Xəyal Abdullayev: “Yazarların çox olması yaxşı göstəricidir” MANERA.AZ
“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən gənc yazarları geniş oxucu kütləsinə təqdim etməkdir.
Bu dəfəki müsahibimiz Bakı Slavyan Universitetinin I kurs dinləyicisi Xəyal Abdullayevdir.
- Yaradıcılarda ənənəvi sualımız: Xəyal Abdullayev kimdir?
- 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 1 saylı tam orta məktəbdə almışam. Məktəb illərində ictimai işlərdə həmişə fəallıq göstərmiş, daima fərqlənmişəm. Bir çox “Fəxri” mükafatlara layiq görülmüşəm. Uşaqlıqdan elmə, tarixə, ədəbiyyata, mədəniyyətə, musiqiyə, teatra və incəsənətə, rəssamlığa eləcə də mütaliəyə böyük marağım var. Hal-hazırda Qərb Universitetinin İngilis filologiyası fakültəsində 4-cü kurs tələbəsiyəm. Eyni zamanda Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıram.
Sosial və gənclər sferasında 5 ildən çoxdur ki, fasiləsiz olaraq fəaliyyət göstərirəm. Könüllülük təcrübəm var. Bir çox gənclər təşkilatlarında komanda rəhbəri (Team leader) vəzifələrində faəliyyət göstərmişəm. Layihə, bilik yarışmaları, seminar, təlim/treyninq, beynəlxalq konfrans, eyni zamanda dövlət səviyyəli tədbir və festivalların fəal iştirakçısı olmuşam. Sosial və fərdi uğurlarım kifayət qədərdir. Göstərdiyim fəallığa görə isə bir çox mükafat, diplom, fəxri fərman və sertifikatlarla təltif olunmuşam. Üzv olduğum və fəaliyyət göstərdiyi əsas təşkilat Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı - dır (AGAT). Rejissorluq, ssenaristlik və kinooperatorluq sahəsində də çalışmışam. Bu sahələrdə fəaliyyət göstərərək təcrübə qazanmışam. Orta məktəb illərində bir çox video çarxlar, eləcə də qısa filmlər çəkib hazırlamışam. Azərbaycan İctimai – Siyasi Universitetində yaradılan Şən hazırcavablar və KVN klubunun əsas təşkilatçılarındanam. Elə həmin univesitetdə KVN –in nəzdində hazırlanıb səhnəyə qoyulmuş bir çox tamaşanın ssenari müəllifi və rejissoru olmuşam.
5 ildən çoxdur ki, bədii və elmi yaradıcılıqla məşğulam. Elmi – publisistik məqalələrin, oçerklərin, esselərin və hekayələrin müəllifiyəm. Yaradıcılığım ancaq proza üzərində qurulub. 1 dekabr 2014 –cü ildə “Azərbaycan Dövlət Kukla Teatrı” haqqında yazdığım elmi məqalə ilə ölkə səviyyəsində keçirilən “GƏNC YAZAR” müsabiqəsinin qaliblərindən biri olmuşam. İndiyədənədək çapa vermədiyim bir çox əsər var. Hal-hazırda bədii və elmi yaradıcılığımı davam etdirirəm. 2 kitab üzərində çalışıram.
- Madam ki, təhsilinin və yaradıcılığının hazırki dövrü məhz BSU-Yaradıcılıq fakültəsində davam etməkdir, suallarımı da elə o sferadan ünvanlayım. Necə oldu ki, Yaradıcılıq fakültəsinə gəldin?
- Sözün açığı fakültənin adını yenicə eşitmişdim. Bu ad məni nəsə özünə cəlb etmişdi. Odur ki, maraqlanıb soraqlandım dostlarımdan. Sağ olsunlar, yaxşı yerə istiqmətləndirdilər məni. Və sıradan biri kimi müraciət etdim və müsabiqələrin hamısından uğurla keçib qəbul oldum.
- Bəs necə oldu ki, bayaqdan sadaladığın bu qədər fəaliyyətin içində məhz ədəbiyyat daha önəmli yer tutdu?
- Ədəbiyyat elə bir sahədir ki, burada bir çox çılpaq həqiqətlər tapmaq mümkündür. O, artıq neçə ildir ki, həyatımın ayrılmaz bir hissəsinə çevrilib.Ondan necə ayrıla bilərəmki?!
- Başqa hansı müsabiqələrdə iştirak etmisən?
- Çox müsabiqə və layihələrdə iştirak etmişəm. Sayı yadımda deyil. “GƏNC YAZAR” müsabiqəsinin qaliblərindən olmuşam. Daha çox biznes, turizm, sığorta və s. bu kimi layihə və müsabiqələrdə iştirak edib uğurlu iştirakçılarından olmuşam.
- Niyə məhz proza?
- Şeir yazmamışam heç vaxt. Hətta onu da qeyd edə bilərəm ki, şeir demək kompleksim də var. Həm məktəb vaxtı, həm də universitet vaxtı dərsdə şeir deyəndə çəkinirdim. Onu proza ilə əvəz etmişdim. Şeiri qəlbdə oxuyuram ancaq. Pafoslu ola bilmirəm nəsə. Uşaqlıq vaxtlarımdan həmişə prozaya – nəsr əsərlərinə maraq göstərmişəm. Yəqin elə ordan gəlir.
- Yazanda mövzuları xüsusi seçirsən, yoxsa ilham pərisi gətirir?
- Öncə onu deyim ki, mən şair deyiləm, ilham-pərisi və s. bu kimi şeylərlə heç aram yoxdu. Şairliyi deyə bilmərəm, amma yazıçılıq sonradan öyrənilə bilən və inkişaf etdirilən bir bacarıqdır. Nə vaxt istəyirəmsə, o vaxt da yazıram. Mövzulara gəldikdə isə əlbəttə, onları özüm seçirəm. Daha çox real həyatdan və cəmiyyətdən götürürəm.
- Bəs mütaliyə edərkən necə?
- Əlbəttə, hansı üslub-formada yazıramsa, təbii ki, elə o üslubda olan əsərləri də oxuyuram. Amma bu o demək deyil ki, şeirdən uzaq adamam. Şeir də oxuyuram. Azərbaycan poeziyadan ədəbiyyatında daha çox Mirzə Ələkbər Sabirin satirasını, Hüseyn Cavidin romantik poeziyasını mütaliə edirəm. Müasirlərdən isə ən çox bəyəndiyim şair Əli Xəyyamdır. (Madhouse Communitydəki). Prozadan isə Mirzə Cəlil və Mirzə Fətəli Axudovu, Onore de Balzakı, Hüqonu daha çox mütaliə edirəm.
- Müasirlərdən kimi daha yaxşı yazar hesab edirsən?
- Belə deyək ciddi ədəbiyyatla məşğul olub sanballı əsərlər yaratmaq arzusunda olan hər bir yazarı müsbət qəbul edirəm. Paxıllıq etdiyim,qibtə apardığım və yaxud da özümə rəqib bildiyim bir dənə də olsun yazar yoxdu. Yazarların çox olmasından da əsla şikayətlənmirəm. Əslində bu yaxşı göstəricidir. Çünki oturub araşdırsaq, 2000 illik Azərbaycan ədəbiyyat tarixində heç vaxt bu qədər sayda şair-yazıçı-ədib olmayıb. Bu gün isə maşallah, bunun sayı 1000-lərlə ölçülür. Bunun nəyi pisdir ki?! Yaradıcılıqla, sənətlə məşğuldur da. Bekarçılıqdan əsərlər yazmaları daha yaxşıdır, nəinki adam bıçaqlamaq. Təki qoy hələ yazan çox olsun.
- Bənzəmək istəsidin imza var?
- Xəyal Abdullayev adlı biri var ona bənzəmək istəyirəm. Uşaqlıq arzumdu bu. (Gülür)
- Uğurlar, Xəyal!
Ramilə QARDAŞXANQIZI
MANERA.AZ