Lənkəran bölgəsi yazarlarının yaradıcılığında - avanqard meyllər

XX əsr ədəbiyyatının xarakterik xüsusiyyətlərindən, göstəricilərindən biri avanqardizm cərəyanının özündə ehtiva etməsidir. Ötən əsrin 20-ci illərində Avropa ədəbiyyatında xüsusi inkişaf tendensiyası kimi diqqəti çəkən avanqardizm Azərbaycan ədəbiyyatından da yan keçməmiş, sovetlər dönəminin ilk illərində Mikayıl Rəfilinin, Səməd Vurğunun, Rəsul Rzanın və s şairlərin yaradıcılığında özünü göstərmiş, sonradan sosialist realizmi bu əbədi metodu tamamilə məhdudlaşdırmışdır.
Ötən əsrin 60-cı illərində Rəsul Rza novator şair kimi avanqard meylləri inkişaf etdirərək bir qrup gənc yazarı da öz ətrafında birləşdirərək klassik ənənələrdən fərqli ədəbiyyata yeni bir ab-hava gətirdi. Əli Kərim, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Camal Yusufzadə və s sosialist realizminin buxovlarından qurtulmağa çalışan şairlərin yaradıcılığında avanqard meyllər özünü yüksək səviyyədə göstərməyə başladı. Azərbaycan müstəqillik qazandıqdan sonra bu meyllər daha da gücləndi. "Baca", "2+", Alatoran","Bucaq" və s ədəbi qruplarda birləşən şairlər avanqard üslubda əsərlər yazmağa başladılar. Həmin illərdə Azərbaycanda "Avanqard" qəzeti də nəsr olunurdu. Ancaq akademiyanın müxbir üzvü, tənqidçi Tehran Əlişanoğlunun təbiriylə desək, bu avanqard əsərlərdə modernizm ruhu daha güclü idi. Elə Tehran Əlişanoğlunun həmin illərdə yaratdığı "Yenisi" ədəbi cərəyanı avanqardizm və modernizmin ədəbi-fəlsəfi kontekstində yanmışdı desək, yəqin ki, səhv etmərik.
Ədəbiyyatımızdakı avanqard meyllər Lənkəran bölgəsi yazarlarının yaradıcılığından da yan keçməmişdir. Ötən əsrin 60-70-ci illərində respublikada olan yeni siyasi və ədəbi ab-havanın təsiri ilə Lənkəranda Vaqif Hüseynov və İltifat Salehin yaradıcılığında avanqard meyllər müəyyən qədər özünü göstərirdi. Sonrakı ədəbi nəsillərdə isə avanqardizm meylləri xüsusi ilə gücləndi.
Bu gün Astaradan Aqil Yaqub və Mehman Qaraxanoğlu, Lerikdən Qədiməli Əhməd, Nəriman Ağazadə, Balayar Sadiq və Samir Kərimov, Masallıdan Arif Fərzəli, Kəramət Kəramət, Cəlilabaddan Bilal Alarlı, Əlizadə Nuri, Lənkərandan Sərraf Talıb, Əhməd Haqsevər, Cavi Dan, Tərlan Əbilov, Nurəddin Şaya, Ziya Dilsuz və başqalarının əsərlərində özünü xüsusi ilə göstərməkdədir.
Qeyd edim ki, adlarını çəkdiyim şairlər şeirimizin klassik ənənələrində, əruz və heca vəznlərində gözəl əsərlər yazmaqla yanaşı, klassik ənənələrə sığmayan, ənənəvi çərçivələri yaran, avanqard meylləri özündə ehtiva edən ağ şeirlər də qələmə alaraq bu sahədə də müvəffəq qazanmağa nail olmuşlar. Onların yaradıcılığını izləyərkən yeni obrazların, bədii ifadə vasitələrinin orijinallığı ilə qarşılaşırsan. Bu şeirlərdə poetik fikir sürreal və simvolik duyğular genişliyində avanqard şəkildə özünü göstərir.
Sözün aliliyinə həmişə hörmətlə yanaşan Aqil Yaqub nədən və necə yazır-yazsın, obrazlarının yeniliyi ilə diqqəti cəlb edir. Şeirlərinin birində oxuyuruq:
Mən dəli küləklərin qovduğu bulud,
İçim yağmur-yağmur.
Görürəm, təşnə bulaqların
Göylərə əl açdığını,
Çat-çat torpaqların
Sünbülə həsrət haraylarını görürəm.
Sən gözünün önündəki aydınlığa baxırsanmı?
Aydınlıq haray dolu bir səssizlikdi...
Aydınlığın səssizliyində susuzluğun həsrət harayını eşitmək şairin fitrətindən xəbər verirsə, misraların alt qatına ictimai-siyasi məna, fəlsəfi düşüncə yerləşdirmək onun istedadından xəbər verir.
Son illərdə daha çox elmi əsərlər yazıb monoqrafiyalar çap etdirən, fikrin ifadə formasına görə özünəməxsus üslubu ilə seçilən şair Mehman Qaraxanoğlunun şeir yaradıcılığında da modern və avanqard ruh çox güclüdür. Onun modern şeirlərinin özünəməxsus ifadə forması, ritmi və ahəngi vardır. Dilinin, üslubunun orijinallığı onu digərlərindən fərqləndirir.
Onun son illərdə qələmə aldığı "Ölüm incəsənətin bir janrıdır" və "Ölüm fraqmentləri" silsilə şeirləri avanqard düşüncə tərzindən yoğrulmuş poetik nümunələridir. İnsan düşüncəsinin alt qatında ölüm gizlənib. Odur ki, həyatının ən gözəl anında belə insan ölüm haqqında düşünməyin reallığını yaşayır... Bu qaçılmaz reallığı şair yeddi fraqmentə ayırır. Hər fraqment ölümün bir qatını açıqlayır. Klassikadan gələn 7 rəqəminin müqəddəsliyi avanqard düşüncə tərzinin poetik istiliyində əriyir. Şairin ölüm haqqında fəlsəfi fikirləri aşağıdakı epiloqla yekunlaşır:
Məni siz öldürdünüz. Qışqırıb eləməyin,
Qoy kirplklərim rahatca öpüşsünlər...
Sizdən əvvəl də bu dünyada var idim,
Onlar da öldürdülər...Öyrəncəliyəm...
Gedirəm mən... Heç olmasa, dost olun,
Ey köhnə qatillərlə təzə qatillər!
Mehman Qaraxanoğlunun "Ayrılıq dərsi", "Başkəndə məktub" və s şairlərində də avanqard ruh çox güclüdür. Şair ictimai ağrı-acını yeni poetik obrazlarla oxucuya çatdıra bilir.
Xalq şairi Rəsul Rzanın fransız ədəbiyyatından Azərbaycan şeirinə gətirdiyi, modern şeir üslubunda qələmə aldığı "Rənglər" silsiləsinə səs verən, bu poetik nümunələrin işığında yeni silsilələr yaradan Lənkəran şairlərindən İltifat Salehin "Rənglərin səsi", Ağamir Cavadın "Dərdin rəngləri", Əhməd Haqsevərin "Rəngli şeirlər silsiləsi" də öz avanqard xüsusiyyətləri ilə diqqəti cəlb edir. İltifat Saleh öz silsiləsində rənglərin insan duyğularında yaratdığı səsləri çeşidlərə ayırırsa, Ağamir Cavad insanların çəkdiyi dərdləri rənglərin müəyyən çalarları ilə ayırır. Əhməd Haqsevər isə şeirləri poetik rənglərlə ayırıb rəngli şeirlər yazır; ağ şeir, qara şeir, qırmızı şeir və s.
Onun "Qara şeir"ində oxuyuruq:
Ahın yandırdığı ömür.
Şaxtaçı ciyərinə hopan kömür.
Arpa çörəyi.
Paxıl adamın ürəyi.
Ağappaq kəfən.
Qürbətə dönən Vətən...
Ağ kəfənlə qürbətə dönən Vətəni qara rəngin insan düşüncəsində yaratdığı assosiativ məna ilə qafiyələyən şair şeirlərin də rəngli olduğuna oxucuya inandırır. Elə bu mətn göstərir ki, əruz vəznininin gözəl bilicisi, heca vəznində gözəl şeirlər yazan Əhməd Haqsevər ölçülərlə sığmayan sərbəst şeir növündə də avanqard düşüncəli gözəl əsərlərin müəllifidir.
Tərcüməçi, şair Sərraf Talıb da poeziyada həmişə stereotiplərin, şablonların əleyhinə olmuşdur. Onun mövzu seçimi də, mövzuya yanaşması da özünəməxsusdur və orijinal bədii ifadə vasitələrindən istifadə etməyə çalışır. "Üç nöqtə" şeirində olduğu kimi:
Yarımçıq deyilmiş sözmü,
Vüsalın sevincimi,
Yoxsa ayrılığın qışqırtısı,
Üç nöqtə...
Davamın başlanğıcımı,
Yoxsa kiminsə vaxtsız sonudur,
Üç nöqtə...
Səssiz döngədə
gicgaha sıxılan gülləmi,
Yoxsa adamyeyənlərin
yeməkqabağı rəisidi
Üç nöqtə...
Sərraf Talıbın "Bu yerin üstü də məni tanımır" kitabındakı şeirlərin bir çoxunda məhz "Üç nöqtə" şeirindəki ab-hava mövcuddur.
Sərraf Talıb haqqında dediklərimizi şair Nəriman Ağazadə Tolışi haqqında da deyə bilərik. Talış dilində müxtəlif vəznlərdə və şeir janrlarında qələmini sınayan Nəriman Ağazadə Azərbaycan dilində də avanqard meylli gözəl nümunələr yaratmışdır.
Bilirsən saat neçədi?
Nə ölü,
Nə diri,
Nə bir canlı oyaqdır.
Bağışla, Allah!
Mən dərddən yatmıram,
Səni də qoymuram yatmağa.
Yaxud:
Bir zaman
etibarın qəsrində
divarın da qulaqları vardı.
İndi
inamın xarabalığında
qulağın da divarı var.
İnsanın azadlığını məhdudlaşdıran, azad fikirlərə sədd çəkən zəmanəyə "qulağın da divarı var" ifadəsi ən gözəl bənzətmədir desək, yəqin ki səhv etmərik.
Avanqard düşüncə tərzi Samir Kərimovun sürreal şeirlərində özünü qabarıq şəkildə göstərir. Onun "Uzaqlarda" şeirində oxuyuruq:
küləyin
şəkli qalıb,
bu ağacda...
uzaqda,
lap uşaqda
bir qız dayanıb,
xatırlamır
sevgisini asmışdı
hansı budaqdan...
Qədiməli Əhmədin, Balayar Sadiq və İltimas Səmiminin yaradıcılığıda da ictimai düşüncə daha çox avanqard şəkildə öz poetik həllini tapır.
Arif Fərzəli, Əlişirin Şükürlü, Kəramətin şeir dünyası da intellektual oxucunun təfəkkür səviyyəsinə hesablanmışdır. Arif Fərzəli "İnsan olmağa nə var" şeirində:
Bir ömür bir nöqtədə
"donub" qalmaq çətindir,
qaya olmaq,
daş olmaq,
ağac olmaq çətindir, -
deyərək oxucunu donmuş daşa, qayaya yox, insan olmağa səsləyir. Çünki insan olmaq daş olmaqdan, qaya olmaqdan daha asandır. Əlişirin Şükürlü isə suprematizm adlı yeni bir ədəbi cərəyan yaratmış, esse-şeirlər yazaraq fikir və düşüncələrini tamamilə fərqli şəkildə ifadə edir.
Bilal Alarlı, Gülbala Teymur, Əlizadə Nuri və s şairlərin yaradıcılığında da modern düşüncə tərzinin, avanqard meyllərin özünü göstərdiyini görürük. Bilal Alarlı "Göynərtilər" poemasında yazır:
Oxuyursan, yoxsa ağlayırsan?
Kimi tərənnüm edirsən,
Kimə söz başlayırsan?
Məni də fikir alıb aparır
Sözün pərdələri çalan havaya.
Qol qaldırıram şivən qoparan,
haray salan havaya.
Belə ağlama sözü,
Kədərə bürüyüb,
qəmə yükləmə.
Sözü ağlamaq, sözü oxşamaq elə avanqardizmdən xəbər verir.
Anar Seyidağanın "Qadın" şeiri də avanqardizmə gözəl nümunədir:
Bəzi qızların alın yazısı
ata evində yazılar,
Bəzi qızların alın yazısını
analar yazar.
Bəzilərinin də
Zifaf gecəsində...
Hanı Tanrı Müqəddəs Məryəm
demişdi ya,
Biz yanlış anladıq -
Hər qadın müqəddəsdir.
Və hər İsa
Bir qadının
Sinəsində
Çarmıxa çəkilir.
Tərlan və Nurəddin Şayanın yaradıcılığında avanqard düşüncə daha ciddi şəkildə inkişaf edir. Tərlan təkcə sərbəst şeir növündə düyil, əruz və heca vəznlərində də özünəməxsusdur. Çalışır ki, yeni, fərqli obrazlardan, bədii ifadə vasitələrindən daha çox istifadə etsin. Məntiqi də çox güclü olur şeirlərinin.
Adam özü olmayanda
Söyüş də yaxşı çıxmır ağzından, ruh da...
İnsanları özü olmağa çağırışı bu şəkildə ifadə etmək Tərlanın orijinal düşüncə tərzindən xəbər verir.
Nurəddin Şaya deyim tərzinə görə heç kimə bənzəmir, onun avanqardlığı intellektual səviyyədə oxucu təfəkkürünə işıq salır.
Fəzilət
həmişə küləklər əsər
yarımçıq ümidlər üzərindən,
qarşımdakı qurd-quşun gözləri qıpqırmızı!
sarı-sarı axınlar,
qara-qara yaxınlar...
Nurəddinin "qara-qara yaxınlar" ifadəsindən sonra qoyduğu üç nöqtə özü çox mətləbləri yada salır.
Gənc şair Ziya Dilsuz və Aytəkin Əziz də klassik ənənələri davam etdirməklə yanaşı mode8rn, avanqard ruhlu əsərlər yazmaqla da yaşıdlarından seçilirlər. Ziya Dilsuzun:
Yandırıb göz yaşımı
Mən gecələr, tökürəm
Külünü külqabıya.
Deyirlər ki, sevgidə
Ağrılar da gözəldir,
Lənət belə ağrıya! - misraları orijinallığı ilə diqqəti çəkir və şairin avanqard düşüncə tərzindən xəbər verir. Onun bu tipli şeirləri digər gənc şairləri də avanqard ruhlu əsərlər yazmağa sövq edir.
Avanqard poeziya ruhu müasir şeirimizdə öz inkişaf dövrünü yaşayır. Şairlərimiz hələ bundan sonra daha güclü, modern, avanqard şeirlər qələmə alaraq poeziya dünyamızı zənginləşdirəcəklər.
Ağamir CAVAD
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı