Şəfaqət Cavanşirli: "Yaradıcı insan təkliyə məhkumdur" | MANERA.AZ
“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən yaradıcıları geniş oxucu kütləsinə təqdim etməkdir.
Növbəti müsahibimiz Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin I kurs dinləyicisi Şəfaqət Cavanşirlidir.
Ənənəvi sual: Şəfaqət Cavanşirli kimdir?
- Mən Şəfaqət Cavanşir qızı Mirzəyeva 1987-ci il Qubadlı rayonunun Seləli kəndində anadan olmuşam.
2005-ci ildə Bakı şəhərində yerləşən Zəngilan rayon adına 20 nömrəli orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin kinorejissorluq fakültəsinə qəbul olmuşam.
2010-cu ildə ali təhsilimi başa vurdum və universitet tərəfindən təcrübə keçmək üçün Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişəm. Bir dəfə sənədli-bədii filmdə aktrisa kimi çəkilmişəm.
“Qız yükü” serialında ssenarist kimi çalışmışam.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən keçirilən “Mozalan” müsabiqəsində ikinci yerə çıxmışam.
Bir kitabım var. “Sevginin gözləri” adı altında hissə-hissə saytlarda oxuculara təqdim olunur.
Povest üzərində işləyirəm.
Hal-hazırda Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin I kurs dinləyicisiyəm.
Belə başa düşdüm ki, ədəbiyyatı incəsənətdən çox sevirsən...
-İkisinin də mənim üçün yeri ayrıdır. İkisinə də ürəyimdə sevgim böyük olduğu üçün, ikisində də özümü görürəm. İnanıram ki, arzularıma çatacam. Mənə inanan müəllimlərimin və valideyinlərimin ümidlərini doğruldacam...
Təklikdən qorxmursan ki?
- Şəfaqət olaraq bəli, qorxuram. Evdə tək yaşamaq istəmərəm. Şəfaqət Cavanşirli kimi isə qorxmuram. Çünki yaradıcı insan təkliyə məhkumdur, bəzən isə doğmadan da doğmadır.
Gənc yazar üçün sevgi mövzusunda yazmaq çoxmu cəsarət tələb edir?
- Cəsarətli olub sevgini yalnız yaşaya bilərsən, yazmaq isə İSTEDAD tələb edir.
Yazılarına çox dəyişiklik və ya düzəlişlər edirsən?
Həmişə dəyişiklik edirəm. Yazılarım var ki, bir-neçə il üzərində işləmişəm. Bəziləri var, üzə çıxartmıram...Belə deyək, onlar üçün təcrübə toplayıram...
- Çox mütaliyə edirsən, ya çox yazırsan?
Son zamanlar çox mütaliə edirəm.
-Bəs son oxuduğun kitab?
Son zamanlar tək bir kitab oxumaqla kifayətlənə bilmirəm. Saytlarda özüm kimi gənc yazarlarla bərabər dünya ədəbiyyatını da izləyirəm.
İndi plagiat mətnlərə də rast gəlinir… Münasibətiniz necədi?
- İlk öncə onu deyim ki, istedad olan yerdə plagiat olmamalıdır. Plagiatlıq istedadsızlığın güzgüsüdür…. Qaldı ki, mənim münasibətimə, bugünkü ədəbiyyatımızda tükənənlərlə eyni meydanda olduğumuzu nəzərə alsaq, sadəcə təəssüf hissi keçirirəm.
- Yaradıcılığında həm şeirə, həm də nəsrə müraciət edirsən . Səviyyə baxımından hansına daha çox üstünlük verirsən, yaxud özünü hansı janrda daha rahat hiss edirsən?
- Bir mənalı şəkildə onu deyə bilərəm ki, mənim üçün hansısa əsərin nəzmdə və ya nəsrdə yaranması önəmli deyil. Əsas onun bədii keyfiyyətidir. Bu baxımdan nəsr və ya nəzm arasında ÜSTÜNLÜK anlayışı mənə yaddır. O ki, qaldı rahatlığa, yaradıcı insan heç vaxt rahat ola bilməz!…
Sənin üçün daha yaxşı yazmaq üçün konkret günlər və ya müəyyən vaxt bölgüsü varmı?
Elə bir bölgü yoxdur. Yazmaq üçün yalnız sakit bir məkan kifayətdir. Yanımda heç kim olmasın...İndiki şəraitdə çox vaxt gecələr oxuyuram, gecələr də yazıram...
Oxuduğun əsərlər içərisində eləsi varmı ki, onu yenidən yazmaq istəyəsən?
- Ümumiyyətlə, ədəbiyyatda özün olmaq prinsipinə əsaslanaraq kimisə təkrarlamağı qəbul etmirəm. Necə deyərlər, iznən gedənin izi qalmaz…
Xasiyyətinizdə elə cəhətlər varmı ki, sizə birtəhər dözsünlər?
- Bu sualın ünvanı birbaşa valideynlərimə, məni tanıyan insanlara və qələm dostlarımadır.
Necə oldu Yaradıcılıq fakültəsinə gəlməyə qərar verdin?
- Facebookda elanı oxudum, imtahan verdim, qəbul oldum.
Necə düşünürsən, fakültə yaradıcılığınıza ciddi təsir edə biləcək?..
- Artıq hiss edirəm, sözün yaxşı mənasında hardasa təsir göstərib. Yaradıcılığımda dəyişiklikləri görürəm..
- Sonda ədəbi mətnindən birini oxuculara təqdim et.
- Sonuncu yazdığım şeiri sizlərin və oxucuların ixtiyarına buraxıram.
Yad sevgi....
Demək...
Yad sevgini qucaqlamaq
neçə-neçə günahı,
həsədi qazanmaq...
Neçə qadın ürəyinin
ümidin oğurlamaq...
Bədbəxtlər yaddaşında
həkk olunmaq demək...
yad sevgini qucaqlamaq
bəzən öz-özündən
usanmaq,yorulmaq...
neçə-neçə dillərdə
özünü ovutmaq...
neçə-neçə adlarda
adını unutmaq demək....
Adının "sən" olduğu xoşbəxtlik
Gəlişinlə bir başqa,
Gedişinlə bir başqa
Don geyindirdi mənə.
Gəlişinlə uşaqlaşan ruhum vardı.
Sərhədləri aşdıran,
Qorxunu unutduran,
Səni atası yerinə qoyan
Məsum uşaq.
Uşaqlıq ruhumla getdin.
Uşaqlıq ruhumu apardın...
Yoxluğunla qadın kimi böyütdün,
Həmişə arzulayıb
Görmədiyin qadını.
Özgənin qadınıyam,
səni görən gözlərə
şübhəylə baxdığın gün.
Ürəyinin yadıyam,
İnandırıb sevginə,
Biganə qaldığın gün.
Bir gün ahlar çəkərsən.
Siqaret tüstüsündə
Yaşarmış gözlərinlə
Məni yolda gəzəndə
Həsrətim yorğan olar.
Buzlaşmış nəfəsinlə
Xatirələr güdəndə
Sevgim pənahın olar.
O gün məni sevərsən.
Yerin hələ də boşdur!
Ramilə Qardaşxanqızı
MANERA.AZ