manera.az
manera.az

Səbəb tükürpədicidir _MANERA

Səbəb tükürpədicidir   _MANERA


Səadətin ünvanı

Əgər istədiklərini həyata keçirə bilmirsənsə,
əlində olanları istəməyi öyrən.
Aristotel


Əsərlərə, filosofların dediklərinə diqqət yetirsək xoşbəxtliyin, səadətin müxtəlif çalarlarını kəşf etmiş olacayıq. Bütün dövrlərin insanları məhz bunu öz qarşılarına məqsəd qoyaraq ona doğru irəliləməyə can atmışdılar. Fəlsəfənin dərinliyinə varan Arsitotel, Seneka, Demokrit, Paskal və.s kimi filosoflar xoşbəxtliyi imtinada görürdülər. Demokrit xoşbətliyin – azla qane olmada, Sokrat isə vicdanın olmadığı yerdə xoşbəxtliyə çatmanın mümkünlüyünü söyləyirdi.
Çoxumuz üçün xoşbəxtlik və səadət anlayışı ağrısız, itkisiz həyat, istəklərə yetmək, təmənnasız yaşayış və.s.dir.

Filosoflar yaşamımızı asanlaşdırmaq üçün ən qısa yollar axtardığı zaman yazıçılar xoşbəxtlik və bədbəxtlik kimi mövzularla özlərini məşğul edirdilər.

Tolstoyun əsərinin birmənalı qarşılanmayan obrazı Anna Karenina da səadət və xoşbəxtlik axtarışındadır. Öz ailəsində boğulan qadını heç nə xoşbəxt etmir. Kübar, çərçivə daxilində həyat sürən qadın üsyan etmək, azadlığa çıxmağı arzu edir. Məhəbbəti xilas yolu kimi görən, sevgilisinə qovuşmağı düşünən Anna, əsərin sonunda intihar edir.

Puşkinin Tatyanası səadət və xoşbəxtlik haqqında fərqli fikirdədir. Aşiq olduğu Onegin də eyni kübar cəmiyyətin nümayəndəsidir. Onun üçün xoşbətlik atributları hələki zənginlik və azadlıqdır. Bunlardan doya-doya yararlanan Onegin məhəbbət sınağı ilə üz-üzə dayanaraq əsərin sonunda məzlum, yazıq və bədbəxtə çevrilir. Tatyana Annadan fərqli olaraq ailə səadətini hər şeydən üstün bilir.

Bir tərəfdən də şairlər. Səadət və xoşbəxtlik yolçuları poetik kəlmələr arasından aşiq kimi boylanırlar. Xətainin “Dəhnamə”sinin obrazları da sevgiyə çatmanın xoşbəxtliyə qovuşmaq ilə paralellik təşkil etdiyini düşünür. Məktublaşmalar hər iki qütbün arasında qırılmaz bağlar yaradır. Məhəbbət aşiqin və məşuqun ömründən alır. Səadət yolçuları rahatlıqlarını da eşq yolunda irimiş olurlar.

Mətni yaza-yaza iş otağımda adətim üzrə musiqilərə köklənirəm. Hava buludlu və yağmurludur. Radioda lirik mahnılar səslənir. Budur, müğənni, şairin sətirlərə köçürdüyü “Səadət...səadət...səslərəm səni...” kəlmələrini musiqi dilində qulaqlarımıza çatdırır. İndi səadət və xoşbəxtlik haqqında fikirlərim, müqaisələrim otaq boyunca qaçışır. Mən isə mətni davam etdirmək üçün özümə ard-arda suallar verirəm.

Nə insanı xoşbəxt edir? Malmı, mülkmü, dinclikmi, problemsiz həyatmı, yoxsa nə?

Az öncə yazdıqlarım yenidən qarşımda peyda olur. Adını sadaladığım filosoflar içindən mənə baxan Diogen, mən dünyanın ən xoşbəxti idim, deyir. Məndən bəxtəvəri var idimi, sualını mənə ünvanlayır.
Çəllək içində yaşayan filosof onunla eyni dünyanı və zamanı bölən mülkədardan, zəngindən daha saf və xoşbəxt görünür. Filosofun yanına təşrif buyurmuş böyül fateh İsgəndərlə olan söhbəti də insanı heyrətləndirməyə bilmir.

Attikaya gələn Makedoniyalı İsgəndər yunan filosofu Diogenlə görüşmək istəyində olur. Orada olan müddətdə filosofun özünün onun yanına gələcəyini düşünürdü. Zaman keçsə belə Diogen İsgəndərin görüşünə gəlmir. O səbəbdən də hökmdar özü Diogenin yanına təşrif buyurur. (El deyimimizdə deyildiyi kimi “Məhəmməd dağa getməyəndə, dağ özü Məhəmmədin yanına gəlir”).

Dünyanın xoşbəxti olan Diogen günəş altında qızınırdı. İsgəndər ona yaxınlaşıb, “Mən böyük hökmdar İsgəndərəm” deyir. “Mən isə, köpək Diogenəm”, deyə filosof cavab verir. “Nəyə görə səni belə adlandırırlar?”. “Çünki tikə verənlə oynayıram, tikə atmayana hürürəm. Qəddar olanı isə dişləyirəm” deyir. “Məndən qorxursanmı?” “Sən nəsən - yaxşılıqsan, yoxsa pislik? - Diogen deyir”. “İsgəndər, - Yaxşılıq-, deyə cavab verir”. “Yaxşıqdan kim qorxur ki?”. Bu söz İsgəndərin xoşuna gəlir, böyük fateh, məndən nə istəyirsən dilə, söyləyir. Diogen cavabında, mümkünsə günəşin qarşısından çəkil, deyir. Kölgən qızınmağa imkan vermir. Bu cavabları alan hökmdar geriyə dönüb, yaxın adamlarına, - əgər mən İsgəndər doğulmasaydım, məmnuniyyətlə Diogen olmaq istərdin, söyləyir. Taleyin qismətindən isə hər ikisi eyni gündə vəfat edirlər. Demək tale də, bu ruhi vəhdətin eyni anda sönməsinə xitam vermişdi. Əbədi xoşbəxtliyə, səadətə ucaltmışdı.

Deyilənə görə Diogenin məzarının üzərində mərmər it heykəli var. Məzar daşının üzərində isə, “Qoy şöhrətin qərinələri aşsın. Sən bizə necə yaşamağı, olan ilə qane olmağı öyrətdin. Sən bizə yolların ən qısasını göstərdin, Diogen” epitafiyası yazılıb.

Filosofların yaşam tərzinə diqqət yetirdikdə xoşbəxtliyə, asudəliyə, səadətə çatmaq üçün vardan uzaqlaşmaq, imtina etmək tərzinə keçmələrini görürəm. Həzrəti İsanın ulaq üzərində elləri dolaşmasını oxuyunca, elə onun da dünya malından uzaqlaşaraq səadəti bunda tapdığını anlayıram. Bu sadəlik ilahi bir nura çıxış idi. Daxili kübarlığın, beyni ağırlığın nəticəsində ortaya çıxmışdı.
İmtina, səfil halda olan küçə həyatında ömür sürən bomjlara aid edilməz. Bilmirəm, bəlkə onlar da bütün məsuliyyətlərdən uzaqlaşmaqla səadətə doğru gəldiklərini düşünürlər? Sokratın, vicdandan azad olmaqla xoşbəxt olmanın mümkünlüyünü söyləməsi kimi.
Bir küncə qısılıb cırıq-cındır paltarda əl açan yoxsul bomj və dilənçi qəlbimdə mərhəmət hissi yaratmır və mən, zamanla inkişaf edən texnoloji dünyada qəlbimin yox olmasından qorxuram. Mərhəmət deyil, bir başqa hissdən önümdəki aciz Adəm övladının ovcuna çörək alacaq miqdarda pul qoyuram. Əsla savab haqqında düşünmürəm. Bu yardımın səbəbini də anlamıram.

Bəlkə də bu para həmin anda o insan üçün xoşbəxtlik carçısı olur. Mənim kimi əli qələm tutan insan isə səadət, xoşbəxtlik haqqında oxuduqlarını beynində vərəqləyir.

Yol boyu düşüncələr məndən əl çəkmir...

Gözlərim dənizə baxır. Rahatlığı, sakitliyi hiss edirəm. Qarşımda addımlayan turistlərin sadəliyi məni suallar dünyamdan ayırır. Ecazkar fransız sözləri onlara diqqət kəsilməyimə və məftun olmağıma dəvət edir.

Bəlkə də onlardan fərqli olaraq biz xarici ölkələrə yan alsaydıq daha bahalı, kübar əlbisələrimizi özümüzlə götürərdik, deyə düşünürəm. Əlbisələrlə dolu bir deyil, bir neçə çamadanla yolçuluğa çıxardıq.

İki fransız qadını isə ətrafa maraqla baxmaqda davam edirlər. Təqribi 60-65 yaşları olar. Doğrudur, yaş verməkdə istedadlı deyiləm. Hər halda, bəyaz saçları, qırışıq əlləri qocalıqlarından xəbər verir. Olduqca gümrahdırlar, çevikdilər. Ətrafa, insanlara maraqla baxırlar. Hələ gördüklərini çiyinlərindən asdıqları fotoaparatın da yaddaşına köçürürlər.
Mən isə səadətə çataraq, xoşbəxt qocalığı necə yaşayacağam sualları ilə özümə müraciət edirəm.
Xarici turistlərin çoxu bəlli yaşa qədər çalışıb sonra dünyanı səyahət etməyə başlayan yaşlı insanlardır. Ahıl yaşlarında qəribə, heç vaxt olmadıqları şəhərləri beyinlərinə köçürürlər. Sonra isə öz evlərinə dönüb isti soba qarşısında uzun, soyuq qış gecələrində fikirlərini də bir-biriləri ilə bölüşürlər. Növbəti baharı, yayı gözləyirlər.

Mən isə oğul, qız böyüdüb çətinliklərdən birtəhər ayılan kimi, indi nəvə, nəticələrinin böyüməsi ilə özlərini məşğul edən və xoşbəxtliyi bunda tapan babalarımızı, nənələrimizi düşünürəm.

Dəniz kənarını ağzına alan yemək qoxusu duzlu Xəzəri hiss etməyə mane olur. Dolub-boşalan kafelərdə, çayxanalarda qarınlarını doyduran, səadəti yeməkdə görənləri bu geniş dünyanın seyiricisinə çevrilməyə səsləmək istəyirəm. Ah, dünyanın gözəlliyini bir görsəydilər.

Bütün fəlsəfi traktatlarda, hekayətlərdə hökmdar müdrik söhbətləşməsini müşahidə edirəm. İstər Nizami Gəncəvi yaradıcılığı olsun, istər Yusif Balasaqunlunun “Qutadqu bilig”i olsun, istərsə də daha öncələrdə qələmə alınan fəlsəfi gəlişmələr olsun, hər birində müdriklik və hökm tərəzinin gözləri üzərinə qoyulur. Varın qoynunda məskən salanlar ruhi dinclik axtarışında müdriklərlə fikir mübadiləsi aparırlar.

Qulaqlarımda Solon... Solon...Solon deyən hökmdarın səsi eşidilir.

Dar ağacından asılmağa hazırlaşan Krez üç dəfə filosofun adını bağırır. Səbəb dahiyanə və tükürpədicidir.

Krezin halını görən Kir onun niyə məhz bu adı söylədiyini soruşduqda aldığı cavabdan heyrətlənmişdi. Baş verənləri tarix səhifələrinə köçürən tarixin atası Heradot isə bunu qələmə almaqla müdriklik, uzaqgörənlik və möhtəşəmlik sərgiləyir.

Nə yazıq ki, öz sonunun belə olacağını ağlına gətirməyən varlı hökmdar günlərin birində “Dünyanın ən bəxtəvər, ən xoşbəxt insanı kimdir?” sualını dünya şöhrətli filosofa verdikdə, “Sən... sən... sən...” cavabını almağı düşünmüşdü. Filosof isə “Sənin əvvəlindən xəbərim var, sonunu görmədiyim üçün sualına cavab verə bilməyəcəyəm” demişdir. Bəxtəvərlikdən, ani xoşbəxtlikdən başı buludlara dəyən hökmdar filosofun bu cavabından qeyzlənərək onu ölkəsindən rədd etmişdir. İndi Solonun dedikləri öz məntiqi həllini tapmış, bir zamanlar özünü dünyanın xoşbəxti adlandıran Krez isə sarsaq bir durumda olmasının fərqinə varmışdı. Kir isə danışılan hekayətdən sonra hökmdarı azadlığa qovuşdurmuşdu.

Yazdıqlarımdan özüm üçün xoşbəxtlik və səadətin Diogen, Sokrat, Solon, Aristotel düsturunu çıxarıram. Elə Zərdüştün dilindən söylənilən “Mən fəzilətli fikri, fəzilətli sözü, fəzilətli əməli mədh edirəm” (Yasna 14) sözlərini də Zərdüşt xoşbəxtliyi, harmoniyası, düsturu adlandıra bilərik.

Volter də eyni fəlsəfi gəlişmələri əsərlərində işıqlandırır. “Zadiq və yaxud tale” Şərq fəlsəfi povestinin qəhrəmanı da xoşbəxtlik axtarışındadır. Zamanla tanınmış alimlərdən dərs alan Zadiq bütün həyatı boyu kədərli taleyindən bezgin halda xoşbəxtliyin axtarışına çıxır. Rahatlıq və dincliyin, əbədi xoşbəxtliyin harada məskən saldığını araşdırmağa çalışır. Povestin hər bölümü böyük həyat həqiqətlərini gözümüz önündə aşkar edir. Öncə, həyat yoldaşı seçimində səhvə yol verən Zadiq taleyin növbəti sınaqlarında ayağı daşa dəysə belə dərs almağı və ruhdan düşməməyi bacarır.
Bir dul qadının qeybətini Zadiqin yanında edən həyat yoldaşı sonra ömür-gün yoldaşının sınağı ilə üz-üzə dayanır. (Əri dünyasını dəyişmiş qadının yanına gedən Zadiqin arvadı, dul qadının ərinin qəbri yanından axan çayı əlləri ilə məzardan uzaqlaşdırmağı məsxərə ilə danışmışdı). Zadiq guya uzaq ölkəyə gedirmiş kimi arvadıyla sağollaşır. Sonra, qadınının rəğbət bəslədiyi bir gənclə, Qədirlə ona özünün ölüm xəbərini yetirir. Özü isə taleyin sınağı qarşısında günləri saymaqla məşğul olur.

Budur, ərinin ölüm xəbərini eşidən qadın üç gün ərzində göz yaşı tökməkdədir. Növbəti gün Qədir ilə söhbət etməyə başlayır. Digər günlər ərinin bəzi çatışmayan cəhətləri haqqında danışmağa başlayır. Bir başqa gün isə bu qadın Qədirin qətiyyən çatışmayan cəhətinin olmamasını diqqətə çatdırır.

Növbə artıq sınağın idi. Günlərin birində Qədir guya sağalmaz ağrıya düçar olur və o, bu ağrının ən gözəl çıxış yolunun yeni ölmüş insanın burnu olduğunu söyləyir. “Guya ölmüş insan burnu neynir ki”, fikrini özlüyündə söyləyən qadın bıçaq götürərək ərinin qəbrinə yollanır. Məzara çatıb onu eşələyir. Torpaqdan baş qaldıran Zadiq burnunu tutaraq bıçağı özündən uzaqlaşdırır. “Əzizim, başqalarını qınamaq elə asandır ki. Başqa bir dul qadında gördüyün eyib, sənin etmək istədiyinin yanında heç nə kimidir” deyir.

Əsərdə xoşbəxtlik və səadət yolçusu olan Zadiq bütün bölümlərdə sınaqlarla üzləşir. Ölümlə, xəyanətlə, aclıqla üz-üzə qalan Zadiq əsərin sonunda göydən endirilmiş mələk vasitəsilə daxilində cərəyan edən suallarına cavab tapa bilir. Əsər məntiqi ardıcıllıqla öz kuliminasiya nöqtəsinə çataraq açılışa xitam verir.
Zadiqin suallarına cavab vermək üçün göydən endirilən mələk əsərin sonunda “İnsanlar bilmədən hər şeyə hökm çıxarırlar ” deyərək qəhrəmana öyüd verməyi unutmur. Əslində dünyada rastlaşdığımız bütün hadisələr bizə nəyisə diktə etmək üçün gəlir. Ya öyrədir, ya qandırır, ya da bizə nəyisə öncədən xəbər vermək üçün qarşımıza çıxır.

Xoşbəxtlik və səadət adlandırdığımız hadisələrə, sonradan, hər şey an məsələsidir, qiymətini veririk. Bəlkə də bütün bunlar sadəcə mühakimələrimizin məhsuludur? Əslində, hadisələrin üzərinə nəyin xoşbəxtlik və nəyin bədbəxtlik olması yazılmayıb. Biz isə yaşam boyu yalnız onu mayak seçərək üzərinə hərəkətə keçirik. Dənizdən sahilə yan alan gəmi tək qaranlığı işıqlandıran mayak kimi yalnız səadət və xoşbəxtliyi özümüzə istiqamət seçirik. Dənizin fırtınalarını, dalğalarını unuduruq.

Çin atalar məsəlində deyilən “Həyatında xoşbəxtlik tapmağı bacar, bu, xoşbəxtliyi cəlb etmək üçün ən gözəl üsuldur” fikirləri bəlkə də ən uğurlu, ən lazımlı çıxış nöqtəsidir. Çünki bu məsəl özü də elə, mətnin əvvəlində Aristotelik düşüncələrindən qopan fikirlərlə üst-üstə düşür. Demək ki, səadətin ünvanı var. Necə deyərlər “Xoşbəxtliyi axtarma, o həmişə səninlədir”.

Ədəbiyyat qəzeti


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031