manera.az
manera.az

Sükut ölkəsinin vətəndaşları _MANERA

📅 19.02.2016 11:06

Sükut  ölkəsinin  vətəndaşları     _MANERA

MANERA.AZ Qismətin "Kuma-Manıç çökəkliyi" romanına (müəllif: Azad Qaradərəli) yazdığı ön sözü təqdim edir:

Borxesin sevdiyim bir fikri var: "Klassika xüsusi şəkildə yazılmış yox, xüsusi şəkildə oxunmuş əsərlərdir." Hər dəfə bu cümlə ağlıma gələndə fikirləşirəm ki, görən tamam başqa bir ədəbiyyat tarixi yazmaq mümkündürmü?

Elmlər Akademiyasının başdansovdu hesabatlarından, dərsliklərin yenilənməyən proqramından fərqli bir ədəbiyyat tarixi! Məncə, mümkündür. Belə deyək, riyaziyyatda sadə bir qayda var: toplananların yeri dəyişəndə, cəm dəyişmir, yəni ki, iki üstəgəl iki həmişə dörddür. Amma ədəbiyyatda vəziyyət başqa cürdür.

Fikrimcə, tutalım, Əkrəm Əylisli "Ətirşah masan"ı "Kür qırağının meşələrindən əvvəl yazsaydı, tamam başqa yazıçı olardı. Demək ki, nə qədər fatalist səslənsə də, təkcə müəllifin hansı çağda doğulmağından yox, həm də müəllifin öz əsərlərini yaradıcılığının hansı dövründə yazmağından da danışmaq olar və bu çoxsaylı kombinasiyalar həmişə fərqli nəticələr verəcək. Kəsəsi, müəllifin yaşı bədii mətnlərdə təkcə təcrübənin artması deyil, müəllif yaşı bədii mətndə həm də hər şey qucaqlamaq istəyən, hər şeyə etiraz etmək istəyən çılğın gənclik çağından, Flobervari dillə desək, "nəsnələrin ruhunu anlamağa doğru" gedən təkamülün xronikasıdır.

Azad Qaradərəlinin "Kuma-Manıç çökəkliyi" romanım bu kontekstdə belə bir oksimoronla ifadə etmək olar: yaddaşa doğru, irəli!

Roman oxucuya mötərizələr içində nağılçı kimi təqdim olunan Xosrovun dilindən nəql olunur və roman boyu qarşımıza çıxan mötərizələrin içindəki müdaxilələr mətn təhkiyəsinin estetikasından xəbər verir. Bu yolla müəllif həm təğyiri-libas olub özünü mətnə nağılçı kimi daxil edir, həm də yazılanların sadəcə mətn kimi oxunması gərəkdiyini nişan verir

Mətn şifahi xalq ədəbiyyatındakı təhkiyə formalarından istifadə edilərək yazılıb, ən sadə dillə desək, "Kuma-Manıç çökəkliyi" romanını dastan və nağıl təhkiyələrinin sintezi ilə yazılmış roman hesab etmək olar. Nağılların xarakterində təsvirin minimum olması, bunun əvəzinə daha sürətli, hərəkətli dildən istifadə var. Nağıllarda sifətlərdən az istifadə olunur, feillər çoxluq təşkil edir. Dastanlar üçün isə nəqlin sürətinin qəfil, bilərəkdən azaldılması və təklif olunan vəziyyətin bir neçə formadan istifadə edilərək (hərbə-zorba, fəxriyyə, mədhiyyə, sual- cavab və s.) həll edilməsi xarakterikdir. Bu mənada "Kuma- Manıç çökəkliyi" romanınm dinamik tempi nağıllardan gəlmə çoxsaylı feillərdən istifadə ilə müşayiət olunursa, çox geniş lüğət tərkibi, sinonim zənginliyi və ifadə formalarının dəyişməsi isə dastanlara xasdır.

Roman sətir aralarında gizlənmiş çox xarakterik məqamlarla zəngindir. Tutalım, mənim üçün, şagirdlərinə hər şeyi inadla əzbərlədən müəllimin adının Hafiz olması zövq aldığım xırda dil oyunudur, yaxud elə həmin Hafiz müəllimin həyat yoldaşı ilə Bakıya qonaq düşdüyü səhnədə, özünü itirmiş sadə kənd insanının tragikomizmi və ərindən başqa istinad nöqtəsi bilməyən kənd qadınının davranışları kiçik bir parçada ümumiləşib: "Mən arada Atlas xalaya baxıram. Qadın bir artıq hərəkət eləmir. Gözü ərinin əlindədir. Hafiz müəllim nə edirsə, bu da onu təkrarlayır."

Romanda təsvir olunan illərdə (80-ci illərin sonu 90-cı illərin başında) ölkəmiz müharibə şəraitində idi və hələ bir az keçməli idi ki, evlərimizin damında, ya da eyvanında, daşdan binaların göy üzünə şəklənmiş dəmirdən qulaqları olan peyk antennaları ilə tək-tək yox, kütləvi şəkildə başqa dünyaların səsinə də qulaq verməyə başlayaq. Romanda ərinin hərəkətlərini təqlid edə-edə tutacaq yer axtaran Atlas xala dünyanı çiyinlərində yox, ürəyində gəzdirir. Əslində, Atlasın həyəcanı Xosrovdan da yan keçmir, ilk dəfə Bakıya qədəm qoyanda və o vaxta qədər adını eşitdiyi Xəzər dənizini görəndə, özünü qoymağa yer tapmır, birtəhər olur. O çağacan urbanizasiya ucqarlarda qadınlar üçün paytaxtı görmüş ərlərinin hərəkətləri səviyyəsində özünü göstərirdi, paytaxtda isə xarici görmüş adamların danışdıqları, gətirdikləri ilə aşkarlanırdı. Çox keçmədi ki, gecikmiş olsa da, Qreqori Vulmerin dediyi "hər şeyin televizor olmaq istədiyi" dövr gəldi və biz başqa dünyalardan xəbər tutduqca, özümüzü dənizi görəndə çaşan Xosrov kimi, yanlış nəsə etməmək üçün ərinin əllərinə baxan Atlas xala kimi aparmağa başladıq. Bugün isə dünya tamam başqadır, artıq mərkəz yoxdur, mərkəzlərin çoxluğu var. Biz bu çoxmərkəzli dünyanın harasındayıq, buna cavab vermək çətindir.

***
Orxan Pamukun "Saf və düşüncəli romançı" kitabında romanın mərkəzi ilə bağlı bir fəsil var. Fəslin mahiyyəti belədir: usta yazıçılar bilirlər ki, romanda həmişə - ya əvvəlcədən planlaşdırılan, ya da yaza-yaza aşkarlanan - gizli bir mərkəz var və bütün yaxşı əsərlər gücünü həmin mərkəzdən alır. Pamuk yazır: "Mövzuya dair ən yaxşı nümunə Borxesin "Mobi Dik" haqqında yazdıqlarıdır. Borxes deyir: "Oxucu əvvəlcə mövzunun balina ovçularının səfalət içindəki həyatından bəhs etdiyini zənn edə bilər." Çünki "Mobi Dik"in əvvəli, eynilə cəmiyyəti tənqid edən sosial romanlar kimi, hətta böyük bir qəzet reportajı kimi balina ovçularının çətin həyat şəriatindən bəhs edir. Sonra mövzunun Kapitan Ahabın çılğınlığından bəhs etdiyini zənn edirik. Çünki "Mobi Dik"in ortaları çox güclü və qəzəbli bir roman obrazının xarakterini açmağa çalışan psixoloji romanlar kimi yazılıb. Lakin əsl mövzunu Borxes bizə belə xatırladır: "Hekayə səhifə-səhifə böyüyərək kainatın hüdudlarını əldə edir." Bir romanın nəql etdiyi mövzu ilə, mərkəzinin bir-birindən "Mobi Dik"dəki kimi ayrı olması, o romanın forma və düşüncə olaraq parlaqlığının, dərinliyinin təzahürüdür."

Fikrimcə, "Kuma-Manıç çökəkliyi"ndə romanın mərkəzində nə bütün tragik olayların fonunda Xosrovun sonda ilk məhəbbətinə qovuşması, nə torpaqlarımızı itirməyimizdə özümüzdən olan alverçi "qəhrəmanlar"ın tənqidi, nə də kəramət sahibi babaların müqəddəs mirasının itirilən torpaqlarda qalması deyil. Romanda mənə görə gizli mərkəz lalların yaşadığı kəndlə bağlı parçadır. Sevgiləri üçün gizlincə qaçan, sonradan bir kəndin əsasını qoyan Fərhadla Fatmanın əhvalatıdır bu. Fatmaya görə dilinə dağ basılan Fərhad laldır, bir-birinə qoşulub qaçdıqları gündən bəri hamı onların öldüyünü düşünür. Lakin onlar bu səsli-küylü dünyada özləri üçün yeni bir dünya yaradırlar - sükut dünyası, sükut kəndi. Dünyanın heç bir xəritəsinə düşməmiş, adı olmayan, əlifbası olmayan bu lallar kəndində öz səssiz, sözsüz etirazlarını həyat tərzinə çevirirlər. Xəbər alanda ki, "kimlərdənsiniz? - susurlar, "dostunuz kimdir?" - desəniz, susurlar, "düşməniniz varmı?" - soruşanda, susurlar.

Səlim Babullağolunun "Hilalın anlatdıqları" adında bir şeiri var. Hilal adlı lal bir qızın dilindən yazılan şeirdə, hər oxunuşda məni təsirləndirib bu misra: əllərim ağrıdı sizə anlatmaqdan. "Kuma-Manıç çökəkliyi" romanındakı "Lallar kəndində" fəslini oxuyanda çox sevdiyim həmin şeiri xatırladım və birdən özüm üçün kəşf elədim ki, dərdi anlatmaqda dilin də, sözlərin də aciz qaldığı, sevginin yerinə nifrətin, körpə gülüşlərinin yerinə mərmi vıyıltısının dünyanı başına götürdüyü zamanda sükuta sığman və dünyada tayı-bərabəri olmayan bir etiraz forması, bir intiqam metodu tapmış Fərhadla Fatmanın əhvalatı öz bətnində hələ çox gizli mətləbə beşik sallayır.

Qismət
MANERA.AZ




Baxış sayı - 2 342 | Yüklənmə tarixi: 19.02.2016 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031