Əli Nəzmi Ədəbi Birliyi təqdim edir: Tofiq Əmrahov

MANERA.AZ Goranboyda fəaliyyət göstərən "Əli Nəzmi Ədəbi Birliyi"nin istedadlı üzvü Tofiq Əmrahovun "Sahibini gözləyən məzar" hekayəsini təqdim edir.
Ciddi bir dərs hissə müdirimiz vardı. Uşaqları bir oğlan, bir qız oturdardı sinifdə. Mən də Bənövşə ilə bir düşmüşdüm. Düzü ondan o qədər də xoşum gəlmirdi.
Əlaçı idi, lakin paxıl idi. Riyaziyyatı əla bilirdi. Vay ola deyəydin ki, bu məsələnin və ya misalın həllində mənə kömək eylə. Kobudcasına deyərdi, “canın çıxsın özün çalış, özün öyrən”.
Paxıllıqda bir dənəydi Bənövşə. Deyirdim, “yaxşı, sənə ağız açdığıma özüm öyrənərəm, özü də səndən yaxşı öyrənərəm”. O da dodağının altından qımışardı.
Deyirdim, “gül ay paxıl, gül, vaxt gələr mən də sənə gülərəm”.
...Günlər, aylar bir-birini əvəz edirdi. Biz də böyüyür, sinifdən-sinifə keçirdik. Yamanca mehribanlaşmışdıq onunla. Bir dəfə kitabımın arasına bir yazılı vərəq qoydu. Dedi sonra oxuyarsan. Evə çatmamış yoldaca oxudum. Sevgi məktubu idi. Məni incitdiyinə görə üzr istəyirdi.
Bir də yazmışdı ki, “sənə o qədər öyrəşmişəm ki, gecə yuxumda da səni görürəm. Qorxuram ki, yuxuda sayıqlıyam, sənin adını çəkəm, evdəkilərin yanında biabır olam. Deyərlər ki, ay qız, sevmək yox, oxumaq lazımdır”.
Məktub bu cümlələrlə bitirdi: - Bax, əzizim! Səni çox sevirəm. Axıra qədər də sevəcəyəm. Məni unutsan da, səni heç vaxt unutmaram. Gəl əhd eyləyək, bir-birimizdən ayrılmayaq. Ali təhsil alaq. Həyat quraq! İndi söz sənindir...
Xeyli xəyala daldım. Birdən-birə bu qıza nə oldu. Bu vaxta qədər niyə bir dəfə də olsa sevmək barədə söz açmamışdı. Yəqin gözləyirmiş ki, orta məktəbin son sinfində desin. Yoxsa dərsdən ayrı düşərik.
-...
Qəbul imtahanlarına hazırlaşırdıq. Bu biologiyadan heç xoşum gəlmirdi. Ancaq bədbəxtçilikdən qəbul imtahanının biri biologiyadan idi. Axır yenə Bənövşəyə üz tutası oldum:
- Ay paxıl, yenə sənə möhtac oldum. Heç olmasa indi kömək elə, biletə düşən suallara yaxşı hazırlaşım.
- Mənə paxıl deyəndə elə xoşum gəlirdi ki, - dedi.
- Paxılsan da, bəs nəsən. Sən riyaziyyatı yaxşı bilirdin, mən də səndən soruşurdum. Sən isə yox, get özün hazırlaş deyirdin.
- Əcəb edirdim. Səni həm cırnadırdım və həm də istəyirdim ki, özün oxuyasan, yaxşı hazırlaşasan. Bax indiki kimi.
-Yaxşı, yaxşı o hesabı səndə qoymayacam.
Hər ikimiz qəh-qəhə çəkib gülüşdük.
İmtahanları uğurla verdik, ikimiz də qəbul olmuşduq, tələbə adını daşıyırdıq. Mən ədəbiyyat, Bənövşə isə riyaziyyat ixtisası üzrə təhsilə başladı. Ancaq bir-birimizdən aralı. O Bakıda, mən isə Gəncədə təhsil alırdım. Tez-tez məktub yazırdı. Konvert markalı, özü də sifarişli.
Hesab edəndə ayda neçə manatlar təkcə bu məktublara verirdi. Bir dəfə yazdım ki, bəs Bənövşə, tələbə adamsan, özü də riyaziyyatçı. Hesab elə gör nə qədər bədxərclik edirsən. Məktubların sayını bir az azalt. Özü də sadə formada göndər, sifarişli göndərmək nəyə lazımdır. Onsuzda hamısı eyni vaxta gəlib çatır...
Məktubu alandan sonra əməlli-başlı inciyib küsmüşdü xanım qız. Bir müddət məktub yazmadı. Mən də möhkəmcə darıxmağa başlayırdım. Nahaq yerə qızın xətrinə dəymişdim. Öz-özümə deyirdim, öz bəlandı çək.
Götürüb bir namə yazdım. “Əzizim Bənovşə, əgər inciyibsənsə məni bağışla. Mən pis mənada deməmişdim. Dedim yəni artıq xərclərə yol verməyək. Tələbəyik, valideynlərimizə çox yük olmayaq. Axı hər iki tərəf kasıb adamlardır”.
Mən də məktubu sifarişli göndərdim. Cavab geciksə də gəldi. Yazmışdı, “əzizim Aqil! Valideynlərin doğru seçim edib adını Aqil qoyublar. Yəni ağıllı!- Bəs belədirsə, onda sən özün niyə məktubu sifarişli göndərmisən? Axı, bu bədxərclikdir”.
- Doğru deyirsən, Bənövşə! Sadəcə sənin könlünü almaq üçün belə etdim. Ancaq bil ki, dediklərim hər ikimizin xeyrinə idi.
Beləcə umulu, küsülü günlərimiz gəlib keçirdi. Son kursda idik. Dövlət imtahanı, diplom müdafiəsi... Gecə-gündüz çalışırdıq. Nə məktub yada düşürdü, nə də sevgi. Nə gecəmiz vardı, nə gündüzümüz. O kitabxana mənim, bu arxivlər sənin. Hazırlaş ki, hazırlaşasan.
Zəhmətimiz hədər getmədi. Universiteti hər ikimiz qırmızı diplomla başa vurduq. Xoşbəxt idik, çox sevinirdik. Qayıtmışdıq elimizə, obamıza. Təyinat yerimizi gözləyirdik. Bənövşədən mənə bir ismarıc gəldi: -Gözün aydın, məni nişanlamaq istəyirlər. Özü də dop-doğmaca xalam oğluna. Aqil, yəqin səni də əmin qızına nişanlayırlar eləmi?
Məktub yazdım ki, - ay qız dəli olmusan, heç bu zarafatın yeridi? Nişan nədi, əmi qızı, xala oğlu nədi?! Bu fikir hardan beyninə gəldi?
-Yox, Aqil, zarafat etmirəm, həqiqi sözümdür. Məni nişanlamaq istəyirlər.
- Nişanlayırlar nişanlan də, mənə niyə muştuluq xəbəri verirsən.
- Aqil mən olmuşları deyirəm, sənə heç vaxt yalan deməmişəm, demərəm də. İndi söz sənindir.
- Bəs, sən nə dedin?! Razı olubsan?!
- Dəlisən, nə razı omaq? Demişəm bir də bu nişan söhbətini salmayın, tamam yığışdırın bu söz-söhbəti. Anam, bacım isə hər gün məni yasalayırlar. Ancaq heç bir xeyri yoxdur. Mənim nişanlım da, həyatım da Aqil, sənsən!
Bu aralar bacım Sevil də mənim qılığıma yamanca girmişdi: - Bacın sənə qurban, Aqil. Toyun olsaydı bacın bilirsən necə oynayardı?! Yorulmaq zad bilməyəcəm ey! Təki sənin toyun olsun, qalanları mənlikdi.
Mən isə bacımın bu şeytanlığına altdan-altdan gülürdüm.
- Bacı, Allah qoysa qardaşını nə vaxt evləndirirsən?
- Bacı qurban, sən nə vaxt desən o vaxt. Sən istədiyin qızı mənə göstər, gör bacın tezcə bu işi yoluna qoyur, yoxsa yox. Qardaş, sən mənim canım, sən atamızın canı istədiyin qız var?!
- Əlbəttə var, niyə yoxdur ki...
- Sən Allah!
- Allah haqqı!
- De qardaş, de görüm kimdi?!
- Deyim?- Hə, de qardaş, de.
- Deyim deyirsən, deyim də... Yox əşi demirəm!
- Qadan alım hələ de. Ürəyim dayandı ki...
- Ürəyin niyə dayanır bacı, Bənövşəni deyirəm, bildin?
- Həə, nə gözəl qardaş. İkiniz də bir-birinizə yaraşırsınız. Qardaş, axı eşitmişəm onu xalası oğluna vermək istəyirlər?!
-Vermək istəyirlər! Nə olsun ki, hələ verməyiblər ki...
- Qardaş, mən getdim dədəm gilin, anam gilin yanına. Muştuluqlayım onları. Nişan üzüyü bacısının boynuna. Onsuz da az-az əlimə düşən pulu yığmışam.
- Ana, muştuluğumu ver. Aqil qız istəyir.
- Kimi anan qurban, adını de görüm.
- Muştuluğumu ver, deyim. Yoxsa deməyəcəm.
- Yaxşı bu şeytanlığından əl çək, de. Muştuluğun məndə.
- Bənövşəni, ana Bənövşəni!
- Bıy səni xeyir xəbər olasan qızım. Sənə bir güllü yaylıq almaq məndən. Gedim atanı da mən muştuluqlayım.
- Get, ana, get . Bu işi tezləşdirin.
-...
Anam öz-özünə deyinirdi: “Ay kişi, gəl çıx da. Harada qaldın, gözümün kökü saraldı ki?! Bu çayxanalardan nə tapıblar ey bilmirsən. Papirosun tüstüsünü paltarlarına hopdurub gəlirlər, evdə nəfəs almaq da olmur. A qızım Sevil, get atanı o dağılmış çayçıdan çağır”.
- Baş üstə anacan.
Sona xanım dodağının altından:
Toy, toy toydu bu gün
Bizim evdə toydu bu gün
Demişdi ki, Nadir kişi qapıdan içəri girdi. - Ay Sona, səndə aşıqlıq istedadı, müğənnilik istedadı da var imiş.
İndiyə kimi bizdən niyə gizli saxlamısan? Maşallah maşallah! İndi de görüm nə toydur, kimin toyudur, hara toyudur?
- Bıy, başıma xeyir a kişi, kimin toyu olacaq, belə oğlumuzun, Aqilin.
- Sona həqiqi sözündür?- Əlbəttə a kişi.
- Kimi istəyir, haralıdır? Nəçidir, nə karədir, özü kimi oxuyandımı?
- Hə, oxumuş qızdı, özü də çox savadlıdı.
- Savadı ilə işim yoxdu, ay Sona, təki insanlığı olsun.
- İnsan kimi də insandı, mən tanıyıram. Özünü də tanıyıram, ailələrini də. Hələ sən də tanıyırsan.
- Mən də tanıyıram?
- Hə sən də tanıyırsan.
- Yaxşı de görüm kimdi, ağlım kəsəndimi?
- Belə Bənövşədi eyy, Bənövşə!- Sevindim ay Sona, sevindim. Allah hamını sevindirsin. Mən də razı. İndi əl-ayağa düşək. Elçi getmək vaxtıdır.
Vaxt elə tez gəlib keçir ki... Aqillə Bənövşə nişanlandılar da, toyları da oldu. Sevil qardaşının toyunda qol götürüb doyana kimi oynadı da.
Gənclərin hər ikisi müəllimlik edir, uşaqlara öz fənnlərini elə həvəslə öyrədirlər ki... Az bir vaxtda kollektivdə çox böyük hörmət qazanmışdı bu gənc müəllimlər. - Elə xoşbəxt idilər, elə xoşbəxt idilər!!!
Bir axşam Bənövşə üzünü Aqilə tutub:- Aqil, görəsən bu xoşbəxtliyi axıra kimi qoruyub saxlaya biləcəyikmi?
- O nə sözdü Bənövşə, bu fikir hardan ağlına gəldi. Necə yəni?
- Heç Aqil, elə-belə dedim.
- Yox, de görüm yuxu-zad görməmisənki?
- Bilirsən Aqil! Xoşbəxtliyi verən də Allahdı, alan da Allah. Doğrusu hələ tam xoşbəxt olan adam görməmişəm. Nə də dahi yazarların əsərlərindən oxumamışam. Allah birinə gözəllik verir ağıl vermir. Bir başqasına ağıl, kamal, karyera, hər şey verir, ancaq yanında elə bir "qara yara" bədbəxtliyi verir ki, gəl bu bəladan qurtar görüm necə qurtarırsan. Bu xəstəlik yarası deyil eyy, başqa yaradır, həyatı yara, bədbəxtlik!!!
Bu sözdə çox dərinə işləmiş məna var Aqil, əzizim!
Aqil, elə adamlar da var ki, görüntüdə bəxtəvərdi, sanki nə qəmi, nə də qüssəsi var. Ancaq ürəyindən keçənləri bir özü bilir, bir də Allahı.
Bir də müşahidə etmişəm ki, saf olduqca, inandıqca səni həmişə aldadırlar. Həyat o qədər çətindir ki, məcbur olub yaşayırsan.
Kürəyində gəzdirdiyin, kürəyindən vurur səni
Ürək verib can dediyin ürəyindən vurur səni
Sən həmişə güldürürsən, ancaq daim ağladıllar səni!
- Hələ çox deyərəm Aqil, lap çox.
- Bənövşə sən riyaziyyatçı ola-ola mənə ədəbiyyatdan dərs keçirsən?
- Deyirsən mən də başlayım sənə riyaziyyat dərsi keçim? Elə bilirsən keçmərəm?- Hər ikisi gülür.
- Bənövşə, sən Allah nədi səni narahat edən, nədi bu cəfəng fikirlər?! Axşam-axşam bədbəxtlikdən danışırsan. Biz ki xoşbəxtik. Olmazmı bu xoşbəxt həyatımızdan danışaq?! Gül kimi sənətimizdən, bir-birini qəlbən sevən gənc bir ailənin xoşbəxt gələcəyindən danışaq?
- Doğrudur Aqil, əlbəttə elədir. Deməyim odur ki Allah bu xoşbəxtliyi bizə çox görməsin. Naqislərdən, namərdlərdən uzaq olaq.
- Bənövşə, biz pak, ülvi gənclərik. Yenicə ailə qurmuşuq. Yəqin Allahımız da bizə dayaq olar, yardımçı olar.
- İnşallah Aqilim, inşallah!Həyat elə bir yoldur ki, çox zaman yeriyərkən ayaqların yox, ürəyin yorulur. Deyəsən elə Bənövşənin də ürəyi yorulub. Ona elə gəlirdi ki, xalası oğlunun ahı tutub onu. Axı, onun sevgisini rədd etmişdi. O, isə bu rədd cavabından sonra buraları tərk edib Rusiyaya üz tutmuşdu. Orada da bir rus qızı ilə evlənmiş, lakin xoşbəxt olmamışdır. Şikəst bir qız uşaqları dünyaya gəlmiş, sonra da bu evlilik pozulmuşdu. Orada da tale onun üzünə gülməmişdi.
Bu hadisə, bu əhvalat Bənövşənin yadından çıxmır, nə isə özünü narahat hiss edirdi. Bu narahatçılığa səbəb var idi. Bir ildən çox idi ki toyları olmuşdu, nə ürəyi bulanır, nə də başqa təbii hallar baş verirdi. Arzusu isə bir ciyərpara görmək, onu böyütmək, tərbiyə etmək idi. Ancaq deyəsən alınmırdı.
- Aqil səndən bir xahiş etsəm olar?
- Niyə olmur, o nə sözdür deyirsən?!
- Deyirəm bəlkə icazə verəsən bacın Sevillə həkimə gedək!
- Nədi, xəstələnmisən?
-Yox, xəstələnməmişəm, sadəcə yoxlanmaq istəyirəm. Bu çox vacibdir.
- Axı, nə olub, həm deyirsən xəstələnməmişəm, həm də deyirsən həkimə gedək?!
- Aqil, bacın sonra sənə deyər, mən deməyə çətinlik çəkirəm. Çünki bu qadın xəstəliyidir.
- Yaxşı gedin! Bu gün artıq gecdir, sabah gedərsiniz.
Səhəri gün ginekoloq həkimin qəbulunda oldu Bənövşə. Analizlər, müayinələr, aparatlar... Nəticədə həkim məsləhət gördü ki, mütləq həyat yoldaşın da gəlib bu müainələrdən keçməlidir. Nəticə bəlli olandan sonra yekun rəyimizi bildirərik.
Sabahı gün Aqil də gəlib bütün müainələrdən keçir, qan analzi verir, qalır yekun nəticə. - Bir iki günə cavablar bildiriləcək dedilər. Deyilən vaxt yenidən həkimin qəbulunda oldu biçarə Bənövşə. Həkimin üzü heç gülmürdü. Elə ona görə çox həyəcanlı idi Bənövşə.
Səbrsizliklə müsbət cavab gözləyirdi. Nəhayət həkim sənədləri o yan-bu yana çevirdikdən sonra üzünü Bənövşəyə tutub dilləndi:- Qızım, mən çox istərdim ki səni sevindirim, müsbət cavab verim. Lakin, təəssüf ki...bir az dayandı həkim. -Deyin həkim, qurban olum deyin! -Dillənin də həkim. Mənim uşağım olacaqmı??!!
- Yox qızım, yox! Elə də deməzdim, sadəcə sənin qan qrupun və başqa tibbi göstərişlər buna imkan vermir.
-Yəni deyirsiniz bizim bu xoşbəxt həyatımız bədbəxt olacaq?!
- Niyə, qızım niyə! Niyə bədbəxt olursinuz. Başqa üsullar da var. Məsələ süni mayalanma!
-Yox, yox həkim! Mən heç vaxt ona getmərəm, heç vaxt, heç vaxt!!!
Ağlaya-ağlaya həkimin otağını tərk etdi Bənövşə! Bədbəxtlik deyə-deyə bədbəxtliyin astanasına gəlib çıxdı Bənövşə. Öz-özünə deyinə-deyinə axı, ürəyimə dammışdı. Düşünürdüm ki, bədbəxt xalaoğlumun ahından qurtara bilməyəcəm, qurtarmadım da! Yaşlılar deyirdilər axı, kişi qarğışı, ata qarğışı keçərli olur!!
- -...Həmişəki Bənövşə müəllimə deyildi şagirdlərlə də, müəllimlərlə də. Çıxıb getmək istəyirdi buralardan, heç kəsi görmək istəmirdi.
Ən çox qorxduğu bir şey var idi, "sonsuz" deyilmək. Kənddə biri də vardı, uşağı olmayan, ona sonsuz deyə- deyə yazığı vərəmlədib öldürdülər. İndi də bizə deyəcəklər. O qədər "ağzıgöyçəklər" var ki... Paxıllar, gözügötürməzlər...
Bu dərd gündən - günə soldururdu Bənövşəni. Ancaq, yenə özünü o yerə qoymurdu. İstirahət günü idi, aşıq elə gözəl oxuyurdu ki... -Elə bil bizim həyatımızı oxuyurdu. Aqil, Aqil yaxına gəl. Gəl birlikdə bu aşığa qulaq asaq, elə bil bizim taleyimizi oxuyur...
İllər ötür, yaş üstünə yaş gəlir,
Zirvələrə ucalırıq sən demə.
Ötən ömrün xatirəsi qocalmır
Saç ağarır, qocalırıq sən demə...
Bənövşənin göz yaşları o solğun sifətindən üzü aşağı yuvarlandı. Aqil dəsmalı ilə onun göz yaşını silib, sonra isə əzizim, sənə nə olub, de mən də bilim də... Niyə gecə- gündüz fikirli gəzirsən? Həmişəki Bənövşə deyilsən axı?! De mən də bilim də Bənövşə, axı mənə heç nə demirsən?! - Deyim deyirsən?-Hə, de Bənövşə, de mən də bilim. Belə olmaz axı...
- Aqil, bu çox ağır bir xəbərdi. Əvvəllər də sənə demişdim "bədbəxtlik" haqqında. Bax, indi həmin bədbəxt mənəm, mən!
Yenidən hönkür-hönkür ağladı Bənövşə. Aqil yenə onun göz yaşlarını silib, saçlarını oxşadı.
- Niyə bədbəxt olursan, əzizim?! Gül kimi, xoşbəxt ailəmiz...
- Yox, yox Aqil! Xoşbəxt ailə deyilik. O vaxt xoşbəxt olardıq ki, uşaqlarımız olardı...o da ki olmadı, olmayacaq da!
- O nə sözdü, onu hansı yaramaz həkim dedi. Həkim elə söz deyər?!
- Deyər Aqil, deyər, niyə demir ki? Dedi ki, sizin birgə yaşayışınızdan övladınız olmayacaq. Yalnız "süni mayalanma"! Mən də ona gedəsi deyiləm. Heç vaxt, heç vaxt!
Hər ikisi susdu...
Yenə sükutu Bənövşə pozdu:
- Bilirsən Aqil! Mən səni xoşbəxt görmək istəyirəm, xoşbəxt. Çünki sən mənim ilk sevgi payımsan. Heç kəsi sevməmişəm, səni sevdiyim qədər. Heç əzizlərimi də! Ancaq neyləməli, həyatdı də... Belə qərara gəlmişəm ki, ayrılaq. Sən də yenidən ailə qur, evlən, uşaqların olsun. Mən də atıram özümü bədbəxt həyatımın ağuşuna. Harda dalğalar, o qorxunc dalğalar udar məni, udar!!!
Aqil iki əlli başına döydü, xəbərin şokundan az qaldı ürəyi dayansın. Birdən- birə bu nə bəd xəbərdi İlahi! Bu qız nə danışır. Elə bil yuxu görürəm. Qorxunc bir yuxu. Yox, yox! Bu ola bilməz. Heç bir ayrılıqdan söz belə ola bilməz. Ömrümüzün axırına kimi birgə yaşayacağıq. Yəqin Allahımız belə məsləhət bilib ki, uşaqsız yaşayaq.
Dözək Bənövşə, buna da dözək. Təkcə biz deyilik ki...neçə-neçə belə ailələr var.- Yox Aqil, yox! Belə ailələr çox azdır, bir, iki... Səni xoşbəxt görmək istəyirəm Aqil! Qəti qərarımdı, ayrılaq! Sən sağ, mən isə yarı salamat! Qəm- kədər yükü ilə yüklənmiş, yaralı ürəklə yol alan Bənövşə!...
***
Aqil öz-özünə, kədərli-kədərli:-
Sızla kaman, ağla tarım,
Qoy yandırsın tellər məni
Kərəm kimi külə dönüm
Dastan etsin dillər məni!
Neçə gün idi üzü üstə qalmışdı Aqil müəllim. Məktəbə də getmirdi. Müəllim yoldaşı onu ziyarətə gəldi. Nə olub Aqil müəllim, neçə gündür niyə dərsə gəlmirsən, hamımız narahat olmuşuq.
- Bilmirəm qardaş, mənə nə oldu. Özümü heç yaxşı hiss etmirəm. Deyəsən möhkən soyuqlamışam.
- Aqil, istəyirsən gedək həkimə. Mənim çox yaxın bir həkim tanışım var, gedək yoxlasın.
-Yox, qardaş, sağ ol. Həkim adı gələndə tüklərim ürpəşir. Həkim adını eşitmək belə istəmirəm. İndiki həkimlərin bir çoxu şərəfli həkim adını ləkələyənlərdi. Hamısı fırıldaqçı,, hamısı dəllal! - Dərman dəllalları, tale dəllalları! Hippokrat andı içiiblər guya, And sizə qənim olsun alçaqlar!
Bax beləcə iki gənc müəllimin həyatı alt-üst oldu, bir uşaq üçün, bir körpə üçün.
- -..
Bir neçə il keçdi. Bənövşə təzə gəlmiş müəllim yoldaşı ilə ailə qurdu. Ailə qurdu ki, heç olmasa bundan sonra Aqil də ailə qurar, xoşbəxt olar. Ancaq, Aqil evlənmədi, əhdinə vəfasız olmadı. Tətil günlərinin birində Bənövşənin yoldaşı ailələrinə baş çəkməyə gedərkən avtomobil qəzasında faciəli surətdə həlak oldu. Yenidən Bənövşənin tale üzünə gülmədi. Ata-anası da qızlarının bu həyatına dözməyib həyatla vidalaşmalı oldular. Bənövşə qaldı tək-tənha!
Gecələrini ağlamaqla, sızlamaqla keçirir biçarə qız. Gündüzlər isə sürünə- sürünə, fikirli, xəyallı məktəb yolları...
Yox, yox dözə bilmirdi Bənövşə. Öz-özünə qərar verdi. Özü üçün qəbir hazırlatmalıdı. Fikirləşdi ki, ömrünün sonu yaxınlaşıb. Qəflətən dünyasını dəyişsə kim onu dəfn edəcək, kim bu xərci çəkəcək. Axı, heç kəsi qalmayıb?! Heç kəsə bildirmədən, heç kəsə sirr vermədən kənardan usta gətirib qəbir yerini hazırlatdı. Qara mərmərdən sinə daşı, baş daşı...hər şey hazır. Yalnız qalır bu qəbrin sahibinin dəfn olunması...bir az rahatlıq tapır Bənövşə.
Hər cümə axşamı bir qara yaylıqlı qadın gəlir qəbristanlığa. Bu boş, sahibini gözləyən məzarın yanında göz yaşı tökür, bayatılar deyib gedir. -Axı, kimdi bu qara yaylıqlı qadın?!
Bu hadisəni izləyən qarovulçu qoca kişi yaxınlaşır ki, qızım, sən hər dəfə gəlib bu boş qəbrin üstündə göz yaşı tökürsən. Axı kimin qəbri olacaq bu qəbir ki, sən dil deyirsən, həyatını puç edirsən?! Özünü ələ al, qızım. Get həyatını yaşa, cavan adamsan qıymıram sənə.
- Əmi, ay əmi! Bu sahibini gözləyən qəbir mənimdi, mənim. Mən öz bədbəxt taleyimi ağlayıram, bilirəm ki, heç kəs ağlamayacaq, - deyərək cəld buradan uzaqlaşdı Bənövşə.
Qoca gözətçi isə onun arxasınca baxdı, baxdı...və dəsmalını çıxarıb qeyri-ixtiyari axan göz yaşlarını sildi.
Təqdim etdi: Ələsgər Əlioğlu
Əli Nəzmi Ədəbi Birliyinin sədri