Evlənmək qərarı - Zaur Ərmuğanın hekayəsi

Şamil uşaqlıq dostum idi. Zarafat deyil, gör neçə illər idi, bir-birimizi tanıyırdıq, yoldaşlıq edirdik. Orta məktəbi bir sinifdə oxumuşduq. Əsgərliyə bir gedib, bir də qayıtmışdıq. Sonra elə oldu ki, eyni ildə də evləndik; mən payızda özümə toy elədim, o da qışda.
Dostlar cürbəcür olur. Biz də bir ayrı cür dostlar idik. Bunu Şamilin özü də yaxşı bilir. Bir-birimizdən o qədər incimişik ki?! Olub ki, lap dalaşmışıq da. Vaxt gəlib, küsülü də qalmışıq, amma sözümüz çəp düşəndə də barışmağa yer saxlamışıq, çünki aralıqda hörmət-izzət olub.
Şamilin xasiyyətini beş barmağım kimi bilirəm. Dostluğumuz adi bir zarafatın üstündən qalxan dava ilə başlayıb. İndi o barədə danışmaq istəmirəm. İndi danışacağım əhvalat tamam başqa bir vaqiənin söhbətidir.
Təəccüblü olsa da, düzü, mən bu vaqiədən sonra evlənmək qərarına gəlmişəm. Elə Şamil də. Onda ikimiz də subay idik.
Gün kimi yadımdadır: "Uzaq kəndlərin birinə toya getməli idik. Onu deyim ki, bizi bu toya dəvət eləməmişdilər. Bizi orada heç tanıyan belə yox idi. Biz də oradan heç kəsi tanımırdıq: nə bəyi, nə atasını, nə başqalarını. Bircə onu bilirdik ki, toyun oxuyanı Bakı xanəndəsidir, deməli, yaxşı yeyib-içmək olacaqdı. Bizə də bu lazım idi. Nə edək, nə etməyək, axşamçağı çıxdıq yola.
Hansı maşın olsaydı, minib gedəcəkdik, təki özümüzü toy yerinə çatdıra bilək. Qayıtmaq haqqında fikirləşmirdik.
Necə olsa, evə gəlib çatacaqdıq. "ZİL" keçdi əlimizə. Qalxdıq yük yerinə. Kabinədə adamlar oturmuşdu. Kəndə çatanda isə artıq hava qaralmışdı. Şübhəli görünməyək deyə, toy yerini kimdənsə soruşub öyrənmək istəmədik. Kimin adını nişan verəydik axı? Üzümüzü tutduq çalğı səslərinin qalxdığı tərəfə. Kənddə toy yerini tapmağa nə var ki?!..
Tapdıq... Bir vur-çatlasın vardı toyda, nə yazmağın işidir, nə danışmağın, elə bil şah məclisində oturmuşduq, sifariş verməmiş hər şeyi düzürdülər qabağımıza. Kim idi bizi tanıyan? Heç kim! Qoşulmuşduq toy adamlarına. Əynimə bir köynək geyinmişdim, çəmən rəngində. Köynək elə kənardan adama "gəl-gəl" deyirdi. Üstündəki narıncı zərli zolaqlar lampa işığında par-par parıldayırdı. Məndə belə köynək nə gəzirdi, qonşum Qəzənfərin köynəyi idi, bir günlüyə alıb keçirmişdim əynimə. Vallah, bu köynək Qəzənfərə yaraşmırdı, amma məni elə tuturdu. Ağ şalvarımın belinə bir kəmər taxmışdım, deyərdin ki, incəsənət adamıyam, o teatrdır, aktyordur, nədir, ondan. Qırmızı nar qabığı rəngində şişburun çəkmə geyinmişdim ayağıma, arabir gözüm sataşanda özüm də ürkürdüm. Öz-özümə deyirdim: "Guya də indi, vah!" Bu ayaqqabının öz tarixçəsi var idi, danışsam, gərək səhərə kimi ağzım yumulmaya. Bunu danışmıram. Özü indi yanımda olmayanda nə olar, Allahı ki başımın üstündədir; Şamil də pis geyinməmişdi, köpək oğlu bir ətir vurmuşdu üstünə, qızılgülün şehinə bulaşmışdı elə bil.
Toy yerində bizə bir qulluq edirdilər ki, hərdən özüm özümdən xəcalət çəkirdim. Kənardan baxan elə zənn edərdi ki, böyük adam-zadıq, indi toya yaxşı pul salacağıq. Cibimizdə pul nə gəzir?! Olsa-olsa, məndə beş-on manat pul vardı, başı daşlı Şamilin cibində isə, yüz faiz bilirəm ki, o da yox idi. "Dərə xəlvət, tülkü bəy", -- deyib girişmişdik işə. Xanəndə zalım oğlu da elə oxuyurdu, boğazında nə var idi, bilmək olmurdu.
Mən onda inandım ki, səs vergidir. Bir şıdırğı vardı ortalıqda, toyxana söküləcəkdi, az qala. Adam var idi, qumun üstündə ayağıyalın oynayırdı. Burnumuzun içinə kimi tozanağa batmışdıq. Toz-torpağı yatırmaq üçün içi su ilə dolu vedrə gətirən kim, toyxananın yerinə su çiləyən kim... Hamıdan yaxşı tamada oynayırdı. Balacaboy kişi idi: min boynuna, aparsın səni. Toyun xörəklərinə isə söz ola bilməzdi.
Görməmişlik olmasın, adam istəyirdi, elə yesin. Daha nə qədər yemək olardı, hərəmizdə bircə qarın vardı. Allaha yalvarırdım ki, nə olaydı, işıqlar yanmış ikən sönmüş olaydı, əkilə biləydik də buradan, səhərə kimi toy yerində qalası deyildik ki. Gördüm, Şamil də ürəyimdən keçənləri ani baxışla gözlərimdən oxudu. Başa düşdüm ki, o da narahatdır. Qalxdıq ayağa, kənara qoyulmuş əlüzyuyanda yuyunub dəsmalla qurulandıq. Əldə-ayaqda işləyənlər, sağa-sola var-gəl edənlər bizə elə baxırdılar. Toyxanadan bir az aralı ikimiz də bir-birimizin yanında dayanıb siqaret çəkməyə başladıq.
Fikirləşirdim: "Yaxşı, indi bu siqareti çəkib qurtardıq, bəs axırı necə olacaq?" Fikir məni dəli eləmişdi, ancaq hərdən də Şamilə göz eləyirdim ki, tələsməsin, bir yol taparıq. Toyun pul yazanı kim idisə, arif adam idi, gözlərini bizdən çəkmək istəmirdi, kişi duyuq düşmüşdü, deyəsən. Özümüzü o yerə qoymadıq. Birdən dolubədənli, geyimli-kecimli bir kişinin bizə yaxınlaşması məni çaşdırdı: "Gəlin, çay için!" Düzü, əvvəl bu sözdən qorxdum, dedim, daha nə danışırsan?! İndi ikimizin də aşının suyunu verəcəklər! Belə "nə yemisən, turşulu aş." Sonra fikirləşdim ki, yox, elə deyil, Şamil düz duyub, bizə hörmət eləyirlər. Naəlac qalıb içəri keçdik.
Masanın üstündə cürbəcür şirniyyatlar, bişmələr vardı. Çaydan elə bir qurtum udmuşdum ki, Şamilin dodaqları qulağıma toxundu: "Sən ölməyəsən, bizə söz verməsələr, yaxşıdır!" Elə bil ildırım vurdu məni. Bir söz deyim, inanın: "Şamilin ürəyindən keçənlər başına gəlir." Çox keçmədi, toyun tamadası gələn qonaqlar sırasında bizə də söz verəcəyini məclisə bəyan etdi. Axı bizi ona kim nişan vermişdi? Yer-göy başıma fırlandı, gözlərimin qabağı qaranlıq çaldı. Şamil nə çəkirdi, onu mən bilirdim. İkimizin də ürəyindən bir fikir keçdi: "Nə qələt iş tutduq biz!" Bəyəm mən bir söz bilirdim ki, çıxıb bu qədər adamın qabağında tost deyəm?! Məktəbdə oxuyanda ikicə bəndlik şeiri əzbərləyə bilmirdim, Yunis müəllimin əl izləri əl işi olub indi də boynumun ardında qırmızı xal kimi qalıb, günüm sinfin küncündə tək ayaq üstə dayanmaq deyildi, görəsən?! O ki qaldı Şamilə, indiyə kimi adını düz yaza bilmir binəva, durub indi nitq söyləyəcəkdi mənim üçün?! İnandığımıza and olsun, adım çəkiləndə çarmıxa çəkdilər elə bil məni.
Əvvəlcə, biri bizə yaxınlaşdı, kim olduğumuzu öyrənib tamadaya xəbər ötürəndən sonra suyumuz süzülə-süzülə qalxdıq ayağa. Özümüzü özgə ad altında təqdim etmişdik; guya mənim adım Xanoğlan idi, özüm də rayon adamı deyildim, Bakıdan gəlmişdim, Şamil isə mənimlə yol-yoldaşı olan Fərrux adında bir dostum idi. Bakı ləhcəsini yaxşı bildiyimdən özümüzü şəhərli kimi göstərirdik. Söz verdik ki, bu oyunu oynayırıqsa, axıra kimi oynayacağıq. Daha heç bir şeydən çəkinmədik, özümüzü elə aparırdıq, guya hər şey üzdə görünən kimi idi. Mikrofonu əlimə alıb qonaqları, toy sahibini (Orada birindən öyrəndik ki, toy sahibinin adı Zəkidir, vaxtı ilə ferma müdiri işləyib, bəy isə institutu təzəcə bitirmiş gənc aqronom Yaşar idi) salamladıqdan sonra bəyin bir şəxs kimi üstün cəhətlərindən danışmağa başladım.
Əslində, başqalarının bura qədər dediklərini mən sadəcə təkrar edirdim. Üzdən gedirdim ki, ağzımdan quş buraxmayım. Bəy isə gah təəccüblə o yan-bu yana baxır, gah da gözlərini bərəldərək üst-başımı süzürdü. Bəyi elə tərif elədim ki, istədim, keçib oturum onun yerində. Ürəyimdə deyirdim: "Məni də belə tərif eləyən olaydı." Sonda dediyim sözlər nöqtə-vergülünəcən yadımdadır: "Bilirik, Yaşar qardaşın indi yadına gəlmərik. Amma Yaşar bizim yadımızdadır. Elə dar məqamda (heç bilmədim, "məqam" sözünü haradan tapdım), elə bir çətin gündə Yaşar müəllim bizə kömək əlini uzadıb ki, o hörməti itirmək üçün gərək nankor olasan. Ona görə yerimizdə dura bilmədik. Eşidəndə ki, bu gün bu həyətdə şad gündür, özümüzü yetirdik buraya, Yaşar müəllim haqqında xoş söz deyək."
Bəy elə qürrələnirdi, çiyinləri qalxmışdı yuxarıya. Üzündə, gözündə bir məna vardı, deyərdin, daha bundan yoxdur. Sağa, sola göz gəzdirib başı ilə sözlərimi təsdiq etdikcə lap özümdən çıxırdım. Sonra isə keçdim kənd təsərrüfatına. Bəyin aqronomluğundan ağız dolusu danışdım. Nə təhər başlamışdımsa, nöqtəsini qoya bilmirdim. Şamil qaş-göz oynatdı ki, qaş düzəltdiyim yerdə vurub göz çıxarmayım.
Birtəhər əlimi-ayağımı yığışdırdım. Şamilin mikrofonu əlinə götürməyi ilə yerə qoymağı bir oldu. Bircə onu eşitdim ki, "Qoçəli"ni oynamaq istəyir bifər. Qırmızısifət, potabığ tamadanın sözündən sonra çalğıçılar başladı, nə başladı?! Elə oynayırdıq, bir də belə oynamarıq. Bu rəqsin üstündən bir şıdırğı hava çalındı, şabaşa adamın heyfi gəlirdi ki, ciblərimizə girmir. Öz-özümə deyirdim: "Deyəsən, heç burada bizdən ağıllısı yoxdur, bunların hamısının başına at təpib, bəy lap zırrama imiş. Guya biz nə matah idik ki, bunlar bizdən əl çəkə bilmirdilər?! Deyir, sən saydığını say, gör fələk nə sayır; sən demə, əsl toy bu toydan sonra çalınacaqmış. Elə bilirdik, lotu bizik, demə bizdən betər lotular var imiş. Doğrusu, mənim o pul yazan kişidən gözüm su içmirdi.
Aləmi bir-birinə qatan isə bəyin yaxın dostlarından biri imiş. Bizi başqa toylarda da bu vəziyyətlərdə çox görübmüş. Ona görə bizə yaxşıca qulaqburması vermək istəyibmiş ki, bir də cızığımızdan çıxmayaq. Sən demə, bəyə də bizim barəmizdə hər şeyi çatdırıblarmış. Burada ikimizə də bir dərs verdilər, kitabını oxuyub qurtarmaq hər oğulun işi deyil. Onda gördüm ki, bəybaşındakı cavanlar alıblar bizi mühasirəyə.
Bizimlə oynaya-oynaya o deyirdi, çıxın qırağa, bu işarə eləyirdi ki, indi dərinizə saman təpəcəyik. Bir halda çıxdıq bayıra, yumurtamızın sarısını udmuşduq elə bil. Bəy toyxanada, biz "vayxana"da. Küçənin ortasında, qaranlığın içərisində bir dava başladı, döyülməyimiz cəhənnəmə, nə vaxt qurtaracağını "əlimyandı"da gözləyirdim. Dava bitəndə yerdən birtəhər ayağa qalxıb ayaqqabımın bir tayını axtarmağa başladım. Ayaqqabı əvəzinə, döyülüb dərənin dibinə atılmış Şamili tapdım. Şamilin yaxasından yapışıb sifətinə bir sillə çəkdim, bütün hirsim soyudu. Gözünə döndüyüm Şamil məndən də çox odlanırmış; qaranlıqda parıldayan gözlərini görəndə bildim ki, bığlarını gəmirən təkcə mən deyiləm. Qurumamış əli ilə üzümə bir şapalaq yapışdırdı, bura qədər yediyim yumruq-təpik bunun yanında nənəmin sığalı imiş.
Təpəmdən elə tüstü çıxdı, təndirdən o cür tüstü çıxmayıb. Sonra daha heç nə danışmadıq, bir-birimizi qucaqlayıb oturduq quru torpağın üstündə. Qəzənfərin çəmən kimi təptəzə köynəyi (Yazıq iki dəfə geyinmişdi) əynimdə əskiyə dönmüşdü. Kürəyi elə cırılmışdı, elə bil köynəyə bıçaq çəkilmişdi. Ayaqqabımı Şamil tapdı. Ağız-burnumuz al qan içində düzəldik yola. O boyda yolu səhərə kimi piyada gəlmişik. Kəndimizə çatanda camaat heyvan-qaranı obaşdan örüşə buraxırdı. Küçənin başında bir-birimizdən ayrılanda Şamilə dedim:
-- "Subaylıq sultanlıqdır!", -- daha belə yox. Gərək biz də bir qərara gələk!
Şamil əsnəyərək mənim sözümü gözləyirmiş kimi dilləndi:
-- Ağıllı olmaq lazımdır! Bu qədər avaralıq elədik, yetər!
Dedim:
-- Biz arvad almasaq, heç vaxt ağıllanmayacağıq. Gərək evlənək!
Şamil dedi:
-- Vay o gündən ki, arvadda da ağıl olmaya!
Etiraz etmədim:
-- Arvad qarpız kimi bir şeydir. Bəyənib alırsan, gətirirsən evə, necə çıxacaq, qalıb naxışa!
Dostum söz altında qalmadı:
-- İndi nə deyirsən? Evlənməyək!
-- Daha bizdən də dəli olmayacaq ki?! -- dedim. -- Görəsən, bizə kim gələcək?
-- Yaşın otuzu keçib. -- dedi Şamil. --Evlən, özün görəcəksən, kim gələcək, kim gəlmək istəməyəcək.
Sözümüzü bitirib ayrılmaq istəyəndə dillənməyə bilmədim:
-- Amma nə toyumuzu verdilər!
-- Toyun mübarək! -- Şamil cavab verdi.
7-8 fevral 2021