Dəniz Pənah: “Məni yazar edən səbəb...”
“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu yaradıcılıqdan keçən yaradıcıları geniş oxucu kütləsinə təqdim etməkdir.
Növbəti müsahibimiz Bakı Slavyan Universitetinin II kurs dinləyicisi Dəniz Pənahovadır.
- Ənənəvi sualımız: - Dəniz Pənah kimdir?
- Milyonlarla insandan biri, ya da heç biri...
- Demək hələ özünü tapmamısan. Bəs ilk dəfə necə hiss elədin ki, səndə ədəbi ruh var?
- Sinif yoldaşlarım həmişə öz valideynləri ilə bağlı maraqlı macəralarını danışardılar. “Anamla belə etdik, atam bizi ora apardı” və s. Sıxılırdım onların hekayələrindən. Çünki onların yaşadığı həyata ehtiyacım vardı. Başladım mən də özümdən hekayələr uydurub danışmağa. Çünki ikili həyat yaşamışam, gah anamla gah da atamla... Hər dəfə kitab, paltar daşımaqdan bezirdim. Xəyallarımda ailəlikcə şam yeməyi yeyirik, hekayələr qururdum. Hiss edirdim ki, danışdığım hekayələr onların xoşuna gəlir. Hətta bir çoxu deyirdi ki, bir günlük də olsa kaş sənin həyatını yaşasaydıq. Elə dediklərində onlara da özümə də acımışdım. Mən onların hekayələrindəki həyatı istəyirdim onlar mənim həyatımı. Şeirlər də yazırdım, amma indi çoxunu cırıb tullamışam. Bəzilərini sadəcə xatirə kimi saxlamışam. Real ünsiyyətdən çox qapanıb öz dünyamda yaşamağı tərcih etmişəm həmişə və beləcə ədəbi ruhumu tanımışam. Ümumiyyətlə, incəsənətin bir çox sahəsi ilə ilgilənmişəm.
- Ailədə reaksiya necə oldu?
- Yaxşı. Anam, qardaşım, xalalarım, nənəm, dayım uşaqları həmişə mənim yazılarımı oxumaq istəyirlər. Niyə gec-gec yazırsan deyə qınayırlar, amma mən qohum, dost-tanış üçün yazmaq istəmirəm.
- Bəs ətrafdan...
- Tanımadığım insanlar hekayələrim barədə fikirlərini yazırlar, bəyəndiklərini deyirlər və kitab çıxarmağımı istəyirlər. Dəyərli vaxtlarını ayırıb oxuduqları məni sevindirir. Həm də onlar onsuzda mütaliəli gənclərdi. Heç kitab oxumağa həvəsi olmayan gənclər də var. Hər dövrdə olub və olacaq da. Onları dəyişmək üçün nələrsə etmək istəmişəm. Kütlə effekti ilə bəlkə nail olmaq olar, amma hərdən də düşünürəm ki, hamı mütaliyəli olanda nə dəyişəcək ki, guya... Ədəbiyyatımızın təməl nöqtəsi, dayağı olan Axundov, Mirzə Cəlil və s. kimi dühalarımız daim əsərlərində cahilliyə qarşı olub, amma fikir verin, o dövrdən bu yana cahillik yenə var. Həmin əsərləri də bu gün ən çox elə mütaliyəli insanlar oxuyur. Avamlar kitab oxumur və oxumayacaq. Düzəlməyəcək heç nə. Başqa alternativ yol tapmaq lazımdı.
- Yazı stilin də başqadır, sürrealizm... Şəxsinlə ilgisi var?
- Deyirlər ki, yazılmış əsər mütləq özündən əvvəl oxuduğun əsərin təsiri ilə yazılır. Kimdənsə təsirlənib yazanlar da olur, amma indiyə kimi oxuduğum kitabların heç biri məni dəhşətli dərəcədə təsir altına almayıb ki, həmin təsirdən nələrsə yazım. Çox kitabı yarımçıq buraxçışam. Məcbur heçnə oxumuram. Dəqiq deyə bilmirəm, əslində mən hansı cərəyanda yazıram və yada çox hansı cərayənda yazıram. Çalışıram ki, özümdən əvvəlki yazılan cərəyanların heçbirinin davamçısı olmayım.Ya da hər cərəyandan bir az olsun yazılarımda.Yeni bir cərəyan yaratmağı çox istəyirəm. Bu hansısa cərəyanın sintezi də ola bilər. Kiminsə xətti ilə yazmaq istəmirəm.
- Ruhunda vətənpərvərlik var?
- Bilmirəm. Uşaq vaxtı vətənpərvər şeirlər yazırdım. Bir dəfə də həmin şeirlərimin biri qınanıldı.Yəqin mənim vətənpərvərlik anlayışım bariyerləri aşırdı. Vətən mənimçün beş hərflik sözdu. Dünya bizim evimizdi. Bu barədə həqiqətən çox düşünməmişəm.
- Yazıda mövzularını necə təyin edirsən?
- Ümumiyyətlə, təyin etmirəm, amma çalışıram ki, oxucu yorulmasın.Yazdıqdan sonra dəfələrlə kənardan adi bir oxucu gözü ilə oxuyuram və mənasız yerlərini kəsim-doğrayıram.
- Məsələn, “Kloun”un mövzusu...
- Kvint Horatsi mövzunu istedadına görə seçməlisən deyir, amma bəzən mövzu seçilmədən də yazıla bilir. Hekayədə nə dediyimi oxucu bilməlidi. Hər kəs onu bircür yoza bilər. Yazar mətni yazıb oxucuya təqdim edir, qalan iş artıq zamanın, oxucunun və ya tənqidçinin işidir. Bu gün də aktual olan problemlər və bu problemlərdən alternativ çıxış yolunu göstərməyə çalışmışam.
- Sürrealizmdən başqa üstünlük verdiyin izm var?
- Ekzistensiyalizm cərəyanı maraqlıdı mənim üçün.
- Müasir Avropa ədəbiyyatında elə bir imza var ki, dəsti xəttinə heyran olasan?
- Bütünlüklə heyran olacağım yazarlar və əsərlər olmayıb. Borxesin “Qum kitabı”, Dostoyevskinin “Gülməli adamın yuxusu”. Bu iki hekayəni 2,3 dəfə oxuyub heyran qalmışam və hərəsindən bir şeyi bəyənmişəm. Məsələn Knut Hamsunun xarakteri və özünü çox sevirəm. Boris və Arkadi Struqatski iki qardaşın birlikdə əsər yazmaları ideyası, əsərlərdən sadece bir neçə cümləyə heyran qala bilərəm. Ən çox yazarlarda özünəməxsusluq axtarıram. Volterin “Kandid” əsərində meymunlarla bağlı hissə mənə çox təsir etmişdi və hətta gerçək olub olmadığını araşdırmışdımda. “Qarqantue və Pantaqruel” əsərində dənizin üstündə uzanıb kitab oxumaq hissəsi vardı. O cümləni oxuyanda qəribə olmuşdum. Həzz alacağım bir hissi illər əvvəl yazılmış kitabda tapanda qəribə oluram.
- Bizdə necə...
- Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlını, Natiq Rəsulzadəni çox bəyənirəm. Çalışıram küçə ədəbiyyatını da oxuyum. İstər çağdaş Azərbaycan ədəbiyyatı olsun istər dünya. Ciddi ədəbiyyatla ayırd edə bilmək üçün lazımdır mənə. Dini kitabların hamısını oxumuşam.
- Daha çox kimləri mütaliyə edirsən?
- Nobel mükafatı alan yazarları oxuyuram ən çox. Bəlkə ölümsüz olaram deyə Nobel mükafatı almağı çox istəyirəm. Daha çox şeir oxuyuram. Halbuki nəsrdə iddiyalıyam. Nəsri yazıb dəfələrlə üzərində işləyirəmsə şeiri bir dəfə yazıb kənara atıram düzəliş edə bilmirəm. Elmi araşdırmaları izləyirəm. Stephen Hawking pdf kitablarını oxuyuram. Didem Madak və bir çox türk şairlərini oxuyub yatıram çox gecə. H.Hessenin şeirlərini türkcədən tərcüməsini oxumuşdum sonra bizim dildə də tərcümələrini tapdım oxudum. Bertran Rassel “Mən nəyə inanıram”kitabını almışam yaxınlarda, onu oxuyuram. Kitabda qavrama nəzəriyyəsindən tutmuş evlilik əxlaqına, azad düşüncə, Tanrının varlığı və s. hər şey var. U.Ekonun esselərini oxuyuram. Rəssamların yazdığı hekayələri, məktubları oxuyuram türk saytlarından. İngiliscə sadə dildə yazılmış çox nazik cib kitabları, hekayələr var satışda onları alıb oxuyuram. Mütaliyə sistemini sürətləndirməyə başlamışam. Əvvəl həftəyə bir kitab sonra 3 günə bir kitab, daha sonra bir günə bir kitab və bir günə 3 kitab rejimini öz üzərimdə test edirəm.
- İlk təsirləndiyin əsər...
- Yeniyetmə yaşlarımda “Əli və Nino” nu oxuyanda ağlamışdım. Halbuki sevgi-məhəbbət mövzularını oxumağı xoşlamıram, amma burda söhbət təkcə sevgi məhəbbət deyildi.
Bu əsərdə atlarla bağlı hissə vardı. Desələr ki, oxuduğun əsərlər içərisindən bir qəhrəman seç həmin atları seçərdim. 17-18 yaşımda Raymond Moodinin “Life after life” əsərini oxuyub çox təsirlənmişdim və o vaxtdan bu yana beynimdə bu barədə hekayə yazacam deyirdim, 23 yaşımda yaza bildim. Romanımı da 3 ildir ki, hələ bitirməmişəm.Yuxarıda qeyd etdiyim kimi “Gülməli adamın yuxusu”. Sevdiyim kitabları 2 ,3 dəfə oxuyuram xoşuma gəlir, vaxt itgisi hesab etmirəm.
Ramilə QARDAŞXANQIZI