Uzaqlardan danışır yaxınların nağılı - Mətləb Ağadan lap köhnə şeirlər
90-cı illərin əvvəllərinin şeirləri...
* * *
Bu dünyanın hər üzünü
küləklər oxşayıb keçir...
yaşılını, qurusunu
küləklər oxşayıb keçir...
öpür hər gördüyü üzü,
baxmır kimin, nəyin üzü...
yarpaqlayır suyun üzü;
küləklər oxşayıb keçir...
qəm-kədər görməyəni də,
bir yol sevinməyəni də...
oxşanmaq sevməyəni də
küləklər oxşayıb keçir...
1991
* * *
Bu dünyanın çox qapısı,
bir ev var, ora açılır...
var qapısı, yox qapısı,
bir ev var, ora açılır...
kim uduzur, kim dirənir,
kim şah olur, kim dilənir...
bu qapı da mən biləni,
bir ev var, ora açılır...
...ya səbr et, səbr qapıdı,
ya da öl, qəbir qapıdı...
hər şey, hər şey bir qapıdı,
bir ev var, ora açılır...
1991
* * *
Yaman gözəlsiz, düzü,
sərin yay gecələri...
beləcə, ömrünüzü
sürün, yay gecələri...
durdum dərdlə təkbətək,
dərd arıdı, mən pətək...
ürəyimi meyvətək
dərin, yay gecələri...
puç oldu gözəl anlar,
ömrüm bəxtimi danlar...
mənə məktub yazanlar;
yerim: “yay gecələri... “
1992
* * *
Məni adam et, Allah,
anamı, atamı ver...
bu adlardan olmasın,
sən özün adımı ver...
ver canın ən safını,
çağ etginən kefimi...
çatmağa hədəfimi,
çapmağa atımı ver...
ağlımı başdan alan,
bircə baxışnan alan,
əlimi işdən alan
o gözəl qadını ver...
baxdım can qəfəsindən,
düşdüm də həvəsindən...
al baha ömrü məndən,
ucuz tabutumu ver...
1994
* * *
Yaşayar göy dənizdə,
bir bəyaz su pərisi...
bütün qızlardan keçib
oldum onun dəlisi...
o, uzaqda bir ada,
bilinmədi adı da...
heç dönüb baxmadı da,
nə olacaq gerisi...
yüz il, min il sonradan
hönkürər bir mahnıdan:
“bir su pərisi sevdi
bir zaman bir balıqçı
... əl çəkdi dincliyindən,
yuxusundan, baliqçı,
sevdi, göz yaşı daddı,
göz yaşından balıqçı,
yeni dəniz yaratdi...
və günlərin bir günü,
əl üzdü pərisindən,
hər şeyi bu dünyada
buraxdı gerisində...
bitdi gözündə yaş da,
batdı öz dənizində...”
1993
* * *
Əvvəl-əvvəl göyə baxdı,
buludlar həminki idi...
həminkiydi, nəyə baxdı,
çox adlar həminki idi...
bədənini yol üzmüşdü,
sevdiyindən əl üzmüşdü...
yenə canına gün düşdü;
ümidlər həminki idi...
yuxusunda ölüb qorxdu,
yatıb qorxdu, durub qorxdu,
beşikləri görüb qorxdu,
tabutlar həminki idi...
1993
* * *
Dərib dəstə bağladın,
bənövşə bəndə düşdü...
əllərimə o dəstə
zərif əlində düşdü...
“bənövşə ayrılıqdı”
deyənlər haqlı çıxdı...
il ötdü, bitdi vaxtı,
həsrət kəməndə düşdü...
... amma o, dözməmişdi,
bəlkə çox gözləmişdi;
kitabın arasından
aman, nə gündə düşdü...
1994
* * *
Aç yelkənini, üz daha,
sonuncu yelkən gəmisi...
sən ucuzsan, dəniz baha,
sonuncu yelkən gəmisi...
böyükləşdim, uşaq idim,
zülmətləşdim, işıq idim...
yelkənin kimi şax idim,
sonuncu yelkən gəmisi...
bu sular coşdu, səngidi,
ürəyin düşdü, təngidi...
dəniz elə həminkidi,
sonuncu yelkən gəmisi...
o getdiyin ada özün,
ana özün, ata özün...
bu dor, bu ip, bu da özün,
sonuncu yelkən gəmisi...
1993
* * *
Bir qədər yaxında ot xışıltısı,
bir qədər uzaqda çay oxuyurdu...
gülürdü bu yerin ən gözəl qızı,
göydə səssiz-səssiz ay oxuyurdu...
quşlar qoşun-qoşun uçub gəlirdi,
dərdlinin gül kimi açırdı dərdi...
bir aşiq əl atıb ulduz dərirdi,
salıb aşıq kimi hay, oxuyurdu...
ayrılıb gedirdim bütün kəslərdən,
bütün yaxşılardan, bütün pislərdən...
bezib bu səslərdən, bu nəfəslərdən,
mənimçün, özüyçün yay oxuyurdu...
1994
* * *
Yanıb külə dönsəm, üfür külümü,
üfür ki, köz olsa alışa bilsin...
alıb göy üzünə sovur külümü,
dərdimi Allaha danışa bilsin...
getsən ömürlük get, gəlsən ömürlük,
dəcəlsən ömürlük, kürsən ömürlük...
güləyən deyərlər gülsən ömürlük,
yanağın hərdənbir qırışa bilsin...
unut, yandır məni həsrət odunda,
atıl boşluqlara sevgi qatından...
barı, bir adımı saxla yadında;
kimsə məni səndən soruşa bilsin...
1994
* * *
Bu səhər necə də uzanır kölgəm,
deyəsən, uzanıb sənə çatacaq...
arxanca yazılır, yazılır kölgəm,
yazılıb, yazılıb sənə çatacaq...
bu səhər böyüdü çiçəklər, otlar,
böyüdüm, deyəsən mən də bir azca...
sən çıxıb gedirsən, sənə yaxşı yol,
gölgənə verərəm bu şeiri yazsam…
...nə qədər yaşasa, sağ olsa kölgəm,
gələcək tək sənə, tək sənə tərəf...
göy üzü qaralsa, yıxılsa kölgəm,
sürünüb öləcək çəkmənə tərəf...
1991
* * *
Soyuyuram günbəgün,
gözlərim buz qoxuyur...
canımdakı ağrılar
yenə meydan oxuyur...
gəldin, hiss eləmədim
ayaq səsini belə...
o qədərmi soyudum,
duymadım səni belə?...
bu son nəfəsimdimi,
ya yeni doğuluşum?..
dosta dəyən daş kimi,
düşür köksümə başım...
1995
* * *
Milyon ildi qarşımdadı ayrılıq dağı,
bu dünyanın var olduğu yadıma düşmür...
ölmüşəmmi, yatmışammı, məni bir çağır,
aşiq denən, başqa sözlər adıma düşmür...
gerçəyəmmi, yuxuyammı, bilmirəm, amma,
bircə bunu bilirəm ki, duya bilirəm...
önümdəcə işıq saçır bir qızıl alma,
nə ətrindən, nə rəngindən doya bilirəm...
gözləyirəm gün ötüşsün, düşsün qaranlıq,
gündüz gedir, gecə gəlir, yenə qorxuram...
nə özümdə güc tapıram tək bircə anlıq,
bu almanın səcdəsindən, nə də qalxıram...
1992
* * *
Neçə-neçə il uçuruq,
ömrün qanadlarında...
çatmır bizə yel, uçuruq
ömrün qanadlarında...
aşağıda, yuxarıda,
uzağa da, yaxına da,
uçur neçə-neçə adam
ömrün qanadlarında...
ölüm hey çağırır bizi,
yorur, yorur, yorur bizi...
lələk kimi yolur bizi,
ömrün qanadlarından...
1991
* * *
Bu da eşqlə yaxılıb,
yaxanların nağılı...
bu da sözlə savaşa
çıxanların nağılı...
bu ayrılıq ərəfə,
yoldu - birlik tərəfə...
bu, yas içində kefə
baxanların nağılı...
... gələn-gedən yanaşı,
sevinc-kədər yanaşı...
uzaqlardan danışır
yaxınların nağılı...
1993
* * *
Ötüb gedir başım üstən ağ bulud,
ötüb gedir ağ buludun kölgəsi...
həyətləri, küçələri, evləri
tutub gedir ağ buludun kölgəsi...
gedişində “əlvida” var, “unut” var,
niyə məndə dönüşünə ümud var?...
bir də gördüm, göydə min-min bulud var;
itib gedib ağ buludun kölgəsi...
1993