Velosiped - Arif Ərşadın novellası
Ayın sona çatmasına hələ on gün qalmasına baxmayaraq Maarif müəllim çox qayğılı görünürdü. O, rəhbərlik tərəfindən qoyulan plan-tapşırıqların yerinə yetrilməcəyindən narahat idi.
Son aylar poçt şöbəsinə gələn abonentlərin də sayı sözəçarpacaq dərəcədə azalmışdı. Gələnlərin də çoxu yaşlılar və qocalar idi ki, onlar da kiçik məbləğ tutan komunal borclarını ödəyirdilər. Gəncləri adətən xaricdən onlara göndəilən kiçik paketləri almaq üçün gələndə şöbədə görmək olurdu.
Çünki onların çoxu özlərinin digər ödənişlərini telefon vasitəsi ilə onlayn şəkildə həyata keçirtməyə üstünlük verirlər ki, bu da poçt şöbəsinin planına ciddi surətdə mənfi təsir göstərir. Yaxın on gün ərzində böyük məbləğdə vergi, sığorta ödənişləri, beynəlxalq pul köçürmələri, bağlama və digər poçt göndərişləri olmasa yəqin ki, şöbəyə qoyulan plan-tapşırığın yerinə yetrilməsindən söhbət gedə bilməzdi. Amma Maarif müəllim ümidini üzməmişdi, belə ki, qəzet-jurnallara abunə yazılışı hələ ki, uğurla davam edirdi.
Şəhərdə fəaliyyət göstərən idarə rəhbərlərinin çoxusu ilə dostluq münasibətində olduğundandır ki, onlar abunə yazılışını şəxsən özləri gəlib Maarif müəllimin rəhbərlik etdiyi poçt şöbəsində ödəməyə üstünlük verirdilər. Bəzən elə də olurdu ki, onlar mobil telefonla qəzetlərin və jurnalların adlarını Maarif müəllimə söyləyərək, ödəniş etmədən təcili olaraq həmin abunə olduqları çeklərin şəkilini onlara göndərməsini xahiş edirdilər. Bunu da özlərindən yuxarı təşkilatlara verməli olduqları təcili hesabatla əlaqələndirirdilər.
İşlərinin çox olmasından abunənin pullarını isə işin sonuna qədər ya özləri və ya da ki, işçilərindən birinin vasitəsi ilə şöbəyə çatdırmağa söz verirdilər və çatdırırdılar. Maarif müəllim öz dostlarına inanır və həmişə onlara güvənirdi. Düzdür, bəzən aralarında telefon və ya “kiçik” komunal borclarını göndərməyi “unudan” dostları da olurdu ki, həmin pulları da Maarif müəllim işin sonuna yaxın öz cibindən ödəməli olurdu.
Poçt şöbəsində işlədiyi on ildən yuxarı müddət ərzində öz işinə məsuliyyətlə yanaşan Maarif müəllim maaşının az olmasına baxmayaraq dövlətin pulunun hər qəpiyinə ciddi nəzarət edirdi. Bu cəhətdən həm işçilərinin, həm də ki, rəhbərlik qarşısında həmişə üzü ağ idi…
“Ciddi hesabat qəbizləri”nin yoxlanmasına başı qarışan Maarif müəllimi işindən şöbənin əməliyyatçısı Gültəkin xanımın məlahətli səsi ayırdı:
-Maarif müəllim, sizi telefona çağırırlar.
Gültəkin xanım müdirinin sual yağan baxışlarının ona zilləndiyini görüb telefon dəstəyini uzadaraq əlavə etdi:
-Maarif müəllim, uşaq səsidir, yəqin ki, nəvənizdir.
Maarif müəllim tələsmədən Gültəkin xanıma yaxınlaşıb təşəkkür etdi və telefon dəstəyini alıb qulağına yaxınlaşdırdı:
-Alo, salam. Eşidirəm.
Zəng edən beş yaşlı nəvəsi Davud idi. Babasının salamını alan Davud, öz şirin ləhcəsi ilə danışmağa başladı:
-Baba, sən mənim sabah olacaq ad günümü yəqin unutmamısan. Mənə velosiped alacağına söz vermişdin. Sabah bizə gələndə hədiyyəmi də gətirməyi unutma. Bax ha, gözləyəcəm!
Nəvəsinin cingiltili səsindən xoşhal olan Maarif müəllimin yorğun çöhrəsi işıqlandı. Nəvəsiylə söhbəti bitirdikdən sonra özünün iş masasına yaxınlaşdı və ağ vərəqin üzərinə “Velosiped” sözünü yazdı. Sonra əlini cibinə salıb pullarını çıxardaraq saymağa başladı. Cibində cəmi 110 manat pulu vardı.
Öz-özünə, “velosipedə çatar, hələ bir az da artıq qalar” deyərək, pulları yenidən cibinə yerləşdirdi. İşlərinə davam etmək üçün kabinetinə keçmək istəyirdi ki, əməliyyatçı Gültəkin xanımın səsi yenidən onu geri qayıtmağa vadar etdi:
-Maarif müəllim, yenə sizi istəyirlər, - deyib, dəstəyi ona tərəf uzatdı.
-Yenə kimdir, ay Gülü? – Maarif müəllim deyinərək telefon dəstəyini ondan aldı. Bu dəfə zəng edən hansısa dövlət idarələrinin birində şöbə rəisi vəzifəsində işləyən köhnə tanışı Ağakişi idi. Ağakişi vaxtının az olduğunu deyib, fikirlərini tələsik söyləməyə başladı:
-Qağa, mən iclasa gedirəm. Baş direktorumuz dünəndən qəzetlərə abunə olmağımızı tapşırmışdı. Bu gün iclasda abunə çeklərini ona göstərməyi tələb edəcək. Sənə deyəcəyim qəzetlərin hər birinə məni abunə elə, çeki də votsapıma göndər. Mən işin sonuna qədər pulları sənə çatdıraram. Tez ol, qağa. On dəqiqəyə həll elə ki, bir azdan iclas başlayacaq.
Maarif müəllim Ağakişinin söylədiyi qəzetlərin adlarını, onun ad və soy adını, işlədiyi idarənin ünvanını yazıb, vərəqi Gültəkin xanımın qarşısına qoydu. Gültəkin xanım verilən tapşırığı sürətlə yerinə yetirib çekləri müdirinə təqdim elədi. Maarif müəllim ümumi məbləğin 94 manat olduğunu görüb, cibindən çıxardığı pulu Gültəkin xanıma ödədi.
Sonra qarşısında düzdüyü çeklərin şəklini çəkib votsapla Ağakişiyə yolladı. Üstündən böyük bir dağ götürülmüş kimi, dərindən nəfəs aldı. Sonra telefon dəstəyini qaldırıb çox da uzaqda olmayan idman malları mağazasına zəng etdi, uşaq velosepedlərinin qiyməti ilə maraqlandı.
Ağakişinin abunə pulunu axşama çatdıracağından, velosepedi ancaq sabah işdən sonra alaraq birbaşa nəvəsini təbrik etmək üçün onlara gedə biləcəyini düşündü. Həmin gün işin sonuna qədər gözləsə də, Ağakişi şöbəyə gəlmədi. “Yəqin iclas uzun çəkib deyə və ya başqa vacib işlərinin olduğundan gələ bilməyib” kimi düşüncələri ilə o, şöbəni bağlayıb çıxdı.
Səhəri gün şöbədə işlər yenə öz qaydasında gedirdi. Bu gün ödənişə gələn abonentlərin də sayı həmişəkindən xeyli çox olduğundan nə əməliyyatçı qızların, nə də ki, Maarif müəllimin “başlarını qaşımağa” vaxtları olmamışdı. Hətta nahar vaxtında da qızlar növbəli işləyirdilər ki, gələn abonentləri özlərindən incik salıb geri qaytarmasınlar.
Bütün qızların üzlərindən yorğunluq yağırdı. Təkcə Maarif müəllimin yorğunluqdan başqa həm də narahat olduğu hiss olunurdu. İş vaxtının başa çatmasına bir saat qalmasına baxmayaraq hələ də Ağakişidən xəbər yox idi. Qayğılı halda hesabatla məşğul olan Maarif müəllimi işindən yenə də Gültəkin xanımın səsi ayırdı:
-Maarif müəllim, dostunuz Ağakişi müəllim sizi telefona çağırır.
Maarif sevincək dəstəyi qulağına yaxınlaşdırdı. Həmişəki kimi harasa tələsən Ağakişi salamsız-kalamsız danışmağa başladı:
-Qulaq as qağa. Mən işdən sonra poçt şğbəinin yaxınlığında olan Mövlanın restoranında səni gözləyəcəm. Gəl, həm sənin pulunu verim, həm də iki qardaş bir tikə çörək kəsək. Çoxdandır səninlə oturmuruq. Saat 18-00-da səni gözləyəcəm. Gecikmə!
Dəstəyi yerinə qoyan Maarif müəllimin üzü işıqlandı. Nəvəsinə velosiped üçün heç kimə pul sarıdan ağız açmayacağını düşünüb, rahatlandı.
Maarif müəllim restorana daxil olanda Ağakişinin artıq masada oturub onu gözlədiyini görüb sevindi. Onlar mehribancasına görüşüb əyləşdilər.
Ağakişi cibindən çıxartdığı pul topasının arasından bir ədəd şax yüzlüyü Maarif müəllimin qarşısına qoyub dilləndi:
-Buyur qağa. Bu mənim sənə olan dünənki borcum. Qalığını qaytarma, qalsın! Çox sağ ol, yaman girdin qanımın arasına.
Sonra əli ilə süfrəçini yanına çağırıb kababların hər birindən iki şiş və bir dənə də “Belyuqa” arağı olmaqla qəşəng bir süfrə açmağı tapşırdı. Maarif müəllim bu gün nəvəsinin ad gününün olduğunu və hədiyyə almaq üçün hələ mağazaya gedəcəyini söyləsə də, Ağakişi onu heç hara buraxmaq fikrində deyildi.
O, deyəsən Maarif müəllimlə görüşə əvvəlcədən “hazır” gəlmişdi, kefinin kök olması da bunu düşünməyə əsas verirdi. Süfrənin ləzzətli yeməklərlə dolu olmasına baxmayaraq, vaxt uzandıqca Maarif müəllimin bir gözü qolundakı saatında idi. O, Ağakişinin artıq sərxoş olub onu belə tez buraxmayacağından və idman mağazasının bağlanacağından narahatçılıq keçirirdi.
Bu vaxt Ağakişinin mobil telefonuna zəng gəldi. Zəng edən onun həyat yoldaşı idi. O, anasının yüksək təzyiqlə xəstəxanaya yerləşdirilməsini xəbər verdi və Ağakişçinin də təcili ora gəlməsini tapşırdı.
Sərxoşluğu bir anın içində yox olan Ağakişi Maarif müəllimin narahat olmamasını və yeməyini davam etməsini tapşıraraq, uzağı on – on beş dəqiqəyə qayıdacağını söyləyib, tələsik restoranı tərk etdi.
Artıq onun getdiyi andan bir saatdan çox vaxt keçirdi. Maarif müəllim qol saatına baxıb, süfrəçidən hesabı söyləməyi xaahiş etdi. Borcunun 98 manat olduğunu eşidib, bayaq Ağakişinin ona verdiyi yüz manatı süfrəçiyə uzadaraq şəstlə dedi:
-Qalığını qaytarma, qalsın!
Restorandan çıxdıqdan sonra birbaşa idman mağazasına yollanan Maarif müəllim mağazanın açıq olduğunu görüb çox sevindi. Mağazaya daxil olub velosipedlər satılan şöbənin yanından sürətlə ötüb, futbol topları satılan hissəyə yaxınlaşdı. Bir ədəd futbol topu alaraq, mağazadan çıxdı.
Havanın qaralmasına və çiskin yağış yağmasına baxmayaraq nəvəsini təbrik etmək üçün piyada yola düzəldi.
Yağış damcıları fikirli halda tələsmədən addımlayan Maarif müəllimin üzünə çilənərək göz yaşı kimi yanağından üzüaşağı süzülürdü.
26.06.2023