manera.az
manera.az

Böyük adamları yaşada bilməyən əyalət - Mehman Qaraxanoğlu yazır

📅 01.04.2023 18:46

Böyük adamları yaşada bilməyən əyalət - Mehman Qaraxanoğlu yazır
Mənim rəssam dostum, kiçik Lənkəran
Böyük adamları yaşada bilmir.

Anar Həbiboğlu

Adil Əsədli kimi böyük yaradıcıdan söhbət açarkən “əyalət” sözünün qabardılması haradasa doğru deyildir. Amma nə Anar, nə də mən bu sözü inzibati-ərazi vahidi kimi deyil, sosial-fəlsəfi, mənəvi-psixoloji bir faktor kimi götürür və onu çözməyə cəhdlər edirik.

Zənnimcə, Adil Əsədliyə həsr etdiyi şeiri ilə Anar öz mətnini nöqtələyib, indi O - telindən-dırnağınacan şair olan əziz dostumuz öz işini ruhlar aləmində davam edir, yəni, nöqtə və vergüllərin gərək olmadığı məchul bir səltənətdə.

Mən isə durğu işarələrinin əsarətindəyəm...

XIX əsrin əvvəllərindən quduz imperiya maraqlarını daha şiddətlə həyata keçirən Rusiya işğal etdiyi yerlərdə öz idarəçiliyini asanlaşdırmaq üçün əyalət, qəza, vilayət və s. adlardan məkrlə istifadə edir, “parçala, hökm sür!” siyasətini yürüdürdü. Vəli xanlar, Xudayar və Qurbanəli bəylər də həmin çirkin siyasətin qurbanına çevrilir, özlərinin də “xəbəri olmadan” danabaşlaşırdılar. Sovetlər dönəmində Rusiya öz siyasətini bir qədər “rəngləməyə” məcbur oldu; yaşıl qələmlər, qırmızı qələmlər, əyalət nəsri, şəhər nəsri, paytaxt təfəkkürü, əyalət təfəkkürü və s.

Ziyalıları parçalamağın ən “gözəl” yolu bu idi...

Fəlakət budur ki, biz hələ də ayılmamışıq. Hələ də anlamırıq ki, modernləşmə, təkamül şüurda olmalıdır. Gedib paytaxtda yaşamaqla beynindəki peyin qoxusundan (Bir də peyin qoxusuna nə gəlib ki?!) yumurtalamaq istəyən toyuğun acı-acı qaqqıltısından (Bəlkə, xoşbəxtlik qaqqıtısından!) qurtula bilməzsən. Yalnız sistematik zəhmət, səy, ciddi mütaliə ilə və hər cür yeniliyə açıq olmaqla özünü dünyanın sivil insanına çevirə bilərsən.
Böyük adamları yaşada bilməyən əyalət - Mehman Qaraxanoğlu yazır
Durub Adil Əsədlini əyalət rəssamı kimi təqdim eləmək, sadəcə, banallıqdan başqa bir şey deyildir. O bir dünya rəssamıdır. Parisdə yaşayan rəssamla onun arasında heç bir fərqi yoxdur. Əsərlərindəki qarşısıalınmaz ehtiras alovları bəzən mənə Van Qoqu, xırdaca xətlər - qrafik işarələr fəlsəfi tutumluluğu ilə Pikassonu, rəngləri dəlisov cəhdlərlə qarışdırıb bir-birinin içərisində “əritməsi” Toğrul Nərimanbəyovu, təbiətlə bu qədər iç-içə olması Səttarı (amma çox fərqli bir halətdə) xatırladır. Lakin ən əsaslarını bilərəkdən sonraya saxladım. Necə ki, Cavad Mircavadov bütün hüceyrələrinəcən mifoloji mətnlərimizə, Qobustan qayaüstü rəsmləri və xalçararımızdakı naxışlara (Bunlara naxış demək günahdır!) bağlıdır, Adil Əsədli də eyzən bu cürdür.

Xüsusən, onun qrafik rəsmləri məni hədsiz dərəcədə heyrətləndirir; bu mifik incələmələr, mistik detallar, qəribə simvollar haradan gəlir? Axı, bunları oxumaqla, hansısa mətndən götürməklə yadda saxlamaq olmaz. Görünür, o rəsm çəkərkən hansısa bir qüvvə onu heç bir zaman olmadığı məkanlara aparır və həmin işarələr sövq-təbii onun qarşısına çıxır. Daha dəqiq desəm, simvollar və detallar yığnağı şəklində...

Burada nəfəsimi azca dərib, 20 il bundan əvvəl yazdığım mətni “yeni” traktovkada sizə təqdim edirəm:

Hər şey “OL!”dan başlandı...

“OL!” özüylə dürlü-dürlü rənglər gətirdi.

“OL!”un özüylə gətirmədyi rənglər də vardı... (Bunu absud bir inasani yanaşma kimi qəbul etməyinizi rica edirəm. “OL”un gətirmədiyi rəng ola bilməz! “OL!” elə kainat deməkdir)

Gətirə bilərdi, amma gətirmədi. Çünki rənglər bolluğu dünyanın rəngsizləşməsi anlamına gələ bilərdi. “OL!”un gətirmədiyini Adəmlə Həvva gətirdi.

Fəqət ixtiyarlarında minilliklər ola-ola bu işi o qədər tələm-tələsik gördülər ki, rəngləri səhv-dəyişik saldılar, üstəlik bəzilərini büsbütün unutdular. Heç özləri də bilmədilər ki, həm də bununla dünyada unutqanığın “rəngli” təməlini qoymuş oldular. Bu haqda bir az sonra.

“And olsun əsrə!” Müqəddəs cütlük təkcə qadağaya, yasağa əl uzatmadı.

Əlin uzanmağı qəddar bir canatım metaforudur...

Rəssamlıq da, şairlik də, digər incə sənətlər də həmin metafordan nəşət edir; əsl sənətkar can atır, uğur və məğlubiyyətlərini göz altına almadan can atır və bu harmonik və ya xaosabənzər canatımlarda itirdikləri qazandıqlarından çox olsa da, usanmır, hər şeyə bir Səttar təbəssümüylə baxıb keçir.

Adil Əsədli kimi...

“Keçir” dedim...

“Keçinir” demirəm.

Fəqət mən Adilin rəsmlərinə baxarkən saniyənin yüzdə bir civarında keçinir, klinik ölümün bir udum sərxoşluğu içərisində sanki yüngülləşirəm. Ağlamağın guya insanı yüngüllləşdirməsinin göy anlamını ilk dəfə dahi ispan rəssamı Pablo Pikassonun “Ağlayan qadın” rəsmini görərkən sezdim.

Qəribəydi, gözlər öz yerini dəyişmişdi, göz yaşları da demək olar ki, görünmürdü, amma onların kotan kimi şumlayıb altını üstünə çevirdiyi üz - torpaq var idi. Ağız əyilərək (Sadəcə, biz buna əyilmək deyirik) gözlərə can atırdı. Burun da, çənə də, qaşlar da, bir sözlə, bütün əzalar da o cür...
Bilmirəm niyə Adil Əsədlidən danışarkən Pablo Pikassonu xatırladım?

Adili qədim miniatür sənətimizin içərisindən pərvazlanıb göyə qalxdığını söyləmək daha ədalətli olmazdımı?

Sənətin milli və beynəlmiləl mahiyyəti bir almanın iki üzüdür. Avtoritar rejimlərin dekorasiyası rolunu oynayan sosrealizmin bizə öyrətdikləri isə tamam fərqli şeylər imiş...

Adil Əsədli bizim havamızı udub, ispan havası udmayıb. Amma burada “hava” kəlməsinin sərhədsizliyini də nəzərə almalıyıq. Sənət üçün “bizim”, “sizin” yoxdur. Onun əbədiliyi də məhz bu bəşəriliyindədir.

Adilin rəsmlərində miniatür elementlərini də, bayatılarımızın həzinliyini də, muğamlarımızı da, yapon haykularının təzahürlərini də görmək olar. Biz bunların fərqində olmaya bilərik. Amma nə diyişiləcək?!

Adilin sələfi dahi Nazim Hikmət hələ çox-çox əvvəl yazırdı:

Mən bi ceviz ağacıyam Gülhanə parkında,
Ne sen bunun farkındasın, ne polis farkında.
Yarpaqlarım əllərimdir. Düz yüz min əlim var,
Yüz min əllə toxunuram sənə, İstanbula.
Yarpaqlarım heyrətimdir, baxıram heyrətlə
Yüz min gözlə seyr edirəm səni, İstanbulu.


Əsl sənətkarların düz yüz min əli və yüz min gözü vardır.

Adilin rəsmlərində də göz obrazı çoxdur. Lap çoxdur.

“Dahilər əyalətdə doğulur, Parisdə ölürlər”.

Bəlkə heç Paris də yoxdur?

Sadəcə, sonradan uydurulmuş şərti bir addır Paris...

Yadınıza gəlirsə, Don Kixot da belə adlar uydurur...

Biz də Adil Əsədli üçün cürbəcür şərti adlar uydura bilərik. Fəqət unutmayaq ki, insanın özü də bir məkandır.

Bəlkə, yüz məkan, min məkan?!

Və bir də “cahana sığmayan”lar üçün nə məkan?!

Mətnin bitmədiyini özüm də hiss edirəm.

Məgər bitmiş mətn varmı?

Və Adil Əsədlini “bitmiş bir fikir ifadə edən cümlə”lərin içərisindən çıxarıb yola salıram...

Və o da geriyə baxmadan səssiz-səmirsiz gedir...


Baxış sayı - 1 019 | Yüklənmə tarixi: 01.04.2023 18:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031