manera.az
manera.az

Uçan İlan və Qara Örpək - Gənc yazar Əzizə Cəfərzadənin hekayəsi

📅 16.01.2026 11:53

Uçan İlan və Qara Örpək - Gənc yazar Əzizə Cəfərzadənin hekayəsi
"Əgər bir gün dünyaya aid dərdin olarsa, Rəbbinə dönüb 'Rəbbim, çox böyük dərdim var' demə, dərdinə dönüb 'Çox böyük Rəbbim var' de."
İmam Əli (ə.s)


* * *
Yaradan öz mərhəmətini yaratdıqlarından heç vaxt əsirgəmir, çətin anlarda onlara kömək olur. Təəssüf ki, bəziləri bunu özləri etdiyini düşünür.

Sizə Sabirabad rayonunda, Kür çayının kənarında, pambıq tarlalarının gözəlləşdirdiyi bir kənddə baş vermiş hadisəni danışacağam. Bu hadisə 1977-ci ilin isti yay günlərinə təsadüf edir. Həmin kənddə Gülxas adlı ağbirçək, zəhmətkeş nənə qızı ilə yaşayırdı. O, şirindil və mehriban idi. Həmişə yaşıdlarından fərqlənərdi. Başqaları kimi özgələrindən danışmaz, kiminsə qeybətini etməzdi. Bir də kövrək idi Gülxas nənə. Nə zaman kövrəlsə gülümsəyər, kədərini, gözlərini hər kəsdən gizləyərdi. Onun gözlərində bir qəm vardı. Bu qəmin arxasında 11 övladının faciəli ölümü gizlənirdi.

Gülxas nənənin böyük oğlu İkinci Dünya müharibəsi dövründə müharibəyə getmiş və yaralanaraq geri qayıtmışdı. Sağalmış və müharibə dövrünün çətinliklərində öz xalqı üçün aclıq və müharibənin çətinlikləri ilə mübarizədə fədakarlıqlar etmişdi. Lakin müharibədə aldığı yaralardan bir müddət sonra həyatını itirmişdi. Övladlarının bir neçəsini aclıq və xəstəlik zamanında itirib. Kiçik oğlunu isə müəmmalı ölüm ilə əcəl aldı ondan. Onun meyitini ağacda asılmış halda tapmışdılar. Bütün bunlar Gülxas nənənin qəlbində sağalmaz yaralar qoymuşdu.

Buna baxmayaraq, O, son ümidi olan kiçik qızına bağlanaraq yaşayırdı. Qızı və onun övladlarının sevgisi Gülxas nənəyə güc verirdi. Nəvələrinin nəşəsi onu öz qəm dünyasından ayırırdı. Həmişə nəvələri və gözünün nuru olan qızı ilə təskinlik tapırdı. Onun qızı Güllü illər öncə ağır bir xəstəliyə düçar olmuşdu. Bu xəstəlik Güllüyə cismən nə qədər əziyyət verib, onu taqətdən salırdısa, bir o qədər də Gülxas nənəyə ruhən əziyyət verirdi. Hər saniyəsini son ümid çırağı olan qızını itirmək qorxusu ilə yaşayırdı. Qəlbini Allaha bağlayıb, yalnız Ona yalvarırdı. Gündüzləri yemək-içmək bilmədən, gecələri yatmaq bilmədən qızının başı üstündə oturardı. Gizlin-gizlin ağlayardı.

Bəli, Allah hər şeyə qadirdir! Heç bir çarənin olmadığı söylənildikdə O, heç bir tərəddüd etmədən yalnız "Allah var, çarə də var" — deyə düşünürdü. Bəli, çarə yalnız Allah oldu! Allahın inayəti alnına haradan düşdüyü məlum olmayan bir damcı su ilə Güllünü yuxudan oyatdı və O, anasına: "Ağlama, mən sağalacağam!" — dedi. Allahın rəhməti hər şeydən böyükdür: yerdən, səmadan, kainatdan...

Bəli, artıq illər keçib və Güllü ailəsi ilə birlikdə anasının qayğısını çəkirdi. Güllünün bir neçə övladı var idi. Onlardan biri də 10 yaşlı Mehri idi. O, düşüncəli, sakit və məsuliyyətli qız idi. O, nənəsini çox sevirdi. Bacı-qardaşlarından çox O, nənəsi ilə vaxt keçirir, onunla hər yerə gedirdi. Elə sizə danışacağım hadisə də bu getdikləri yerlərdən birində baş verib.

Yay fəslinin isti günlərindən biri idi. Bu gün nənə çox narahat idi və heç evdə qalmaq istəmirdi. Çox düşünüb qərara gəldi ki, qonşu kənddə yaşayan bacısıgilə qonaq getsin. Bunu eşidəndə Güllü etiraz etdi və istidə yola çıxmamağı söylədi. Lakin nənə ona qulaq asmadı və illərlə sandıqda saxladığı qara örpəyi götürüb həyətə endi. Bu zaman Mehri də onunla getmək üçün çox israr etdi. Mehrinin çox xahişindən sonra Gülxas nənə Mehri ilə bərabər yola çıxdı. O, örpəyi başının üzərinə qoyub, kəlağayısını Mehri ilə bərabər öz başına kölgə etdi və torpaq yolun isti qumlarının üzəri ilə qonşu kəndə yol aldılar. Nəhayət, uzun yoldan sonra bacısıgilə çatdılar. Gülxas nənə bacısına tez-tez baş çəkərdi. Bu dəfə də qəlbi bacısını görmək istəmişdi. Onlar söhbət edib, uzun yolun yorğunluğunu çıxardılar.

Birdən nə oldusa, Gülxas nənə ayağa qalxıb evə qayıtmaq istədiyini dedi. Ev yiyəsi nə qədər israr etsə də, qalmadı. Onlar sağollaşıb yola çıxdılar. Bu zaman günorta saat dörd olardı. Günortaya doğru bir az daha qızmış torpaq ayaqqabının içərisində Mehrinin balaca ayaqlarını yandırırdı. Onlar açıq yoldan keçib, pambıq sahələri ilə əhatələnmiş qamışlı su kanallarının arasından keçən yol ilə getməyə davam etdilər. Yol uzandıqca uzanırdı, sakitlik bir az daha Mehrini qorxudurdu. Mehrinin sualı sakitliyi pozdu. Pıçıltı ilə:

— Nənəcan, niyə bu qədər sakitlikdir? — deyə soruşdu.

Nənə:

— Bala, buna "lal istilik" deyərlər, — dedi.

Nənə Mehrinin narahatlığını görüb narahat olmağa başladı. Yol azaldıqca Mehrinin qorxusu artırdı. Sanki onları nəyinsə izlədiyini hiss edirdi. Bunun necə olduğunu özü də anlamırdı. Bu, qorxusunu bir az da artırırdı. Onlar indi daha sürətli yeriyirdilər. Bu anda Mehrinin ürəyi daha möhkəm çırpınmağa başladı. Bir anlıq necə oldusa, arxalarında nəyinsə uçduğunu hiss etdilər. Qamışlıqdan qalxan vahiməli səs sükutu pozdu. Onlar dönüb bir ilanın onlara doğru sürətlə uçduğunu gördülər və qaçmağa başladılar. Nənə hər dəfə yorulub dayanmaq istədikdə Mehri bir az daha güclə nənənin əlindən tutub irəli doğru qaçmağa çalışırdı. Bir az qaçdıqdan sonra ilanın qamışlığa düşdüyünü gördülər. Bu zaman onlar bir az yavaşlayıb nəfəslərini dərdilər və təhlükənin sovuşduğunu düşünüb asta-asta yeriməyə başladılar.

Bu dəfə ilan qamışlıqdan sıçrayıb yenidən onlara doğru uçmağa başladı. Nənə daha qaça bilmirdi. Mehrinin əlini buraxıb:

— Sən qaç, o mənim arxamca gəlir! — dedi.

Mehri Gülxas nənənin əlini daha möhkəm tutub:

— Səni buraxmaram, biz birlikdə dönəcəyik! — dedi.

İlan isə durmaq bilmirdi. Elə bu vaxt irəlidən bir döngə göründü. Mehri:

— Nənə, bax, döngəni keçsək daha arxamızca gəlməyəcək! — dedi.

Çarəsiz qalan nənə yenə tək ümid yeri olan Allaha yalvarmağa başladı. Sidq-ürəklə ona əmanət olan uşağın bu təhlükədən qurtulması üçün dua etdi:

— Allahım, bu uşaq əmanətdir, Sən onu qoru.

Allah qəlbən edilən duaları qəbul edər. Və nənəni də xəcalətli qoymadı. Bu an qızmar günəş altında qarşıdan bir burulğan qalxıb onlara tərəf gəlməyə başladı. Allahın möcüzəsi olan bu burulğan onları xilas edəcəkdi. Nənə bir əli ilə Mehrinin əlini tutmuşdu. Digər əli ilə isə başındakı qara örpəyi tutmuşdu. Burulğanın ani keçməsi ilə nənənin əlini başından çəkməsi və örpəyin havada fırlanaraq açılıb ilanın üstünə düşməsi bir anda baş verdi. Bununla da ilan örpəklə bərabər gözdən itdi.

Onlar döngəni keçib nəfəslərini dərmək üçün bir ağacın altında durdular. Elə bu an nənə örpəyin başında olmadığını anladı, dizlərinin taqəti çəkildi və diziüstə yerə çökdü. Mehri nənənin gözlərindən yaşların axdığını gördü və bunun örpəyə görə olduğunu anlayıb, nənəsinin göz yaşlarını silərək:

— Nənə, ağlama, mən böyüyüb ondan daha yaxşısını sənə alaram, — dedi.

Nənə bir anlıq özü də bilmədən illərlə hər kəsdən gizlətdiyi sirri Mehriyə danışmağa başladı:

— Yox, qızım, o örpəkdən heç kim ala bilməz. O, sənin kiçik dayının xatirəsi idi. Fələk onu aldığı kimi, xatirəsini də məndən aldı.

Gülxas nənə göz yaşları içində, boğazı düyünlənərək bu hadisəni danışmağa başladı. O gün sanki bu gün idi.

— Dayın öz alın tərinin pulu ilə sevdiyi qıza üzük və örpək almaq üçün şəhərə getmişdi. Mağazadan qırmızı bir örpək seçib satıcıdan bağlamaya qoymasını istəyibmiş. Evdə mənə verib gülümsəyərək "Ana, bu mənim bəxtimdir" demişdi. Mən bağlamanı açarkən örpəyin qara olduğunu gördükdə dünyam gözümdə qaraldı. Sanki ruhum canımdan ayrıldı. Bu, həqiqətən də onun bəxti idi ki, qara da oldu. Bir neçə gündən sonra isə aldığı üzük itdi və həmin gün onun cansız bədənini evimizdən bir az kənarda bir ağacdan asılı halda tapdıq.

Nənə danışdıqca bir az daha o xatirələrin içində qərq olaraq boğulurdu. Mehrinin nənəsinin boynunu qucaqlayaraq hıçqırtı ilə ağlaması onu düşüncələrdən ayırdı və onun qorxduğunu düşünüb biixtiyar ayağa qalxdı:

— Gedək, qızım! — dedi.

Yolboyu nənə arxaya dönüb baxır, sanki ilanın ondan aldığı örpəyi geri gətirəcəyini düşünürdü. Evə çatdıqda nənə Mehriyə:

— Sən bu gün anana bir şey demə. Mən özüm onunla danışacağam, — dedi və onlar həyətə daxil oldular.

Bu gündən sonra Mehri o hadisəni unutmadı. O günün nənənin qəlbində açdığı yara və üzündəki qəm Mehrinin gözündən yayınmazdı. Zaman keçdikcə nənə qüvvədən düşür və sanki bir gül tək solurdu. Bir müddət sonra Gülxas nənə xəstəliyə düçar oldu. Elə bir xəstəlik ki, çarəsiz dərd olub bu ailənin hüzurunu əllərindən almışdı. Onların yaşadıqları rayonda getmədikləri həkim qalmadı. Heç biri bu ailəyə bir ümid vermirdilər. Mehrinin atası onun üçün şəhərdən həkim gətizdirdi. Həkim nənəyə yalnız qızılgül ətrinin xeyirli olduğunu söylədi. Mehri bu işi öz üzərinə götürdü. O gündən hər səhər nənəsi üçün qonşudan bir dəstə gül gətirərdi. Əvvəl qızılgül həqiqətən nənənin özünü daha yaxşı hiss etməsinə kömək edirdi. Amma bir müddət sonra nənənin halı əvvəlki kimi davam etməyə başladı. Artıq qızılgülün ətri nənəni oğlu və uçar ilanın apardığı qara örpəyə yaxınlaşdırdı. Mehri isə canından çox sevdiyi nənəsini bu vəziyyətdə görməyə dözə bilmirdi.

Bir gün o kədərli hadisə baş verdi və Gülxas nənə dünyasını dəyişdi.

O gündən bu hadisəni unutmayan Mehri göz yaşlarına boğularaq bu hadisəni danışır...

Bəli, həyatda bəzən inana bilməyəcəyimiz hadisələr baş verir. Amma unutmayaq, bura dünyadır və burada hər şey baş verə bilər. Biz yalnız Allaha ümid edib, yaşadığımız hər şey üçün Ona şükranlıq borcumuzu ödəməliyik.

Müəllifdən: Bu hekayəni hadisə şahidinin dilindən qələmə aldım. Ümid edirəm ki, "Uçar İlan və Qara Örpək" sizdə də maraqlı hisslər oyatdı. Oxuduğunuz üçün təşəkkür edirəm!

Sevgilərlə, sizin yazarınız Əzizə Cəfərzadə.


Baxış sayı - 243 | Yüklənmə tarixi: 16.01.2026 11:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031