manera.az
manera.az

Polkovnikə heç kim yazmır - Səlim Babullaoğlunun şeirləri

📅 10.12.2018 18:15

Polkovnikə heç kim yazmır - Səlim Babullaoğlunun şeirləri
Müasir Azərbaycan ədəbiyyatında parlaq imzalardan biri, istedadlı şair, esseist, ədəbiyyatşünas və tərcüməçi Səlim Babullaoğlunun doğum günüdür.MANERA.AZ bu münasibətlə şairin seçmə şeirlərini oxuculara təqdim edir:

Ad günümdə dostlarıma

Bir az uzaqlarda axtarın məni,
Bir az söhbət edək bu yerdən uzaq,
Bir az xəyallarda axtarın məni,
Qaçaq bu çirkabdan, qaçaq qurtulaq.

Aydın sabahlarda axtarın məni,
Orda günəş başqa, gülüş başqadı,
Tanrı günahları bağışlayan yer,
Xəyalım o yerdə dolaşmaqdadı.

Ömür vəfa qılsa yazacam, bilin,
Bu günün, sabahın nəğməsini mən.
Məni öz içimə axtarın bir az,
Bir gün öz içimdə azacam bilin.

Sönük sətirlərdən sormayın məni,
Amandı, Kərəm tək alovlanaram.
Dəli fikirlərdən axtarın məni,
Yəqin bir gün gələr ağıllanaram.

Həmin qadına məktub

Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.

Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.

İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.

O adamlar deyilik,
bir də nə yazım,axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.

Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.

Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.

Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.

Həmidə xanıma iki şeir

1.

Yolunun üstündə tək ağac olub bitsəm,
kölgəmdə dincələcəksənmi?
Ya qol-budağımı qırıb oduma qızınacaqsanmı?

Yağış olub səpələnsəm
yayın qızmarında
bu səsli-küylü, tozanaqlı şəhərin küçələrinə –
torpağın ətri çıxacaq onda,
ətrimi torpaqdan alıb heyrətlənəcəksənmi?

Ya yağış qəfil haqlasa səni
evə tələsəndə,
islanıb,
peşmanlanıb,
göylərə lənət yağdırıb söylənəcəksənmi?

Cənubda qar
az tapılar,
bir qış axşamı quşbaşı qar olub yağsam,
uşaqları dövrənə alıb qartopu oynayacaqsanmı?

Ya uşaqlardan biri yıxılsa,
ya totuq barmaqları donsa,
de, gülüm, hirsələnəcəksənmi?

Bir axşam ağac olmaq, yağış olmaq, qar olmaq istəsəm,
ölümün yaxasından tutub dillənəcəksənmi?
Ya çıxıb getsəm,
yoldaş olmaqçün mənə başmaqlanacaqsanmı?

Və bir gecə
elə beləcə şeirlər yazıb,
yuxuna haram qatıb,
səni oyadıb
oxusam sənə,
düzünü de, gülüm, xoşlanacaqsanmı?
2 oktyabr, 1997

2.

İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.

Qırxı çıxdı bu ömürün, canım sevgilim,
Heç darılma, çarxı hələ, şükür, fırlanır.
Bir sabahı sual etsən: hanı sevgilim?
Görərsən ki, bir meh əsir, çöp dığırlanır.

Bir quş onu dimdiyinə alıb götürər,
Asta-asta qanad çalıb qalxar yuxarı.
O quş onu yuvasında divara hörər,
Qorumaqçün ətcəbala quş balaları.

Dövrənə al nəvələri, sən də əzizlə,
Üzlərində gözümü tap, adımı çağır.
Kədəri qov, gizlə, gülüm, sən məni gözlə,
Bu səfərdən dönər qocan o axşamçağı.

Absurd

Üzümə gülən sevinci,
Başıma daş kimi dəyən qaxıncı,
Öpüşü qoy, olsun axırıncı-
Sevirəm…

Sevirəm bu yolun yolçuluğunu,
Qəm hərifliyini,
Hərifliyin puçluğunu…

Elə evdə oturub dinləsən içini-
Heç hara çıxmasan,
Kədəri,
Qədəri
Vecinə almasan, için üçün
İçin-için
Elə hey ağlasan, ağlasan,
Görəcəksən ki, sən daha maraqlısan…

Təzə söz yazsan,
Onun təzəliyinə inansan,
Sonra da təzə sözlər olmur deyib
Gülsən-ağlasan,
Görəcəksən ki, sən daha maraqlısan…

O qədər maraqlısan ki,
Üzünə gülən sevinci-
Ağlatdığın kədəri,
Başına daş kimi dəyən qaxıncı –
Enməyən qılıncı
Və başqa nələri sevirsən,
Çünki nə əvəlincisən,
Nə axırıncı…

Polkovnikə heç kim yazmır

Rəbiqə üçün

1.

«Polkovnikə heç kim yazmır». O yaman darıxır.
İstidir, bürküdür, kitablar rəfdə yatır.
Uyğurları yenə də qırırlar. Gücsüzdü, əgər desəm ki, çox təəssüf.
Təəssüf, sonadək oxunub bitmir «hərb və sülh».

Hər şey bərkiyib, daşlaşıb. Qəlblər də. Yarpaq belə tərpənmir.
İstidə anlayırsan ki, alovdan daha yaxşı heç kim bilmir
«polad necə bərkidi»? Necə? Harda? Nə vaxt?
İstidir. Axşamdır. Uğultular artır. Adamlar mürgülüysə də sərvaxt;

eyni, əcayib bir dildə pıçıldaşır hamı.
Adamlar çölüylə «tək»disə, içiylə təqlid edir «izdiham»ı.
Çiliklənən stəkan səsiylə dağılır ətrafa körpənin gülüşü,
bu dəfə havadan başlayır körpə «Çingizxan»ın cingiltili yürüşü.

2.

«Polkovnikə heç kim yazmır». «Məktub yetişmədi» ünvanına.
«Barbarları gözləyərkən» zərf qonur giriş qapına:
Borcunuz var. Üstəgəl, üçcə gün də vaxtınız.
Sonra vəhşitək kəsərik. Sönər ocağınız.

İstidir. «Yerli narkoz altındadı hər kəs».
Hamı qabığıyla polis, məmur və çərkəz.
Soyunsaq onları, ayıbsa da, insan(l)ıq, bilinər.
Uniformadan qorxuluymuş vərdişlər və əməllər.

İstidir. «Qar» gözləmək beş ayda puç və əbəs.
«Sağ qalmaq» üçün qaçır hamamda bir kiçik kələz.
Ev sahibinin ayaq səsi yaddan «yad» imiş.
Tavan da göy üzü deyilmiş- anladır «qaçış».

3.

«Yuxunun iziylə» varıb gedib uzaqlığa,
çatmaq istəyirsən gözəl uşaqlığa.
«Uşaqlıq»- ömür səhrasının quzeyidi.
Bağlansa da «məsumluq muzeyidi».

«Polkovnikə heç kim yazmır». Təkcə sən yazırsan.
Niyə sevgi şeiri yazmırsan?- deyə soruşursan.
Sevgi var, şeir var, yazmaq var ikən,
bu donqabel sualda sən, nə görmüsən?

Əziz dostum, mehriban, gözəl bacım, həmkarım.
Qafiyə xətrinə yazsam, yazaram: əfkarım
indi çox qarışıq və çəkir məni keçilmişə.
Məsələn, «min doqquz yüz səksən dördə», beşə.

4.

Onda beş yaşın ancaq olardı.
Bilirəm, hamını sən, hamı səni sevərdi, oxşardı.
Bilirəm, sevgi şeiri nədi, onda heç bilmirdin.
Çöhrənə baxanlar unudurdı bildiyin.

Əminəm, hələ çox şey yazacaqsan.
Şey dediyim – «gözəl şeirlər», hələ çox dadacaqsan.
Əminəm, deyəcəksən, «əlvida, silah», kədər.
Hər şey elə sevgidənmiş…bu qədər…

İstidi. Sözlər quruyur dodaqda.
Ürəyim çat-çat olur otaqda.
«Polkovnikə heç kim yazmır». Rəfdədir.
Çıxır istefaya bütün kitablar və əməllər o tərəfdə.

Dostuma cavab məktubu

Vətən şərtliyin ən gözəli-
Taleyinə qürbət yazıların
Yanında deməyin bu sözü.

Qadın gözəliyin ən adisi-
Eşqi nəkamların dilindən eşitməzsiniz bunu.

Beton divarların nəyinə lazım-
Sinəsinə pərçimlənmiş mismarlardan
Kitab rəfləridir asılan,
Ya asılqan.
Asılqanda işləyən qadınçün fərq etməz-
Burdanmı başlayır teatr, burdamı bitir.

Şəkilli kitablarla oynayın
Dilsiz körpələrdən heç nə soruşmayın,
Qalın kitablardan daha çox şeyləri
Anlatmazmı o sevqili görkəm!?

Ovutmaqçün o dünyanın varlığına
Həmən inandırmayın şahid anasını-
Bu dünyada nə gördüm, deməzmi!?

İldırım çaxarsa kar uşaqları qorxutmayın,
əllərlə eşitmək və görmək gərəkməz,
çox çəkməz,
damcılar süzülər göylərə açılmış ovuclardan

bircə gül əkmədinizsə-susun demirəm ki,
eləcə dünya fanidir, ötəridir deyə bağırıb
yalanın ən pisini danışmayın heç olmazsa

Siz, şairlər! Görünən şeirlərin xətrinə
Aşiyaları mənasız yerə dartmayın şeirin içinə-
Buz dolabına rəf deyə kitab yığmadınızsa.

Yetər! Hərbi marşlar yazmayın bəstəçilər,
Səkkizinci notu duyub yazmadınızsa.

Çəlimsiz uşaqları aparmayın orduya-
Sonradan cəmiyyətin fərarı sözüylə minalanmış
Zolağına atacaqsınızsa.

Günəşdən gizlənməyin ən isti gündə -
Yarpaqlar qizlənməz görməzmisiniz.

Nazim Hikmət küçəsi 12/26 saylı ünvanda yaşayan
Qocaya gülməyin hansı küçədə yaşadığını unudubsa-
Qaz və işıq pulu yığan məmurun
Yolu tez-tez keçir buralardan.

Vətəni sevməyi və sevməyi öyrətməyin mənə-
Mən ki. Təklikdə ,tənhalıqda gürbətdəyəm...

MANERA.AZ


Baxış sayı - 2 561 | Yüklənmə tarixi: 10.12.2018 18:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031