Zəngli saat - Coşqun Xəliloğludan yeni hekayə
- Ceyhun, yenə də dərsə gecikmisən?
- Müəllim, - sözüm ağzımda qaldı.
- Yaxşı, keç. Tənəffüsdə mənə yaxınlaşarsan.
Artıq üçüncü dəfə idi ki, Mənsurə müəllimin dərs dediyi əsas ixtisas dərsinə gecikirdim. Keçən dəfə heç nə demədi. Amma baxışından hiss etdim ki, məndən belə hərəkət gözləmir. Axı mən dərsə yaxşı hazırlaşıram, sual-cavab vaxtı da fəalam.
Nurani çöhrəli, ağbircək müəllimimə qulaq assam da intizarla tənəffüsü gözləyirdim. Zəng çalınan kimi müəllimin yanına getdim. O, əl çantasını götürüb, - Çıxaq, havamızı dəyişək – dedi.
Dəhlizdə yanaşı addımlayır, onun nə deyəcəyini həyəcanla gözləyirdim. Nəhayət, o, mehribanlıqla:
- Ceyhun, necəsən?
- Sağ olun, müəllim.
- Nə üçün dərsə gecikirsən, axı sən, çalışqan tələbəsən. Xahiş edirəm, düz cavab ver.
- Müəllim, dərsdən sonra tikintidə, usta yanında işləyirəm, çox yoruluram. Səhər tezdən yuxudan qalxa bilmirəm, gecikirəm.
- Valideynlərin var?
- Mən doqquzuncu sinifdə oxuyanda atam öz avtomobilində qəzaya düşüb rəhmətə getdi, anam da onun yanında idi... Sağ qıçını kəsdilər – səsimin titrədiyini hiss edən müəllim:
- Allah atana rəhmət eləsin. Ailənizin tək uşağısan?
- Yox, müəllim, bacım da var, yeddinci sinifdə oxuyur.
- Deməli, belə... Bəs ad günün nə vaxtdır?
- İyirmi yeddi dekabrda doğulmuşam.
- Lap az qalıb ki... düz bir həftə - Mənsurə müəllimin üzündə sanki anamın çöhrəsini gördüm.
- Yaxşı, dərs başlayır, gedək sinfə, amma çalış, bir daha gecikmə.
Mənsurə müəllimə söz vermişdim, nə qədər yorğun olsam da çalışırdım ki, dərsə vaxtında çatım.
Ad günümdə dərs zamanı o bizə yazılı tapşırıq verdi. Partalar arasında gəzir, tələbələrin tapşırığı necə yerinə yetirdiklərini yoxlayırdı, mənə çatıb:
- Hə, düz yazırsan, davam elə, - dərsdən sonra mənim otağıma gələrsən- dedi.
Mənsurə müəlimin otağına daxil oldum. Məşğul idi, məni görcək qələmi masanın üstünə qoydu. Salamımı təbəssümlə alıb yerindən qalxdı. Dolabdan iri, bəzəkli sellafon torba çıxardı.
- Ceyhun, səni təbrik edirəm. Arzu edirəm, xoşbəxt olasan, gələcəkdə yaxşı mühəndis kimi ad qazanasan, mən də baxıb sevinəm.
O, hədiyyəni mənə uzatdı. Utana-utana:
- Müəllim, çox sağ olun, əziyyət çəkmisiniz-deyə bildim.
Müəllimimin belə diqqəti, doğma ana kimi münasibəti məni kövrəltdi.
Mənə ağ köynək, qalstuk və stolüstü zəngli saat hədiyyə etmişdi. - hamısı xarici ölkə istehsalı idi.
Onun qayğısı və diqqəti məni çox sevindirdi. Hədiyyələrin içərisində saatın olmasını isə ciddi xəbərdarlıq kimi qəbul etdim.
Bindan sonra nə qədər yorğun olsam da bir daha dərsə gecikmədim. Sonradan öyrəndim ki, Mənsurə müəllim təkcə məni yox, neç-neçə tələbəni sevindiribmiş.
***
Ali məktəbi bitirəndən sonra rayonlardan birinə işləməyə getdim. Növbəli iş idi, bir həftə işləyir, növbəti bir həftə istirahət edirdik.
Gündəlik işdən sonra dincəlmək üçün avtobuslarla yataqxanaya gəlirdik. Burada şərait yaxşı idi. Sakinlərin də əksəriyyəti gənclər idi, bir-birinə qarşı çox mehriban dolanırdılar. Bəzən beş-altı nəfər bir otağa toplaşar, yeyib-içər, söhbət edər, şənlənərdik.
Çilingər Səfiqulu ilə bir otaqda yaşayırdıq. O, həm bacarıqlı işçi, həm də çox mehriban, səmimi insan idi. Necə deyərlər, ilanı yuvasından çıxara bilən şirindil oğlan idi. Texniki peşə məktəbini qurtarsa da özünü bilikli, geniş məlumata malik biri kimi göstərə bilmişdi. Bir-birimizin xətrini çox istəyirdik.
Hər gecə yatmazdan əvvəl müəllimin hədiyyəsini – saatı, altıya qurub yatırdım. Adətim üzrə bir gecə saatı qurmaq istəyəndə onu tapmadım.
Şəfiqulu da çox narahat oldu. Elə əsəbləşmişdi ki, üzündəki iri qara xal səyriyirdi. Qonşulardan soruşdu, gördüm, deyən olmadı. Dostum bu itkiyə məndən çox üzüldü – onun necə də təmiz qəlbli olduğuna daha dərindən inandım.
Müəllimimin hədiyyəsi yoxa çıxdığına görə çox pis olsam da Səfiquluya dedim ki, bu da bir qismətdir, narahat olma, heç nə olmaz.
***
İdarəmizin bağlanması ilə əlaqədar həyat yollarımız ayrıldı. Mən kənddə təsərrüfat işləri ilə məşğul olmağa başladım. Pay torpaqlarımızı əkir, mal-qara saxlayır, bu yolla ailəmi saxlamağa çalışırdım.
Səfiqulu rayon mərkəzindəki bazarda kartof-soğan satırdı. Yolum bazara düşəndə adətən ondan da alış-veriş edir, bir yerdə keçirdiyimiz gözəl günləri qəribə bir nisgillə xatırlayırdıq.
Bir dəfə bazara gələndə Səfiqulunu görmədim. Piştaxta qonşusundan soruşdum. Cavan oğlanın cavabı məni sarsıtdı:
- Dünən günortadan sonra vəziyyəti pisləşdi. Təcili yardım çağırdıq. Həkim müayinə edib, Bakıya göndərdi. Beyninə qan sızmışdı. İndi də xəbər gəldi ki, gətirirlər.
- Necə yəni, gətirirlər?
- Rəhmətə gedib.
Bazardan çıxıb birbaşa rayon mərkəzinə bitişik kəndə getdim.
Ağlaşma səsindən, qadınların fəryadından, başa düşdüm ki, Səfiqulunu gətiriblər.
Dostumu, özü də belə istiqanlı köhnə dostumu itirdiyimə görə çox kədərləndim, nisgildən üzüldüm. Dəfnində iştirakla kifayətlənməyib, qırxına kimi tez-tez onlara getdim.
***
Həyətimizdə işlətdiyimiz su nasosu xarab olmuşdu, mühərriki yanmışdı. Təzə mühərrik baha idi, adətən belə olanda Ənnağının dükanına gedirəm.
Dükan deyəndə böyük bir otaqdır, burada nə desən, tapmaq olur. Qapaqsız qazan, qulpsuz tava, köhnə traktor hissələri, ətçəkən maşın, maşınların köhnə təkərləri, çanta, hətta qalstuk, kombinezon... Ənnağı bu dükanın adını zarafatla “Bit bazarı” qoyub. Elə rayon sakinlərinin çoxu da oranı “Bit bazarı” adlandırırlar. Ənnağı ilə görüşdüm, nasosun mühərrikini soruşdum.
- Orda üç-dördü var. Bax, hansını bəyənsən götür, -cabab verdi.
Böyük metal masanın üstündəki mühərriklərə baxarkən gözüm rəfdəki saatlara sataşdı. Bu saatlardan biri mənə yaman “şirin” gəldi. Yaxınlaşdım, əlimə götürdüm. Müəllimimin hədiyyə etdiyi, neçə il bundan əvvəl yataqxanada yoxa çıxan saatım idi.
- Ənnağı, bu saat hardandır?
- Səfiqulunun qırxından iki-üç gün sonra oğlu gətirdi. Bax, o kondinsioneri də, ütünü də, rezin çəkmələri də, bu dəbilqəni də ondan almışam.
Yerimdə sanki dondum.
- Nə oldu? - Ənnağı soruşdu.
- Heç... Bu mühərriki, bir də bu saatı ver.
Ənnağının pulunu verib, mühərriki və saatı götürüb çölə çıxdım. Özümü çox pis hiss edirdim. Nə tapdığımı, nə itirdiyimi ayırd edə bilmirdim.
02.12.2024