20 Yanvar cənub bölgəsi yazarlarının yaradıcılığında - Sərraf Talıb yazır

MANERA.AZ Sərraf Talıbovun (Sərraf Talıb) "Region yazarlarının yaradıcılığında 20 Yanvar hadisələrinin təsviri" məqaləsini təqdim edir.
1990-cı ilin Qanlı Yanvar hadisələri ilə bağlı çoxsaylı araşdırmalar aparılmış, məqalələr yazılmış, sənədli filmlər ərsəyə gətirilmişdir. Bu hadisələrə ədəbi camiəmiz də laqeyd qalmamış, bu xain təcavüz zamanı xalqımızın göstərdiyi mərdlik və hünər nümunəsini bəzən ürək ağrısı, bəzən də fəxarət hissilə qələmə almışlar.
Tənqidçi V.Yusifli yazır: “20 Yanvar hadisələri başlayandan bəri indiyə qədər poeziyada, publisistikada, nəsrdə bu mövzu işlənməkdədir. Bununla bağlı şikayətlənməyə dəyməz. 90-cı ilin əvvəllərində Qabilin «Mərsiyə» şeiri dillər əzbəri idi. Məmməd Aslanın «Ağla qərənfil, ağla» şeiri hamı tərəfindən oxunurdu. Mirvarid Dilbazi, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli və başqa şairlərin yaradıcılığında 20 Yanvar faciəsi ilə bağlı mövzu işlənməkdə idi. B.Vahabzadənin «Şəhidlər» poemasının alternativi yoxdur. Füzuli də «Hədiqətüs-süəda» əsərində «Ya şəhid olmaq gərək, ya qəhrəman olmaq gərək” deyir. Çünki igidlər qəhrəmanlığa gedər... Bu mənada Azərbaycan poeziyasında da həmin mövzu layiqli yerini tapdı.” Bu mövzuda yazılmış əsərlər arasında yuxarıda göstərilən nümunələr xüsusi seçilməklə həm ədəbi tənqidin diqqətini cəlb etmiş, həm də xalqın sevgisini qazana bilmişdir. (1)
Cənub bölgəsində də ədəbi qüvvələr Azərbaycan xalqının faciəvi olduğu qədər qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin Yanvar hadisələrinə biganə qalmamış, bu mövzuda müxtəlif janrda çoxsaylı əsərlər yaratmışlar. Bölgəmizdə Yanvar hadisələri zamanı bəzi yazarlarımiz xalq hərəkatının ön sıralarında getməklə yanaşı, bu qətliamı əsərlərində yüksək səviyyədə təsvir etməyə çalışmışlar. Yanvar hadisələrindən yazan ədibləri 2 qrupa bölmək olar. Onlardan bir qismi hadisələrə isti-isti münasibətini bildirmiş, ikinci qrup isə bu hadisələri sonradan ədəbi süzgəcdən keçirərək yaddaqalan əsərlər yaratmışlar. Hadisələrə isti-isti münasibət bildirən yazarlar içərisində şair Mehman Qaraxanoğlunu xüsusi qeyd etmək lazımdır.
“1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə qoyuluşu və yazılan ilk poema Azərbaycanın cənubunda olub. Astaranın Şiyəkəran kənd 1 saylı orta məktəbin coğrafiya müəllimi Ənam Əmrayev və Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehman Qaraxan oğlu Əliyev şəhidlərin xatirəsini əbədiləşdirmək üçün kənd sakinlərinin vəsaiti hesabına xatirə abidəsini ucaldıblar. Bundan əlavə, şair Mehman Qaraxanoğlu 34 günə bu ağır faciəyə həsr olunmuş ilk poema – “Qanlı Yanvar” poemasını qələmə alır. Mərhum şairimiz Əhəd Muxtar onu “Öz kəfən payını saxlayan şair” adlandırır. Əsərin qəhrəmanları zahirən Qoca ilə Körpədir, amma M.Qaraxanoğlu özünəxas bədii üsullardan istifadə etməklə bu surətlərin arxasında gizlənən əsl qəhrəmanı-Xalqı tərənnüm edir. Poemanın “Proloq” hissəsində müəllif doğma yurdun ağır vəziyyəti, çəkdiyi ağrıları, yadelli basqılardan bağrı qan-qan olmuş Vətənin cizgilərini çəkir:
Sən bir zaman bütöv idin, tam idin,
Vətən, səni gör nə günə saldılar.
Göylərin əlində Cami–Cəm idin,
Taladılar, sındırdılar, satdılar,
Vətən, səni gör nə günə saldılar.(2, 82)
Müəllif sonrakı misralarda hər kəsin təhlükə altında yaşadığını, hətta körpələr üçün də təhlükə zənglərinin çalındığını ifadə edir:
Tüfəng qundağıdır körpə qundağı,
Beşiyin silaha bənzəyişi var.
Açılan, yığılan hər bələkbağı
Edam kəndiridir desəm, yeri var.(3,83)
Bu misralardan iki məna çıxır. Birincisi, düşmən hətta körpələri də özünə təhlükə hesab edir. Hər körpədə onlar gələcək düşmənlərini, onlara yönələcək silah kimi görür. Digər tərəfdən bu misralarda böyük ümid, sabahkı günə böyük inam işığı var. Bir gün bu körpələrin böyüyərək qəsbkarlara qarşı mübarizəyə qalxacağını, bu gün körpəni bağlayan bələk bağlarının gələcəkdə düşmən üçün dar ağacının ipinə çevrilə biləcəyinə eyham vurur:
Qıvrılan ilantək açılır, baxın,
Gəlir bizə yaxın, Kremlə yaxın. (4,83)
Müəllif Qoca surəti ilə son günlərini yaşayan Respublikanı tərənnüm edirsə, Körpə obrazı ilə o, (milli azadlıq mübarizlərin tökülən qanından doğulan Körpə ilə) yeni müstəqil Azərbaycanın siqnalını verir. “Qanlı yanvar” poema-rekviyemi yadelli işğal nəticəsində beşikdəki körpədən əsalı qocayadək, dənizindən torpağına, mavi səmalarına qədər təcavüzə məruz qalan vətənin kəskin etiraz simvolu kimi səslənir.
Bakıda 20 yanvar faciəsi ilə yanaşı, Lənkəranda 6 nəfərin qətli ilə nəticələnmiş 26 yanvar hadisələri də cənub regionu müəlliflərinin yaradıcılığına təsirsiz ötüşməmişdir. Bu mövzuda Mirhaşım Talışlı, Mirsalam Müasir, Şəkər Aslan, İltifat Saleh, Qafar Cəfərli, Ağamir Cavad, Arif Fərzəli, Balayar Sadiq, Bilal Alarlı, Abasağa Azərtürk, Nurəddin Muğanlı, Ziyafət Əkbər, Etibar Əhədov, İdris Şükürlü və başqaları müxtəlif səpkili əsərlər yaratmış, qəsbkarları qamçılamış, şəhidləri ağlamış və xalqın igidliyini tərənnüm etmişlər.
Lakin həmin ağır dramatik və faciəvi günlərdə baş verən hadisələrdə kişilərdən geri qalmayan, zəif və zərif cüssəsinə rəğmən şeirlərində işğalçı rus imperiyası və onun əlaltılarına qarşı etiraz səsini ucaldan Aliyə Seyidqızının yaradıcılığına bir qədər geniş toxunmaq istəyirik. Belə ki, A.Seyidqızı ki, Sov. İKP-nin qılıncının dalı və qabağı da kəsdiyi günlərdə qorxmadan, çəkinmədən istər Lənkəran şəhərinin mərkəzi meydanında - düz şəhər partiya komitəsinin binası önündə, istərsə də o vaxt yeganə informasiya vasitəsi olan Lənkəran radiosunun efirində hayqıraraq deyirdi:
“Gətirmişəm biletimi, qaytarmağı qət edirəm,
Bu partiya qaniçəndir mən ona nifrət edirəm!”(6,262)
Həm klassik, həm də heca vəznində yazdığı şeirləri ilə diqqəti cəlb edən Aliyə Miryaqub qızı Ağayeva, Seyidqızı Lənkəran şəhərində anadan olmuşdur. Onun qanlı yanvar günlərində yazdığı şeirləri böyük əks-səda doğurmuşdu. Bu şeirlərdə xalqı qan gölündə boğan yadelli qüvvələr, onların əlaltıları qamçılanır, şair bu haqsızlıqlara kəskin etiraz səsini ucaldırdı. Onun yanvar hadisələrindən bəhs edən şeirlərini 3 istiqamətdə dəyərləndirə bilərik. Birinci qismində xalqımızın başına gətirilən faciələr təsvir olunursa, 2-ci qismində bu faciəni törədənlərin ifşası öz əksini tapır. 3-cü qism şeirlər isə böyük qətliama məruz qalan xalqın qəhrəmanlığı önə çəkilir və tərənnüm olunur.
Biz əvvəlki araşdırmalarımızda şairin yaradıcılının Natəvan ruhi ilə bağlılığı barədə danışmışdıq. Bu bağın bir ucunun dahi Füzuliyə getdiyini inamla deyə bilərik. Bunun nəticəsidir ki, A.Seyidqızının yaradıcılığında mərsiyə janrı xüsusi yer tutur. Əgər Natəvan kədəri daha çox “mən”in faciəsindən doğurdusa, Füzuli babaya uzanan bağ daha çox ictimai motivlidir. Qanlı Yanvar hadisələrindən bəhs edən bir çox şeirləri də məhz mərsiyə janrında yazılmışdır. “Azərbaycan ağlayır” mərsiyəsi bizi bu faciənin ağırlığına inandırır:
Sinəsi dönüb məzara, Azərbaycan ağlayır!
Lənkəran matəm tutub şəhidlərə, qan ağlayır!. (7, 238)
Şairin qəsbkarlara nifrət püskürən üsyankar nəğmələrindən bir parça:
Anla bunu, Topxananı top dağıtmaz,
Azərbaycan od qaladır! O alınmaz! ( 8,264)
Şair, etnoqraf-tədqiqatçı, “Fövcül-füsəha” ədəbi məclisinın müasir dövrümüzdə bərpaçısı mərhum Mirhaşım Talışlı yanvar hadisələrinə həsr etdiyi şeirləri ilə faciənin ağırlığını göstərməklə yanaşı, xalqımızın mərdlik və igidlik nümunəsi göstərdiyini vəsf edir. Misra-misra bu qətliamı təsvir edən şair 1991-ci ildə “Şəhidlər xiyabanı” əsərini qələmə alır.
Onların dərdi bu gün qəmdi, müsibətdi bizə,
Lənkəranda bu xiyaban yeri diqqətdi(r) bizə. (9, 62)
Şairin “Xatirəmdə yaşayanlar” kitabında yer alan “20 yanvarda” şeirində “Bir el zəlalətə düşdü 20 yanvarda, Vətən müsibətə düşdü 20 yanvarda” deyirsə, növbəti “Yanvar gələndə” şeirində gələcəyə inam, ümid hissləri boylanır:
Şuşa, Laçın xilas olsa əgər hansı yanvardan,
Yeni il də bayram olar bizə həmin anlardan. (10, 59)
Həqiqətən, şairin arzusu illər sonra çin oldu. Şuşa da, Laçın da, Ağdam da, o cümlədən bütün Qarabağ igid əsgərlərimizin şücaəti, Ali Baş Komandanımızın dahiyanə rəhbərliyi altında işğalçılardan azad olundu.
İkinci qrup yazarlar, yəni hadisələrə bir müddət sonra üz tutan ədiblər arasında şair Ağamir Cavadın “Şəhidlərə” şeiri də adından göründüyü kimi yanvar hadisələrində canlarından keçən igid oğullarımızın şəninə yazılıb. Ziyafət Əkbərin “Şəhidlər” şeiri də öz ənənəvi ruhu ilə seçilir. “Kədərli gözlərdə damlaya dönüb, Lalə yanaqlara axdı şəhidlər”,- deyir Ziyafət.
Tanınmış yazıçı Meyxoş Abdullahın "Daşlara həkk olunan xoşbəxtlik" hekayəsi artıq çox sonralar şəhidlərimizin uyuduğu “Şəhidlər xiyabanı”nda Baba ilə nəvəsinin söhbətindən ibarətdir. Bu yığcam hekayə-dialoq ibrətamiz sonluqla bitir: “- Onlar şəhid balalarıdırlar, onları hamı salamlayır. Səni evdə təkcə atan-anan, nənən-baban salamlayır, onları isə küçədə, bağcada, məktəbdə, hər yerdə hamı salamlayır. Görürsən, onlar necə də xoşbəxtdirlər? Nəvə başını aşağı salıb susdu. Baba hiss etdi ki, cavabı nəvəsini razı salmayıbdır. Odur ki, maraq göstərdi:
- Nə oldu sənə, ağıllı balam, niyə susdun?!
Belə ki, nəvə babasına üz tutub deyir:
- Baba, kaş sənin də şəklin onların arasında olaydı... Mən də onların balaları kimi xoşbəxt olaydım...” (11)
Nümunə gətirdiyim bu əsərlərin, lirik şeirlərdən tutmuş mərsiyəyə qədər heç birində, faciəvi hadisələrin təsvirində, qatı boyaların üstünlüyünə baxmayaraq ruh düşkünlüyü, ümidsizlik hiss olunmur. Əksinə, sinəsi gülləyə tuş olan igidlərimizin qəhrəmanlığı önə çəkilməklə işıqlı sabahın gələcəyinə inam aşılanır.
Yazını hazırlayarkən bu mövzu ilə bağlı bəzi ədəbi-tənqidçilərin fikirləri ilə tanış oldum. Əksər yazılarda B.Vahabzadənin, M.Aslanın, M.Arazın, Qabilin və mərkəzdə yaşayan digər tanınmış müəlliflərin adı çəkilir. Təəssüf ki, bu yazılarda, hətta bölgə ədəbi mühitindən yazan tənqidçilərin məqalələrində də bölgə ədiblərin adına rast gəlmədik. Ədəbiyyatşünas, tənqidçi Rüstəm Kamal yazır:” Görünür, hələ bizdə şəhidlik kultu əsas kulta çevrilə bilməyib. Məsələn, Kərbəla şəhidləri bizim ədəbiyyatımızda özünə o qədər kök salıb ki, Füzulidən üzü bəri vətən şəhidləri o mükəmməl obrazların kölgəsində qalır. Bu baxımdan, bizim hələ şəhidlik kultunu qabarda biləcək səviyyədə nə mərsiyələrimiz, nə də romanlarımız var. Bu sahədə böyük bir boşluq mövcuddur. İnanıram ki, bizim müharibə travmalarımız mükəmməl bir ədəbi təcrübəyə çevriləcək...” Həmin müsahibədə yazıçı Aqil Abbas, ədəbi tənqidçi V.Yusifli, şair Vasif Sülüyman, millət vəkili, şair Musa Urud və b. iştirak edir. Amma heç birindən bölgə yazarlarının adını eşidə bilmirik. Axı təkcə cənub regionunda bu mövzuda yüzlərlə əsər yaranıb. M.Qaraxanoğlunun yuxarıda qeyd etdiyimiz “Qanlı yanvar” poeması, A.Seyidqızının üsyankar şeirləri, mərsiyyələri, M.Talışlının mərsiyələri niyə diqqətdən kənarda qalmalıdır?..
Yazımı tanınmış şairimiz Balayar Sadiqin “Şəhid ətri” poemasından bir parça ilə bitirirəm:
Yuxusuz-yuxusuz gecələrimi
Səngər dodağınla içmişəm, Vətən.
Alın yazısını öz əllərimlə
Ömrünə-gününə biçmişəm, Vətən.
Qarabağ ətirli arzum çin olub,
Vətən əsgərinin qolları üstə.
Eşqim ümid-ümid çiçəkləyibdi,
Qələbə gününün yolları üstə.
Ömrünə ağatlı bir gün yol gəlib,
Çiçəyi çırtlamış bu günə bir bax.
Hər əsgər ürəyi güzgüdür, Vətən,
Səngərdən asılmış güzgünə bir bax. (12)
ƏDƏBİYYAT
1. 20 Yanvar faciəsi ədəbiyyatımızda. Kaspi qəzeti. 22.01.18 12:15 5714
2.Qaraxanoğlu. M. Məni yola sal, dünya. Bakı: Mütərcim, 1995.- 52 s.,
3.Qaraxanoğlu. M. Məni yola sal, dünya. Bakı: Mütərcim, 1995. S.83
4.Qaraxanoğlu. M. Məni yola sal, dünya. Bakı: Mütərcim, 1995.s.83
5. Qaraxanoğlu.M. Məni yola sal, dünya. Bakı: Mütərcim, 1995,s.76
6. Aliyə Seyidqızı. Ömür qatarı. “Apostrof Çap Evi” Bakı-2009,s.576, s262
7. Seyidqızı A. Ömür qatarı. “Apostrof Çap Evi” Bakı-2009,s.576,s.238
8. Seyidqızı A. Ömür qatarı. “Apostrof Çap Evi” Bakı-2009,s.576,s.238
9. Talışlı M. Xatirəmdə yaşayanlar. Bakı-2010, Adiloğlu, s.464, s.62
10. Talışlı M. Xatirəmdə yaşayanlar. Bakı-2010, Adiloğlu, s.464, s.59
11.Meyxoş Abdulla. "Daşlara həkk olunan xoşbəxtlik".Ədəbiyyat qəzeti,28.12.2017.
12. Balayar Sadiq.https://edebiyyatqazeti.az/news/poeziya/7527-sehid-etri