manera.az
manera.az

“O kağızdakılar Şahinin son arzuları idi” - Vüsal Oğuz |MANERA.AZ

“O kağızdakılar Şahinin  son arzuları idi” - Vüsal Oğuz |MANERA.AZ

Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı hekayə” nominasiyası üzrə
“Nisyə” hekayəsiylə III yerin qalibi olan Vüsal Oğuzla söhbəti təqdim edirik:

______________________________________

Vüsal bəy, müsabiqədə III olan “Nisyə” hekayənizin mövzusu aktualdır. Borc, ehtiyac, dükan, ərzaq, nisyə... Son dövrlər əhalinin əhəmiyyətli bir qisminin beynində yalnız bu sözlər fırlanır. Özünüz necə? Şahini həqiqətən tanıyırsız?

- Şahini və yaxud Şahin taleyini yaşayanları kim tanımır ki? Yaşadığımız həyatda real olaraq tanıdığımız və ya eşiyimiz Şahinlər, Şahin ömrü sürənlər kifayət qədərdir. Hekayə saytda dərc olunduqdan sonra ən çox ünvanan sual belə idi: Bu olmuş əhvalatdırmı? İnsanlar sanki bu cür yazıları oxuyanda reallıq axtarmağa başlayırlar. İndi işsizliyin at oynatdığı, bahalığın tüğyan etdiyi dövrdə yaşayırıq. Bəziləri buna boyun əyir, bəziləri mübarizə aparır. Bu gün bir çoxunun da Şahin ömrü yaşaya biləcəyi vəziyyət əslində çox da uzaqda deyil.

Hekayəni oxuyan oxucu başa düşür ki, Şahin ümumiləşmiş obrazdır. Hətta bir çoxu öz probelmlərini, öz taleyini də tapır burda.
Şahin niyə kasıbdır? Xəstəliyə görə,ya "fərasətsizliyə"görə?


- Daxilən zəngin, mərd, zəhmətkeş insan olan Şahini kasıb saymaq olmaz. Heç onu fərasətsizlikdə də günahlandırmaq düz deyil. Xəstəliyidə heç vaxt ona mane olmayıb işləmək, qazanmaq üçün. Amma son bir ildə həyatında at oynadan problemlər onu həm maddi həm də mənəvi cəhətdən çətin duruma salıb və o bununla barışa bilmir. Bu gün belə insanlar kifayət qədər çoxdur və təəssüf ki artmaqdadır. Get – gedə artan borc, maddi sıxıntı, ödənilməyən kredit ucbatından artan intiharlar əslində cəmiyyətimizə verilən səssiz mesajlardır. Təəssüf ki, çoxumuz bunu duymuruq.

Şahin öləndən sonra əlini açıb siyahını götürə bilmirlər. Ehtiyac siyahısının qara rəngli yazısı ovcuna hopmuşdu. Bu bir rəmz deyilmi? Yəni, ehtiyaclarını özüylə o dünyaya aparır.

- Şahinin ovcundakı o kağız parçası məhz onun bu həyatda də əldə edə bilmədiklərinin siyahısı idi. Ovcuna hopmuş o qara rəngli yazı elə taleyin minlərlə Şahinlərin yarandığı gündən alınına yazdığı yazının özüdürki var. Ovcundakı o ləkə kasıbların, məzlumların doğulandan bəxtlərinə düşən qara günlərin, qara bəxtin rəmzidir sanki. Maddi cəhətdən zəngin, amma insanlıqdan uzaq, mənəviyatca kasad olanların insanlığa vurduğu ləkədir. Şahin ovcundakı kağızda yazılanları adı yazı kimi qəbul etmək olmaz. O kağızdakılar Şahinin son arzuları idi əslində. Necə ki, “Məktub yetişmədi” hekayəsindəki kimi.

Bir nənə obrazı da var hekayədə. Onun ölümü sanki Şahinin son dayağının itirilməsidir. Amma nənənin adından yazılan məktublar onda yalançı ümidlər yaşadır. Bu ümidlər isə reallıq bəlli olanda ölür. Belə yazmaq olarmı nənə obrazını?

- Nənəsinin ölümü Şahini uşaqlığından bəri itirdiklərinin davamı idi. Atası, anası daha sonra gənc bacısını itirir Şahin. Nəhayət, nənəsini. Nənəsinin adından gələn məktublar idi onu hərbi xidmətdə yaşadan, onu kəndə qayıtmağa həvəsləndirən. Bəlkə də nənəsinin yoxluğundan xəbər tutsaydı, kəndə də qayıtmazdı. Amma hər şeyi biləndən sonra da belə kəndi tərk etmir. Taleyini bu şirin yalanlarla onu aldadan adamla - məktublar yazan qonşu qıza bağlayır. Hekayədə nənə obrazı bir o qədər diqqəti cəlb etməyən, bir qədər arxa planda qalan bir obraz kimi verilib.

Vüsal bəy, hekayəni oxuyanda oxucu düşünür ki, bəlkə də Fərman olmasaydı,İlyas belə qələtlər eləməzdi. Cəmiyyətin nizamını pozan, "ilana zəhər verən kərtənkələ" kimi Fərman daha çox ifşa olunmalıdır bəlkə...

- Hekayədəki Fərman obrazı əslində İlyas kimilərinin cəmiyyətdə tək olmadığını göstərmək üçündür. Əsərin o hissəsində Fərmanın dükanda olmasını təsadüf də saymaq olar. Amma bəzi oxucu belə fikirləşir ki, bəlkə də Fərman o anda orda olmasaydı, nə İlyas belə hərəkət edərdi, nə də bu vəziyyət Şahinə bir belə təsir etməzdi. Mənim fikrimcə, Fərman obrazını bundan artıq ifşa etməyə dəyməzdi. Əslində Şahinin yaşadığı bu problemlərə görə bir başa olaraq nə Fərmanı, nə də İlyası günahkar saymaq olmaz. Bu cəmiyyətin insanlığa vurduğu zərbə deyilmi?!

Söhbətləşdi: Şəhla Aslan
MANERA.AZ








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI