manera.az
manera.az

Dərdini sahilə daşıyan dəniz.. - Yeni şeirlər

Dərdini sahilə daşıyan dəniz.. - Yeni şeirlər
MANERA.AZ Zakir Məmmədəlinin şeirlərini təqdim edir.

Gəl bir nağıl başlayaq...

Nə yazım ki, mən sənə
bu soyuqda-sazaqda.
Yazdan xəbər çıxmadı,
azıb qaldı uzaqda.

Saçlarına daraq çək,
dərd asılıb telindən.
Qoy aparım, ver mənə
xata çıxar əlindən.

Min sualın cavabı
pusqudakı qədərdə.
Qapıdan qovduğun dərd
bacadan girhagirdə.

Biri vardı, biri yox, –
gəl bir nağıl başlayaq.
Qədəri dəyişməyə
sehrli çubuq tapaq.

Ümman oldu dərdlərin
dalğalanan zəmisi...
Çağır gəlsin nağıldan
Sindibadın gəmisi.

Tanrı da gözə dəymir...
yoxdu səsi-sorağı.
İt-bat olub nağılda
Ələddinin çırağı.

Bu yaz gecəsi

Şimşək ilan kimi çalır zülməti,
bir gecə diksinir hər addım başı.
Bu yaz gecəsinin çətiri altda
acıyla yanbayan, dərdlə yanaşı
sevgilər cücərir hər addım başı...

Gecə vahiməylə çəkir içini,
söyüd saçlarını üzünə tökür.
Hardasa yaxında,
lap əlçatanda
soyuq dibçəklərdə çiçəklər ölür...

Hardasa yaxında,
lap əlçatanda,
bu yaz gecəsinin qaranlığında
qapqara bir quzu,
qapqara şumda
qədərə sığınıb sübhü gözləyir.

Bu yaz gecəsinin dərinliyində
hardasa bir ümid tumurcuq atır.
Hardasa bir ürək yaman üşüyür,
ağrıdan-acıdan yer salıb yatır.

Bu yaz gecəsinin qara gözləri
sübhəcən beləcə dolar, boşalar.
Şimşək işığının qolları üstdə
bir gecə beləcə sönər, sozalar...

Dəniz, dəniz...

Nədir sularında lillənən giley,
üzündə təbəssüm, qəlbi qan dəniz?
Rüzgar tərsə düşüb sərt əsəndə hey
dərdini sahilə daşıyan dəniz...

Zülmət silkələnib dan söküləndə
sübhün toranından şeh ələnəndə,
qaranquş üfüqdən müjdə verəndə,
Günəşə hamilə oyanan dəniz.

Yenə axşamüstü gilavar sərin,
sahilə naz satan göy ləpələrin.
Başının üstündə zümrüd göylərin
mavi sevgisinə boyanan dəniz.

Üzünü güldürür bikef çağında,
ahıl qocanın da, növcavanın da.
Dəli-dolunun da, pürkamalın da
boynuna qolları dolanan dəniz.

Səflərə düzəndə tale dərd-qəmi,
sən oldun cahanda könül həmdəmim.
Tufana tuş gəldi yelkənsiz gəmim,
əlvida, mən gedər, sən qalan dəniz...

Bir namə yazıram...

Bir namə yazıram uzaq illərə,
yazıram, bilmirəm çata-çatmaya.
Ağrı tikan-tikan bitib yollara,
aldanıb sığala yata-yatmaya.

Bir namə yazıram, çata-çatmaya
illər arxasında qalan dostlara.
Haçansa ürəyi bir vuranlara,
dostun köhnəsinə, təzə yadlara...

Onda dərd-kədərin ayağı bağlı,
onda səhərlərin yolu açıqdı.
Onda ölüm-itim uzaqdan uzaq,
onda durnaların dönən çağıydı...

Onda xəyalların qönçə zamanı,
sevginin tumurcuq atan çağıydı.
Sərt əsib tərs düşən qara yellərin
Baş vurub mürgüyə dalan çağıydı.

Bir namə yazıram, yetə-yetməyə...
yaddan yada dönmüş yaxın şəhərə.
Vaxtın o tayında donmuş gəncliyə,
uzaq sevgilərə, yaxın dərdlərə...

Dərvişlər ələndi…

Yatıb yalmanına yorğun ümidin
illərdi çapırsan gümana doğru.
Bürünüb inada, yoldu, gedirsən
nisyə sorağında dumana doğru.

İnana bilmədin, sən üz tutana
bəni-adəm salan yollar aparmır.
Bu yollar üfüqə dirənsələr də,
yollar üfüqlərdən göylərə varmır.

Dərvişlər ələndi, bitdi, tükəndi,
Haqqa varan yolu duman, çən aldı.
Dünya zahidlərin dünyası deyil,
sonuncu dərviş də Hələbdə qaldı...

İnana bilmədin, getdiyin yolda
tay-tuşun yoxuşda yorulmağı var,
doğmadan doğmanın, yarın-yoldaşın
sən demə, yaddan da yad olmağı var...

Belədə ağrını, acılarını
bir ümid telində göydən asırsan.
Sonra da ümiddən umub-küsürsən,
sonra da özünü asıb-kəsirsən...

...İllərdi sığınıb heysiz ümidə
bir kor təsadüfdən mədət umursan.
Hər yazın gəlişi hallı, havalı,
hər payız saralıb xəzəl olursan...

Onda narın-narın yağış yağırdı

Onda bu qorxulu-ürkülü şəhər,
yuxusu didərgin, tüstülü şəhər,
o payız axşamı yaman fağırdı...
Onda narın-narın yağış yağırdı.

Onda bənd-bərəni dağıdan şəhər,
sel kim yatağa sığmayan şəhər,
o payız axşamı, üzüyolaydı...
Onda narın-narın yağış yağırdı.

Hələ ağaclara toy tutan külək,
dənizi top kimi oynadan külək!
Sustalıb yatırdı, elə fağırdı...
Onda narın-narın yağış yağırdı.

“Mənimdi” hayqıran iştahdan uzaq,
zərbi daşı dələn tamahdan iraq,
bir səssiz məkanda, bir bağça vardı,
orda narın-narın yağış yağırdı.

Yağış narın-narın layla çalırdı...
Ağaclar sustalıb layla səsinə
çılpaq budaqları xumarlanırdı.
Onda narın-narın yağış yağırdı...

Tanrı dərgahında, bu xoş saatda
sanki qurd quzuyla otlamağında.
Nə ölüm daşıyan, ömürlər yaxan
sərsəri güllələr can almağında...

Hikkə-öfkə saçan sərsəri səslər
sanki bir gecəlik pis bir yuxuymuş.
Üzü üzlər görmüş bu yerin üzü
sanki aydan arı, sudan duruymuş.

...Onda narın-narın yağış yağırdı.
Ağaclar sustalıb yağış səsinə
çılpaq budaqları xumarlanırdı...

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031