manera.az
manera.az

Həmyerli - Arif Ərşadın hekayəsi

Həmyerli - Arif Ərşadın hekayəsi
MANERA.AZ Arif Ərşadın "Həmyerli" hekayəsini təqdim edir.

Vaqon bələdçısınin cingiltili səsi Muradı yuxusundan oyatdı:

-Hörmətli sərnişinlər, qatar Moskva şəhərinə yaxınlaşır. Hazırlaşın, yarım saatdan sonra hamı qatarı tərk edəcək, vaqondan düşəndə əşyalarınızı götürməyi unutmayın. Qalxın, qalxın vaxt yoxdur.

Murad gözlərini açıb kupeyə nəzər saldı. Kupedə ondan başqa heç kim yox idi. Onunla iki gün eyni kupedə yol gələn ailə yəqin ki, gecə yarısı Moskva ətrafında olan rayonların birində qatardan düşmüşdülər. Murad yataqdan qalxıb paltarlarını geyindi. Şalvarının cibində olan pullarını saydı, iki yüz iyirmi yeddi manat pulu qalmışdı. Atası səhər işə gedəndə Muradla görüşüb ona iki yüz manat pul vermişdi və demişdi ki, bundan sonra ayda ona yüz əlli manat göndərəcək, bəd xərclik eləməsə bir ay dolanmaq üçün bəs edər. Anası da Bakıya gedə bilməyəcəyindən elə evlərinin kəndarında oğluyla öpüşüb ayrılanda əlavə olaraq cibinə əlli manat pul qoymuşdu.

Əslində isə anasının Bakıya gəlməsinə imkan verməməsinə əsas səbəb Muradın vağzalda Gültəkin ilə görüşməsi idi. Üç gün idi ki, Gültəkindən ayrılmışdı, amma bu üç günlük ayrılıq Murada üç ay kimi görünürdü. O, artıq indidən Gültəkin üçün darıxmağa başladığını hiss edirdi. Hələ qarşıda imtahanlarla birlikdə on ayın ayrılığı vardı, buna necə dözə biləcəyi isə ona inandırıcı gəlmirdi. Özü də nə məktub yazacaqdı, nə də məktub gözləyəcəkdi.

Dilxor halda əlini cibinə salıb iki yüz iyirmi yeddi manatdan iki yüzünü ayırıb camadanın içindəki paltarlarının arasında gizlətdi, iyirmi yeddi manatı isə yenədə şalvarının cibinə basdı. Özündən asılı olmayaraq ürəyindən bir arzu keçdi və bu arzunu kupedə heç kimin olmamasından istifadə edib pıçıltı ilə dilə gətirdi:

-Ay Allah, nə olardı kaş ki Gültəkinin anası Dilbər xalanı işdən çıxaraydılar. Bəlkə biz də ondan sonra rahatlıqla məktublaşa biləydik. Bu rəhbərlər də qəribədilər ey, heç qadını da poçta müdir qoyarlar?! Qadınlar onsuz da simsiz teleqrafdılar da, məktub yiyəsinə çatmamış bütün kənd bilir ki, kim kimə yazıb və ən əsası da nə yazıb. Onlar açılmamış məktubların içində belə nə yazıldığından sanki xəbərdar olurlar. Mən rəhbər olsaydım bütün qadın poçt müdirlərinin yerinə kişiləri təyin edərdim, bəlkə onda sevən gənclər rahat məktublaşa bilələr. Axı kişilərin hulqumları qadınlara nisbətən bərk olur.

Bu sözləri deyəndən sonra özünün özünə gülməyi tutdu. İki il bundan qabaq kəndlərində olan bir hadisə yadına düşdü. Belə ki, qırx il savxozda briqadir işləyən kəndçiləri Sabir kişini yerli həmkarlar təşkilatının hesabına pulsuz olaraq bir aylıq müalicə olunması üçün idarədən Krımın sanatoriyalarının birinə göndərirlər. Müalicə olunub, yaxşıca dincələrək kəndə qayıdandan iyirmi gün sonra Sabir kişinin adına Krımdakı sanatoriyanın fotoqrafından bir məktub gəlir. Poçtun müdiri Dilbər xala bir neçə nəfərdən Sabir kişiyə sifariş göndərir ki, bəs, onun adına sifarişli məktub gəlib, gəlsin aparsın.

Sabir kişidə bunu ciddi qəbul eləməyib günü-günə satır, beləcə məktub yaddan çıxır. Bir gün Sabir kişinin adı Mülayim olsada, özü isə heç də mülayim olmayan on qız, bir oğul doğmuş arvadı, Tümendə hərbi xidmətdə olan sonbeşiyi Şükürə bağlama göndərmək üçün poçta gəlir. Dilbər xanım Sabir kişinin məktubunu Mülayimə verir ki, bəs rusyetdən kişivə məktub gəlib, məktubun saxlama vaxtı bitir, bunu ona çatdır. Mülayim də eləmə tənbəllik məktubu elə poçttun içində açır, elə hər şey də bundan sonra başlayır. Məktubun içindən bir neçə şəkil və ödəniş haqqında bir qəbz çıxır. Mülayim görür ki, şəkildəki arvadların heç birini tanımır və məktubu Dilbər xanıma qaytarır:

-Dilbər bajı, bu məktub mənim kişimin deyil, ha başın haqqı.
Dilbər xanım ilk öncə zərfin üzərini və zərfin içərisindən çıxan qəbzi diqqətlə oxuyur, Mülayimin əlindəki şəkilləri ondan alıb maraqla tamaşa etdikdən sonra onları yenidən Mülayimə qaytarır:
-Ay başın batsın, dörd arvadın içində ortada oturan ərini tanımadınmı? Bu başı batmış Sabir qağa döyülmü arvadları qucaqlayan, ağ köynəkli?
-Ver görüm az, ver baxım görüm, a bajı.

Mülayim şəkillərə diqqətlə tamaşa etdikdən sonra əllərini dizinə vuraraq dillənir:
-Ay bunun ağ köynəyi al qana bələnsin, az-az bu ağ köynəkli bizim kişi döyülmü? Bəs bu arvadlar kimdi belə, ay Dilbər bajı, mən bunları tanımadım axı?
Dilbər xanım yanında işləyən əməliyyatçı Şəlaləyə göz vuraraq:

-Bir ildən sonra hərəsi qucağında bir uşaqla Sabir qağanın dalınca kəndimizə gələndə onlarla yaxından tanış olarsan, inşallah, heç darıxma.
-A bajı, bu başı batmış bə mənə deyirdi ki, qurumuşam, halım yoxdu, müalicəyə gedirəm, bəs onda bu nə şəkillərdi belə? Mənə də deyir ki, eləcə havamı, suyumu dəyişib gəlmişəm. Eybi yox Sabir, mən sənin qurumuşuvu dibindən qopardaram, sən də məni tanıyarsan. Qocalığında suyunu dəyişmək həvəsinə düşən köpəy oğlu.

Əməliyyatçı Şəlalə də Mülayim arvadın söylədiklərinə düzəliş verirmiş kimi dilləndi:
-Mülayim bacı, bu müalicədən sonrakı şəkillərdi də. Görmürsənmi bu rus arvadları necə girib kişinin qoluna. Yəqin kişivin qurumuşu müalicədən sonra...
Mülayim Şəlaləni tərs-tərs süzüb əsəbi halda poçt şöbəsindən necə çıxdısa, Dilbərin onun arxasınca nə dediyini eşitmədi. Poçtdan bir xeyli aralansada Dilbərlə Şəlalənin gülüş səsi hələdə eşidilməkdə idi. Bu hadisədən sonra Sabir kişinin günü qapılarında vaxtlı-vaxtsız anqıran eşşəyinin rəngi kimi qapqara oldu. Rayon mərkəzində yaşayan böyük qızı Gülnaz bu məsələyə qarışmasaydı Mülayim arvad boşanmaqda israrlı idi...

Bələdçinin cır səsi Muradı xəyallarından ayırdı. Asılqandan asılan pencəyini geyinib əliylə döş cibini yoxladı, pasportu yerində idi. Sonra heç nə yaddan çıxmasın deyə bir də kupeyə nəzər saldı. Çamadanını və əl çantasını götürüb kupedən çıxdı. Qatar artıq vağzala yaxınlaşırdı. Bir neçə dəqiqədən sonra qatar sürətini azaldaraq dayandı, Murad başqa sərnişinlərdən fərqli olaraq tələsmədən qatardan düşüb, yavaş-yavaş vağzalın binasına tərəf addımladı.

Səhər saat səkkiz olmasına baxmayaraq vağzalda adam çox idi. Bu hal bəlkədə Moskva kimi böyük şəhərin vağzalında adamların sayının ən az olan vaxtı idi, sadəcə Muradın gözünə çox görünürdü. Murad aclığını hiss edib vağzalın kafesinə doğru addımladı. Kolbasa, çörək və çay alaraq ayaq üstündə yeyilmək üçün olan hündür, dairəvi masaların birinə yanaşdı. Tələsmədən yeməyini yeyib qurtarandan sonra çıxışa doğru addımladı. Kursk dəmir yolu vağzalının qarşısında olan taksi dayanacağına yaxınlaşıb sürücüdən Moskva Dövlət Universitetinə hansı aftobusla gedə biləcəyini soruşdu. Taksi sürücüsü maraqla onu süzərək cavab verdi:

-Burdan ora birbaşa aftobus getmir. İki onluq ver səni aparım.
-Yox, mənim o qədər pula imkanım catmır. Siz mənə izah edin, mən bir təhər gedib çıxaram, ya da bir onluq verə bilərəm.
Taksi sürücüsü ilk müştərisini əldən buraxmamaq xətrinə Muradın təklif etdiyi qiymətlə razılaşmalı oldu:
-Yaxşı, bir onluq verərsən. Otur getdik.

Sürücü çamadanı və əl çantasını yük yerinə qoyub maşını işə saldı. O, iyirmi səkkiz, otuz yaşlarında bir oğlan idi. Sifət cizgilərinə əsasən pis oğlana oxşamırdı. Söhbətcil idi, maşını yerindən tərpədən kimi danışmağa başladı:

-Haralısan, cavan oğlan? Adın nədir?
-Azərbaycandanam? Adım Muraddır.
-Deməli Bakılısan. Mənim də adım Saşadır. Mən orda hərbi xidmətdə olmuşam. Nasosnı qəsəbəsini tanıyırsan?
-Yox, mən rayondanam.

-Hansı rayondan? Hə, birdə ki, nə fərqi var mənim üçün, əsas odur ki, azərbaycanlısan vəssalam. Mən Azərbaycanlıların xətrini çox istəyirəm. Mənim orda yaxşı dostlarım var. Onların hamısı mərd, qonaqpərvər, dostcanlıdırlar. Amma bir dəfə məni yaxşıca əzişdirmək istəyirdilər. Tahir adlı əsgər dostum onlara imkan vermədi. Yoxsa, çırpacaqdılar məni.

Murad maraqla soruşdu:
-Günahın nə olmuşdu ki? Bizdə axı əsgərlərə çox hörmət edirlər, millətindən asılı olmayaraq onları çox sevirlər.
Saşa maşının sürətini artıraraq danışmağa başladı:
-Mən hərbi hissəmizin yaxınlığındakı qəsəbədə yaşayan Nataşa adlı bir rus qızla görüşürdüm. Qızın atası da təqaüddə olan zabit idi.

Bir gün Nataşanı axşam evlərinə yola salıb qayıdanda mənim qabağımı kəsdilər. Üç nəfər oğlan idi, on yeddi-on səkkiz yaşları olardı. Mənə dedilər ki, bir də bu qızın dalınca məhləmizə gəlsən özünü ölmüş bil. Bir həftə sonra mən yenə Nataşa ilə kinodan qayıdırdım. Bütün yol boyu düşünürdüm, mən onu necə evlərinə yola salım ki, məhlələrinin oğlanları məni görməsinlər. Bu vaxt qəsəbədən hərbi hissəyə qayıdan əsgər yoldaşım Tahirlə rastlaşdım. O, salam verib ötüb keçmək istəyəndə, mən onu saxladım. Dedim, gəl Nataşanı ötürək, sonra birlikdə hərbi hissəyə qayıdarıq. Razılaşdı və biz Nataşanı bloklarının yanından ötürüb qayıdanda altı nəfər oğlan bizim qabağımızı kəsdilər. Onlardan üçünü tanıyırdım, onlar mənə məhləyə gəlməyi qadağan edən həmin oğlanlar idi, hamısı da rusca səlist danışırdı. Boyu nisbətən uca olan oğlan mənə yaxınlaşıb yaxamdan tutdu və mənə qıcanmağa başladı:

-Sən deyəsən bizi başa düşmək istəmədin, eləmi? Biz səni indi başa salarıq.

Tahir çaşqın vəziyyətdə onlarla azərbaycan dilində nəsə danışdı. Səslərinin tonundan hiss edirdim ki,Tahir onları yumuşaltmağa çalışır. Tahir deyilənləri rus dilində danışıb, mənə başa saldı ki, bu gənclər məhlədə yaşayan və millətindən asılı olmayaraq bütün qızların namusunu qorumağı özlərinə mənəvi borc sayırlar. Bu baxımdan sənin Nataşa ilə evlənmək haqqında qəti fikirin olmayınca buralara yaxın gələ bilməzsən. Bax belə Murad, mən onda azərbaycanlıların nə qədər qeyrətli olduqlarının şahidi oldum, yoxsa ermənilər kimi?

Murad maraqla Saşanı dinləyir, məsələnin nə ilə qurtardığını bilmək istəyirdi:
-Sonra nə oldu? Ermənilərin bura nə dəxli var?

-Var əzizim, var. Bu hadisədən on gün keçməmiş bizim hərbi hissədən mən də daxil olmaqla əlli nəfər əsgəri Ermənistanın Leninakan şəhərinə ezamiyyətə göndərdilər. Hərbi hissəmiz şəhərin kənarında olan tikiş fabrikinin yaxınlığında yerləşirdi. Bax orda işləyən erməni qızlarla görüşmək bizim üçün problem deyildi. Mən də orda bir neçə qızla tanış olmuşdum. Ancaq biri ilə çox yaxın idim. Klara çox qəşəng qız idi. İstədiyim vaxt onların evlərinə gedib-gələ bilirdim.

Orada nəyin ki, qonşular, heç Klaranın doğma qardaşı da mənə bir söz demirdi. Hələ bir-iki dəfə ailəsi Yerevan şəhərinə qonaq gedəndə mən onlarda gecələmişdim də. Bax, əzizim Murad, fərq budur. Azərbaycanlılarla ermənilərin fərqi çoxdur. Mən hərbi hissədə sürücü oldüğumdan Klaranın qardaşına ayda beş-on vedrə dizel yanacağı verirdim. Aşot da, valideyinləri də mənim Klarayla görüşməyimə göz yumurdular. Anladın yerli?

Murad Saşaya diqqətlə qulaq asdığından heç şəhərə də düz-əməlli baxa bilməmişdi:
-Hə anladım, bəs sən sonra Klara ilə evləndin?
Saşa Muradın sözünə gülümsəyərək cavab verdi:

-Onunla niyə evlənirəm ki? O, elə-belə vaxt keçırmək üçün idi. Amma dostum, mən sənə tərcübəli bir kişi kimi deyim ki, vaxt keçirmək üçün erməni qızlarından başqa hamısı yalandır. Yataqda Klaranı əvəz edə biləcək bir qız, hələ mənim qarşıma çıxmayıb. Bəlkə də o, mənim həyatımda ilk qadın olub deyə, ona görə unuda bilmirəm?

Murad sadəlövcəsinə soruşdu:
-Klaranı?
Saşa bir anlıq sükanı buraxıb, əlini əlinə sürtərək gülümsədi:
-Onun yataqda çıxartdığı hoqqaları, ondan aldığım o ləzzəti!
-Yəqin ki, hələ də evlənməmisən?

-Niyə evlənməmişəm? Əsgərliyi qurtaran kimi gəldim evə, bir aydan sonra anamla uçduq Bakıya. Ordan bir başa getdik Sumqayıt şəhərinin yaxınlığında olan Nasosnı qəsəbəsinə. Elçılik, nişan cəmi üç gün çəkdi. Atası orda Nataşaya bir toy elədi ki, gəl görəsən. Həmin gənc oğlanlar da qonaq kimi toyda iştirak edirdilər. Onu da deyim ki, qız evinin toydakı qonaqlarının çoxu azərbaycanlılar idi. Toydan bir həftə sonra hər üçümüz qayıtdıq Moskvaya. Elə o vaxtdan buradakı üç otaqlı mənzilimizdə mehriban yaşayırıq. İndi mənim iki oğlum var, Ruslan və Rüstəm. Ruslanın altı yaşı var, bu il binci sinifdə oxuyacaq, Rüstəmin isə hələ üç yaşı dekabırda tamam olacaq. Rüstəm adı Ruslan adına uyğun gəlir deyə, arvadım qoyub oğluma. Pis ad deyil, hə, mənim çox xoşuma gəlir. Sizin bir kinonuza baxmışam, Məşdibad. Orda Rüstəm bəy adında bir personaj da var.

Az sonra maşın Moskva Dövlət Universitetin düz qarşısında dayandı. Murad maşından düşüb yük yerindən çamadanlarını götürmək istədi, Saşa ona imkan vermədi:

-Sən get sənədlərini təqdim elə, yataqxanada qalmaq üçün otağın orderıni al, mən səni burda gözləyirəm. Sonra sən niyə başqa taksi axtarasan ki, mən özüm səni yataqxanaya kimi apararam.

Murad çamadanını və əl çantasını maşında saxlayıb Universitetin giriş qapısından içəri daxil oldu. Sənədlərin hazırlanmasına düz yarım saat vaxt tələb olundu. Nəhayyət yataqxanada yaşaması üçün otağın orderini alıb universitetin binasından çıxdı. Onu gözləyən taksini yerində görməyəndə bir an duruxdu. Yay olmasına baxmayaraq həyacandan kürəyindən üzü aşağıya doğru buz kimi tərin axmasını hiss elədi. Özünü çox pis hiss elədiyindən yaxınlıqdakı ağacların altinda qoyulmuş oturacaqda əyləşdi...

Murad oturacaqdan qalxıb əllərini ciblərinə saldı. Cibində cəmi iyirmi beş manat qırx beş qəpik pulu qalmışdı. İki yüz manat pulu isə camadanın içindəki paltarların arasında gizlətmişdi. Camadan da ki, öz sadəlöflüyünün və ağılsızlığının ucbatından taksidə qalmış, sürücü Saşanın güdazına getmişdi. Murad bir anlıq kövrəldi, atasının sözləri yadına düşdü, axı atası ona tapşırmışdı ki, Moskva böyük şəhərdir, bir az diqqətli, bir az gözü açıq ol. Təsadüfü insanlara ehtibar eləmə, tanımadığın şəhər və ətrafın isə tanımadığın insanlardır. Yadında saxla ki, Moskva dünyada yeganə şəhərdir ki, heç kimə rəhmi gəlmir və heç kimin də “göz yaşlarına inanmır”. Murad da cavab vermişdi ki, narahat olmayın, mən artıq uşaq deyiləm.

Sən hələ uşaqsan Murad, özüdə hələ çox uşaqsan! - öz-özünə deyinərək, əsəbi halda ayağa qalxan Murad yenidən oturacaqda əyləşdi. Ümidini artıq itirmiş və bundan sonra hara və necə gedəcəyini düşünürdü.

Qəfil çiyninə dəyən əl Muradı fikirindən ayırdı. Qarşısında duran taksi sürücüsü Saşa idi:
-Ay Murad, bəs mən bir saatdır ki, səni gözləyirəm, niyə burda oturmusan?
Murad Saşanı görcək ayağa qalxdı, sevincindən bilmədi nə eləsin, çaşıb qalmışdı. Sonra əlini uzadıb Saşaya salam verdi:
-Salam Saşa, mən də burda səni gözləyirəm.

-Anlamadım, biz sağollaşmışdıq ki, indi də salamlaşırıq? Bax o yol nişanını görürsən, burda maşın saxlamaq olmaz. Maşınları park etmək üçün yüz metr qabaqda xüsusi dayanacaq var. Mən də səni bayaqdan orda gözləyirəm. Yataqxanada yerini ala bildinmi?

-Hə, aldım. Bax bu da order, -deyib, Murad orderi Saşaya uzatdı. Saşa orderə baxaraq gülümsündü:
-Bəxtin gətirib dostum. Moskva Dövlət Universitetinin yataqxanası, mərkəzə yaxın ərazidə yerləşir. Metro və ya avtobus ilə də gəlib-getmək olar, bu sənin üçün həm rahat, həm də ucuz başa gələr.

Saşa maşının sürətini azaldıb doqquz mərtəbəli binanın qarşısında saxladı:
-Hə yerli, çatdıq. Bu da sənin yataqxanan. Al mən sənə ev telefonumun nömrəsini verim, lazım olanda zəng elə, nəzərə al ki sən burda tək deyilsən. Sənin burda mənim kimi həmyerlin var, oldumu?

Murad telefon nömrəsi yazılan kağızı götürüb köynəyinin döş cibinə qoydu. Sonra əlini şalvarının cibinə salıb pullarını çıxartdı, pulların arasından danışdıqları kimi iki ədəd beşlik ayırıb Saşaya uzatdı. Saşa onun əlini geri itələyərək gülümsündü:

-Pulun lazım deyil, yerli. Mən öz həmyerlilərimizdən pul almıram.
Murad da ona gülə-gülə cavab verdi
-Sağ ol, yerli. Görüşərik.
Murad çamadanlarını götürüb yataqxananın girişinə doğru addımladı.

Arif ƏRŞAD
Yazıçı – publisist
Azərbaycan Yazıçılar və Avrasiya Yazarlar Birliklərinin üzvü
Prezident mükafatçısı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31