manera.az
manera.az

Namid - Coşqun Xəliloğludan yeni hekayə

📅 02.04.2025 15:41

Namid - Coşqun Xəliloğludan yeni hekayə
Yaşadığımız tələbə yataqxanasının beşinci mər­təbəsində sakinlərin hamısı bir-birini tanıyır, rastlaşanda salamlaşır, ünsiyyət qururdular. Bizimlə qonşu otaqda yaşayanlar isə özlərini bir az qəribə aparırdılar. 

Bizdən fərqli olaraq, onlar dörd nəfərlik   deyil, iki nəfərlik otaqda yaşayırdılar. Yataqxanaya  əksər tələbələrdən gec gəlir, bizim kimi ümumi mətbəxdə yemək bişirmirdilər.

Düzdür, bəzən çay qaynatmaq üçün çaydanların qaz piltəsinə qoyanda onlarla rastlaşırdıq. Salamsız-kəlamsız idilər, üz-gözlərindən duyğusuz, hissiz adam təsiri bağışlayırdılar. Hətta idmançı tələbə yoldaşımız Dağlar onlardan birinə -Namidə xəbərdarlıq etmişdi. Amma atalar demiş, “Quyuya su tökməklə sulu olmaz.”  Sonradan öyrəndik ki,  Namid də, dostu da ictimaiy­yətçilərmiş  - hər ikisi oxuduqları fakul­tənin komsomol komitəsinin büro üzvləriymiş...

Qış gecələrinin birində, saat 11-də yatmağa hazırla­şar­kən qapı döyüldü, açdım. Namid idi, bayırda soyuq oldu­ğun­dan hələ də üşüdüyü hiss olunurdu.

-Axşamınız xeyir, -o,  sözlü adama oxşayırdı- otaq yol­da­şım Əlibaxışın atası vəfat edib. Tələsik gedib rayona, açarı verməyi unudub.

-Aqibətin xeyir. Keç içəri, narahat olma, Oqtay iki gün olmayacaq. Dayısıgilə gedib, onun yerində yatarsan, - dedim.

Çay hazırladım. Anamın bişirdiyi gilas mürəb­bə­sin­dən nəlbəkiyə töküb stolun üstünə qoydum. Hərəyə bir stəkan çay  içdik. Namid ikinci stəkanı da istədi, süzüb verdim. Bir az söhbət etdik. Mənə elə gəldi ki, o,  təsəvvür etdi­yimiz kimi deyilmiş. Mehriban, söhbətcil, bəlkə də bizdən də istiqanlıdır.

   Səhər həmişəki vaxtdan yarım saat tez qalxdıq. Mən çay hazlrlayınca, Vaqif isti çörək, yağ-pendir alıb gəldi. Qo­nağı necə qarşılayıb yola salarlarsa biz də həmin yanaş­may­la hərəkət etdik.

Tələbəlik dövründə qrup yoldaşları öz yerində, elə tanışlar olur ki, onları uzun müddət,  bəlkə də həmişəlik unuda bilmirsən. Müxtəlif fakultələrdə oxusaq da, üçüncü kursdan başlayaraq yataqxanadan çıxıb  kirayədə qalsaq da arabir Namidlə rastlaşır, gülə-gülə salamlaşır, hal-əhval tuturduq.

İllər keçdi, ali məktəbi qurtardıq, tale hərəmizi bir məkana atdı.

Sentyabr ayının əvvəlləri idi. Rayondakı iş yerimdən Bakıya ezamiyyətə gəlmişdim. Kiçik qardaşıma baş çək­mək üçün yenicə daxil olduğu texnikuma getdim. Binanın girişində xeyli  valideyn toplaşmışdı. Kimisi arayış gətir­mişdi, kimisi hansısa problemi aydınlaşdırmaq üçün texnikumun məsul şəxsləri ilə görüşmək istəyirdi. Mən isə sadəcə qardaşımı görmək istəyirdim. Tənəffüs vaxtına az qalırdı. Mühafizəçi gəzişir, adamların içəri girmələrinə mane olurdu. Bu vaxt qapı açıdı, səliqə ilə  qara kostyum, ağ köynək geymiş, qalstuklu bir gənc göründü. Dərhal tanıdım, Namid idi, elə sevindim ki... O, adamlara tərəf gələndə hiss etdim ki, məni tanıdı və görüşmək üçün ona yaxınlaşmaq istədim.

O, hirslə:

-Dağılışın, hamınız çıxıb gedin, bu gün qəbul olma­yacaq.

Mən:

-Namid, salam! – desəm də eşitməzliyə vurdu. Müha­fizəçiyə:

- Bunları hasardan çölə çıxar, dedi.

Öyrəndim ki, Namid texnikumda müəllim işləyir, həm də komsomol komitəsinin katibidi. Direktorun yaxın adamıdır.

Qardaşımgil ikinci kursda oxuyarkən onları kəndimizə pambıq yığımına gətirmişdilər. Yuxarı sinif şagirdləri məh­sul yığımına cəlb olunduqlarına görə tələbələr və müəllimlər müvəqqəti olaraq  məktəbin sinif otaqlarında məskunlaşmışdılar.

Bir gün atam qardaşımın müəllimlərini qonaq çağır­mışdı. İşdən gec gəldiyimdən qonaqlar artıq evimizdə idi­lər. İçəri girdim, qonaqlarla görüşdüm. Onların arasında Namidi görəndə təəcüblənmədim. O da müəllim işləyir, burada qeyri-adi bir şey yoxdu.

Namid mənimlə elə mehribanlıqla salamlaşdı ki, sanki, əzizi-doğması ilə görüşür. Texnikumda məni “tanıma­dığına” yüngülvari eyham vursam da dərinə getmədim. Necə olsa da qonağımızdı. Namid tələbəlik illərindən, yataqxana həyatından, ortaq tanışlarımızdan  elə həvəslə danışdı ki...

Aradan 3-4 il keçmişdi. Səksəninci illərin sonunda Mos­kvaya ixtisasartırma kursuna getmişdim. Dərsdən sonra univermaqların birində kurs yoldaşımla birlikdə köynək almaq üçün növbəyə dayanmışdıq. Bu zaman Namid bir nəfərlə birlikdə gəldi, onlar qabağa keçib öz­lərini cərgə­dəkilərin arasına “dürtməyə” çalışdılar. Müx­təlif millət­lə­rin nümayəndələrinin dayandığı növbə­yə eti­na­sızlıq göstər­­diyinə görə onları söyənləri, nifrətli baxış­larla sü­zənləri görəndə çox utandım. Uca səslə:

-Namid, nə olub?- soruşdum.

O, guya məni  eşitmətdi, görmədi. İrəliyə keçməyə davam etdi. Heç on dəqiqə keçməmiş hırıldaya-hırıldaya  aldıqları köynəklər əllərində kassadan aralandıqlarını gördüm.

Sonralar Namidlə rastlaşmadım. Eşitmişdim ki, Xalq Cəb­­həsi hakimiyyətdə olduğu dövrdə məsul vəzifədə işləyib. Sonra bələdiyyələr yeni yaranan zamanda böyük qəsəbələrin birinin bələdiyyə sədri olub. Orada bir az işləyib,  qanunsuz əməllər törətdiyinə, sakinlərdən rüşvət aldığına   görə cəzalandırılıb, vəzifəsindən uzaqlaşdırılıb. Həmin qəsəbədə yaşayan dostlarımdan biri mənə danış­mışdı ki, Namid çox yaramaz, tamahkar, pulgir adamdır.

Bir gün telefonuma zəng gəldi. Açdım:

-Salam, bəli mənəm.

-Necəsən, əziz qardaş, gözəl insan, kefin necədi?

-Çox sağ olun. Bağışlayın, tanımadım...

Tanımazsan, da... O gözəl vaxtları, tələbəlik illərinin dostlarını unutmaq olar?

Nə qədər fikirləşsəm də “dostumu” xatırlaya bilmə­dim. Duruxduğumu hiss edərək

Mənəm... Namiddi.

-Hə, Namid, çox sağ ol. Nə yaxşı zəng etmisən? Xeyir olsun.

-Ramazan ayıdır, zəng edib köhnə dostlarımla danışı­ram, hal-əhval tuturam. Axı, bu ayda insanlar yalnız xe­yir­xah işlər görməlidirlər.

Doğrusu, Namidin zənginə görə çox sevindim. Ürəyimdə özümü qınadım da... Onunla xeyli söhbət elə­dim, dolanacağımız, övladlarımız haqqında danışdıq. Xuda­hafizləşmək istədikdə Namid məndən gözlənilməz bir xahiş etdi:

-Oğlum bu il orta məktəbi qurtarır. İstəyirəm xaricdə təhsil alsın. Savadlı müəllimlərin yanına gedir. Maşallah, yaxşı da hazırlaşır. Amma oxuduğu məktəbdə hər gün dər­sə getməsini tələb edirlər. Eşitmişəm, kənddəki qarda­şın məktəbdə direktor işləyir. Onunla danış, oğlumun adı­nı məktəbinə yazdırsın. Uşaq ali məktəbə girəndə həm mək­təbin göstəricilərinə təsir edər, həm də  necə lazımdır,  onun hörmətindən çıxaram, sənə də yaxşı qonaqlıq verə­rəm.

-Namid, nə danışırsan? Belə şey mümkün deyil, bu barədə qardaşıma heç bir söz deyə bilmərəm.

-Burda nə var ki?

-Yox, Namid, baş tutan söhbət deyil

-Onda, denən ki, yeyə bilmədik.

-Namid, axı, bu qanuna zidd hərəkətdir.

-Yaxşı. Oldu. – o, sağollaşmadan telefonu qapatdı.

Bundan sonra Namid haqqında heç bir məlumat al­madım. Əslində, heç onun haqqında maraqlanmırdım da...

Bu yaxınlarda  televiziya kanallarının birində bir süjet izlədim.   “Örnək insan” -adlanırdı.

-Ağlım kəsəndən həyatda düzgün yaşamışam, heç kimə qarşı haqsızlıq etməmişəm. Paxıllıqdan, eqo­istlikdən uzaq olmuşam. Uğurlarımın səbəbi çalışqan­lığım,  gözü­toxlu­ğum, sadəliyim, dürüstlüyüm, ən başlı­cası, insanlara sev­gimdir. Xoşbəxtəm ki, həmişə adamla­rın köməyinə  çatmışam və məni tanıyanların hər birinin sev­gi­sini qazanmışam.

Namid “həyat yolundan” elə şövqlə danışırdı ki... Bilmirəm, danışdığına özü inanırdı, ya yox? Amma onu tanımasaydım, mən  inanardım.

23.03.2025


Baxış sayı - 592 | Yüklənmə tarixi: 02.04.2025 15:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031