Əhməd bəy Ağaoğlu Şuşada anıldı – fotolar

02.05.2024/ Şuşa şəhəri
Bu gün Şuşada yerləşən “Qarabağ” otelində “Böyük narahat adam” adlı Əhməd Ağaoğlunun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar keçirilib. Seminarda Xəzər Universitetinin əməkdaşları, məzunları, təhsil işçiləri və jurnalistlər iştirak ediblər.
Seminarda Xəzər Universitetinin təsisçisi və ilk rektoru Prof. Dr. Hamlet İsaxanlı “Difai” firqəsinin qurucusu, Azərbaycan və Türkiyədə milli hərəkatların aparıcı siması olan Əhməd Bəy Ağaoğlunun Azərbaycan ədəbiyyatı və sosial-siyasi həyatı ilə bağlı çıxış edib.
O, Əhməd Bəy Ağaoğlunun həyat və yaradıcılığından, ailəsindəki görkəmli insanlardan, həmçinin onun Türkiyəyə köçməsindən və oradakı əlaqələrindən - İstanbul Universitetindəki pedaqoji və idarəçilik fəaliyyətindən danışıb. İsaxanlı, Ağaoğlunun Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə münasibətindən, Nəriman Nərimanovla dostluq əlaqələrindən və Türk İslam Ordusunda siyasi müşavirlik fəaliyyətindən bəhs edib.
Prof. Dr. H. İsaxanlı, Əhməd Ağaoğlunun amal uğrunda bütün çətinlikləri dəf etdiyini və milli qurtuluş yolunda yorulmadan mübarizə apardığını vurğulayıb.
Qeyd edək ki, Türkçülük hərəkatı ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim, jurnalist və pedaqoq Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 1869-cu ilin dekabrında Şuşada anadan olmuşdur. O, Qarabağ xanı Pənahəli хаnın nəslindəndir. Ə. Ağaoğlu Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi olmuş, 1920-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna müdir təyin edilmişdir. Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilən Ə. Ağaoğlu Ankara Universitetinin professoru və “Hakimiyyəti-milliyyə” qəzetinin redaktoru işləmişdir. Ə. Ağaoğlu 19 may 1939-cu ildə İstanbulda vəfat etmişdir.
Şəhla Aslan,
Şuşa şəhəri 
