manera.az
manera.az

Leyla Əsədullayeva:- “Yalnız zəngin mütaliyəylə ədəbiyyatçı olmaq olar” | MANERA.AZ

Leyla Əsədullayeva:- “Yalnız zəngin mütaliyəylə ədəbiyyatçı olmaq olar” | MANERA.AZ


“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən gənc yazarları geniş oxucu kütləsinə təqdim etməkdir.

Bu dəfəki müsahibimiz Bakı Slavyan Universitetinin I kurs tələbəsi Leyla Əsədullayevadır.

- Ənənəvi sualımız belədir: Leyla Əsədullayeva kimdir?

- Mən Əsədullayeva Leyla Mövludşah qızı 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. 2 nömrəli Bakı Baza Tibb Kollecinin Loboratoriya-diaqnostika fakültəsini bitirmişəm. Hazırda BSU-nun Yaradıcılıq fakültəsinin I kurs tələbəsiyəm. 2013-cü ildən bədii yaradıcılıqla məşğulam

- İxtisasca həkim yarısısan, bəs qələmlə dostluğun necə başlayıb?

- Hələ uşaq yaşlarımdan ədəbiyyata böyük həvəs göstərmişəm. 2009-2010-cu illərdə məktəblilər arasında keçirilən Ümummilli lider “Heydər Əliyev” inşa müsabiqəsinin respublika mərhələsinin qalibi olmuşam. 2014-cü ildə tələbələr arasında keçirilən eyniadlı inşa müsabiqəsində Bakı şəhəri üzrə birinci yerə layiq görüldüm. İlk şeirlərimin çoxunu kövrələrək qələmə almışdım. İndidə həmin şeirlərimi oxuyanda o duyğuları, o günləri xatırlayıram. Qələm mənim ən yaxın dostlarımdan biri və birincisidir. Hər şeydən, hər kəsdən uzaqlaşan zaman məhz o mənim yanımda olur. İlk yazdığım şeirlər vətənpərvərlik mövzusunda olub. Ulu Öndərə həsr etdiyim şeir də, o vaxt yazılmışdı. Nə dərəcədə alınıb-alınmadığını deyə bilmərəm, amma onu tam əminliklə deyə bilərəm ki, qəlbdən süzülən ən xoş hisslərim olub. Daha sonra ”Əsgərin son vəsiyyəti” adlı iri həcimli şeirimi qələmə aldım. Düşünürəm ki, bu şeirim məzmununa görə digərlərindən çox fərqlənir. Bu fərqi oxucuların verdiyi reaksiyada, bildirdiyi fikirlərdə də gördüm.

- Oxucu fikrini necə öyrənirsən?

- Müəllif üçün oxucu rəyindən gözəl heç nə ola bilməz. Müəllifə ən dəyərli qiyməti də, məhz zaman və obyektiv oxucu rəyi verir. Məhəbbət mövzusunda da şeirlərim çoxdur və onlardan ikisinə də, musiqi bəstələnmişdir. 2013-cü ildə KİV tərəfindən “Qızıl Qələm” mükafatına layiq görülmüşəm. Məhz bu uğurlarım məni digər uğurlar qazanmağa və yaradıcılığıma daha çox zaman ayırmağıma sövq edir. Hər zaman özümə tənqidi yanaşıram. Heç zaman bildiklərimlə kifayətlənmirəm. Həzrəti Məhəmməd peyğəmbərin bu kəlamı lap yerinə düşərdi: “Beşikdən qəbr evinə qədər elm öyrənin”. Oxucu rəylərini də bütün bu proseslər zamanı canlı görüşlərdən və sosial şəbəkədə aldığım mesajlardan öyrənirəm.

- Oxşamaq istədiyin qələm adamı var?

- Xeyr. Bəyəndiyim və mütaliə etdiyim qələm adamları çoxdur lakin ədəbiyyatda öz üslubumu formalaşdırmaq fikrindəyəm. Uşaqlıqdan Bəxtiyar Vahabzadənin şeirlərini sevə-sevə oxumuşam. Müassir şairlərimizdən Ramiz Rövşəni çox bəyənirəm, çünki o, artıq Azərbaycan ədəbiyyatında öz üslubunu formalaşdırmağı bacarıb.

- Hansısa imzaya bənzəmək plagiatdır, səncə?

- Şairlər arasında belə bir deyim var- şairin nəfəsi.Təbii ki, bu zaman şairin seçdiyi üslub və o üslubda yaratdığı yeniliklər nəzərdə tutulur.İmzası təsdiqlənmiş bu cür şairlərin şeirlərinin təsirilə çoxu şeir yazır və bilmədən həmin şairə bənzəyir.Nəticə etibarı ilə plagiat yaranır.Plagiat isə heç zaman bəyənilmir.

- Qələmindən razısan?

- Müəyyən dərəcədə razıyam. Çünki ədəbiyyatda gənc bir sima olmağıma baxmayaraq yazdığım şeirlər öz ahəngi ilə digərlərindən seçilir və müəyyən dərəcədə sevilir. Tam olaraq nəzərdə tutduğum ədəbi biliklərə hələ yiyələnməmişəm. Düşünürəm ki, bu pilləyə çatanda şeirlərim və yaradıcılığım haqqında daha rahat danışmağı bacaracam.

- Oxucu kimi necə, özündən razısan?

- Mütaliə istedadın yarısıdır. Mütaliəsiz yüksəlmək mümkün deyil. Mənim məqsədimdə ədəbiyyatda öz yeri, öz üslubu olan bir şair kimi mövqe sərgiləmək durursa, əlbəttə ki, mütaliəsiz buna heç vaxt nail ola bilmərəm. Özündən əvvəlki və hal-hazırda mövcud olan ədəbi cərəyanları təhlil etməyi bacarmalısan. Hər gün mütləq nələrsə öyrənməlisən. Daimi oxumaq istəyim də, məhz bundan irəli gəlir.

Ədəbiyyatçının (şair və ya nasir) sevilib-seçilməsi, ədəbiyyat aləmində iz buraxması üçün onda istedad və mütaliə olmalıdır. Vurğuladığım bu iki amildən biri olmasa ədəbiyyatçı olmaq mümkün deyil. Çox istedadlı bir gənc mütaliəsiz ədəbiyyata atılırsa, o heç vaxt böyük ədəbiyyatçı ola bilməz. Gözəl hisslərini canlandıra bilər, həmçinin müəyyən dərəcədə sevilə bilər, lakin ədəbiyyat tarixində yenilik edə bilməz. Bunun üçün zəngin mütaliə bacarığı olmalıdır. Digər bir varianta baxaq. Bir insan gözəl oxucudur, ədəbiyyata aid hər şeyi, bütün cərəyanları bilir və sadəcə professional bir oxucu olaraq qalacaq. Daxilindəki o istedad onun oxucu duyumuyla səsləşməsə o heç zaman imza olaraq yadda qalmayacaq. Bu gün Azərbaycanda belə imzalar çoxdur. Mən onların yaradıcılığına nəzər salanda görürəm ki, çox böyük mütliələri var, lakin istedad heç cür duyulmur. Bunun üçün hər kəs mütaliə və istedaddını yoxlayıb nəticə çıxarmağı bacarmalıdır.

- Dünya ədəbiyyatından kimləri oxuyursan?

- Çox uzun bir siyahım var. Ona görə siyahımı tam olaraq yaza bilməyəcəm. Amma bir neçəsinin adını açıqlaya bilərəm. Qardaş Türkiyədən Orxan Pamukun “Kara Kitap” romanı çox ustalıqla yazılmış romandır. Düzdü,1990-cı illərdə yazılıb, amma bu gün də öz əhəmiyyətini qorumaqdadır. Fransuza Saqanın seçilmiş əsərlərini oxuyuram. Yeni dövr Avropa romanının banisi Fransua Rablenin Qarqantua və Pantaqruel kitabını oxumaqdayam. Ukranya şairi Taras Şevçenkonun “Üç geniş yol” kitabından çox mükəmməl şeir və poemalarını bir neçə gün öncə bitirdim.

- Bəs özümüzünkilərdən daha çox kimləri oxuyursan?

- Azərbaycanın unudulmaz yazıçısı İsa Muğannanın romanlarını, Ramiz Rövşənnin şeirlərini, akademik Kamal Abdullanın müxtəlif məzmunlu əsərlərini, klassiklərimizin demək olar ki, çox əsərlərini oxuyub bitirmişəm.

- Sənin oxucuların kimlərdi?

- Oxucularım arasında xüsusi bir yaş kateqoriyası yoxdur. Müxtəlif yaş təbəqəsindən olan oxucularım var. Demək olar ki, paylaşılan bütün şeirlərimdən sonra oxucu rəyləri alıram. Arada susqunluqlada qarşılaşıram. Bu zaman dərk edirəm ki, bu şeir oxucunun gözlədiyi bir şeir deyil və ya şeirdə nə isə çatmır. Qardaş türkiyədən də məni izləyən yeni şeirlərimi maraqla gözləyən oxucularım var və onların arasında profissonal olaraq ədəbiyyatla məşğul olan insanların da, olması məni çox sevindirir.Oxucularım ən əsası yüksək duyumu olan insanlardır.Həmçinin oxucularım arasında müxtəlif təbəqə fərqləridə var. Alim olanda var, həkim də, jurnalist də, fəhlə və ya evdar qadın olan da. Onlarla təsadüfən qarşılaşanda bəzi şeirlərimin adını çəkirlər. Bu məni hədsiz sevindirir. Çünkü yeni ədəbiyyata gələn bir insan üçün bu ancaq gözəl bir xəyal ola bilər. Mənimçünsə real olur. Düzü hələki bu hal çox olmur, amma əsəs odur ki, az da olsa olur və bu mənə daha gözəl şeirlər yazıb üzərimdə işləmək üçün böyük stimul verir.

- Bu günki ədəbi gənclikdən necə?

- Çox çətin bir sual oldu. Mənim ədəbi gəncliyim mənim gözümdə dünyanın bütün xalqlarından irəlidə olmalıdır.İstedadlı gənclərimiz çoxdur, lakin dünya ədəbiyyatına çıxışları xeyli məhduddur. Vaxtilə dünyanı fəth etmiş şairlərimiz çox olub. Arzu edərdim ki, belə dünya şöhrətli şairlərimizin sırasına gənc şairlərimizdən də əlavə olunsun.

- Bu baxımdan özünə güvənirsən ki, nə zamansa dünya şöhrətli yazar olacaqsan?

- Onu zamanın öhtəsinə buraxmaq daha doğru olardı. Fikrimcə, əgər bir şair şöhrət üçün ədəbiyyata gəlirsə, onda heç nə alınmayacaq. Çünki ədəbiyyata ondan zövq almaq və kimlərəsə zövq vermək üçün yanaşmaq lazımdır. Dünya şöhrəti qazanmaq ədəbiyyata yenicə qədəm qoyan hər bir gənc kimi mənim də arzularımın zirvəsidir, lakin ədəbiyyata sırf şöhrət üçün gəlməmişəm.

- Bəs gənc qız üçün hal-hazırkı dövrdə ədəbiyyat ağır yük deyil ki?

- Yük deməzdim, amma çətinliyindən də qaçmaq olmaz. Ədəbiyyat mütaliə və bu mütaliə üçün zaman tələb edir. Bu zamanı tapmamaq insanı doğurdan da incidir. Hər gördüyün bir işdə ədəbiyyatı düşünürsən ki, tez işlərimi qutarım və ədəbiyyatla məşğul olum. Günü-gündən daha çox öyrənmək istəyirsən. Tibb sənəti də ən çətin və məsuliyyətli bir sənət sahəsidir. İkisini bir arada inkişaf etdirmək böyük iradə və əzm tələb edir. Çalışıram ki, ikisiylə eyni anda məşğul olum. Təbii ki, digərini axsatmadan. Nə dərəcədə alındığını hələ ki, deyə bilmərəm.

- Pul qazanmaq yaxşıdır, yoxsa oxucu qazanmaq?

- Maraqlı və son dərəcədə düşündürücü bu sual üçün təşəkkürümü bildirirəm. Düşünürəm ki, pul həyatda yaşamaq istəyən hər kəsə lazımdır. Hal-hazırda pula ehtiyacım olmadığını deyə bilmərəm. Amma oxucunu da heç vaxt pulla ələ almaq olmur. Pulla heç kimin ədəbi zövqünə təsir edə bilmərik. Mənim hələ ki, kitabım çap olunmayıb, amma az-çox oxucularım var. Onlar mənə yaxınlaşıb şeirlərimi müzakirə edəndə, fikir bildirəndə, sanki dünya mənim olur. Sevincimin həddi olmur. Düşünürəm ki, bu sevincin yeri tam başqadır.

- Deyirlər, yazmaq yüngülləşməkdi, səncə yazaraq “yüngülləşmək” necə olur?

- Yazarlarda xüsusi bir enerji olur. Təbii ki, xüsusi duyum. Bir anın içində çox gözəl hisslər keçirirsən. Bu hissləri və obrazları lazımi səviyyədə canlandıra bilirsənsə, ən əsası ədəbiyyata çevirməyi bacarırsansa, bax o zaman olursan əsl sənətkar. Bəzən də yeni sənətə gələn gənclər bunu mükəmməl şəkildə bacarmadıqları üçün sadəcə çox gözəl hisslərini canlandırırlar və bu da oxucuda müəyyən dərəcədə maraq doğurur. Daxildən gələn hisslərimi bir anın içində vərəqə töküb yüngülləşməyi bacarıram, lakin bunu oxuculara təqdim etdikdə üzərində mütləq redaktə işi aparılmalıyam ki, “yüngülləşməyim”. Bəzən hisslərimi qucaqlayıb yazdığım elə şeirlər olur ki, vaxt məhdudluğundan redaktəsinə 3-4 ay sonra baxıb oxucuya təqdim edirəm və kifayət qədər də, maraqla qarşılanır. Əgər hiss yazarın güclü daxili aləminin məhsuludursa, o heç vaxt “yüngülləşdirə” bilməz.

- Məncə, yazı üslubun uşaq təbəssümünü xatırladır...


- İlk dəfədir ki, belə fikirlə qarşılaşıram. Oxucularımın demək olar ki, hamısı şeirlərimdə xüsusi bir lirikanın olduğunu söyləyirlər. Türkiyədən Yalçın Tekgöz adlı bir oxucum bir gün mənə söylədi ki, sizin şeirləri sanki həzin bir musiqi müşayət edir. Mən sizin şeirləri oxuyarkən bu musiqi sanki bütün şeirlərinizdə qulağımda canlanır. Təbiətən lirik insanam. Bunu nə qədər gizlətməyə çalışsam da, oxuculardan heç cürə gizlətmək olmur. Sizin bu duyumunuz məni çox təəccübləndirdi. Bu amil də məhz mənim daxili aləmim və yaşadığım mühitlə bağlıdır.
Ailədə iki övladıq və evin sonbeşiyiyəm. Uşaqlıqdan çox şıltaq olmuşam. Nə qədər böyüsəm də, valideyinlərim mənə şıltaq uşaq qayğısı göstərirlər. Yazı üslubumda duyduğunuz bu amili yalnız bu səbəblə əlaqələndirə bilərəm.

- Giley-güzar mövzusuyla da dostsan, deyəsən...


- Yuxarıda vurğuladığım kimi, təbiətimdən doğan lirikayla bağlıdır. İnsanlara həmişə yüksək həssaslıqla yanaşıram. Kimdəsə bir problem görəndə heç vaxt rahat olmuram. Çalışıram həmin insana bacardığım köməkliyi göstərim. Bəzən öz problemlərimi unudub başqasının probleminin həlli yolunu axtarıram. Mənim təbiətim yüksək həssaslıq, humanistlik, müsbət emosiyalar üzərində qurulub və bunu heç zaman dəyişə bilməmişəm. Yaradıcılığımdakı bu giley də məhz bununla əlaqədardır. Gündəlik həyatda problemlərlə rastlaşmıram – deyə bilmərəm. Təbii ki, müəyyən dərəcədə həll etdiyim və edə bilmədiyim problemlərim olur. Bu da mənim yaradıcılığımdan yan keçmir.

Söhbətləşdi:Ramilə QARDAŞXANQIZI
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31