manera.az
manera.az

Xanım Aydın: “Yaradıcı adam kin-küdurətdən kənar olmalıdır” | MANERA.AZ

📅 04.12.2015 14:28

Xanım Aydın: “Yaradıcı adam  kin-küdurətdən kənar olmalıdır” | MANERA.AZ

“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən gənc yazarları geniş oxucu kütləsinə təqdim etməkdir.

Bu dəfəki müsahibimiz Bakı Slavyan Universitetinin
II kurs dinləyicisi Xanım Aydındır.


- Ənənəvi sualımız: Xanım Aydın kimdir?

- Kərimova Böyükxanım – 8 may 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlıq illərindən şeirə, ədəbiyyata böyük həvəs göstərmişəm. Bir çox şeir müsabiqələrinin qalibi olmuşam. Musiqiyə, incəsənətə, ədəbiyyata maraq lap uşaq yaşlarımdan özünü biruzə verib. Altı yaşındaykən şəhidlərə həsr etdiyim kiçik şeirimlə yaradıcılığa başlamışam. S.Ələsgərov adına 1saylı incəsənət məktəbinin fortepiano sinfini bitirmişəm. Bir müddət rəssamlıqla da ciddi məşğul olmuşam, amma sonradan bunun ötəri bir həvəs olduğunu anlamışam. İlk ixtisasım Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatçısı olsa da, şeiriyyat hər zaman ruhumda, canımda olub. Və məni bu sahəyə çəkib Xalq artisti, professor, “Şöhrət” ordenli bəstəkar Faiq Sücəddinovun bəstələdiyi “Vətən”, “Sən”, əməkdar incəsənət xadimi Gövhər Həsənzadənin bəstələdiyi “Biri var burda”, “Yox, unutmadım”, “Buraya qədərmiş” adlı mahnılarının söz müəllifiyəm. 2012-ci il 5 iyun şairlər günündə Mikayıl Müşfiq mukafatı ilə, 2014-cü ildə “Qızıl Qələm” mükafatı ilə təltif olunmuşam. “Yağış olmaq istəyirəm” adlı kitabım 2014-cü ilin may ayında işıq üzü görüb. Müxtəlif ədiblərin esseləri, hekayələrini, məktublarını, ədəbi manifestləri rus dilindən tərcümə edirəm. Tərcümə, şeir və məqalələrim bir sıra qəzet və jurnallarda çap olunur, saytlarda yayımlanır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənc Ədiblər məktəbinin məzunu, Bakı Slavyan Universitenin Yaradıcılıq fakultəsinin və Karazin adına Xarkov Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsiyəm.

- Qısası, bir yerdə dayanmırsan da...

- Hələ çox arzularım, xəyallarım var. Allah qismət etsə bir-bir hamısını reallaşdırmaq istəyirəm. Oxumağa, təhsili davam etdirməyəsə həmişə böyük həvəsim var. Düşünürəm ki, insan yaşayırsa bir anın çəriçəvisində ömrünü sürməməlidir. Nələrisə əldə edib onunla kifayətlənməməlidir. Bilmədikərini öyrənməli, daim inkişaf etməlidir. Və ümumiyyətlə insanın məqsədi həyat eşqi olmalıdır, məncə.

- Nə əcəb öz şeirlərinə musiqi bəstələmirsən?

- Fortopiano sinfini bitirmişəm, amma bəstəkarlığı bacarmıram. O da Allah tərəfindən verilən xüsusi bir istedaddır. Hər ikisini özündə birləşdirmək istəyənlər, məncə ya yaxşı bəstəkar naqis şairdir, ya da ki, yaxşı şair naqis bəstəkardırlar. Ümumiyyətlə, hər kəs öz işiylə məşğul olsa daha yaxşı olar. Həvəskar səviyyəsində isə nələrisə etmək olar. Lakin peşəkar olmaq üçün mütləq həm istedad, həm də məktəb olmalıdır. Düşünürəm ki, təkcə istedada bel bağlamaq olmaz. Hansı sahədə olursan ol, peşəkar ol!

- Ən çox hansı mövzuda yazırsan?


- İstər şeirlərim, istərsə də hekayələrim sevgidən tutmuş, sosial və məişət probləmlərindən – məni narahat edən, düşündürən, həssascasına qəlbimə yol tapan istənilən mövzudan yaranır. Əslində mövzunu öncədən düşünmürəm. Alman yazıçısı Herman Hesse deyirdi ki, "Bilirəm ki, yazmaq üçün material seçən yazıçılar yazıçı deyil. Onlar nə oxunmağa layiqdir, nə də ki, bu cür yazılmış əsərlər müzakirə edilmək üçündür. Məsələn, əsər çox mükəmməl bir tarixi hadisəni əhatə etsə belə, dəyərsiz və əksinə çox adi, primitiv bir hadisədən, məsələn, itirilmiş iynədən, yanmış xörəkdən bəhs edən bir əsər əsl ədəbiyyat nümunəsi ola bilər". Məncə mövzunu yox, onu necə yazmağı, oxucuya necə çatdırmağı düşünmək lazımdır.

- Bəlkə şeirlərindən birini deyəsən?

Bütün şeirləri sənə yazıram...
Sətirlər hey bitir... bitmir həsrətin...
Bir sözün, hecanın bircə hərfindən
asılıb qalmışam.... yoxdu taqətim...
Ahəng qanunum pozulub tamam
Mübtədam, xəbərim dağılıb tamam...
Heç nə uyğun gəlmir... alayarımçıq...
Qapalı heç nə yox..hər şey apacıq...
Heç nə tamamlanmır...
Heç nə yox daha...
Sözləri düzürəm nöqtə nidasız...
Qoyduğum sorular yenə cavabsız...
Hecalar qırılır hərf arası. ..
Baş alır səmaya ruhum qanadsız...

- Deyirlər, “ciddi ədəbiyyatla” məşğulam, səncə ədəbiyyatın harası ciddidir?

- Öz işinə ciddi yanaşan insan, fərqi yoxdur hansı sahədə, mütləq uğur qazanacaqdır. Əziyyət, zəhmət heç vaxt bəhrəsiz qalmır. Mən buna inanmıram. Elə ədəbiyyatda da belədir. Ciddi ədəbiyyat və ya qeyri ciddi ədəbiyyat anlamı yoxdur. Sadəcə ona ciddi və ya qeyri-ciddi yanaşma var.

- Müasirlərdən ən son kimi tərcümə eləmisən?

- Mən ümumiyyətlə adətən klassiklərdən - L.N. Tolstoy, İ.S. Turgenyev, A.P. Çexov, H. Hesse, Y.V.Höte və s. tərcümə etmişəm. Lakin müasirlərimizdən də Vladimir Sorokindən tərcüməm olub.

Hal-hazırda bədii manifestlərdən silsilə yazıların tərcüməsi ilə məşğulam. Və onlar mütəmadi olaraq çap olunur.

- Ciddi cəhdlə nə etmək istəyirsən?

- Ciddi cəhdlə yaxşı roman yazmaq istəyirəm. Hələ bunun üzərində düşünürəm. Ağlımda müəyyən ideyalar qururam. Romanın skeletini hazırlayıram. Personajlar, hadisələr, hətta hadisələrin vaqe olduğu yerlər artıq təxəyyülümdə canlanıb. Lakin bu işə o qədər ciddi yanaşıram ki, yazmazdan öncə yüz ölçüb, bir biçmək fikrindəyəm.

- Sevginin poetik rəngi…

- Maraqlı sualdır. Sevginin konkret poetik rəngi məncə yoxdur. Rəngarəndi sevgi. Göy quşağı kimidir. Hətta rənglərin müxtəlif çalarları da var sevgidə... Hər rəng var onda. O rənglər də poetikaya yansıyır.

- Bəs nifrətin?

- Nifrət hissi məndən çox-çox uzaqlarda dolanan bir hissdir. Rəngini də bilmirəm. Yaradıcı adam kin-kidurətdən, aqresiyadan, nifrətdən kənar olmaldır. Ürəyimizi bu cür pis hisslərlə zəbr etməkdənsə, yaşadığımız anın gözəlliyini, təkrarsızlığını, saflığını duymaq və sadəcə yaxşı insan kimi yaşayaq.

- Qadının xoşbəxtliyi üstündür, yoxsa yazıçılığı?

- Hər ikisi gözəldir. Hər ikisini bir arada sürdürmək də çətindir, lakin mümkündür. Tək insan nə qədər böyük nailiyyətləri olsa belə, yenə də təkdir.

- Bir şeirini təqdim edək…

- Buyurun...

- Sənə dönüşüm xatirələr şəhərinə dönüş kimidi...
Xatirələrin xarabalığa döndüyü şəhərə..
Baxırsan hər şey tanışdı, hər yer doğmadı.
Amma darmadağındı..sınıq salxaqdı... xarabalıqdı...
Bu şəhərə doğan günəş də ta əvvəllki deyil..
Xəzəl rüzgaqlanır küçədə veyil...
Daha nə sən varsan, nə mən varam..
Qol boyun sarılmaq gəlir içimdən...
Öpmək, qoxulamaq gəlir içimdən...
Amma nə sən varsan, nə də mən varam..
Uçulmuş xatirələrin altında qalıb...
Can verib sevgim...
Nə nəfəsi var, nə də istisi...
Nə də zərrə qədər bir hənirtisi.
Sənə dönüşüm xatirələr şəhərinə dönüş kimidi...

Ramilə QARDAŞXANQIZI
MANERA.AZ





Baxış sayı - 5 654 | Yüklənmə tarixi: 04.12.2015 14:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031