Ruhumuzun Mirzə Cəlil yanğısı - Səfail Qurbanlı yazır

Tənqidçi-esseist Mehman Qaraxanoğlunun “Mirzə Cəlil yanğısı” dərs vəsaiti Mirzə Cəlilşünaslıqda orijinallığı ilə diqqət çəkən qiymətli bir tədqiqat əsərdir.
Söz yox ki, Dahi Mirzə Cəlilin zəngin, çeşidli yaradıcılığının müxtəlif aspektdən təhlili ilə bağlı yetərincə əhatəli və dolğun yazılar mövcuddur. Ancaq tənqidçi-alim Mehman Qaraxanoğlu bu əsərində Mirzə Cəlil irsinə yeni rakursdan yanaşır; ekspressiv-emosional, yığcam fəlsəfi təhlillər fonunda mətnlərin sirli, məchul tərəflərini böyük fəhm və ustalıqla üzə çıxarmağa nail olur. Bu mənada oxucu, tədqiqatçının qələmində Mirzə Cəlil dühasının geniş masştabda fərqli, həm də bənzərsiz elmi-nəzəri təhlili ilə ilk dəfə tanış olur.
Tənqidçi-alim dahi Mirzə Cəlilin ölçüyəgəlməz, bədii siqləti və estetik məziyyətləri ilə seçilən mətnlərini təkcə ədəbi hadisə kimi deyil, həm də böyük bir epoxanı özündə ehtiva edən tarixi faktlar kimi dəyərləndirir, Mirzə Cəlil yaradıcılığı haqqında fikir söyləyən dahi söz ustadlarından ardıcıl və sistemli şəkildə bəhs edir, tutarlı faktlar gətirir.
O, Firudin bəy Köçərli, Əziz Şərif, Qulam Məmmədli, Abbas Zamanov, İsa Həbibbəyli kimi “öz ömrünü Mirzə Cəlil ömrünün nəhəng nəhrinə qatıb sularında yana-yana əridən” böyük şəxsiyyətlərin Mirzə Cəlil dühası haqqında özünəxas fikirlərini, Cəlilşünaslıqda xidmətlərini iftixarla təqdir edir. Bir yerdə Efesli Heraklitin məşhur frazasını xatırladır.”İnsanın xasiyyəti onun taleyini təyin edir”. Və özü də anında məntiqi bir əlavə edir: “İnsanın sevdiyi yazıçılar da onun kimliyini göstərir, hansı əqidə və mənəviyyata sahib olduğunu xarakterizə edir”.
Tənqidçi-alim bu fikirləri Cəlilşünas alim, böyük vətənpərvər İsa Həbibbəyli haqqında söyləsə də, əslində, özündən də yan keçmir. Kitabın əvvəlində qeyd edir ki, Mirzə Cəlili bütün varlığınla sevmədən onun haqqında gözəl yazmaq müşkül məsələdir.
Araşdırmanı uğurlu edən faktorlardan biri də müəllifin böyük Cəlilin Vətənə, Millətə, Ana dilinə olan sevgisindən yoğrulan, milli təfəkkürün və təkamülün koordinatlarını cızan mətnlərini müasir dünya və milli ədəbiyyatşünaslığın nəzəri problemləri ilə təhlildə üzə çıxarmasıdır.
O, böyük mütəfəkkirin ədəbi yaradıcılığı haqqında yığcam-lakonik, sadə, rəvan bir dillə danışır. Tədqiqat yorucu söz-ifadələrdən, uzun-uzadı təhkiyə -epizmdən kənardır. Müəllif fikrini bəzən hissi-emosional tərzdə çatdırır. Çox vaxt suallar verir və özü cavablandırır. Bu, tədqiqatın bədii təsir gücünü artırır, onu yeknəsəqlikdən, monotonluqdan uzaqlaşdırır. 
Müəllifin ədəbi manevrləri, dil-üslüb tərzi, həm də Böyük Cəlilin yaradıcılığında müşahidə olunan həmənki ədəbi texnikadır. Deməli, dəyərli alim böyük Cəlil mətnləri haqqında danışanda həm də əsərin forma-texniki tərəfini də mövzuya uyğunlaşdırmışdır. Bu, əsl ustalıqdır. Bir də tənqid-alim dahi Cəlilin taleyi ilə öz taleyi arasında mənəvi bir bağ-rabitə tapır.Və ona olan sevginin də buradan qaynaqlandığını vurğulayır. Aramsız, mübhəm sualların sorağındadır: ”Niyə o mətnləri əvvəl görməmişəm? Sonra cavab verir: “Görmək üçün o dahinin yaşadığı hallara bənzər hallar yaşamalıydım”. Yenə bir irreal, ilahi bənzərlik axtarışı … O bildirir: ”Mirzə Cəlilin bütün yaradıcılığı o qəribə halların-gözlənilməzliklərin, ”metafizik” situasiyaların proyeksiyasıdır”. Bəli, əsl həqiqət də elə buradan başlanır.
Bu əsnada müəllif Anar və Mirzə Cəlilin ruhi bağlarından söz açır. Maraqlı qənaətlər əldə edir. Oxucunu düşündürür.
Və deyir: ”Sözlər insanlarsız da savaşa çıxa bilirlər”.
Tənqidçi-alimə görə, məsafədən asılı olmayaraq, ədəbi nəsillər arasında ruhi doğmalıq deyə bir anlayış var. Bunu həm də sənətkarları bir-birinə
çəkən mistik bir enerji adlandırır.
Və paradoksal, həm də vacib bir nüansa toxunur. Bu enerji mənbələrini bilərəkdən gizlədənlər var. Yəni ”körpüləri yandıran” sənətkarlar olsa da, o körpüləri ayağının altından başının üstünə qövsi-qüzey kimi qaldıran böyük sənətkarlarımız da var”, - deyə poetik bir bənzəyişlə nikbinliyini, həm də ədəbiyyat təəssübkeşliyini qətiyyətlə ortaya qoyur.
Alim-esseist tərəddüd etmədən ədəbi varisliyi simvolizə edən “Ruh məktəbi”nin mənəvi-virtual varlığından söz açır və Mirzə Cəlil yaradıcılığına hələ sovet-kommunist rejimi dövründə cəsarətlə müraciət edən Anarı haqlı olaraq bu kateqoriyaya aid edir. Anarın “Yaxşı padşahın nağılı”, “Anlamaq dərdi”, ”Molla Nəsrəddin-66” əsərlərinə fərdi, fərqli rakursdan yanaşaraq, böyük Mirzə Cəlillə Anar mətnlərini bir araya gətirir və “nə dəyişilib?” - deyə sual verir. Böyük tənqidçi məharəti ilə zamanın mətninə deyil, mətnin zamanına diqqət yönəldir. Araşdırmanın aktuallığı və müasirliyi də məhz bundadır. Dəyərli alimin sözlərinə diqqət edək: ”Anlamq dərdi” essesini tələbə ikən oxudum, necə sarsıldığımı indiki kimi xatırlayıram”.
Beləliklə, o təkcə Böyük Cəlilin faciəvi taleyinə görə deyil, həm də bu əsərdə mövcud rejimin-qırmızı imperiyanın bədii-estetik dəyərlərə olan inamın üstündən xətt çəkdiyindən sarsılır. Müəllif “Anlamq dərdi” essesi haqqında danışarkən bəlağətli, mürəkkəb quruluşlu cümlələrə, təmtəraqlı söz-ifadələrə yol vermir. Dövrün xarakteristikasını, Anar cəsarətini, dahi Mirzə Cəlil böyüklüyünü ədəbi müstəvidə canlı bir dillə oxuculara təqdim edir. Elə essevari - sadə, hissi və səmimi bir tərzdə!!!
Tanınmış esseist Anarın “Anlamaq dərdi” əsərində Dahi Mirzə Cəlil yaradıcılığına yeni münasibət və strategiyanın ilkin rüşeymlərini faktlarla təqdim edir. Və müasir oxucunu qürurlandıran daha bir faktor: Cəlil yaradıcılığının dünya ədəbiyyatı kontekstində struktur-ideya istiqaməti baxımından analoji təhlilə cəlb olunmasıdır. (F.Kafka-Mirzə Cəlil)
Maraq doğuran məqam Anarın mühiti və müasirləri ilə dahi Cəlil mühiti və müasirləri arasındakı qəribə oxşarlıqda idi. Əvvəlcə qeyd etdiyim kimi, müəllif əbəs yerə Ruh və tale bağlılığından söz açmırdı. Deməli, onun bu fikri burda bir daha öz məntiqi təsdiqini tapır. Bəzən müəllif sanki oxucu ürəyini oxuyur, təşviş və təəssüflə təkrarlayır: Sözün bitdiyi yerdi!
Tənqidçi-alim yazır: “Anarın vaxtı bitib tükənməyən sonsuz boşluğa , mənasızlığa, kütləvi manqurtlaşmağa (Mirzə Cəlildə “Yallı”ya)və ümumən, avtoritar rejimə qarşı fəlsəfiləşmiş bir müqavimət modelidir. Bu fikirlər Anar yaradıcılığına dolğun və düzgün qiymətlə yanaşı, həm də o dövrün səssiz və müdhiş mənzərəsinin acı təzahürüdür.
O, Anar əsərlərinin fantastik, bədii gücündən danışarkən “Asılqanda işləyən qadının söhbəti”nə xüsusi nəzər yetirir. Asılqanı psixoloji partlayış məkanı kimi qələmə verir. Ancaq bu partlayış səssizdir. Müəllifin dili ilə desək , onsuz həyatın səsi çıxmır, qışqıran bizik. Əsərin sonunda kəskin dramatizmin, gərgin psixoloji ovqatın oxucuda doğurduğu hissin sorunu nədir?-deyə düşünür. Və cavabını da yenə Dahi Mirzə Cəlil yaradıcılığında axtarır. Yenə o həmənki bağ və Ruhi bənzəyiş…
Hətta adların struktur, semantikasından tutmuş, xarakter və talelərinədəki oxşar parametrlər bunu deməyə bir daha əsas verir…
Kitabı oxunaqlı edən cəhətlərdən biri də müəllifin milli-ideoloji dəyərlər kontekstində zaman sərhədini asanlıqla aşıb keçməsidir. Bu baxımdan “Gültəkin abidəsi”ndəki ağrılı sualın cavabını da məhz dahi Cəlilin “Anamın kitabı”əsərində tapır. Tənqidçi-alim yazıçının ilk qələm təcrübəsini xəstəlik tariximizin ilk səhifəsi adlandırır. Və bu aspektdən əsəri Qoqolun “Müfəttiş”i ilə müqayisə edir. Fərq isə əsərin simvolik ruhunda idi. Ümumiyyətlə, adlara gələndə müəllif onları fonetik tərkibə, tərtibə görə deyil, kontekst daxilində qrammatik funksiyaya görə deşifrə edib oxumağı lazım bilir. O, Mirzə Cəlilin ədəbi görüşləri haqda fikirlərini yüksək sənətkarlıqla çatdırır. Əsərin dövrünü - 19-cu əsri qalxanış dövrü adlandırır və bildirir ki, əsərdə alternativ hakimiyyət modeli verilir. Əslində, müəllif burada əsərin bir tarixi mənbə olduğu faktını da diqqətdə saxlayır. Böyük Cəlil qələmindən çıxan ədəbi hadisə həm də bir tarixi həqiqətin işartsı, təzahürü, modelidir.
Tanınmış alim Mirzə Cəlil qəhrəmanlarına bəzən dünya ədəbiyyatı kontekstində qlobal, elmi-nəzəri səviyyədə yanaşır. Yeni orijinal təhlillər, uğurlu və sanballı müqayisələr aparır. O, Mirzə Cəlil realizmini özünəxas formada realizə edir. Yəni, necə? Yüksək teperaturda metal öz şəklini necə dəyişirsə, Mirzə Cəlil realizmi də gerçəkliyə şiddətli münasibətdən öz ilkin şəklini o cür dəyişir”. Bu cəhətdən də o, Dahi Mirzə Cəlili məşhur İspan rəssamı Pablo Pikasso ilə müqayisə edir. Mirzə Cəlil yaradıcılığının hissi-emosional stillə dünya ədəbiyyatı, incəsənəti aspektində fundamental, elmi nəzəri təqdimatı və təhlili şünaslıqda bir ilkdir!
Tənqidçi-alim bildirir: ”Qurbanəli bəy öz taleyinin havasını çalır, Novruzəli isə dövlət strukturları arasında var-gəl edən minlərin ümumiləşmiş obrazıdır. O, illərcə Novruzəliyə aid edilən “avamlıq damğası” kimi ağır ittihamın yanlışlığını isbatlayır. Ən əsası, obrazların təhlilində onların elə öz sözləri ilə kimliyini təsdiqləyir. Əvvəlcə dediyimiz kimi, müəllif üçün mətn mühüm çıxarışdır, maddi sübutdur.
Hadisələrə münasibətdə də müəllif situasiya ilə bağlı suallar verir və çox vaxt bu sualların cavabını da elə böyük Mirzə Cəlil mətnlərində axtarır.
Tanınmış alim totalitar rejimin doğurduğu acı və saxta tərəflərini kəskin tənqid hədəfinə çevirir. Vətəndaş mövqeyini cəsarətlə müdafiə edir. Oxucunu dövrün xaotik, sxolostik aurası ilə bir daha tanış edir. Və Cəlil dühasının bu qaranlıq mühitdə necə intişar tapdığını təfərrüatı ilə sözün ecazkar qüdrəti hesabına məharətlə açıqlayır.
Bu həm də Cəlil yaradıcılığına məkrli əllərini uzadan yerli qaragüruhçulara bir ismarışdı. Yenə tənqidçi-alimin fikirlərinə qayıdıram. Burada zamandan söhbət getmir. Deməli, dahi Cəlil mətnlərinə dodaq büzənlər o vaxt da var idi, indi də… İndi həmin adamlarla mətnin özü döyüşür. Tanınmış tənqidçinin də məsələyə bu prizmadan yanaşması mütləqdir və mükəmməldir.
O bildirir ki, Cəlil qələmində hər şey hesablanıb, ölçülüb-biçilib, heç nə artıq və yersiz deyil. Eləcə də, tənqidçi-alimin bu yazılarında da Mirzə Cəlil portreti təhlillər: münasibətlər, müqayisələr fonunda tam və bütöv görünür. Cəlil haqqında xırda nüansa belə diqqətlə yanaşır. Mətni cümlə-cümlə arayır, söz-söz arıtlayır… Dahi Cəlil haqqında yazılan əsərləri çözdükcə öz tənqidçi mövqeyini də anında bildirir. Əslində, Anar haqqında bildirdiyi ruh oxşarlığı ifadəsi elə müəllifin özünə də şamildir. Mehman müəllimin Böyük Cəlil irsinə ,çağdaş ədəbi prizmadan, dünya ədəbiyyatı kontekstindən yanaşması da yenidir, aktualdır... Müəllif ”Əhvalatlar” əsəri haqqında yazır: “Ədib öz yaradıcılıq konsepsiyasını ortaya qoyur”. Mehman müəllim də dahi Mirzə Cəlil haqqında öz fundamental elmi-nəzəri konsepsiyası ilə yanaşı, həm də vətən, millət, dil təəssübkeşi kimi mövqeyini açıqdan-açığa nümayiş etdirir. Budur Mehman Qaraxanoğlu qələminin gücü, əzəməti …
Müəllif “Əhvalatlar”ı problematikasına görə dünya çapında olan bir əsər kimi qiymətləndirir. Hətta ingilis yazıçısı Corc Oruellinin Azərbaycan dilinə tərcümə olunmuş “Heyvanıstan” əsərinin üz qabığındakı şəkil də “Molla Nəsrəddin” jurnalının otuzuncu sayından götürülmüşdür. Yazıçı bunu təsadüf adlandırmır. Sübutlayır. Həmçinin Dahi Cəlilin totalitar rejimin simasını öncədən ustalıqla çözməsini ədəbi, dahiyanə uzaqgörənliyinin nəticəsi kimi görür.
Tənqidçi-alimin “Sən kimsən, Novruzəli?” essesində bütün qaranlıq mətləblərə bir-bir aydınlıq gətirir. Novruzəlinin ad-semantikasına, xarakterinə, əsərdəki obrazlara münasibətində yeni ideyalar irəli sürür, onunla bağlı əski mənfi ədəbi rəyləri kökündən rədd edir. Əsəri yeni masştabda və statusda təqdim edir.
O, Dahi Mirzə Cəlil yaradıcılığının janr-struktur xüsusiyyətləri haqqında yazır, bildiriri ki, dahi sənətkarın felyeton janrına aid əsərlərini məzmun və janrına görə də çeşidləmək lazımdır. Əslində, müəllif ədibin yaradıcılığına yeni baxış və münasibətin vaxtı çatdığını bildirir. Tədqiqatçılara ipucu verir. Əsər isə bu sahədə atılmış ilk addımdır.
Tənqidçi-alimin dahi Cəlilin hekayələrini ard-arda, sistematik olaraq, mövzu-məzmun, janr, stuktur, ideya istiqaməti baxımından incələyir. Az sözlə Mirzə Cəlil nəsrinin ecazkar, müstəsna özəlliyini dolğunluğu ilə əhatələyir.
O, bir yerdə qətiyyətlə yazır: “Ədib Cümhuriyyəti niyə sevmirdi? sualı pafosa hesablanıb, yanlışdır. Onun Cümhuriyyət gözləntiləri tamam ayrı idi”. Məsələyə bu rakursdan yanaşmanı təlqin edir.
“Mirzə Cəlil yanğısı” kitabının bir üstünlüyü də onun özəl strukturundadır. Bir çox başlıqlar obrazların dilindən verilən sitatlardan təşkil edilib. Və ideya, semantik tərkibdə bir-birini tamamlayır.
Tənqidçi-alimin danabaşlığı, Şeyx Nəsrullahlığı ideoloji mərəz, xəstəlik adlandırır. Və bunu - ideoloji prosesin məkan adı kimi verilməsini təəssüf hiss ilə qeyd edir. O, danabaşlığın hətta bədii-siyasi tərifini-izahını verir. Şeyx Nəsrullahlığın isə həm də bir dil hadisəsi olduğunu bildirir.
İfrat qonaqpərvərlik, tayfabazlıq və sair mərəzrlər Mirzə Cəlil əsərlərində açıq ifşa olunur. Tanınmış alim bu gün də bu meyillərin mövcudluğunu ürək ağrısı ilə qeyd edir…Və bildirir: “Mirzə Cəlilin böyüklüyü və dahiliyi ondadır ki, onu narahat edən məsələləri sadədən sadə formada çatdırır…”
Bəli, Mirzə Cəlil fikrini heyrətamiz bir eyhamla çatdırır. Oxucunu düşüncələr aləminə sövq edən bu kiçik və sadə hekayələrin bu gün də aktual olmasının sirri nədədir? Müəllif bu sualların cavabını əsər boyu cavablandırmağa çalışır.
Zaman öz axarında, vaxt sürətlə ötür. Dahi Mirzə Cəlil bu gün də müasirdir. Tənqidçi-esseist Mirzə Cəlilin bədii portretini silahdaşlarına olan münasibətdə də ustalıqla yaradır.
”Lal” əsərini rejimə qarşı simvolik etiraz, tək adamın aksiyası kimi dəyərləndirir. Və dünyaya çıxarılası şedevr hesab edir. Lal üçün zaman anlayışı yoxdur. Və yazının əvvəlinə qayıdıram. Elə tənqidçi də zaman üzərində dayanmır.
O, “Əhvalatlar”la Yekaterina Qabaşvilinin “Maqdananın göygözü” əsərini bir araya gətirir və plagiatdır, - deyə haray salanların bütün sorunlara birdəfəlik son qoyur.
Tənqidçi-alim hissələrin birində yazır: “Dünyanın cəngavərlərə ehtiyacı var. Don Kixot qayıdacaq. Dünyanın Mirzə Səfərlərə ehtiyacı vardır. Amma o qayıtmaya bilər. Niyə? Onu sizdən soruşuram!” Və mən də yazımı müəllifin əsər boyu işlək olan təsirli bir frazası ilə bitirirəm:
Sözün bitdiyi yerdir!
SƏFAİL QURBANLI
FİLOLOQ-TƏDQİQATÇI
LƏNKƏRAN, BƏLLƏBUR ORTA MƏKTƏBİNİN DİREKTORU