Dostluğun gerçək siması - Elşad Həsənov

(və yaxud Zəlimxan Yaqubdan mənə yadigar qalan ən dəyərli miras)
Həyatın axarında, bir az da poetik ifadə etsəm, ömür yolunun hansısa bir dayanacağında bəzən elə insanlarla qarşılaşırsan ki, onlar sadəcə dost-tanış olmur, illərin-ayların sınağından, yəni, zamanın ələyindən keçib sənin ruhunun bir parçasına çevrilirlər. Onlar sənin üçün ömrün o, bəlli dayanacağından sonra sadəcə yol yoldaşı yox, həm də dost olur, sirdaş olur, qardaş olur. Mənim üçün belə insanlardan biri də məhz Elşad Həsənovdur. O Elşad Həsənov ki, hər zaman özümə qarşı böyük qardaş sevgisi və qayğısı gördüyüm unudulmaz eloğlumuz, Türk Dünyasının seçilən və sevilən siması, Azərbaycanın xalq şairi Zəlimxan Yaqubdan mənə yadigar qalan ən dəyərli mirasdır.
Şeirləri kimi, dostluğu da əbədiyaşar, dərin və səmimi olan Zəlimxan qağamla hər dəfə Estoniyadan gələndən-gələnə, seyrək də olsa görüşəndə, ədəbiyyat, eloğlular və dostlar haqqında uzun və mənalı, həm də kövrək söhbətlərimiz olardı. Şairin insanlara qarşı qəribə bir doğmalığı və yaxınlığı vardı. O, hər kəsi özünə qardaş və doğma bilərdi, amma bəzi insanlar vardı ki, şair onlara xüsusi rəğbət bəsləyərdi. Bu, Dərbənddən də ola bilərdi Təbrizdən də, Bakıdan da ola bilərdi Gəncədən də, Qarabağdan da ola bilərdi Naxçıvandan da...
Amma söz konusu Borçalıdan olanda, sanki qağamın üzündə güllər açırdı... Daha şövqlə, daha həyəcanla, daha ürəkdən danışardı. Bax, haqqında ürəkdən danışdığı nadir dostlardan, eloğlulardan biri də məhz Elşad Həsənovdur. Nə qədər qəribə də olsa, şairlə görüşlərimizin heç birində Elşad Həsənovla rastlaşmamışdıq. Amma bizi yenə də Zəlimxan qağam tanış etdi və doğmalaşdırdı. Qəti əminliklə deyə bilərəm ki, əgər biz hansısa dost məclislərinin birində tanış olsaydıq, bu qədər bir-birimizə isinişib doğmalaşmazdıq.
Düz on il bundan öncə yanvar ayının 11-də Təzə Pir məscidində xalq şairi Zəlimxan Yaqubun vida mərasimi idi. İzdiham yollara sığmırdı... Çətinliklə də olsa içəri keçə bildim. Başqa cür mümkün deyildi... Estoniyadan ürəyim ağzımda gəlmişdim. Böyük Zəlimxanın “yanında” olmalıydım. İçəridə çox az sayda insan vardı. Onlardan biri də Elşad Həsənov – hündür boylu, yaraşıqlı, adəti üzrə əynində uzun qara plaş, başında şlyapa... sözün tam mənasında bir çekist. Zəlimxan qağamın cənazəsinin yanında dinməz-söyləməz bir-birimizə sarıldıq... Dost itkisinin ağrısını, tanışlığımızın məmnunluğunu susaraq, yaşlı gözlərimizlə bir-birimizə baxıb yaşadıq... Bir qədər sonra cənazəni cənab prezident İlham Əliyevin vida mərasimində iştirak etməsi üçün xüsusi hazırlanmış salona götürdülər. O salonda şairin ailəsindən başqa, çox az sayda dövlət xadimləri və Borçalıdan üç nəfər vardı – rəhmətlik Məhəbbət Qarabağlı, Elşad Həsənov və mən.
Təzə Pir Məscidindən Birinci Fəxri Xiyabana üç eloğlu piyada getdik. Yolda bir çox mətləblərdən danışdıq. Və mən onda anladım ki, niyə Zəlimxan Yaqub Elşad Həsənov haqqında belə ağızdolusu danışırmış.
... Hələ erkən gəncliyimdən belə qənaətə gəlmişəm ki, bəzi insanlar var, onlar haqqında yazmaq bir yana dursun, danışmaq belə mümkün deyil – dilin sözə yatmır, əlin qələmə. Danışanda məcbur qaldığından dolayıdır ki, sözlər arasında bağ qura bilmirsən – nitqin səlis alınmır, yazanda da Allahın zülmünü çəkirsən – cümlələr rabitəsiz və anlamsız olur. Amma insanlar da var ki, onlar haqqında nəinki danışmaq, heç yazmaq da çətin deyil, çünki danışacaq, yazacaq o qədər məqamlar, xoş ovqat və xatirələr var ki, sadəcə olaraq, belə demək mümkünsə, onları ifçinləyib ipə-sapa düzmək lazımdır.
Amma bu ipə-sapa düzmək işi də sandığınız qədər də asan məsələ deyil. Asan olmayan məsələ odur ki, haqqında danışmaq və yaxud yazmaq istədiyin adamın həyatdakı duruşu, ictimai mövqeyi, səmimiyyəti səni məsuliyyətə cəlb edir. Çünki yazacaqların sadəcə olaraq, sıradan bir insanı yox, həm də bütövlükdə onun seçkin xarakterini, şəxsiyyətini ifadə etməlidir ki, həm özün mənən rahat olasan, həm də haqqında yazacağın adamın şəxsiyyətinə xələl gəlməyə. Bax, mənim bayaqdan bəri xarakterinin təsnifatını verməyə çalışdığım əziz dostum, gözəl eloğlum, Zəlimxan Yaqubdan mənə yadigar qalan ən dəyərli miras hesab etdiyim Elşad Həsənov məhz belə nadir şəxsiyyətlərdəndir.
Zəlimxan Yaqubdan sonra özümə böyük qardaş bildiyim Elşad Həsənovun saya gəlməz məziyyətlərinin hamısını burada sadalamaq iqtidarında deyiləm, amma əziz qardaşımın 70 yaşının tamamında – yubiley ərəfəsində haqqı olan bəzi xoş sözlərimi də mütləq dilə gətirmək istəyirəm. Yuxarıda dediyim kimi, Elşad Həsənov haqqında yazanda gərək hər sözünə diqqət edəsən. Çünki o, zahirən (hərhalda peşəsindən qaynaqlanır) çox disiplinli, nizam-intizamlı, prinsipial və bir qədər zəhmli görünsə də, tanıdığım illər ərzində onun necə incə ruhlu, həssas qəlbli bir insan olduğunu şahidi olmuşam.
Vaxtında və yerində deyilməyən köntöy bir söz kifayətdir ki, bu, həssas qəlbli insanın nurlu çöhrəsində qara buludlar oynaya. Şahidi olduğum xüsusiyyətlərindən biri də budur ki, Elşad Həsənov, gənəldə bütün insanların, illah da dostlarının sevincinə öz sevinci kimi sevinən, ağrısını-acısını öz içində yaşayan dostdur. Ola bilsin uzun illər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olaraq çalışdığından dolayıdır ki, Elşad Həsənovun davranışları ibrətamiz dərəcədə təmkinlidir və o, qarşısındakı insanı səbirlə dinləməyi bacarır. Elə bu cür seçkin xarakterinə görədir ki, onunla bir məclisi paylaşmaq, yol yoldaşı olmaq insana bir ayrı cür ləzzət edir.
Yol yoldaşı demişkən, bir dəfə dünyanın düz vaxtlarında Bakı-Tiflis qatarı ilə Gürcüstana gedirdim. Biləcərini təzəcə keçmişdik, bir az darıxan kimi oldum.
Çünki ikinəfərlik kupe yoldaşım öz dünyasına qapanmışdı və anladım ki, həmsöhbət olmaq fikrində deyil. Mane olmamaq üçün koridora çıxdım. Pah! Kimi görsəm yaxşıdır? Elşad Həsənov uca boyu ilə, gülər üzü ilə budur qarşımda dayanıb... İlahi, o necə sevinmək idi, biz sevindik... Yenə bir-birimizə sarıldıq. Mən səkkizinci sinfi bitirib Qaraçöpdən Qazaxa oxumağa gedəndən, yəni 15 yaşımdan yollardayam, amma Zəlimxan qağamın diliylə desəm, xatirəsi illərə sığmayan o yolçuluq qədər dadlı-duzlu, yaddaşımın ən isti köşəsində yuvalanmış yolçuluq yadıma gəlmir. O yolçuluğu unudulmaz edən məqamlardan biri də o oldu ki, dünyanın ən duru, yaxşı mənada, ən saf insanlarından biri hesab etdiyim Ağa müəllimlə (Ağa Hüseynov) tanış oldum. Sanki anadan olandan bir yerdə böyümüş kimi çox səmimi ortamda, deyə-gülə, bənzərsiz bir yolçuluq yaşadıq. Və bütün bunlar Elşad bəyin səmimiyyəti, təvazökarlığı, istiqanlılığı, dostcanlılığı sayəsində gerçəkləşdi. Daha poetik ifadə etsəm, Elşad bəy o səfərimizin ruhu idi.
Həmin yolçuluqda qərara aldıq ki, hər il yayda – iyul, avqust aylarında münasib bir vaxtda Başkeçidin Armudlu yaylağında balıq yeməyə gedək. Sonralar anladım ki, bu “Armudlu yaylağında balıq yemək” sevdası əziz dostumun köhnə şakəri imiş və bu, sadəcə bəhanə imiş. Əsl səbəb isə yurda-yuvaya bağlılıq, ata ocağına baş çəkmək, qayım-qədim dostlarla görüşməkmiş. Həm Armudlu səfərlərimizdə, həm də Novxanıdakı güllü-çiçəkli bağ evində, meyvə ağaclarının əhatəsində düzənlədiyi məclislərdə Elşad Həsənov məni kimlərlə tanış etməyib ki... Kiçik qardaşı, geniş ürəkli Musa müəllim, həmişəcavan Elbrus doxdur, bizim Mamed müəllim, böyük dövlət adamı Həsən Həsənov və daha kimlər... Novxanıdakı məclislərimizin əsas iştirakçılarından biri də uzun illər İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri olmuş əziz qardaşım İftixar Piriyevdi. Buradan etiraf etmək istəyirəm ki, hər dəfə Bakıya gəldiyimi utandığımdan Elşad Həsənovdan gizləməyə çalışsam da, çox vaxt alınmayıb. Yenə haradansa xəbər tutub və həmən zəng edərək çox səmimi və bir o qədər də ərkyana bircə kəlmə deyir: “GÖRÜŞƏK!”. Və biz görüşürük. İntəhası, bu görüşlərimizdə əziz qardaşım Elşad bəyin canfəşanlıqla mənə diqqət göstərməsi bir yana dursun, həyat yoldaşı, jurnalistika fakültəsinin ilk qadın alimi, filologiya elmləri doktoru, professor Sevil xanımın qonaqpərvərliyi qarşısında təşəkkür etməyə söz tapmıram. Xətrini bacım qədər çox istədiyim, əsl və əsil türk xanımlarına xas kübar, hər hərəkətindən əsilzadəliyi bəlli olan Sevil xanım öz əlləriylə bişirdiyi taamları süfrəyə düzüb, “Nuş olsun, xüsusən sizin üçün hazırlamışam” – deməsi məndə minnətdarlıq hissi ilə birlikdə, bir də utancaqlıq duyğusu yaradır. Bu səbəbdən də utandığımdan bəzən Bakıya gəldiyimi əziz qardaşımdan “gizləməyə” çalışmışam. İnanıram ki, indi bu yazını oxuyanda əziz qardaşım özünə xas danışıq tərzi ilə deyəcək: “Qardaş, bu olmadı ki... Axı biz dostuq!”
Qədim yunan filosofu Aristotelin ən məşhur əsərlərindən biri olan “Nikomax Etikası” adlı bir kitabında, filosof xoşbəxtliyin fəzilətli bir həyat yolu ilə əldə edildiyi fikrini irəli sürür. Oğluna həsr olunduğu güman edilən bu əsərdə Aristotel deyir: “İnsan bütün digər fəzilətlərə sahib olsa belə, heç kim dostsuz yaşamağı seçməz. Çünki dostluq yalnız bir fəzilət deyil, həm də fəzilətli bir həyatın ayrılmaz bir hissəsidir; xoşbəxtliyi tamamlayır və insanı daha da mükəmməlləşdirir”.
Bu mənada mənim əziz qardaşım Elşad Həsənov xoşbəxt və mükəmməl bir insandır, yəni dostluğun gerçək simasıdır. O, örnək ailə başçısıdır, qayğıkeş qardaşdır, təəssübkeş eloğludur. Dəfələrlə Bakıda, Novxanıda, Armudluda, Qarabulaqda, Kosalıda, Tiflisdə və Qaraçöpdə keçirdiyimiz məclislərimizdə və səfərlərimizdə Elşad Həsənovu hər zaman yüksək mədəniyyət və mənəviyyat sahibi olan birisi kimi tanımışam və bu, məni sevindirib və qürurlandırıb. Sevincimin bir başqa səbəbi də odur ki, bizim hər görüşümüzdə Zəlimxan Yaqubun ruhunun şad olduğunu hiss edirəm. Böyük şairimizin ruhu şad olsun hər zaman.
12 fevral 2026 tarixində əziz qardaşım, ehtiyatda olan polkovnik, yetərincə analitik bilgiyə sahib siyasi şərhçi Elşad Həsənovun 70 yaşı tamam olur. Bu gözəl yubiley münasibətilə əziz dostumu ən xoş, ən səmimi diləklərimlə təbrik edirəm! Uzun ömür və sağlam can arzulayıram! Bu, xoş arzu-diləklərlə dolu təbrikimə ürək açıqlığı ilə Elşad Həsənovun xətrini dünyalar qədər istəyən iki doğmamı da şərik etmək istərdim. Onlardan biri Borçalıda – Qarayazıda yaşayıb-yaradan bənzərsiz şairimiz, dostum-qardaşım Allahverdi Təkləli, ikincisi isə ata ocağımızın qoruyucusu, Elşad Həsənov başının dəstəsi ilə Qaraçöpə təşrif buyuranda qayğımızı çəkən, başımı uca edən kiçik qardaşım Vidadi kişidir.
Yubileyin – 70 yaşın mübarək olsun, əziz qardaşım! Sevdiklərin və sevənlərinlə çox yaşa! Gün o gün olsun, 100 yaşını qeyd edək!
Sonsuz sayqı və sevgilərimlə,
Xaqani Qayıblı
Estoniya, Tartu şəhəri
4 fevral 2026
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.