Fraqmentlər işığında - Səfail Qurbanlı yazır
MANERA.AZ Səfail Qurbanlının Mehman Qaraxanoğlunun “Ölüm incəsənətin bir janrıdır” silsilə şeirləri haqqında yazısını təqdim edir.
“Oxudum, ustad. Bu, dəhşətdir. Və bilirsiniz ani nə düşündüm, şeiriyyət birdən sizi alim olmağınıza bağışlamayacaq”. S.Qurbanlı
... Lirik qəhrəman öz-özü ilə dərdləşir, hal-əhval tutur. Kənd adamları bir-bir gözünün önündən keçir. Yoxluq, tənhalıq bütün ruhuna sirayət edib.
Xatirələri acı dadır. Bütün olanların fonunda "Var ol, doğum günüm! " - deyə öz-özlüyündə mənəvi bir mübarizə yolu tapır. Əslində VAR OLMAQ silsilə boyu hadisələri qarabaqara izləyir...
Yazar bir tərəfdən də doğum gününə sonsuz sevgi və sayğını ifadə edir,ötüb keçənləri bir-bir xatırladığına görə...
.... Və sağlığa içir. Onlar isə artıq yoxdu. Var olan xatirələrdir. Şair bu yoxluğu səs-küylü, xüsusi tərz, təmtəraqla deyil, səssiz, həm də nisgilli, nigaran bir ovqatla çatdırır:
Sənə andım yoxdu, doğum günüm,
And olsun əlimdəki qədəhə!
Atam, anam, bacılarım getdi,
Dostlarım getdi,
Sevdiklərim getdi,
Getdik e...
Ədəbi silsilə təzadlar üzərində qurulub.Gedənlərln qəhəri, gələnlərin qədəri... Ancaq bu qəhər də, qədər də bir özgədir, məxsusidur...
Baxaq:
Göz qapaqlarını qaldırmağı xeyli çəkib
Tezcə qapayıb.
Adama yer eyləyir ki,
Bu qədər zəhməti hədər gedib.
Sonra gözlərinin küncündən yaş gilələnib.
Salam olsun göz küncünə!
Kişi bu qədər göz yaşını burada necə saxlayıb?
...Şeiri zəngin edən poetik xitablar haqqında bir ayrıca yazmaq olar. Elə butün sorğuların cavabı da məhz bundadır. O, doğmalarını bir-bir anır...
Xitab edir. Hətta obyektlərə müraciət edir. Bütün sorunlara bir cavab axtarır...
Olaylar-olanlar elə həyatın içindən gəlir.. Ziqzaqvari... Labirintli....
Hardasa bir yerdə nəsə bitir... Bu doğurdanmı belədir? ... Sonra bir yenisi başlayır... Yox,elə onlar bir-birinə bənzəyir, bir-birinin davamı kimidir....
... Bu silsiləyə daxil olan şeirlərin misraları kimi insan taleləri də elə yarımçıqdı. Bu mənada əsərin mövzusu ilə strukturu da iç-içədir, bütövdür....
Lirik qəhrəman sevimlilərin taleyini ümumiləşdirir. Onlar sonsuzacandı. Bəs niyə fraqment? Bu söz hardan çıxdı?
Ölüm özü elə fraqmentdir, həyatın özü də... Yazarın bütün həyatını da məhz məşğul edən məhz bu fraqmentlərdir. Onlar əbədi yaddaşına, daha sonra ruhuna həkk olunub. Qopmur. Əbədi onunladır.... Ya yaddaşının bir küncündədir, ya da qəlbinin dərin bir guşəsində... Fərqi yoxdu, sonsuzacan onunladır:
... Evimizdəki kilimin
Əvvəl saçaqları töküldü -
Bəmbəyaz dişlər!
Sonra
üzündəki xovu
küt bir ülgüclə yoldu zaman.
... Hər fraqment bir əlçim ağı, bir yarpaq ağrıdır.... Onları bir kök - bir ürək birləşdirir... Ürəkdən qopan ayrı- ayrı sədalar, həzin pıçıltılardır...
Başdakı ağı - ağrı ruhu sonacan enib - qalxan xətlə davam edir... Əsər həyatın içindən gəlir. obraz olaraq da, ağrı olaraq da...
Yazar hər fraqmentdə fikir, düşüncələrini yüksək poetik ustalıqla ifadə edir.
Diqqət edək:
.. Düz-dünyanı basan ağappaq qarın önündə
insan günahkarlığı necə də miskin görünür, ilahi
... Şeirləri oxuduqca rastına çıxan yeni, orijinal deyimlər sanki sakit və aydın səmada qəfildən çaxan ildırım təsiri bağışlayır... Əlbəttə, bu cəhət şeirləri fərqli edir. Bir də əsəri oxunaqlı edən oxucunun həmin ağrını özününkü kimi duyması, hiss etməsidir... Oxucu bu ağrını başına çəkə bilir.
Onunla baş- başa, çiyin- çiyinə hər fraqmentin ideya istiqamətini cızır.Ona ağrılar qədər adlar da doğma gəlir... Ağrılar kimi, adlar da ZAMANIN əqrəbləritək hardasa ilişib qalır.... Sonradan fraqmentlər kimi oxucusunu tapır və qəlblərə nüfuz edir....
Şair uğurlu rəqəmlərə belə spesifik yanaşır, demək olar hər ifadəsində öz dil - üslubuna sadiqdir.
O darıxmağın rəsmini cızır. Bu, dəhşətli tablodu..
Baxın:
.. Xəstəxana divarlarının rəngsiz yalqızlığnı
İçinə sümürə-sümürə
Sonuncu siqaretinə dil töküb yalvaran atam...
Bu misralarda yalqızlığı bu cür canlandırmaq bədiyyatda yepyenidir.
Və yaxud;
Sanki ölümlə
Uşaqlıq illərində olduğu kimi
“Kim evə tez çatar?” oyununu oynamışdı.
Pillələri tez qalxdı,
Ölüm bir pillə geri qaldı.
Özünü çarpayıya yetirib:
Uddum – dedi!
.. Bu poetik parçanı şeirdən çıxarsaq belə, faktdır ki, möhtəşəmliyini qoruyan müstəqil bədii portret kimi yenə diqqətçəkicidir.
... Fraqmentlər həcm etibarı ilə kiçik, epizodik olsa da, epoxal səciyyə daşıyır. Geniş bir dövrü, həyatı, mühiti əhatələyir. Burada istənilən rəqəm sadəcə tarixi fakt deyil, bu, həmçinin fikrin daha təsirli, emosional ifadəsinə xidmət edir.
Şeirlər avtobioqrafik səciyyə daşısa da, lirik obrazın məxsusi duyğu-duşüncələrilə məhdudlaşmır, geniş masştabda insan mənəviyyatına, onun daxili aləminə işıq tutur.
.... Silsiləni müasir edən faktorlardan biri və ən başlıcası milli ruhudur. Görünür, şair xalq çeşməsinə dərindən bələddir. Xalq hikmətindən uğurla və ustacasına faydalanır. Bu, şeirləri qüvvətləndirən məziyyətlərindən biridir.
Fikir verək:
Rza əmini torpağa tapşırdıq,
Açığı, bilmək olmaz kimi kimə tapşırmışıq.
Bu, bəlli məsələ,
Özü bilər torpaqnan!
Və ya:
Səni niyə sətirdən-sətrə keçirmək olmur, “ölüm”?
Gedək! Bir yerdə bölünək,
Gedək! Düş qabağıma!
Çağımızda və ya ümumən ədəbiyyatımızda ölümü bu şəkil - tərzdə ifadə etmək ilkdir.
Silsilədə milli çalar, doğal düşüncə tərzinə qədər güclü olsa da, şairin hadisələrə postmodernist nəzərdən yanaşması xüsusi maraq doğurur.
Belə ki, əsərdə sabit forma, qəliblər əski konstruktiv meyillər görünmür. İlk baxışdan bir qarışıqlıq, bədii xaos hökm sürür.Və qəfil daxili bir ədəbi nizam prosesləri - hadisələri cilovlayır, müşayiət edir. Bu, sıradan silsilə bir ədəbi fakt - nümunə deyil, misilsizdirlər.
Bir də diqqət edək:
Gör kimlər keçdi böyrümdən:
Dostlarım
Mənim ən müqəddəs yerim böyrümdü, böyrüm...
... Şair təkcə həyatları, ömürləri, taleləri xatırlamır, bədii suallar vasitəsilə bəzən oxucunu da ədəbi polemikaya dəvət edir, qəhrəmanlarının təqdimatında seyredici qismində qalmır, açıqdan-açığa münasibət bildirir....Oxucunu düşündürməyi bacarır.
Obrazlardan yana oxucu da sızlayır, köks ötürür. Bütün bunlara baxmayaraq, şeirlər nikbin ovqat üzərində qurulub.
Silsilədə bəzi situativ məqamları yazarın çağdaşlarına ötürdüyü ciddi ismarış - mesaj kimi qəbul etmək olar.
Bütün hallarda şeirlər poetik siqləti, bədii məziyyətləri və ən əsası da orijinallığı ilə seçilən ədəbi hadisədir.
... Söhbətimin sonunda yadıma nədənsə şairin aşağıdakı misraları düşdü;
Yaşadım,
Ya yaşamadım
Gəldim,
Ya gəlmədim
Bax, indi kimin yanına qayıdım, kimin?!
Onlar məni tanıyacaqlarmı?
Ustad, əminliklə deyə bilərəm ki, Sizi hamı tanıyır və bizimlə qalın!!!
Səfail Qurbanlı
Bəlləbur kənd tam orta məktəbinin direktoru
Lənkəran - 2025