manera.az
manera.az

"Sərhədsiz yazılar"ın sərhədlərini təyinetmə cəhdi

📅 26.01.2025 12:22

"Sərhədsiz yazılar"ın sərhədlərini təyinetmə cəhdi
MANERA.AZ Nəcəf Əsgərzadənin yazısını təqdim edir.

Kitabın adının "Sərhədsiz Yazılar" (düşünürəm Siyavuş Müslüm məndən inciməz) seçilməsi çox iddialıdır. Bu ad bir növ anarxizmlə səsləşir. Anarxizm (anarxizm sözünün kökü "arxe" dir. Arxe sözünü başlanğıc, təməl, mərkəz kimi tərcümə edə bilərik) sözünü mərkəzin olmaması mənasında işlədirəm. "Bədii anarxizmdən" danışıram. Amma kitabda iki dəfə Arximeddən "mənə istinad nöqtəsi göstərin kainatı fəzaya qaldırım " sitatının müəllif tərəfindən istifadə edildiyini də görürəm.

Bu mənə birinci ehtimalımdan daşınmağıma səbəb olur. Digər mənaya yönəlirəm. Kitabın adını postmodern anlamda başa düşməyə çalışıram. Çünki müəllif Bodriyardan sitat gətirir: "....Biz hissələrlə oynayırıq”. Bunu rəhbər tutaraq müəllifin yanaşmasının alışdığımız üslubda deyil, müəllifin görmək istədiyi tərzdə yazıldığı qənaətinə gəlirəm. Yazı ənənələrinin pozulduğunu, üslubların bir-birinə qarışdığını, sərhədlərin itib aradan qalxdığını zənn edirəm. Və ya artıq bu yazılarda "müəllif yoxdu", "müəllif ölüb" fikrinin bizim beynimizi məşğul edəcəyini düşünürəm. Amma belə olmadı.

"Xilaskar zabit və ya xalq yaradan müəllim" məqaləsində əslində müəllifin öldüyünə şahid oluruq. Bu ölüm təbii şəkildə deyil, süni şəkildə baş verir. Bu ölümün baş verməsi məqaləni də öldürür. Biz yazı boyunca müəllifin Atatürk haqqında fikirlərini deyil, Atatürkün dediyi fikirləri, Atatürk haqqında deyilən düşüncələri oxuyuruq. Müəllif Zülfü Livanelinin "Vida" filminə toxunur. Amma o, filmin ətrafında fırlanır. Və fikirlərini sadəcə filmdən misal gətirdiyi fraqmentlərlə açıqlamaqla kifayətlənir.

Burada biz müəllifin deyil, rejissorun Atatürkə münasibətini görürük. Məqalə adının birinci hissəsini təsdiq edir. Adın ikinci hissəsi isə yazıda demək olar ki, görünmür. Çünki müəllifin ölümü tez baş verir. Müəllif özünü öldürür, amma onun məqaləyə yenidən qayıdışı baş verir. Bu qayıdış tərcüməçi kimi özünü göstərir. Məqalə tərcümə materialına çevrilir. Bir növ sitatlar toplusu halına gəlir. Bu da oxucuya Atatürkü (əsas da müəllim kimi) tanıtmaqda özünü çərçivəyə salmış olur.

"Volter, Russo və Çağdaş Dünya" məqaləsində Volter ilə Russo arasında aparılan paralellikləri görmürük. Göte deyirdi ki, Volter dünyanın sonudur, Russo isə dünyanın başlanğıcı. "Çağdaş dünya bir sondur, yoxsa başlanğıc" sualı yazının təməlini təşkil etməli idi deyə düşünürdüm. Amma Nicat Volterdən danışarkən onun fanatizmlə bağlı fikirlərini ön plana çəkib. Volterin "Fanatizm" məqaləsindən bir hissəni yazıya yerləşdirib. Ümumiyyətlə, kitabda Volter barədə iki məqalə yer alıb. İkinci məqalə "Volterin cənnətinə səyahət" adlanır. İki yazıda da "Fanatizm" məqaləsindən həmin hissə qeyd olunub.
"Sərhədsiz yazılar"ın sərhədlərini təyinetmə cəhdi
Bu təkrar əslində sərhədsizliyi deyil, sərhədi keçə bilməməyi göstərir. Volter ilə Russo arasında sərhədin olmaması yazıda sərhədsizlik kimi deyil, müəllifin qərarsızlığı kimi görünür. Çünki Volter dəyərləri inkar edirdi, tanrını inkar edirdi. Russo isə Volterin əksinə olaraq "İctimai Müqavilə"ni yaratmışdı. Cümhuriyyət fikrini meydana qoymuşdu. İndi çağdaş dünyamız Russonun, yoxsa Volterin dünyasıdır? Bu sual məqalədə öz cavabın tapmayıb.

Müəllif Mirzə Fətəli Axundovu Volterə, Əhməd bəy Ağaoğlunu isə Russoya bənzədir. Amma bu bənzərliyi nəyə görə apardığını əsaslandırmır, sadəcə üstündən keçir. Məqalənin əsas nöqtəsi burda idi. Volter-Russo paralelliyi bizi Axundov-Ağaoğlu paralelliyinə gətirib çıxaracaqdı. Makromühitdən-mikromühitə keçid baş verəcəkdi. Müəllif sərhədi birdən-birə böyüdüb, sonra onu kiçildərək çağdaş dünyaya baxışımızı göstərə bilərdi. Mirzə Fətəli Axundov ilə Əhməd bəy Ağaoğlunun adının seçilməsi təsadüfi deyil. Əhməd bəy Ağaoğlu Fransada təhsil almışdı.

Orada yaşamaqdan imtina edib Qafqaza dönmüşdü. Mirzə Fətəli Axundov isə "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsərində ( əsər əsasında "Dərviş Parisi partladır" filmi çəkilib) Müsyo Jordan obrazı ilə Fransanın Qafqaza, Qarabağa münasibətini göstərib. Təəssüf ki, məqalənin bu istiqamətdə getməməsi, onun öz mahiyyətindən uzaqlaşmasına səbəb olub.

"Pol Osterin qaranlıqdakı adamı" məqaləsində müəllif üçün sərhəd yenidən özünü göstərir. Bu müəllifin əsərin içində itməsi, azıb qalması fonunda baş verir. Nicat "Qaranlıqdakı adam" romanını bir nöqtəyə qədər izah etməyə çalışır. Amma qırılma çox keçmədən özünü büruzə verir. Roman qaranlığa qərq olur, Avqust Brill də, Ouen Brek də, Pol Oster də, həmçinin Nicat Həşimzadə də. Müəllif çıxış yolu kimi məsələni Bodriyarın "mütləq həqiqət yoxdur. O, hissələrə bölünüb və biz hissələrlə oynayırıq" fikrinə gətirir. Hər şeyi əslində Avqustun tənhalığının doğurduğunu irəli sürür. Amma sonda müəllif "Pol Osteri başa düşmək çətindir" fikrini deməklə sərhədi keçə bilmədiyini etiraf edir.

"Faciələrimiz nağıllarımız başlayır" məqaləsində Nicat şüurumuzun nağıllarla necə formalaş(dırıl)dığını əla şəkildə göstərib. Məqalənin üstün cəhəti istifadə olunan sitatın az(demək olar ki, olmaması) olması, təhlilin və müqayisənin yerində və tutarlı şəkildə aparılmasıdır. Əsas da “Məlikməmməd” nağılı ilə rusların "Yeraltı hakimiyyət" nağılı arasındakı paralelliklər bizi çox şeylərdən xəbərdar edir. Nağıllarımız bizə zərbə vurur. Bunu müəllifin nağıllar haqqında təhlillərini diqqətlə oxuyub düşünənlər çox yaxşı anlayacaqlar. Anlamaq üçün müəllif bizə alternativ təqdim edir. Belə alternativlər Nicatın digər yazılarında demək olar ki, görünmür. Axı, Nicat demişkən folklor xalqın yaddaşıdır.

"Coys narahatlığı, Mirzə Cəlil üsyanı" məqaləsi də digərlərindən seçilir. Yazını oxuyanda biz ölü anlayışının sərhədinin cəmiyyətdən-cəmiyyətə necə dəyişdiyini görürük. Daha doğrusu, həmin cəmiyyətin yazıçısı(ziyalısı)nın kim(lər)i ölü adlandırdığını başa düşürük. Coysa görə ölülər bizim unutmağa çalışdığımız, ancaq unutmağı bacarmadığımız, yaddaşımızın künc-bucağında gizlənib qalan adamlar və hadisələrdir. Bəs Mirzə Cəlilə görə "Ölülər" kimlər idi? Əslində Coys elitanı ölülər adlandırdı. Mirzə Cəlil isə camaatı. Bunu qonorar qarşılığında qəzetlərə məqalə yazan Qabriel Konroyun timsalında görmək mümkündü.

Nicatın qeyd etdiyi kimi ziyafətdə onu aşağılayırlar. Nicat burda yazıçının öz əsərlərindən pul qazanması məsələsinə diqqət çəkir. Amma mən Konroy ilə Kefli İsgəndər paralelliyini görmək istərdim. Sual yaranır: "Aşağılanan Konroy ölüdür, yoxsa onu aşağılayan elitamı? Bu suala paralel belə sual qoymaq mümkündür: "Kefli İsgəndər ölüdür, yoxsa camaatmı? Bu suallar yazılsaydı bizi çox düşündürərdi...

Məqaləni bəyənsəm də, mövzuya bir tərəfli yanaşmanı gördüm. Coysun narahatlığını müəyyən mənada hiss etsəm də, Mirzə Cəlilin üsyanını görə bilmədim.

"Estebanın möcüzəvi kəndi" yazısında müəllif Markesin "Dünyanın ən gözəl ölüsü" haqqında yazacağını vəd etsə də, yazının davamın da oxucu məqalənin Markes və onun "Polkovnikə məktub yoxdur" əsəri ətrafında dövr etdiyini görür. Bu məqalədə sərhədi aşma özünü göstərir. Amma biz bunu sərhədsizlik kimi anlamalıyıqmı?

Bu nöqtədə "sərhədsiz" anlayışını özümüz üçün müəyyənləşdirməliyik. Nicatın yazıda "sərhədsiz"liyini sərhədsizlik kimi qəbul edə bilmirəm. Ona görə ki, onun yazılarında buna cəhd etdiyini görə bilmirəm. Müəllifin yazılarının sərhədlərinin olduğunu düşünürəm. Və ya yazıların sərhədini təyin etməyə çalışıram. Ya da görünən sərhədsizliyin əslində öz-özündən qeyri-müəyyən bir şəkildə yarandığını demək istəyirəm.

Nicat Bodriyarın "biz hissələrlə oynayırıq" üslubuna, qaydasına əməl etmir. Onun üçün yazacağı forma yox, toxunmaq istədiyi mahiyyət önəmlidir. Mahiyyətin ön planda olması yazıçı üçün bir növ qəlib, sərhəd yaradır. Yenə də Bordiyarın dediyi kimi "mütləq həqiqət yoxdur" fikri bu yazılarda özünün əksinə gedir. Mütləq həqiqəti burda biz mahiyyət kimi qəbul edə bilərik. Hissələr isə bizim görə bilmədiyimiz detallar, nüanslardır və ya bunların yaradılmasıdır. Bu nüanslar, bu detallar isə sərhədi aşmağı, sərhədin o tayını bizə göstərir. "Sərhədsiz Yazılar" kitabını müəllifin sərhədi aşması, sərhədin o tayını göstərməsi kimi xarakterizə etmək istərdim.

Yuxarıda toxunduğumuz məsələyə qayıtsaq, "Estabanın möcüzəvi kəndi" yazısında sərhədi aşma, mərkəzdən uzaqlaşma müəllifin bunu bilə-bilə etdiyi təəssüratını yarada bilmir. Çünki Markesin həyatından gətirdiyi misallarla, onun verdiyi müsahibələrindən maraqlı sözlərlə "Polkovnikə məktub yoxdur" əsəri qismən bir-biri ilə əlaqələnir. Amma bu detallar "Dünyanın ən gözəl ölüsü" hekayəsinin açılmasında heç bir oynamır. Ümumiyyətlə, əsərdə mahiyyət mərkəzdirsə, məqalədə (təhlildə) mərkəz mahiyyətin(və ya kiçik mahiyyətlərin) açılması olmalıdır. "Estebanın möcüzə kəndi" yazısında mahiyyət (kiçik mahiyyətlər) açılmadığı üçün müəllifin mərkəzdən uzaqlaşması məqalədə "idarəetməni itirmək" kimi başa düşülür. Sonda Nicat bunu etiraf edir. Markesin sehrinin onu yoldan çıxardığını söyləyir.

Digər diqqətimi çəkən məqam "sitatların sərhədi" ilə bağlıdır. Nicat kitabında Martin Pajın "sənətə pul və şöhrət mənbəyi kimi baxmaq tərbiyəsizlikdir" fikrini üç ("Martin İden - uşaqlıq yalanımız", "Tale hökmünün qaçınılmazlığı, "Gedənlərin qayıtmağı, bəs qayıtmasa..) dəfə, Alfonso de Lamartinin Viktor Hüqonun "Səfillər" romanını tənqid etdiyi fikrini üç ( "Fironun dəftərində ölüm qatarı", "Poçt qutusundan Qəm pəncərəsinə", "Klassikləri tənqid edə bilərikmi?") dəfə, Arximedin "mənə istinad nöqtəsi göstərin, kainatı fəzaya qaldırım" sitatı 2 ("Latın sükutu"da poetik səslər, "Klassiklərimizi tənqid edə bilərikmi?") dəfə təkrarlanıb. Müəllif bu fikirləri təkrarlayaraq sanki bir yerdə ilişib qaldığı təəssüratını yaradıb. "Sitatların təkrarı" "mövzuların təkrarı"na gətirib çıxarıb. "Mövzuların təkrarı" deyəndə müəllifin bir neçə yazısında mahiyyətin bu və ya digər tərəfdən bir mövzunun daxilinə yerləşdirilmək cəhdlərini hiss etdim. "Cənnətin İblisi" məqaləsini müəllif eqo məsələsi ilə bitirir.

Sənətin mahiyyətinin eqonun isbatı olduğunu deyir. Yeri gəlmişkən "Cənnətin İblisi" məqaləsi çox maraqlı alınıb. Çünki Nicat yazısınında Henri Millerin müsahibələri ilə yazıçının "Cənnətdə İblis" romanı arasında körpünü əla şəkildə qura bilib. Nicat Henri Milleri şərh edərkən belə yazır: "O, insanı sanki bütöv materiya üzərində gəzdirir və beynini istədiyi şəkildə yönəldirir". Yəni, Henri Miller "Cənnətin İblisi"ni oynadan tanrıdır...

"Əgər sənət olmasaydı..." məqaləsində də biz müəllifin sənəti yenə də eqo çərçivəsinə (sərhədinə) salmasını görürük. Amma mənə maraqlı gələn Nicatın Can Yüceldən gətirdiyi misal oldu. Can Yüceldən "şeir nədir?" deyə soruşurlar. O da gənc bir qızın Pikassonu sevməsini, amma nitqi qüsurlu olduğu üçün bunu ona deyə bilməməsi kimi açıqlayır. Bu fikirləri yazandan sonra öldür mən sənətin sadəcə eqo məsələsi olduğuna inana bilmərəm. Sənət "id"dən uzaqlaşmadır. Vəhşi, dağıdıcı instinklərdən xilas olma cəhdidir. Amma nədənsə Nicat mərkəzə eqo məsələsini qoyub. Eqodan sağ və sol tərəfdə olan sərhədləri görmək istəməyib.

"Əhməd Ağaoğlu - Dünən, Bu gün və Həmişə" məqaləsi də tamamilə eqo və sənət müstəvisi ətrafında dövr edir. "Martin İden - Uşaqlıq yalanımız, "Tale hökmünün qaçınılmazlığı", "Qumların qadını - Kobo Abe" məqalələrində eqo və şöhrət məsələsi diqqət çəkir. Bir mövzu içində tsikllik hərəkət görünür. Bu isə müəllifin "sitatların sərhədi"ni aşa bilməməsi ilə nəticələnir.

"Tale hökmünün qaçınılmazlığı" , "Torpaq, Dəniz, Od və Səma", "Kitablar bizi aldadırmı?", "Uğur, Qovulma, Sürgün və Yenidən Uğur - Migel də Unamuno" məqalələri yaxşı işlənib. Bu yazılarda müəllif hansı fikri çatdırmaq istədiyini, nə demək istədiyini çox yaxşı izah edə bilib. Və bu yazıları oxuduqca hiss olunurdu ki, müəllifə bu əsərlər ( və ya filmlər) çox təsir göstərib. Deyirlər ki, bir var yazını ürəklə yazırsan, bir də var beyinlə. Sadaladığım yazılar ürəklə yazılanlar sırasındadı...

Bəzi məqalələrin sonluqlarını çox bəyəndim. Onları xüsusilə qeyd etmək istərdim. "Bəlkə biz də taledən qaça bilməyəcəyik. Nə Azad Müzəffərli, nə bu yazını oxuyanlar, nə də bu yazını yazan", "Yazını bitirməsəm oxucu üçün faciə olacaq", "Oblomovu oxuyaq, amma Oblomova bənzəməyək", "Üzeyir bəy hamımızın əvəzinə əzab çəkib".

MANERA.AZ


Baxış sayı - 563 | Yüklənmə tarixi: 26.01.2025 12:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031