Ədəbiyyatımızda ilk gəraylını divanında istifadə edən Xətaidirmi? - Araşdırma

MANERA.A şair, filoloq Vüsal Hicranın "Ədəbiyyatımızda ilk gəraylını divanında istifadə edən şair Şah İsmayıl Xətaidirmi?" araşdırmasını təqdim edir.
Salman Mümtaz yazır: “Gəraylı elinin yaratdığı mənzuməyə gəraylı deyildiyi kimi, əfşarların qoşuqlarına da ovşarı deyirlər. Bu adlar ulusların, ellərin hünərləri və bacarıqları sayəsində yaradılmış şerlərə, mənzumələrə verilən adlardır ki, bunların vasitəsilə hansı şerin hansı ulusa, elə nisbət
olduğu meydana çıxır”. (Salman Mümtaz. “Azərbaycan Ədəbiyyatının Qaynaqları”, Bakı, Yazıçı, 1986, səh. 159 )
Gəraylı janrının sabit forma xüsusiyyəti vardır:
Hər bəndi dörd misradan,hər misrası səkkiz hecadan və azı 3 bənddən ibarət olan şeir şəklidir.
İlk bənd:caba(bəzən də ccca),qalan bəndlər ddda,fffa...və b.şəkildə qafiyələnir.
Əksər tədqiqatçılar düşünürlər ki,gəraylı qəzəlin bir beytindəki misraların iki yerə bölünüb dörd misra şəklində verilməsinin təsiri ilə formalaşıbdır,Füzulinin bir beytini bu şəkildə qafiyələndirsək,zahirən gəraylının orta bəndlərinə bənzəyər:
Deyildim mən sənə mail,
Sən etdin əqlimi zail.
Mənə tən eyləyən qafil,
Səni görcək utanmazmı?
Divanına ilk dəfə gəraylıları(çoxlu sayda) və qoşmaları əlavə edən şair Ş.İ.Xətayi olsa da,gəraylının ilk nümunəsinə Orta Asiyada sufizmin inkişafına müstəsna təsir göstərən Şah Qasim Ənvarın yaradıcılığında rast gəlirik.Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, Əlişir Nəvai Şah Qasim Ənvardan yetərincə faydalana bilmişdir və Qasim Ənvar vəfat etdikdən sonra onun qəbrri üəzərində gözəl bir məqbərə tikdirmişdir. (Xəlil Yusifli.Əliyar Səfərli."Azərbaycan ədəbiyyat tarixi".Səh.357.)
Onun “Ənisul-aşiqin” (“Aşiqlərin dostu”), “Təvəccöhnamə” (“Diqqət kitabı”), “Sual-cəvab”, “Risaleye-vücud” (“Varlığa dair risalə”) əsərləri də məlumdur.
Şah Qasim Ənvar fars və Azərbaycan dillərində yazıb yaratmışdır.
Maraqlıdır ki, onun "Divan"ında bir gəraylı vardır.Azərbaycan dilində yazılan bu gəraylı həm də varsağı-gəraylıdır."Varsağı"sözü "varsaq"adlı elin, qəbilənin, yerin, hətta eyni adlı musiqi alətinin adı ilə əlaqələndirilir.
Prof.Xəlil Yusifli ("Orta əsrlər aAzərbaycan şeirində janrlar və bədii ifadə vasitələri".Bakı.2017.səh. 66) yazır:
"Bizə elə gəlir ki, birinci bəndin ikinci misrası bütün bəndlərin sonunda təkrarlanan qoşmalar da varsağı janrına aiddir".
Xatırlatmaq yerinə düşər ki, prof.Mirəli Seyidov aşağıdakı gəraylının(erməni mənbələrindən əldə etdiyi)İ.Nəsimiyə məxsus olduğunu vurğuıayırdı:
Doğduğuya inanma gil
Çünki doğan öləsidür.
Ol yeri-göyü yaradan
Hamangil ol qalasıdur.
Kimsənin malın yeməgil,
Bu bana qalır deməgil.
Ol siyasət meydanında
Haqlı haqqın alasudur.
Ey Nəsimi, qayırmagil,
Çünki doğdun ölmək içün
Çün topraxdan doğdu tənun,
Genə toprak olasudur.
Şah Qasim Ənvar "Divan"ında rast gəldiyimiz varsağı-gəraylə belədir:
Sabahın olsun mübarək,
Çələbi bizi unutma.
Səlam ilə can verdik
Çələbi, bizi unutma.
Aşiq olduğum bilirsən,
Canıma cəfa qılırsan,
Hali-zanmı sevirsən
Çələbi, bizi unutma.
Oda yaxsan xanım sən
Yerə töksən qanım sən
Çələbi, dilim, canımsan
Çələbi, bizi unutma.
Şah Qasim Ənvar(1556-1434)
Bütün bu deyilənləri ümumiləşdirib qəti şəkildə demək olar ki,yazılı ədəbiyyatda həm gəraylının,həm də varsağı-gəraylının ilk kamil nümunələrinə Xətayinin "Divan"ında rast gəlinir.
Qaibdən dəlil göründün,
Dədəm, xoş geldin, xoş gəldin!
Bizi sevib sevindirdin,
Dədəm, xoşgəldin, xoş geldin!
İKi can idik birləşdik,
Məhəbbət qapısın açdıq,
Şükür didara irişdik,
Dədəm, xoş gəldin, xoş gəldin!
Üstümüzə yol uğratdın,
Gövhər aldın, gövhər satdın,
Ərliyini isbat etdin,
Dədəm, xoş gəldin, xoş gəldin!
Bir ağacda güllər bitər,
Dalında bülbüllər ötər.
Şahıma bərgüzar gedər,
Dədəm, xoş gəldin, xoş gəldin!
Boylə, Şah Xətaim, böylə,
Pirim dəstur versin söylə.
Şaha məndən niyaz eylə,
Dədəm, xoş gəldin, xoş gəldin!
(Ş. İ. Xətayi)
O cümlədən Xətayi"Divan"ında 6 bənddən ibarət "Ğazilər deyən şah mənəm",5 bənddən ibarət "Qalsın könül, yol qalmasın"varsağı gəraylıları da bu qəbildəndir.Xətayi divanına daxil olan 9 bayatı(8-də təxəllüsü verilir), 22 qoşma, 12 gəraylı(varsağı ilə birlikdə) divan ədəbiyyatında heca vəzninin ilk kamiıl nümunələri sayılmağa layiqdir. Bu janrfa yazılan şeirlərin əksəriyyətinin mövzusu şiə-qızılbaşlıq ideyalarının tərənnümünə həsr olunub.
8 hecalı şeirlərə bəzən "səmai şeirlər" də deyirlər.
Türk təsəvvüf ədəbiyyatında bu janra tez-tez rast gəlmək olar,səmai həm əruz,həm də heca vəznində yazılır:
İncəcikdən bir qar yağar,
Tozar əlif əlif deyə .
Dəli könül abdal olmuş,
Gəzər əlif əlif deyə. (Qaracaoğlan)
Təsəvvüflə bağlı mənbələrdə Xətayinin bəzi varsağılarının "səmai"adı ilə verilməsi də onun ilahi-sufi məzmunu ilə bağlıdır.
MANERA.AZ