Professor İbrahim Quliyevin bəmbəyaz portreti - Mehman Qaraxanoğlu yazır..

Professor İbrahim Quliyevin 74 yaşı tamam olur.
MANERA.AZ bu münasibətlə Mehman Qaraxanoğlunun ad günü yazısını təqdim edir.
Bu yazıya haradan və necə başlamağımı bilmirəm. Sonsuz Çölün qarşısında dayanıb hansı səmtə gedəcəyini ayırd edə bilməyən yolçu kimiyəm. Qəfil “yazı” sözünün şüurumda geriyə assosiativ şüalanması, qəribə görünsə də, mənə xilas yolu kimi göründü. Çünki çağdaş leksikonumuzdakı “yazı” isminin bir arxaik anlamı da “çöl”dür. Deməli, biz yazıya başlayarkən sanki nəhayətsiz bir çölün qarşısında tək-tənha dayanırıq. O çöl ki, ona hələ heç bir cığır-iz düşməyib və salacağın izin də səni hara çıxaracağı məlum deyildir.
Əgər desəm ki, həmişə belə olur, doğru çıxmaz. Adətən, daha yaxından tanıdığın, xarakterinə dərindən bələd olduğun insanlar haqqında yazarkən belə olur. Çünki tablo sənə o qədər yaxındır ki, “görmə”ni minumuma endirir. İbrahim müəllim haqqında bu qeydlərim də həmin minimallığın saçmalarıdır, – desəm, yanılmaram.
Zamanın ağzını geriyə çevirmək olmur. Əgər çevirsən, ov itləri kimi ağzında tamam başqa şeylər - əvvəllər heç görmədiyin predmetlər tutub gətirəcək. Sadəcə, xatırlamaq istəyirəm.
Bu həmin dövlər idi ki, totalitar rejim əksər beyinləri yuyub aparmışdı, milli ruhun şkalası aşağı həddi göstərirdi, flyüger kimi ruzigarın acı əsintilərini öz canında hiss edən əsl ziyalılar çaşqınlıq vəziyyətində idilər, yaradıcı adamların çoxuna dakadens ruhu hakim kəsilmişdi. Ulu Öndər tərəfindən aparılan islahatların konstruksiyası, diqqətçəkici konseptlər, planlaşdırmalar, ümumən, prosesin arxetekturası və geopolitik realizm hələ çoxları üçün tam aydın deyildi.
İkinci dəfə bərpa etdiyimiz Müstəqilliyimizin hansı məşəqqətlərdən keçdiyini öz gözləri ilə görən o “çoxları”nın arasında mən də vardım. Özüm də öz ampluamda yayğın bir mübarizə aparırdım.
Yenə də Sonsuz Çölün qarşısında idim. Yenə də hər tərəf sis-duman idi. Yenə də hansı səmtə üz tutacağımı bilmirdim. Cavabı məlum olmayan sualların məngənəsində sıxılırdım:
Nə edim?!
Necə edim?!
Ana Yola necə çıxım?!
Öz şəxsi maraqlarını ümumvətən maraqlarından acımasız uca tutanların əlində irəlicədən cızılmış bədnam yol xəritələri vardı.
Mənsə əliyalın idim...
Məhz belə bir kritik məqamda bir cüt dost əli bir cüt mələk qanadı kimi çiyinlərimə qondu. Yox, onda mən İbrahim müəllimlə dost deyildim; o, ictimai-siyasi bir füqur – Astara Rayon İcra Hakimiyyətinin Başçısı, mən isə sıravi bir müəllim idim. (O zamankı bir Xalq yazıçısının dediyi kimi, lümpen şairlərdən biri...) Əqidə saflığı və Azərbaycançılıq məfkurəsi üzərində dayanan təmənnasız dostluğumuz bundan sonra başlandı və xoşbəxtəm ki, bugünəcən davam edir...
Yuxarıda dediklərimin təsdiqi kimi sizə bir sənəd təqdim etmək istəyirəm. Doğru eşitdiniz: Sənəd. Şeir deyə bilərdim. Xeyr, bu mətn mənim nəzərimdə şeirdən daha çox bədii-informatik bir sənəddir. Burada təkcə böhranlı çağlarım, kimlərinsə qara əlləri ilə ölkədəki siyasi sabitliyin pozulmasına yönəlik cəhdlər şəkillənmir, həm də əziz dostumun fikirli-qayğılı obrazı vardır. Bəlkə də kənardan baxana elə gəlirdi ki, rayonun böyüyüdü, nə qayğısı, filanı, amma belə deyildi...
Əslində, mən bu diskursa son nöqtəni qoymuşam. İndi də qoy 25 il bundan əvvəl əziz dostuma yazdığım şeir (sənəd!) danışsın:
Dostum İbrahim müəllimə...
“O, doxsan il yaşayıb. Qocalığında şərəfsiz adamların necə şan-şöhrətə çatdığını görmək istəmədiyindən günün işığını güzgü ilə gözlərinə salıb özünü kor etmişdir”. Əlisa Nicat. “Tarixin sübh çağı”
Yerdənmi, Göydənmi sözü üzmüsən,
Üzünə baxıram mən matdım-matdım.
Qəmi kirpiyintək elə düzmüsən,
Qəmi kirpiyindən ayırammadım.
Kədəri kədərdə gizlədin bəlkə?
Dayaz baxışlardan tez daşır kədər.
Təkərtək yeyilir kədər də bəlkə?
Yeyilə-yeyilə “dazlaşır” kədər.
Xeyirin İlahi gözünə qıyan,
Pusquda dayanıb... O sağdı sanki.
Pünhan dərdlərə də vardır göz qoyan,
Doyunca ağlamaq yasaqdı sanki.
... Haramın başına duz çevirir, duz,
Pisliyi biryolluq atmayır onlar
Yuxu da onlardan üz çevirir, üz,
İlanvuran yatır, yatmayır onlar.
Görün necə lovğa, necə dikdilər?!
Sanki qan iyinə çıxıb yalquzaq.
O qədər kölgəmi dimdiklədilər,
Kölgəmi özümdən saldılar uzaq.
Kölgəsiz yaşadım mən uzun sənə,
Görənlər dedilər: Bu dəli imiş.
Tanrının kölgəsi yetişdi mənə,
Tanrının kölgəsi dost əli imiş.
` Bu yoldu; comərdi, alçağı görüb.
Çevrilib min ldi altı üstünə.
Ruhuma sıçrayan palçığı görüb,
İşığı tül kimi atdın üstümə.
Çamırın içində batıb gedənlər,
Gözlərdən ümidi qırxırlar, Allah.
Əynimi bir ucdan söküb didənlər,
O tüldən necə də qorxurlar, Allah.
“Bəli”nin üstündə tir-tir əsir “yox”,
Yalana, riyaya “isinişirlər”.
Mən öz sifətimi dəyişmədim, yox,
Sifətlər dəyişib isimləşdilər.
Eh... yalanla kəbin bağlasalar da,
Pozur bu kəbini, talağı sahil.
Nə qədər kükrəyib çağlasalar da,
Bir-bir çağırırmış dalğanı sahil.
Uşaqsan, böyüksən, gəncsən, ahılsan,
Daha nəyə gərək dəlil, tutalğa?
Özünü unudan nurlu sahilsən,
Yanına gəlməkdən usanmır dalğa.
Batini görürsən elə baxantək,
Qoymursan gözündə bir zərrə sına.
Ovcunu açmısan günəbaxantək,
Həyansan hər kiçik tum zərrəsinə.
Bu yoldu... Comərdi, alçağı görüb,
Çevrilib min ildi altı üstünə.
Ruhuma sıçrayan palçığı görüb,
İşığı tül kimi atdın üstümə.
1999