Şair, publisist Vaqif Bəhmənlinin 70 illiyi keçirilib - Fotolar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” və “Yaradıcı oxucularımız” tədbirləri çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində şair, publisist, tərcüməçi Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir təşkil edib.
MANERA.AZ xəbər verir ki, tədbir iştirakçıları Böyük Qələbəni, tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən igid şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova şairin yubileyinin xalqımızın tarixi bayramlarından biri 15 iyun Milli Qurtuluş Gününə təsadüf etdiyini bildirib. O qeyd edib ki, 32 il öncə xalqımız nə qədər doğru qərar verdiyi ilə bu gün fəxr edir. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı və qarantı kimi yazıldı. Azərbaycan xalqı Ulu Öndərin böyüklüyünü və dahiliyini bir daha gördü. Fəxr edirik ki, 1993-cü ildə Milli Qurtuluşumuz gerçəkləşmiş, 2020-ci ildə torpaqlarımız işğaldan azad olunmuş, 2023-cü ildə isə suverenliyimiz tam təmin olunmuşdur.
Sonra Lətifə Məmmədova Vaqif Bəhmənlinin yaradıcılığı və yeni nəşr olunmuş kitabları haqqında məlumat verib.
Əməkdar jurnalist, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli çıxış edərək qeyd edib ki, poeziyamızın parlaq simaları – Molla Pənah Vaqif, Vaqif Səmədoğlu, Vaqif Bayatlı sırasında Vaqif Bəhmənli də var. Vaqif Bəhmənli yaradıcılığında insanın hiss və duyğularını ifadə edən ən gözəl şairlərimizdəndir. Onun şeirlərində insan düşüncəsi, insanı yaşadan hisslər var. “Bir şair ki, Allahın ətəyindən yapışmaq üçün sözdən nərdivan düzəldir, bütün dünyanı gözəl görür və onu beynində yaradaraq şeirlərində ifadə edir, bizim düşüncə tərzimizi genişləndirir, əlbəttə ki, bu fövqəladə bir istedaddır. O yaradıcılığında səmimidir, dürüstdür, insanlara əxlaq aşılayandır, insana ən gözəl duyğuları yaşadandır. Azərbaycan poeziyasını kərpic daşları ilə quran şairdir”, – deyərək Q.Məhərrəmli sözünü yekunlaşdırıb.
Yazıçı, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülnur Aslan Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini vurğulayıb. O çıxışında bildirib ki, Vaqif Bəhmənlinin sənətindəki səmimiyyət bizə sözə, düşüncəyə sədaqəti göstərir. Gənc yazıçı qeyd etdi ki, şair yaradıcılığı ilə insanların fikirlərinə işıq saçır, onları ilhamlandırır və maarifləndirir. G.Aslan qeyd etdi ki, ədəbiyyatçı olmaq bir qədər asan olsa da, şair olmaq çətindir və şairə yaradıcılıq uğurları arzulayıb.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu vurğulayıb ki, Vaqif Bəhmənli Azərbaycan poeziyasının çox məhsuldar, sözünə kifayət qədər dəyər verən bir şairdir. O, şairin uşaqlarla bağlı və gənclərə ünvanlandırdığı səmimi şeirlərindən danışıb.
Filologiya elmləri doktoru, yazıçı-publisist Esmira Fuad çıxışında Vaqif Bəhmənlini sözü seçən, milli koloritdən istifadə edən və doğulduğu Böyük Bəhmənli kəndinin obrazını yaradan, kəndin məsləklərini poeziyaya çevirən qələm ustası olduğunu vurğulayıb. Şair yaşadığı acıları və sevincləri yaradıcılığına gətirdiyini, Azərbaycan dilində dialekt sözlərinə üstünlük verdiyindən danışıb.
Şair Ağacəfər Həsənli Vaqif Bəhmənli şeirlərində sözü seçə-seçə, qəlbinin, canının qanı ilə qələmə içirdə-içirdə yazdığını deyib.
Uşaq yazıçısı, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova Vaqif Bəhmənli ilə bağlı xatirələri ilə bölüşdü və şairin yaradıcılığının maraqlı anlarına müraciət edib.
Norveçdə yaşayan həmvətənlimiz Günay Əliyeva çıxış edərək bildirib ki, biz mənəvi cəhətdən belə ziyalılarımız üçün acıq. O qeyd edib ki, Norveçdəki Azərbaycan Evinə bizim ziyalılarımız, mədəniyyət xadimlərimiz gəlir, onların hər gəlişi bizim üçün bayramdır, onların təkcə poeziyasını deyil, sözünü, danışığını dinləməkdən doymuruq, çünki biz onlardan öyrənirik və bundan sonra da öyrənəcəyik. “Sizin hədiyyə etdiyiniz bu kitabları məktəbdə uşaqlarla birgə oxuyacayıq eyni zamanda sizin kitablarınız Oslodakı Azərbaycan Evinin kitabxanasında yer alacaq”, – G.Əliyeva deyib.
Tədbirdə iştirak edən dosent, şair Oqtay Abbasov, şair Tofiq Nurəli və Nərgiz Cabbarlı çıxışlarında Vaqif Bəhmənlinin Azərbaycan ədəbiyyatının zənginləşməsinə və inkişafina töhvələr vermiş bir sənətkar olduğunu, həm bədii, həm də publisistik sahələrdəki əsərləri ilə ədəbiyyatımızın qiymətli incilərindən biri olduğunu bildiriblər.
Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Vaqif Bəhmənlini 70 illik yubileyi münasibətilə təbrik etdi və ona həsr etdiyi “Sən xalqının şairisən” şeirini söyləyib.
Vaqif Bəhmənlinin həyat yoldaşı yazıçı Rəhilə Gülgün tədbir iştirakçılarına ürək sözlərini söyləyib və şairlə qürur duyduğunu bildirib.
Yubiley tədbirində Vaqif Bəhmənli Vətənə, dünyasını dəyişmiş valideynlərinə, müasir problemlərə həsr etdiyi şeirlərini söylədi, tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirdi.
Yubilyar şairə və Norveçdə yaşayan həmvətənlimiz Günay Əliyevaya M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim edilib.
Tədbirin bədii hissəsində 225 №-li tam orta məktəbin şagirdləri, bir sıra müsabiqələrin laureatları, kitabxananın fəal oxucuları Aylin Rüstəmli, Nəzrin Əzimli, Südabə Səfərli, 147 №-li Texniki-Humanitar Liseyin şagirdləri Əziz Məmmədli, Fatimə Məmmədli, Rais Adıyev, Azər Hüseynov, Murad Səidli, Ağarafiq Mustafazadə, Şəhla İbrahimova, 20 №-li məktəbin şağirdləri Şəfiqə Əliyeva, Ayşən Əliyeva şair Vaqif Bəhmənlinin şeirlərini söyləyiblər.
Muğam ustası, xanəndə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova və Xan Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Tunar Əzizov, Fatimə Kərimli, Sübhan Ağazadə, Mətin Cəfərov Qarabağa, Vətənə həsr olunmuş mahnı və muğamlar ifa etdilər. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, qavalda Əziz Mənsimli müşaiyət ediblər.
Müəllif tədbir iştirakçılarına yeni nəşr olunmuş kitablarını hədiyyə edib.
Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət ediblər.
Yubiley gecəsində şair və yazıçılar, ziyalılar, mədəniyyət işçiləri, geniş ictimaiyyət nümayəndələri KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Milli Qurtuluş Gününə və şairin 70 illik yubileyinə həsr olunmuş videoçarxlar izlənilib. Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:
https://www.youtube.com/watch?v=tNLjt4Xyzf0&t=5s
https://www.youtube.com/watch?v=fdLCToJjK_0&t=6s






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.