manera.az
manera.az

Ümidlər ilə yama sabahın cübbəsini - Səlim Babullaoğlunun şeirləri

Ümidlər ilə yama sabahın cübbəsini - Səlim Babullaoğlunun şeirləri
MANERA.AZ tanınmış şair, tərcüməçi, esseist Səlim Babullaoğlunun doğum günü münasibətilə təbrik edir və onun şeirlərini oxuculara təqdim edir.

Həmin qadına məktub

Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.

Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.

İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.

O adamlar deyilik,
bir də nə yazım,axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.

Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.

Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.

Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.

Salama

Yazmaq da yazmamaq tək
dostum, elə taledi.
Tale deyilsə demək
ya yoxdu, ya zayedi.

Düşsən- enişdi dağlar,
qalxsan- dostum, yoxuşdu.
Bağlananda qapılar-
bacalar da çıxışdı.

On eləsə üç üçüm,
1 də demək özünsən.
Hər kəs özünün bü(s)tü,
qonub çiyinlərinə.

Vaxt yıxar hər heykəli,
gizlədər qara torpaq.
Üstdən pərgar dillərin
yellər əsər qaçaraq.

Şükür, hələ yaşanır
Həyat ay-ay və il-il.
Ömrümüz xırdalanır
yollarda ləpir-ləpir.

Salam olsun bu sabah
qoy, Səlimdən Sarvana.
Bəndəni sevən Allah
bəs edər hər karvana.


***
Bilirəm, darıxırsan,
Mən də ki sənin kimi.
Gah özümü söyürəm,
Gah da neynim, iqlimi.

Ömür dediyin ki var
Bir yatımlıq yuxuymuş.
Olanlar elə olur,
Sanki heç vaxt yoxuymuş.

Yenə öz ayaq səsim
Ötürür məni evə.
Sən aç qapını yenə
Üzümə sevə-sevə...

Ad günümdə dostlarıma

Bir az uzaqlarda axtarın məni,
Bir az söhbət edək bu yerdən uzaq,
Bir az xəyallarda axtarın məni,
Qaçaq bu çirkabdan, qaçaq qurtulaq.

Aydın sabahlarda axtarın məni,
Orda günəş başqa, gülüş başqadı,
Tanrı günahları bağışlayan yer,
Xəyalım o yerdə dolaşmaqdadı.

Ömür vəfa qılsa yazacam, bilin,
Bu günün, sabahın nəğməsini mən.
Məni öz içimdə axtarın bir az,
Bir gün öz içimdə azacam bilin.

Sönük sətirlərdən sormayın məni,
Amandı, Kərəm tək alovlanaram.
Dəli fikirlərdən axtarın məni,
Yəqin bir gün gələr ağıllanaram.


***
İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.

Qırxı çıxdı bu ömürün, canım sevgilim,
Heç darılma, çarxı hələ, şükür, fırlanır.
Bir sabahı sual etsən: hanı sevgilim?
Görərsən ki, bir meh əsir, çöp dığırlanır.

Bir quş onu dimdiyinə alıb götürər,
Asta-asta qanad çalıb qalxar yuxarı.
O quş onu yuvasında divara hörər,
Qorumaqçün ətcəbala quş balaları.

Dövrənə al nəvələri, sən də əzizlə,
Üzlərində gözümü tap, adımı çağır.
Kədəri qov, gizlə, gülüm, sən məni gözlə,
Bu səfərdən dönər qocan o axşamçağı.

Kağız ev

44 günlük savaş günlərində çəkilən "Kağız ev" filmi üçün yazılıb

Kağızdan bir ev qurmuşduq nə vaxtsa,
Gündüz kimi dümağ idi divarı.
Talvarında sarı salxım üzümü,
Həyətində şirin narı, zoğalı.

Sürahisi əlimizə sığaldı,
Bir cüt gözdü pəncərəsi gecələr.
Eyvanına bütün məhlə sığardı,
Qəhqəhəylə gülüşərdi körpələr.

Burulardı bacasının tüstüsü,
Qapısının cırıltısı holavar.
Birdən-birə qəhət oldu istisi,
Qaçaq oldu birdən-birə el-oba.

Birdən-birə su yerinə həlməşik
İrin axdı, susuz qaldı bağatı.
Yetim qaldı həyət-baca, ev-eşik,
Uçub-getdi laylasıynan bayatı.

Namərd yağı göz diksə də yurduma
Evimizə düz gəlmədi dirəyi.
Elimizə düz gəlmədi ürəyi,
Qolumuza tən gəlmədi biləyi.

Budur yenə qayıtmışıq, atacan,
Kimi şəhid, kimi qazi, kimi ruh.
Bayatıynan, holavarnan qarışıq
Bir havayla yenə dövrə vururuq.

Xatirələr bizimlədir - qol-boyun:
Hamı sağdır, hamı şaddır, anacan.
Çal-çağırdı el-obada, toy-düyün,
Bu ev bizim evimizdir binadan.

İyul

Adətən şeirləri
yazırlar ağ səhifədə.
Bu adi sətirləri
sənə həmin kafedən

qəzet üstdə yazıram.

Beş milyonluq bir şəhər:
yəni çoxalmışıq biz.
Sayımızda sərasər
artıbdı təkliyimiz,

xüsusən də gecələr,

adamlar köç edəndə
yerin həndəvərindən
vəhşi yuxularına,
anlayırsan dərindən

onların xorultusu sözü tək mənasızdı.

Yalquzaq tək bir ağız
ulamaq keçir indi
könlündən, amma kağız
yazıqdı və dilsizdi.

Və beləcə batırıb səsini öz içində-

o böyük, qərib Çində-
söz edirsən söyüşü.
Bilrisən ki, çoxunun
öz-özüylə döyüşü

bitibdi başlamadan; indi isə bax, budu,

efirdə nə ikona,
nə Quran yazısı var.
Reklam olunur kola,
mavilər, narıncılar,

okey, mersi mikonəm.

Məddahlar bağ evində,
Nəsimi Hələbdədi.
Həyatda və fm-də
yalnız səs-küy dəbdədi,

ucuz rep və meyxana.

Otuz gümüşə satdı
eh, Məsihi İuda.
Maliyyə böhranıdı
ölkədə və dünyada.

Şərhə varmı ehtiyac?

Düzü, kefim və halım.
əslində belədi , bax.
Şükür ki, sağdı hamı.
Qalanı hamam və tas,

şəhər...tünlük...basabas...

Odur ki, yazma sən də
dünyadan və ölkədən.
Kefim bir az düzələr
belə olsa bəlkə də,

dost dostun güzgüsüdü.

Söhbətə başqa söhbət
dostum, qatıb da yazma.
Yaz: uşaqlar necədir,
keçib getdimi astma?

Dərmanların bitdimi?

Yaz ən adi şeylərdən,
qızılgül gərdisindən.
Nəbadə yazmayasan
fələyin gərdişindən,

bunu nənəm də bilir.

Yaz ki, saçın uzanıb,
tüklənib arıq üzün.
Tükənibsə də pulun
qara dəftər ki, durur,

hər gün bərbər günüdü.

Yazma açıq krandan
gecə su damcılayır;
tappatuplar, qorxular
fəhmini qamçılayır,

suyu bağla və yetər.

Bəllidi hər saz çalan
Ələsgər, Cünun deyil.
Yediyimiz çörəkdə
hər şey su və un deyil,

od, zəhmət, Yaradan var.

Sanma səni bir kimsə,
nə anlayır, nə duyur.
Hər bir bilməyin altda
bir az günah uyuyur,

bəlkə qaçaq günahdan?

Onsuz da döyənəklər
iş nədi- yaxşı bilir.
Ürək-döyünməkdisə,
yalnız saatdı demək,

olmasaydı ağrılar.

Yaz ki, uşaq paltarı
hələ ip üstündədi,
guya qara sancaqlar
paltarları dişlədi,

və sən də ufuldadın.

Yazma qonşu otaqda
həmkarların...hər nəysə...
De ki, onlar yarısın,
hətta yalan xəbərlər

ünvanına düz çatsın

Sorma insan haqqları,
terror, rejim və sair.
Nolar, yaz Müşfiq kimi
bir az aşiqə dair,

bir az məşuqa dair.

Yaz ki, qadının susur,
deməli sevir hələ.
İkiməchullu düstur
pozulmayıb məhlədə,

yaz ki, sən də sevirsən.

Yazma ki, qan axıtdıq,
demə buymuş istiqlal.
Yaz ki, göydə hilal var,
var yerdə isti qumsal.

dərin bir ayaq izi yazma ki, yoxdu dostum.

Söylə yenə xəritədə
öz ölkəni görürsən.
Sən də Sərhəd kişi tək
Bundan qürrələnirsən.

Bundan yaxşı nə var ki...

Yazma qonşu hasardan
görünən kənd evləri
kasıb, nimdaş, uçuqdu,
dərdlidi sakinləri.

Yaz ki, xoşbəxtdi onlar.

Yazma mavı Mərmərə
dönüb qan çanağına,
Ay, qumsallıq, mənzərə
insan qanacağına

hələ çox umudludur.

Yaz ki, günəbaxanlar
sarıdı, qürurludu.
Yaşıl boranı tağda
dünya kimi yumrudu,

həm də sülh içindədi.

Yaz, dostlar qocalmayıb,
qamətləri dimdikdir.
Yerişləri yorğadı,
burunları dimdikdi,

şığıyırlar qırğı tək.

Yazma isti bezdirib-
unutma yaydı, dostum;
göz deşir yenə xəzri-
eləcə gözünü yum,

düşün ki, əsməlidi.

Yaz ki, qayın atanın
çayında yarpız da var,
bostanında qarpızlar.
Üstündəki zolaqlar

görüşür saplağında.

Nolar, danadişilər
qoy, gəmirsin ləkləri.
Axı, çağdı damağı
arıyla böcəklərin,

oxuyurlar sevgiylə.

Yazma artıb qayğılar,
demə: dünya fanidi.
Mənası başqalaşar,
sözləri tək-tək dindir:

dünya...fani...qayğı...çox... !

Yaz ki, aslan oğluna
öyrətmisən üzməyi.
Yaz, öyrədib anası
qıza naz eləməyi

köynəyi tikə tikə.

İş görür uslu-uslu,
yaz ki, ayzlü anan.
Yaz, zəhmkar duruşlu
atan gizləmir artıq

yuxa qəlbini səndən.

Yaz ki, hələ qapılar
açılır və örtülür.
Qapıların dalında
totuq körpələr gülür,

yatır yumaq qarılar.

Nə qədər bir kimsə var
yaz ki, yada salmağa
tənha deyil adamlar,
heç kim unudulmayır:

sən də, mən də, onlar da.

Yaz, simavar istidi,
dikdi şam tək ağ tüstü.
Meynəlik divar dibi
bu sərin axşamüstü

gözləyir qonşuları

Dolu yaşandı iyul
yaz: yazı tək sətriylə.
Qönçələr də duyulur
çəməndə gül ətriylə

hətta gendən, uzaqdan.

Adətən ağ səhifədən
yazırlar...eh, nə fərqi....
Mənsə həmin kafedə,
qarşıda kirli güzgü,

sənə yazırdım, dostum.

11-12, 25-26 iyul, 2010-cu il.
Bakı (Şirzadın kafesi), Corat (İhamın evi)

Tural Adışirinin təqdimatında..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI