Mənə cənnət lazım deyil!
Ömrümdə nə qədər məktublar yazmış, nə qədər cavablar almışam. Amma bu dəfə MƏKTUB yazmaq üçün qələmim kütləşmiş, şairlər demişkən, ilham bulağının gözü quruyub. Fikrimdə bu “İlham” sözü işıqlanan kimi, sanki biri mənə deyir: “Yazma. İlhamsız yazma. İlhamın gələndə yazarsan”. Yenə də özümdən asılı olmayaraq o səsə qulaq asıram və heç nə yazmıram. Beləcə axşam olur, uzanıb yatıram, amma “təbim” gəlmir ki, gəlmir.
Bu məktub məsələsi başımı necə xarab eləyibsə, yuxumda da onu görürəm.
Dünən yuxuda gördüm ki, Kafkanın “Milenaya məktublar”ını oxuyuram. Özü də Kafka sevgilisini əzizləyir, elə nəvazişli sözlər deyir ki!
Yazır ki, ya dünya çox kiçikdir, ya da biz çox böyüyük. O qədər böyüyük ki, bütün dünyanı doldurmuşuq. Yer kürəsində bir sən varsan, bir də mən…
Daha nələr, nələr oxuyuram… Və görürəm ki, Yerin bir ucunda Kafkadır, ya Məcnundur, ya da kimdirsə bir oğlan var. O biri ucunda isə duran qız Milenaya da bənzəyir, Leyliyə də, Əsliyə də. Bir az diqqətlə baxıb görürəm ki, yox, oğlan Adəmdir, qız isə Həvva. Allah-təala onları cənnətdən qovub, hərəsini atıb bir tərəfə. Bir-birinin həsrətindən qovrulan bu iki aşiq zar-zar ağlayırlar. Amma Həvva lap çox darıxır.
Yuxudur da, qoruq-qadağası yoxdur ki!..
Sonra görürəm ki, Həvva hey yarpaqlara məktub yazır verir küləyə. Yarpaqlardakı yazıları isə necə olursa, mən oxuyuram. Səhər yuxudan durub öz yuxuma özümün gülməyim tutdu. Əl-üzümü yudum ki, yuxum qaçsın. Yuxum qaçdı, amma Həvvanın sözləri elə su kimi də aydınlaşaraq hafizəmə həkk oldu. Bu sirri yazıram, siz də oxuyun:
“Adəmim mənim, yer üzündə bir dənəm mənim, gözlərim səndən başqasını görmədi, görməz də, səndən başqa heç kimim yox, olmaz da! Səndən elmlisini, ağıllısını Allah yaratmamış, yaratmaz da! Sən İlahi nursan, səndən başqa heç kəsə nəsib olmayacaq bu. Sən, özündən əvvəl və sonra yaranmışlardan ən elmlisən. Bir dəfə söhbət vaxtı dedin ki, məndən sonra filankəslər peyğəmbər olacaq. Sən yüz iyirmi dörd min adamın içində bircə qadın adı da çəkmədin. Başa düşdüm ki, kişilər elmdə daha üstündürlər. Məgər buna billə-bilə mən sənə nəsə öyrətməyə cəhd edərdimmi?
Heç deyərdimmi, cənnətdəki qadağan olunmuş meyvədən yeməyimiz bizim xeyrimizədir? Şeytan kimdir ki, mən ona qulaq asam? Amandır, Adəm, “məni Həvva aldatdı” demə! Bu söz sənin elmini də şübhə salır, alimim mənim!
“Həvvanı şeytan aldatdı” da demə, bu da sənin uca adına kölgə salır. Cənnət elə gözəl idi ki, dillə deyiləsi deyil. Mən də, sən də, bizdən olacaq övladlar da bu cənnətdə çox yaraşacaqdıq. Mən fikirləşəndə ki, sənin övladların bütün cənnətə yayılacaq, qəlbim fərəhlə döyünürdü. Orada əbədi qalmaq üçün hər şeyimdən keçərdim, bircə səndən başqa. Sənsiz neynirdim o cənnəti? Cənnət hara, qadağa hara? “O meyvədən yeməyin!” göstərişini dərk edə bilmirdim. Heç sənin özün də onun əsl mənasını bilmirdin. Heç mələklər də, başqa yaradılmışlar da bu hikməti başa düşmürdülər. Həmin ziddiyyətli vaxtlarda, cavab axtardığımız vaxtda, mələklərin ən savadlısı iblisi gördüm. Rütbəsi böyük idi. Sən özün demişdin ki, o, Allahın yanındakı lövhənin yazılarını da oxuyub. Heç soruşmağımı gözləmədən qəlbimdən keçən sorğunu bilib cavabını dedi. Dedi ki, cənnətdə əbədi qalmağın çarəsi həmin meyvədir. Mənim isə borcum, hər şeyi sənə bildirmək olduğu üçün, sənə xəbər verdim. Bunda nə günahım ola bilərdi? Səhv olsaydı, sən səhvini düzəltməli idin. Axı sən məndən daha elmli, daha üstünsən!
Gəl, gözümün işığı, dizimin taqəti, sənsiz mənim nə qiymətim! Mən sənin bir parçanam, gəl ki, tam olum, bütöv olum! Özün deyirdin ki, qabırğandan əmələ gəlmişəm. Əyriyəm də! Məgər ağlında saf-çürük etmədən mənə inanmaq sənə yaraşar? Lap səhv etmiş olsam belə, bu nəticəni mənim, şeytanın üstünə yıxmaq sənə yaraşmaz, Adəmim mənim!
Sənin mənə danışdığın Qiyamət, haqq-hesabın mənasını indi-indi anlayıram. Bu meyvə, şeytan-filan bəhanədirlər. Qədərdir, qədər, ay mənim hər şeyi bilənim! Biz bu yer üzünə atılmasaydıq onlar necə baş verərdi? Həm də onu bilirəm ki, sən gələcəksən, qovuşacağıq, övladlarımız bütün Yeri bürüyəcək. Sonra da onu cənnətə döndərəcəklər. Sonra isə Qiyamət olacaq. Amma bu Yer – cənnət mənə lazım deyil. Mənə sən lazımsan! Mən sənə tərəf on addım atanda, sən də mənə tərəf bir addım at. Gəl ki, Allahın yazıları çin olsun. Gəl ki, qovuşaq!"
Həvvanın bu sözləri su kimi ruhuma çilənərək ona hopurdu. Elə sehrlənmişdim ki, qarşı təpədən görünən Adəmi hiss etməmişdim. Onlar bir-birinə doğru yüyürəndə, sevincdən mən də ağladım. Öz səsimə oyandım. Yuxum qaçsın deyə, durub əl-üzümə su vurdum. Yuxum qaçdı, amma eşitdiklərim hafizəmdə əbədi həkk olundu… Deyəsən, bunları yazmışam axı!.. Aman, nə sirrdir bu?..
Qət etdim ki, gedib “Leyli və Məcnun”u, bir də “Milenaya məktublar”ı tapıb alım, bir daha oxuyum. Yəqin ki, orada yazacağım məktub üçün gərəkli şeylər olacaq…
MANERA.AZ