Qafiyə əsarətində...| MANERA.AZ
manera.azƏl havasıyla qafiyələrin arxasınca gedən bəsirətsiz sözlər...
Qafiyələri Bənd-lərdən öncə axar suya vurulan tirlərə də bənzətmək olar...
Müəllifə elə gəlir ki, bəndləri tutub saxlayan bu tirlərdir. Ona görə də onları bacardıqca dərinə (mükəmməl və müfəssəl qafiyələr!!!) vurmaq istəyirlər. Elə ki, bu iş səliqə ilə başa çatır, misralar yüksək elastikli məftillər kimi qafiyə-tirlərə hörülür... Və bəndlər sıralanır...
Bəllidir ki, axar suyun özü ilə gətirdiyi hər cür nəsnə ümumi Bənd-ə gəlib ilişir. Misralar də eyzən belədi – yüklü, yüksüz, obrazlı, obazsız axıb gələrək yolun qafiyəli sonuna yetişir. Burada qafiyələr onları ədəb-ərkanla qarşılayıb yerlərində oturmağı məsləhət görürlər. Ayrı əlacı olmayan üzüyola misralar mağmın-mağmın baxırlar...
Şeirimizi Əruz doğdu... Əruz həm atadı, həm də ana... Yanlış olaraq “Azərbaycan şeirinin ana vəzni hecadır” – deyərək ikinci bir ana obrazı yapdılar. Əslində diqqət yetirsəydilər, görərdilər ki, Heca-nı da Əruz doğub... Fikrimizin sübutuna rəğmən, təkcə Füzulinin “Məni candan usandırdı” qəzəlinin daxili bölgüsünə baxmanız kifayət edər. Tam bir gəraylı qiyafəsi... Hələ öncədəkiləri – Nəsimi və Qazinin şeirlərini demirəm.
“Dədə Qorqud” eposundakı heca ruhu da öz mənbəyini əruzdan götürüb üzübəri axır. “Qanı dediyim bəy ərənlər?!” əruz ləngərliyinə sığınıb.
Bir fərd olaraq şairin “doğması” üçün Əruzda hər cür şərait vardır. Söhbət əsl şairdən gedir və o, burada “bic misralar” doğa bilməz! Xüsusən, qəzəl bu sarıdan “hünər bostanının gülü”dür. (Füzuli)
Beyti şərti olaraq qəzəlin bəndi də hesab eləmək olar. Beytin ərazisi kiçik olduğundan şairin əlavə “gəzişmələri” üçün şansı qalmır. Ona görə də misraları daha uğurlu, obrazlı və keyfiyyətli linqvistik vahidlərlə doldurmağa məcburdur.
Belə qənaətə gəlmək olar ki, bəndin ərazisi nə qədər kiçik olsa, o qədər yaxşıdır. Yapon hokkularını xatırlayın. Qafiyələrdən imtina onları düşüncə şedevrinə çevirir. Onlarla rəqabətə girə biləcək folklor nümunəsi yalnız bayatılarımız ola bilər. Lakin çox təəssüf ki, bayatılarda 1 və 2 misralar sonuncu iki misra üçün “zəmin” yaratdığından bu rəqabətə davam gətirə bilmirlər. Üstəgəl, qafiyələrin sırtıqlığı...
Məlum olduğu kimi, heca vəznli şeirlərimizin hər bəndi dörd misradan ibarətdi. Bu da geniş ərazi deməkdir. Xüsusən, qoşma və gəraylı daha populyardır. Əsl həngamə birinci bənddən sonra başlanır. Qafiyə, hakimiyyəti öz əlinə alaraq meydan sulayır. Üç misranın qafiyələnməsi fikrimizə sübutdur. Və şair də özünü qafiyələrin rəngli çətirləri altına gizlədə bilir...
Bugün yalnız qafiyələrə hesablanan şeirlər baş alıb gedir. Şairlik az qala texniki göstəricilərlə ölçülür. Lakin sözümüzdən belə çıxmasın ki, sərbəst şeirlərdə belə “xaltura” mümkün deyildir. Bəla orasındadır ki, “qafiyəsi ceyran belinə” çıxan belə şeirlərdə də baş girləmək çox rahat olub. Ərazisi “sərbəst” olan bu şeirlərdə şair çox zaman heç bir meyar gözləmədən istədiyini edir. Atını sağa da çapır, sola da. Yerinə düşməyən bir müqayisə aparaq: Bir var sənin ərazin iki sot ola, bir də var on iki sot. İki sotda məcbursan ki, öz komfort yaşayışın üçün on iki sotda eləmədiyini eləyəsən. Buna görə də ərazi azala-azala keyfiyyətin artma ehtimallları çoxalır...
Sərbəst şeirin birlik, ikilik, üçlük deyilən xırda növləri vardır. Qumbara effektli bu şeirlərdə şairin həm zamanı, həm də ərazisi çox azdı. Necə deyərlər, burada taktiki gedişlər eləmək üçün macal yoxdu... Bircə yolun var: Sənə verilən məkanı məna ilə doldurmaq!
Hokkuları yenə xatırla!
Bugünün “ağ” şeirləri niyə üzümüzü qara edir?! (Söhbət çoxluqdan gedir!)
Əvvala, mütaliədən əxz olunanlar ard-arda düzülərək “ağ şeir” adı ilə təqdim olunur.
İkincisi, günün günorta çağında çıraqla da gəzsən, şair “mən”ini tapa bilməzsən. Başqa sözlə desək, özünəməxsus şair obrazını. Heç şair də öz obrazını axtarmaq fikrində deyildir.
Üçüncüsü, həm də başlıcası, şairlik sevgilərlə, ayrılıqlarla, hər cür ağrı-acılarla, səmavi təbəssümlərlə doluca bir ömürdü, bunu yaşamadan necə yazmaq olar?!
Bir anlıq düşünək ki, heca vəznli şeirlərimiz bir-biri ilə qafiyələnməyən fəlsəfi yüklü ikiliklərdən ibarətdir. Nə baş verəcəyini təsəvvürünüzə gətirə bilərsinizmi? Onda “dünya qəfil işıqlanacaq...”, hər şey apaydın görünəcək... və çox sayda şair qələmini yerə qoyacaq. Onların içərisində “məşhurlar”ı görəndə isə təəccüblənməyəsiniz...
MANERA.AZ