Qoyma ki ayrılıq aparsın səni - Yeni şeirlər

MANERA.AZ Aydan Ayın yeni şeirlərini təqdim edir.
* * *
Sən niyə o şeiri atdın bir küncə?
Yem oldu dumana - çənə o şeir
Dünyada heç kimi yox idi təkcə
Gəlib sığınmışdı sənə o şeir...
Sən niyə o şeiri atdın bir küncə?
Gözləri kor idi, dili lal idi...
O şeir bir qızın sənə verdiyi
Taleyim sənsənmi?... sualı idi...
Sən elə bilmə ki, gözü kordusa
Sənin ürəyini o tapmayacaq...
İndi nə olsun ki itib göy üzü?
Elə bilirsən ki, Tanrı nə vaxtsa
şeirdən bir günəş yaratmayacaq?..
Sən niyə o şeiri atdın bir küncə?
Gözündə saralır sənin üzün, bax...
Onun ürəyini didir bu sevgi...
Sənsə o şeiri qovursan ancaq...
Qovursan qapından bir axşam vaxtı...
Düşür özgələrin əlinə o da...
Oduna yananlar çox olacaq, çox...
Diz çöküb ağlayar külünə o da...
Sən niyə o şeiri atdın bir küncə?
Ağlayır, göz yaşı göyləri dəlir
Sən elə bilmə ki, bitdi bu sevgi...
Onun gözlərinin yaşı yollarda
Yenə kölgə kimi arxanca gəlir...
...Sən niyə o şeiri atdın bir küncə?
O şeir bir qızın əlləri idi...
O şeir bir qızın telləri idi...
O şeir bir qızın çəkdiyi ahdı...
O şeir... üzünə açılan sabah...
Nə olar bircə yol pəncərəni aç...
Nə olar, boylanıb o sabaha bax...
Günəş də- o qızın dodaqlarıdı...
Səndən bir söz umur, demirsən küsür...
Sən niyə o şeiri atdın bir küncə?
Axı hər sətrində, hər misrasında
Hələ də bir qızın ürəyi əsir...
Hələ də bir qızın ürəyi gəzir...
Hər küncdə, bucaqda səni axtarır...
Sənin pəncərəndən bir axşam baxır...
O axşam tuduğum arzu da puçdu...
Sən niyə o şeiri atdın bir küncə?
Göy də qanad açıb o gündən uçdu...
İndi nə göylər var, nə sən, nə şeir...
O qız da sığınıb öz kölgəsinə
Beləcə uçunur, beləcə qaçır
Hər addım səsinə, addım səsinə...
Sən niyə o şeiri atdın bir küncə?
Yem oldu dumana - çənə o şeir
Dünyada heç kimi yox idi təkcə
Gəlib sığınmışdı sənə o şeir...
* * *
Mən də istərdim atam bir qoca çinar olsun
Söykənim kürəyinə...
Mən də istərdim günəş
Kədərdən qabaq tələssin ürəyimə..
Mən də istərdim evim deyinməsin sübhəcən
sonuncu nəfəsini ovcunda saxlayan,
üzünü sığallayıb özü üçün darıxıb
sonra da hey ağlayan o qoca qarı kimi...
Mən də istərdim oxşayım sübh çağına...
Amma...bilmirəm kimin oxşadım ayrılığına...
Mən də istərdim vallah.. niyə istəməyim ki?
istəyərdim göy üzüm səhərin üzün görsün.
Atam ağ vərəqlərdən soruşmasın yerimi...
Sərçələr dənləsinlər vərəqlərdən o solğun, boynubükük, üşüyən şeirlərimi...
Mən istəməzdim olum bir daxmanın göz yaşı
Mən istəməzdim bilim o evlər, o ağaclar
Kimdən, nədən danışır?...
İstəyərdim görüm ki, evimiz xoşbəxtliyindən
Özünə nəğmə qoşur..
Elə bil yazdığım şeirlər atamın son nəfəsidi..
Bir uçmuş daxmanın hələ də ümid edən
Sınıq pəncərəsidi...
Nədi ümidin indi?
Yadında qalıbmı de
Kim baxdı sonuncu dəfə
Üzünə?
Baxıb nə dedi sonra
o içindən boylanan qocalmış
göy üzünə?
Bax, yenə bacarmadım.. mənim sınmış pəncərəm...
Axı mən də çoxu kimi indi sənin halını soruşmaya bilərəm...
Bəs niyə bacarmıram çoxu kimi olmağı....
Bir dənə əlbisəylə öz könlümü almağı...
Bu könül almaq deyil.. o qədər qadın var ki
əynindəki libasda min rəngli qəm gizlədir...
O qədər qadın var ki, öz üzünü unudub..
gedib dayanacaqda öz-özünü gözlədi...
Mən də istərdim ki görməyim bu gerçəyi...
Açan çiçəkdən küsüb, sevmək solmuş çiçəyi...
Haçandı yol gəlirəm, yol üstə pəncərələr elə gözümə dəyir...
Mən də istərdim pəncərələri üzügülər görməyi...
Amma...ağlayan gördüm pəncərələri çox vaxt...
Mən inandım onlara... yağan yağışdan qabaq...
Heç bilirsiniz nə deməkdi sınıq pəncərə olmaq?
Yer kürəsində təkcə uşaqların üzünə baxmaq üçün yaşamaq...
* * *
Köçərisən gözəlim, az dön qəmin başına
Hərdənbir qayna-qarış dostuna, yoldaşına,
Deyirəm saçını hörüm, üzünü gülən görüm
Deyirsən yox, yox, mənim kədər gəlir xoşuma...
Eh Leyla... Leyla... Leyla...
ürəyimi gətirim
Ovcunda tut, ağla... Unut yerin üzünü,
Eşitmirsən eşitmə ürəyindən gen düşən
Adamların səsini...
Ol ağca bulud, ağla...
Qurban olum ruhunda qəfil düşən axşama
Sən o qədər gözəlsən, bir az sənə oxşayır
Ümid etmək, arzu tutmaq, gülümsəmək, yaşamaq...
Hərdən mənə məktub yaz, o əsən rüzgara bax,
Axı , biz ki bilirik o əldəki əsanın, köksündəki sevgini gözlərində susanın
Məktubları saralmış yarpaqlara yazanın
yerinə nədir ağlamaq ...
Eh Leyla... Leyla... Leyla... Daşa dəyib yaddaşım,
Bir uçuq ev var idi ... Günəşsiz, uzaq, qərib...
Ona qarışıb başım...
Amma istədim sənə yazım, yazım elə hey ...
İndi səndən danışır hərf-hərf əsən külək
Hərf-hərf solan gül...
İstədim ki, oxu, bil...
İndi səndən danışır ruhuma hopan hər şey...
Eh Leyla... Leyla... Leyla...
Məni unutdu ömür ...
Unutdu məktublar da ...
Unutdu göy üzünə
Üz tutan qanadlar da ...
Amma mən döymüşdüm o kimsəsiz evin qapısını Leyla...
Yaşadım, yaşadım, gördüm.... Bu yamyaşıl bağ ömrün
Səmasına çat düşür... ağacdan axsaq ömrün
Budaqları qırılır, qanadı sınır Leyla...
Ürəyimə bir uçmuş yuvanın ahı damır....
Ovcuma neçə dəfə axıb sel kimi qanım...
Mənə baxan güzgüyə de mən necə inanım?...
Adam çox yaşayanda güzgülərə inanmır....
Soldu, solan çiçəkdən qabaq soldum, nə deyim...
Mən bir ömür yaş aldım, yaşsız oldum... nə deyim...
Heç bir çiçək bu qədər ömür yaşamır Leyla...
Mən yaşayan bu ömür harda itkin düşübsə
Qayıdıb geri gələnə heç, heç oxşamır Leyla...
Mən yaşayan bu ömür bər-bəzəyi də sevmir
Açılmır heç qırışı...
Eh Leyla.... Leyla.... Leyla.... yenə məni çağırır
adını bilmədiyim,
Bir adamın göz yaşı...
Kimsə o ağlayana
Tamaşa edir dayanıb
Elə baxır buz kimi...
Elə baxır naşı-naşı...
Niyə elə baxır ki?
Neyləsin ki o adam
Gətirməyib naxışı ...
Eh Leyla... Leyla... Leyla...
Nə yaxşı yazdım sənə....
Yazdım lap səhərəcən....
Bir gün hekayə yazsan
Vərəq-vərəq, hərf-hərf
Axşamçağı ağlasan
Bil ki o hekayədə
Mən olmaram göz yaşına
Ötəri baxıb keçən...
Sən bircə söz ver mənə...
De ki bir səhər səni
Günəşdən şən görəcəm....
Eh Leyla.... Leyla.... Leyla...
Hərdən o hekayədə
Saçlarımı sığalla...
Məni yadında saxla...
* * *
Mənə deyən olmadı "sən onu sevsən,
Bətnində çiçəklər bitəcək, qadın.
Sonra o çiçəkləri... o çiçəkləri
Bir külək əsəcək, dərəcək, qadın.
Mənə deyən olmadı sən onu sevsən,
Sənin taleyinə dən düşəcək, dən.
Öpüb aldadacaq dodaqlarını...
Qışı gətirəcək köksünə qəsdən
Bu qara sevdadan gəl əl çək, qadın.
Adını çəkirsən dan ağaranda
Yaşıl yarpaq üstə yağış yağanda
Lap yaşıl yarpaqlar qapısını döysə,
Lap sənin halını xəbər də versə,
O sənin halına güləcək, qadın...
Çoxmu qanadını yordu bu sevgi?
Deyəcəklər gözündə tordu bu sevgi
Sənin qanadının yurdu bu sevgi
Sev sevə bildikcə, kəpənək qadın!
* * *
Mən yolam.. o qolu-qanadı sınmış
Mən evəm gözlərdə xatirəm solmuş
Sualam göz yaşından gecə yoğrulmuş
Məni yer üzündən qoruyub saxla!
Ruhuma qoşuldu külək üşüdü
Qapını döysəm də açan olmadı
Ata, sən görmədin, gördü qonşular
Qapında bir öksüz çiçək üşüdü
Qapını aç... qapını aç, onu qucaqla...
Hərdənbir bacarsan bir avaz ağla
O göyün üzündə et pərvaz, ağla
Sənə göndərdiyim məktublar soldu...
Hələ oxumamış üstün aldı qar...
Mən dözə bilmərəm, bilsəm mənimlə
Aranda sapsarı bir ayrılıq var...
Bilsəm qoşa gəzir mənlə ayrılıq!
Bilsəm ayrılıqdı saçındakı ağ!
Niyə təkcə ayrılıq tanıdı məni?
Bəlkə də ilk dəfə dil açanda mən
Ayrılıq demişəm hamıya, Tanrı...
Ayrılıq görməyə tələsib məni
O məndən gen düşən atadan qabaq.
Ayrılıq atamdan daha qoçaqmış ....
Mən hardan bilim ki ayrılıq təkcə
Mənim eşitdiyim söz olacaqmış...
Mən hardan bilim ki ayrılıq təkcə
Mənim tanıdığım üz olacaqmış...
Mən hardan biləydim ayrılıq məni
Atama-anama qısqanacaqmış...
Evimə, odama qısqanacaqmış.....
Hamının dilində üzü qırışsız
sevinclər qol boyun gəzəcək imiş.....
Mənimsə dilimdə ayrılıq demə,
Bir ömür yaş alıb, qocalacaqmış....
Sən məndən nə vaxtsa, doğulsan, qızım,
O külək əsəndə.... dolu düşəndə...
Əllərin hardasa ilk sevgisi ilə
Əl verib astaca bir görüşəndə,
Görsən əllərinin dalınca qəfil
Yüyürür , sapsarı ayrılıq yenə ....
Sən mənə oxşama, mənə oxşama,
Qoyma ki ayrılıq aparsın səni...
Saçını darasın, əlindən tutsun,
Qoyma ki dizində uyutsun səni....
Yoxsa üşüyərsən ölənə kimi...
Bilməzlər ayrılıqdı üşüdən səni....
Bağla pəncərəni, qapını bağla...
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.