq o yazılarl oxuyacaq, ya oxumayacaq, bu tamam başqa mövzudur.

Məqsədim odur ki, hekayədi mövzu oxucunu dərindən düşünməyə məcbur edir. Elə bu da hekayənin uğurunu təmin edir. Qaldı ki, yazının dili, təhkiyənin gedişi, hadisələrin sonluğu və s. Digər məsələlər barədə müəlliflə bəhs aparmaq olar. Amma hekayədəki mövzunun qoyuluşu, aktuallığı ilə müqayisədə bu o qədər də vacib deyildir. Məsələn, istərdim ki, yazıda Səmədin həmfikirlərini görüm. Torpaqları dönə-dönə satanlara nifrət nə qədər çoxdursa, müqəddəs dəyərlərə inam yaradan səhnələr, demək olar ki, yoxdur. Sanki Səmədin qayıtması ilə hər şeyin sonu olur, həyat sönür, gələcəyə, yaşamağa ümid, etibar qalmır. Bəlkə də Səməd qayıdanda Qarabağa dönən köç karvanı ilə qarşılaşsaydı, ya da “ Torpaqlar satılıb” deyən icra nümayəndəsinin üzünə tüpürsəydi, oxucunun ovqatı tamam başqa səmtə köklənərdi...

Hər halda müəllifi təbrik etmək olar ki, əsil yazıçı missiyasını yerinə yetirmişdir.

Şəhla Aslan
Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031