Ömrümüz elə bil ölüm məşqidi - Yeni şeirlər

MANERA.AZ Afiq Muxtaroğlunun yeni şeirlərini təqdim edir.
***
Yıxılsan qolundan tutan tapılmır,
Özünü yorursan itən tapılmır,
Ocağı çatırsan kündən yapılmır,
Yanğın onda çıxır, yax onda çıxır.
Dərdin dildən iti, əldən zirəksə,
Ünün ərşə bülənd, göyə dirəksə,
Ümidinə cavab – qismət, görəksə,
İşin pis tərəfi bax onda çıxır.
Ömrünə dərdlərin yeli toxunsa,
Kədər ələ salsa, gülüb taxınsa,
Əyninə dərd adlı bəylik toxunsa,
Toy onda çalınır, şax onda çıxır.
1 noyabr 2024-cü il
***
Yadındamı vurğun idim payıza,
O şakərim yerindədir, həməndir.
Boşalmadı bircə dəfə bu andır, –
Qayğıların boynumdakı kəməndi.
Açılmadı bu işlərdən başım heç,
Azalmadı qayğıların hücumu.
Mən qapıdan qovduğuma baxasan,
Gör bacadan nə dürtülür, nə cumur.
İmkan yoxdur qayğıların əlindən,
Bir başımı qaldıram oy, baxam oy.
Payız gəlib kəsdiribdi qapını,
Görmürmü ki, əllərdədir yaxam oy.
Urcah oldum qayğılara heç nədən,
Qurtarmır ha davasını-cəngini.
...Yadındamı vurğunluğum payıza,
Dəlisiydim boyasının, rənginin...
27 oktyabr 2024-cü il
***
Yadındamı o havalı oyunum,
Oynayırdım həyat adlı dramda.
Şükür yenə ayaqlarım yol ölçür,
Yenə sayır boz daşları aramla.
Yenə baxır uzaqlara gözlərim,
Baxıb yenə uzun-uzun yol çəkir.
Həmin axmaq ağrı hələ başımda,
Nə mən bezdim, nə də ağrı əl çəkir.
Qaş-qabağım elə həmin gördüyün,
Getməyib ha göylərimin buludu.
Bu dünyanı seyr edirəm eləcə,
Görən deyir: – bu, haranın huludu.
Bezikdirir hərdən təklik adamı,
Yenik düşüb qayğılara dörd yanım.
Şükür hələ dərd-azar var çəkməyə,
Oyaq durur qəm tərəfim, dərd yanım.
24 oktyabr 2024-cü il
***
Könlümüz təklənmiş narahat qudu,
Bir udum havadı, bir içim sudu,
Ömür dedikləri budumu? – budu,
Boylanıb gedirik, baxıb gedirik.
Çevrilir tələsik ömür varağı,
Qarşıda qaçılmaz ölüm var axı,
Yarışdı hamının hələ marağı,
Düşmüşük axına, axıb gedirik.
Yavaş-yavaş öz sonuna uçunub,
Könlündə gəzdirir hərə suçunu,
Kim burur görəsən ömrün puçunu,
Şimşəyə dönürük, çaxıb gedirik.
Bu necə kitabdı, bu necə fəndi,
Bilinmir qaydası, bilinmir fəndi,
Bu eşqin yolunda, canım əfəndi,
Bir ömrü yandırıb, yaxıb gedirik.
28 iyul 2024-cü il
***
Heç tanımayasan getdiyin yeri,
Səni haraylayan səsə gedəsən.
Ürəyin atlana, döyə köksünü,
Şığanıb hər yerdən kəsə gedəsən.
O səsin eşqinə tutasan yolu,
Keçəsən ayazdan, sazaqdan elə.
Bir oyun başlaya o səs səninlə,
Səsləyə yaxından, uzaqdan elə.
Düşəsən sehrinə o səsin qəfil,
Bir az əzizləyə, ağlaya səni.
Rahatlıq tapmaya bir yerdə canın,
Yüz yerdən özünə bağlaya səni.
Çıxa bədənindən arada ruhun,
Səni ovsunlayan səsə gedəsən.
Yıxılasan bir az, durasan bir az,
Gedəsən, gedəsən, nəsə gedəsən.
31 may 2024-cü il
***
Mən kimə söyləyim, kimə deyinim,
Bezmişəm canımdan sənsizliyinlə.
Gedirsən uzağa, gedirsən yenə,
Nə deyim, get əylən mənsizliyinlə.
Nə gözəl əyləncə tapıbsan, zalım,
Nə gözəl oyundu bu oyun belə?
Get şənlən, get əylən durulsun kefin,
Uzansın bir az da qoy boyun belə.
Məni yaxınına buraxma daha,
Çəkil, mən olmayan bölgəyə çəkil.
Mən yanım, qaralım qoy buralarda,
Sən mənsizliyinlə kölgəyə çəkil.
Nəyinə gərəyəm daha mən sənin,
Get əylən, a zalım, uzağındaca.
Düşüb tələsinə sənsizliyin eh,
Can çəkim qoy elə tuzağındaca.
Dinclikmi gətirib mənsizlik ora,
Nuramı boyanıb yoxsa yan-yörən?
Mübarəkmi deyim əyləncənə ki,
Düşərlimi desəm yaxşıdı görən?
25 may 2024-cü il
***
Doğumla başlayır ömür deyilən,
Başlayır hər ömrün gerisayımı.
Ömrü düşüb yeyir nəsə bir ucdan,
Acgöz bir pələngmi, həris ayımı?
Doğuşdan başlayır hamının dərsi,
Ömrümüz elə bil ölüm məşqidi.
Niyə çürüdürük bu ömrü görən, –
Nəyin istəyidi, nəyin eşqidi?
Gah sağa, gah sola şabaş eyləyib,
Günləri sovurub yelə veririk;
Ömür yaşamırıq biz adam kimi,
Qaçdıyla, qovduyla yola veririk.
Günü axşam edib vururuq başa,
Yorulub birtəhər sona varırıq.
Qorxumuz-ürkümüz nədəndi elə,
Tələsib, təntiyib ona varırıq.
Yıxılıb qalxırıq gündə neçə yol,
Hər günümüz sanki, bir böyük savaş.
Başımız hər axşam düşür yastığa,
Ölümə öyrəşir can yavaş-yavaş.
17 fevral 2024-cü il
***
Nə üçün vurnuxur adamlar belə,
Gen dünya görəsən bu qədər darmı?
Xoşbəxtlik dalınca yüyürür hamı,
Hardasa xoşbəxtlik düsturu varmı?
Deyək ki, sevinci aşır boyunu,
Deyək ki, sevincdən göz aça bilmir.
Deyək ki, təntidib sevinc nə vaxtdı,
Deyək ki, kədərdən söz aça bilmir.
Nə qədər uzağa düşsə də yolu,
Hər axar bir çuxur tapacaq axıb.
Nə qədər çəkəcək sevincin ömrü,
Nə qədər çəkəcək xoşbəxtlik axı?
Bu ömür andırın bir sonu varsa,
Xoşbəxtlik nə qədər çəkəcək onda?
Doğuşdan ölümə gedirsə yollar,
Olum da ölümmüş bir başqa donda.
Oturub xoşbəxtik gözləyir hamı,
Ya sönük ulduzdan, ya dönük bürcdən.
...Belə qurulubmuş ömür saatı,
Üyüdürmüş ömrü elə bir ucdan...
24 yanvar 2024-cü il
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.