manera.az
manera.az

“Açar”ını özündə gizləyən mətnlər | MANERA.AZ

“Açar”ını özündə gizləyən mətnlər | MANERA.AZ
Mətanət Vahid yazır...


SƏHVLƏRİMİZDƏN EDAM KÜRSÜSÜNƏ GEDƏN YOL


Sənət “heç nə”dən yeni nəsnə yaratmaq, başqalarına əhəmiyyətsiz görünəni, kölgədə qalanı ədəbiyyat materialına çevirmək gücündədir. Müəllif gerçəkliyin güzgüdəki təsvirini rəsm edən deyil, onun üzərindən tamamilə yeni bir dünya quran, öz gerçəkləri olan bambaşqa bir aləmə baş vurandır. Bədii mətn yaradarkən müəllif yeni ifadə formasının kəşfinə can atır, bu canatma prosesində gerçəkliyin xaosundan sıyrılaraq yeni (bədii) reallıqlar doğulur. Yazar öz üslubunu yaradır və həmin üslub yazarı “əsirliyində saxlayır”, sonrasını özü diqtə edir...

Əsl sənət mütləq bir çərçivə daxilində təhlilə cəlb edilmək məcburiyyətindən uzaqdır. Məqalələrinin birində türk tənqidçisi Semih Gümüş yazır ki, yaradıcı yazını qəliblərə sığdırmağı ədəbiyyata edilmiş ən böyük bir haqsızlıq olaraq görməyə başladığımdan bəri oxuduğu əsəri Qərbdən aldığı cərəyanlara, üsullara görə açıqlamağa çalışan tənqid anlayışından uzaq durmağı da öyrəndim. Həqiqətən, bədii mətnin özəllikləri nə olursa olsun, bütün fərqli cəhətlərinə rəğmən onu hazır qəliblərə əsasən təhlil etməyə çalışılanda, mətnin mahiyyətindən uzaq düşülür.

Məncə, müəllif heç də həmişə onu anlasınlar, gerçəklərinin ardınca getsinlər deyə yazmır. Yazır ki, onu duysunlar, duyaraq hər kəs öz həqiqətini dərk edə bilsin.
Kamal Abdullanın hekayələri çoxqatlı, çoxçözümlü, sirli və əksərən “açar”ını özündə gizləyən mətnlərdir. “Edam vaxtını dəyişmək olmaz” hekayəsinin oxucusu üzərinə istintaq apararaq Şükufəni öldürənin kimliyini müəyyən etmək kimi bir “borc” düşmür. Çünki hekayədə məqsəd Şövqinin həqiqətən qatil olub-olmamasını müəyyənləşdirmək deyil, tamam fərqli mətləblərdir. Qətl hadisəsi müəllif üçün bəhanədir – məqsəd insanı öyrənməkdir, hadisəni deyil. Elə ona görə də bu hadisə ilə bağlı hekayədə, demək olar ki, konkret heç nə deyilmir, oxucunun öz təxəyyülünə buraxılır. Öldürmək üçün səbəb nədir? (qəsdən motiv deyil, səbəb ifadəsini işlədirəm) Bəzən insanı həyata bağlayan səbəblər daha çox məhkumluğu xatırladır, ayaqlarını zəncirləyir bu dünyaya. Ölüm son deyil, mərhələ, keçid, körpüdür – azadlıq üçün, xilas üçün təkan nöqtəsidir. Bu qətl hadisəsi də ölmək, qurtulmaq üçün bəhanədir, məncə.

İnsanın situasiyası – güldürməkdən daha artıq kədərləndirən bir lətifədə ölməz kaşşeyin “Yaşamaqdan bezmişəm” nidası qədər çıxılmaz deyil hər halda, bir yolunu tapıb ölmək mümkündür. Bu dünyadan cisimli-ruhlu “xilası”n bir başqa yolu yoxdu. Şövqi üçün Şükufə – onun qətli körpü idi – azadlığa, qurtuluşa, bu halda, ölümə. İnsanı öz içinə yönləndirən “kəşflər” ani olur, özünün az qala yüzillik həqiqətinə bircə anda dönük çıxa bilərsən. (“Mən bunun nəyinə hayıl-mayıl oldum, Allah?!”) Şövqi bu dünyanın onun dünyası olmadığını kəşf etdiyi kimi, “Səhvlərimizin qrammatikası” hekayəsində Eyvazlı da Koroğlunun onun qəhrəmanı olmadığını “kəşf etdi” bir səhər.

“Bu sabah da yuxudan ayılıb çarpayıda yerdəmi ala-ala ağlına gələn ilk ağıllı (bir başqa dünayada – ağılsız!) fikir bu oldu ki, Koroğlu onun qəhrəmanı deyil.” Bütün məsələ bu başqa dünya ayrıntısındadır. Yəni birinə görə doğru olan, başqasına görə yanlış da ola bilər və səhvlərimizin başlanğıcında yəqin ki, polemikaya girə bilməmək mədəniyyəti (ya da mədəniyyətsizliyi) durur.

Müəllifin bu hekayədə yeri gəldikcə işlətdiyi “bir başqa dünyada” ifadəsi, demək olar ki, əksər hekayələrinin “məkanı”dır. Bu, yaşadığımızdan əvvəlki dünya da ola bilər, sonrakı da, yanaşı dünya da – hər bir halda, yenə paralel dünyalardır – zira gördüyümüz necə baxmağımızdan asılıdır – lap “ayrı-ayrı Azərbaycan dilində” danışan Eyvazlı ilə Vampir kimi. Nəticədə, paralel olan da yanaşı olan deməkdir, yenə birlikdədir.

Kamal Abdullanın, bütün hekayələri kimi, “”Səhvlərimizin qrammatikası” da çoxçözümlüdür – üst qatdakı qəhrəmanlara, tarixi şəxsiyyətlərə münasibət müstəvisindəki ironiya, yuxugörmə, bütövü, tamı təşkil edən paralel dünyalarda nəsnələrə münasibəti əks etdirən güzgü effekti – sənmi güzgüyə baxıb onu, ordakıları görürsən, yoxsa güzgüdəki əksin sənə baxıb səni görür, dəyərləndirir?

Onun bütün əsərləri ilə tanış olan oxucu ilk sətirlərdən mətninin yaratdığı fərqli auranı, enerjini hiss edir. Bəzən bu təəssüratları sözə çevirmək mümkün olmur, qeyri-peşəkarca bir durum yaranır. Bununla belə, özlüyündə əhvalatın, hekayə və qurğunun nəql olunduğu dilin cazibəsindən qopmaq olmur. Konkret ədəbiyyatşünaslıq qəlibləri ilə izah və şərh oluna bilməyəni ədəbiyyat hesab etməmək oxucunun qavrayışındakı problemi əks etdirir, məncə. Yenə “məncə” deyirəm, çünki istənilən mətn haqqında yürütdüyümüz heç bir fikir yüzdə yüz müəllifin düşüncəsini əks etdirə bilmir.

Reseptiv estetikada mətn oxucunun oxuduğu, gördüyü, çözdüyüdür – müəllifin yazdığı deyil. Bu çözümlər müəllifin fikini ifadə edə də bilər, hətta inkar da edə bilər. Nəticə odur ki, müəllif oxucuya material verir: düşünmək, çözmək və nəhayət, öz mətnini yaratmaq üçün. Bunlardan xəbərdar olmayanda “müəllif bunu demək istəməyib” deyə bir çözümlə yanaşırsan əsərə.

Və bəzən özünü müəllifin, ya konkret mətnlərin vəkili kimi hiss edənlərin şərhlərini oxuyanda onların “kraldan artıq kral olmaq” çabasını anlamaq olmur. O “düzgün” olan nədirsə, hamının bir mətnə “düppədüz” yanaşmasından sonra onun haqqında müxtəlif rəylərin olmasına heç ehtiyac da qalmaz. Bir musiqi, bir rəsm, bir heykəl necə müxtəlif təəssüratlarla qarşılana bilərsə, mətnin də oxucu sayı qədər çözümünün olmasında qəribə heç nə yoxdur. Eyni mətndən eyni səslə bəhs etmək, eyni cür şərh etmək təkrarlara yol açmaqdan başqa bir işə yaramaz. Müxtəlif fikirlərin polemikaya səbəb olması, çoxsəslilik fonunda müzakirə daha maraqlıdır. Yenə kimə hansı cəhət maraqlıdırsa, o baxımdan çözür, çünki onu görür, onu duyur. Zatən sənətin mahiyyəti onun təsirilə digər əsərlərin də yaranması ilə daha da dərinləşir.

Mətn yeni mətnlərə yol açanda müəlliflərin yaradıcı düşüncə fərqi üzə çıxır. Müəlliflə oxucunun dialoqunu təşkil edən mətnlərdir Kamal Abdullanın hekayələri və oxucunu da qurduğu mətn-oyuna cəlb edir, onun iştirakçısına çevrilmə şansını verir. Bu hekayələr sanki reallıqdan yüz ağac məsafəlik uzaqdadır, lakin olanlar heç biri yalan deyil – gerçəyin fövqündədir, əllə tutulmayacaq, gözlə görülməyəcək həqiqətlərdir.

“Səhvlərimizn qrammatikası” “qrammatikamızdakı” (oxu: düşüncəmizdə, dünyagörüşümüzdə, yanaşmalarımızdakı) səhvlərdən qaynaqlanır. Yenə də güzgü effekti, yenə də hekayədə qeyd olunduğu kimi, yuxuların əksinə yozulması. Və məncə, elə bütün bu hekayə “Mənim səhvlərimin qrammatikasını yazmaq olar, balası...” deyən Vampirin hekayəsidir – “Səhvlərimizin qrammatikası” “qrammatikamızdakı” səhvlərin hekayəsidir.

Şövqinin edam olunmazdan öncəki son arzusunu düşünərək onlarla versiya yürütmək olar və heç biri doğru cavab olmaya bilər. Oxucunu qəsdən maraqda saxlamaq, mətndən qopmağa qoymamaq üçün vasiədir bu açıq suallar. Kamal Abdullanın mətnləri əhvalat danışmaq üçün deyil, hekayə qurmaq üçün yazılır – ilk baxışda ənənələrə qarşı çıxan görüntüsü yaratsa da, nəticədə dağıdıcı deyil, ənənə yaradan dilüstü, gerçəküstü mətnlərdir. Edam kürsüsünə yol səhvlərimizin qrammatikasını anlamamaqdan keçər... Hər şey zamanında gözəldir, hətta gözlənilən və arzu edilən – edam olsa belə...




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031