manera.az
manera.az

Ayaqqabı - Hekayə | Manera.az

📅 17.04.2024 20:08

Ayaqqabı - Hekayə | Manera.az
MANERA.AZ Nargilə Rəhmanın "Ayaqqabı" hekayəsini təqdim edir.

Saqifin dərdi azmış kimi, son vaxtlar öskürək də onu əldən salmışdı. Günü-gündən saralan bənizi, çuxura düşmüş gözləri, yeməkdən
get-gedə daha çox imtina etməsi, aparılan müalicəsinin bir təsiri olmadığını açıq-aşkar göstərirdi.

O indi də qəfildən başlayan öskürəyini, dərisi şəffaflaşıb qəribə tərzdə sarıya çalan, damarları bilinən əliylə, ağzını tutaraq kəsməyə çalışdı.

Pəncərənin qarşısında qoyulmuş çarpayısında birtəhər dikəlib, burdan aydın görünən həyət qapısına baxdı. Oğlu indilərdə dərsdən gəlməliydi. Gözünün ağı-qarası olan bir oğluna atasının adını qoymuşdu və bu əziz-xələf oğlu bu il ibtidai sinifi bitirəcəkdi. Saralmış bənizində təbəssümə oxşar ifadə göründü. Sanki gülmək ona əzab verirmiş kimi, tezcə də təbəssümə bənzər ifadəni elə əzabla da geri qaytardı. Yenidən yavaş-yavaş sürüşüb yerinə girdi, əliylə divar tərəfdən balışın altına soxub yoxladı, axtardığı yerində idi.

Saqif bir də dərindən nəfəs alıb yorğana büründü. Çöldə gün olmağına baxmayaraq üşüyürdü. Qapı açıldı, içəri arvadı Gülnaz girdi. Əlində gətirdiyi bir stəkan çayı ərinin çarpayısının önündəki kiçik kətilin üstünə qoyub heç bir söz demədən geri döndü. Gülnazla bərabər otağa dolan xəfif ətir qoxusu bir xeyli Saqifin burnunu qıcıqlandırdı. Arvadı çıxan kimi yumduğu gözlərini açıb tavana zillədi. Tavanda bir qara milçək vızıldaya-vızıldaya çıxmağa yer axtarırdı.

Saqif hiss etdi ki, milçəyin uçuşunu izləməsindən elə bil başı fırlandı. Ürəyi sürətlə döyünməyə başladı. Hələ də arvadının beş dəqiqə qabaq burda olduğunu bildirən ətir qoxusundan diqqətini yayındıra bilmirdi. Lənətə gəlsin, Gülnazın vurduğu bu tanış ətir hansı idi axı. Saqif əmin idi ki ,nə vaxtsa o bu ətirdən Gülnaza alıb, bəlkə ona yox başqasına alıbmış. Arvadının gətirdiyi çaya gözünün ucu ilə də baxmayan Saqif, indi bahalı olduğuna əmin olduğu bu ətiri özünün son dəfə nə vaxt, harada və kimə aldığını xatırlamağa çalışdı. Xəyalı onu çox illər bundan əvvələ, ömrünün ən gözəl illərini keçirdiyi Rusiyanın Rostov şəhərinə apardı.

Saqifgil ailədə üç qardaş, iki bacı idilər. Anaları sonuncu sonbeşik bacıları doğulanda rəhmətə getmişdi. Atası aran rayonlarından birindən bir dul qadın gətirib, yenidən ailə qurmuşdu. İnsafən, ögey anaları uşaqlara pis olmamışdı. Böyük qardaşı hərbi xidmətini çəkdiyi Rostov şəhərində qalaraq, özünə gün güzəran qurmuş, gəlib kənddən bir qızla evlənib, toydan üç gün sonra yenidən, bu dəfə birdəfəlik Rostova qayıtmışdı. Saqif qardaşların ortancılı idi. O da hərbi xidmətdən sonra qardaşının yanına, Rostova gedib, əvvəl-əvvəl xırda ticarətdən başlasa da, yavaş-yavaş işlərini genişləndirməyə nail olmuşdu. Az müddətdə rus dilini öyrənən sarışın Saqifi uzaqdan çoxu rusa bənzədirdi. Və bu da Saqifin xoşuna gedirdi. Onun burda sevdiyi şeylərdən biri də rus qızlarıyla olan əyləncələri idi.

Saqif tanış olduğu,gəzdiyi qızlara eninə-boluna pul xərcləyir,onların ad günlərində,bayramlarda qiymətli hədiyyələr alardı. Böyük qardaşı danlasa da, Saqif bundan nəticə çıxarmayıb, öz bildiyi kimi yaşamağa üstünlük verirdi. Bir gün bir rus qızı hamilə olduğunu deyərək, Saqifin kirayə qaldığı evdə onunla bərabər yaşamağa başlamışdı. Saqifin uşaq istəməmyinə cavab olaraq qız bildirmişdi ki, ona olan sevgisindən uşağı doğub özü baxacaq, sadəcə hamiləlik dövrü bir az mənəvi yardıma ehtiyacı var. Əslində isə bu qız Saqifin əlində olan pulları mənimsəməklə məşgul idi.

Bir gün axşam qardaşı öz arvadıyla onun olduğu evə gəlib, Saqifdən bu rus qızını evdən çıxarmağı tələb etdilər. Qardaşı Saqifi yan otağa çəkərək, bu qızın hamiləliyinin yalan olduğunu bildirəndə, Saqif əvvəl inanmasa da, qardaşı bu qızın bir neçə nəfəri bu cür aldadaraq, onların hesabına bir müddət dolandığını dəlil-sübutlarla deyib, Saqifi inandırdı. Qardaşının sayəsində qızdan yaxası qurtulan Saqif bir müddət özünü yığışdırsa da, yenə də özünün əhlikef həyatına qayıdaraq, qazancını dostlarıyla yeyib-içməklərə, kef məclislərinə xərcləyir, arada kənddə olan atasına pul göndərərək bacılarına cehiz almasına kömək edirdi..

Bir müddət sonra böyük qardaşıyla birləşib bizneslərini genişləndirdilər. Əlinə pul gəldikcə, artıq ona ağlını başına yığaraq, kəndə gedib bir halal südəmmiş qız taparaq evlənməsini məsləhət bilən qardaşının sözü ağlına batırdı. Qazancının bir miqdarını özünə xərcləməyə saxlayır, qalanını “əlimdə qalsa, xərcləyəcəm” deyib qardaşına saxlamağa verirdi.

Tezliklə yığdığı pul karına gəldi, Saqif özünə ev də aldı. Bir gün isə evlənmək üçün kəndə gəlib, artıq ərgən qızlar olan bacılarının ona tapdıqları gəlin namizədi qızların hərəsini bir bəhanə ilə bir yerdə görüb, ögey anasının uzaq qohumlarından olan bir qızı bəyəndiyini bildirdi. Bəyəndiyi Gülnaz adlı qız ağbənizli, ucaboylu, qara gur saçları olan, qaraqaş, qaragözlü bir qız idi. Gülnaz bacıların təklifiylə qohum kimi öz rayonlarından onlara qonaq gəlmiş, bir gecə də qalmışdı. Həmin gün Gülnaz gecə yatmayaraq, səhərə qədər həyətdə qoyulan stolun ətrafında Saqiflə söhbətləşmiş, səhər isə bütün ev əhli onların bir-birinə necə yaraşdığını öz aralarında danışmağa başlamışdılar. Tezliklə toy edib Gülnazı gəlin gətirən Saqif eynən qardaşı kimi, toydan üç gündən sonra Gülnazı da qoltuğuna vurub Rostova yola düşmüşdü. Gedərkən, kiçik qardaşına atasından, bacılarından muğayat olmağı dönə-dönə xahiş edən Saqif, getdikdən sonra da tez-tez evlərinə pul göndərirdi.

Gülnaz gəldikdən bir müddət sonra saçlarının rəngini dəyişib sarışın eləmişdi. Onu tez-tez qadın salonlarında görmək olardı. Bir rus qonşusuyla rəfiqəlik edən Gülnaz orta məktəbdə keçdiyi rus dilində azdan-çoxdan başa düşürdüsə də, az müddətdə yaxşı danışığı da öyrənmişdi. Rus rəfiqəsi ona dili yaxşı öyrənmək üşün kitab oxumağı tövsiyyə edib, Gülnaza bir neçə bədii kitab vermişdi.

Bu kitabların hamısını həvəslə oxuyan Gülnaz “Madam Bovari” əsərini çox xoşladığını deyərək, digər kitabları qaytarsa da, o kitabı saxlamışdı. Saqifin qardaşı arvadı arabir ona eyhamla “arvadı qudurtmazlar”deyirdisə də, Saqif Gülnaza ən yaxşı paltarları alır, fransız ətirlərinin demək olar ki bütün adda olanlarından Gülnaza hədiyyə etmişdi. Bir gün Gülnaz ondan maşın sürməyi öyrətməsini xahiş edəndə də, Saqif buna adi bir şey kimi baxaraq, Gülnazı sürücülük kursuna yazdırdı.

Gülnaz sürücülük hüququ verən şəhadətnaməni alan gün evində bir neçə yaxın dostuna, Gülnazın rus rəfiqələri də daxil olmaqla qonaqlıq verdi. Gülnazın ona verdiyi hamiləlik xəbərindən sonra isə demək olar ki, az qala arvadının quluna çevrilmişdi. Saqif oğlunun doğulması münasibətilə restoranda, bu dəfə daha böyük bir qonaqlıq verdi. Gülnaz tez-tez körpəylə həyətə gəzməyə düşür, demək olar ki, hamıyla çox vaxt rus dilində danışırdı.

Uşağına qulluqda da eltisindən çox, rus rəfiqəsinin məsləhətinə qulaq asırdı. Bir müddət keçdi, uşaq böyüyür, Saqif isə artıq qardaşından ayrılaraq müstəqil öz işini qurmuşdu. Gülnaza aldığı xarici marka maşından ötrü qardaşı və onun arvadından danlaq götürsə də, qulaqardına vuraraq, hətta arabir Gülnazdan onu işə aparmağı da xahiş edir, Gülnaz isə həvəslə Saqifi iş yerinin qabağına aparıb düşürürdü.

Saqif axır vaxtlar Gülnaza işlərinin o qədər də yaxşı olmadığını, belə getsə burdakı işlərini qardaşına təhvil verib vətənə dönmək istədiyini bildirsə də, Gülnaz nəyin bahasına olursa olsun, burda qalmaq lazım olduğunu bildirirdi. Bir gün Gülnaz, əri azərbaycanlı olan bir rus rəfiqəsindən ərinin sələmə pul axtardığını eşidib, Saqifə əlində olan pulu faiz müqabilində onlara sələmə verməyi məsləhət bildi.

Saqifdən pul alan adam, bir həftədən sonra yaxınlıqdakı meşədən ölü tapılan gün, Saqif gecə evə gəlməyib, səhərəcən kafedə təkcə oturub içdi. Artıq Saqifin işləri geri getməyə başlamışdı. Son vaxtlar içki içmək, onun üçün su içmək kimi bir şeyə çevrilmişdi. Qardaşının, Gülnazın danlaqları da onu alkoqoldan ayıra bilmirdi.

Nəhayət,bir neçə dəfə özü kimi içki dostları onu qapının ağzında sərxoş buraxıb gedəndə,Gülnaz artıq göz yaşlarının təsir etmədiyi Saqifi, onu tərk edəcəyi ilə hədələdi. Qardaşının məsləhətiylə Saqif bir müddət onsuz da yaxşı getməyən biznesini qardaşına həvalə edib ailəsi ilə vətənə-kəndinə döndü. Gülnaz kənddə olduğu müddətdə, artıq ərdə olub onları görməyə gələn baldızlarının diliylə deyilsə,elə bil Moskvanın göbəyindən düşmüş kimi, az qala hamı ilə rusca danışır, kənddə heç vaxt yaşaya bilməyəcəyini bildirirdi.

Saqifin atasının adını qoyduğu oğlunun məktəbə getməyinə az qalmışdı. Gülnaz ərini Rostova qayıtmağa tələsdirirdi. Saqif getməzdən əvvəl kənddə torpaq sahəsi aldı. Aldığı yer düz kəndin kənarında, şosse yolunun qırağında idi.

Gülnaz getməzdən əvvəl özüylə gətirdiyi paltarlarının,ayaqqabılarının çoxunu baldızlarına, öz bacılarına verərək, qayıdanda təzələrini alacağını demişdi. Bir neçə dəfə onu qəfil tutan sancı ilə qıvrılan Saqifə, Gülnaz rus rəfiqəsinin məsləhəti ilə həmişə yanında gəzdirdiyi bir torba müxtəlif dərman həblərinin içindən ağrıkəsici həb tapıb verərək, şübhəsiz onun kənddə soyuqladığını demişdi.

Rusiyaya qayıtdıqdan sonra Saqif kənddə bir az ara verdiyi içkiyə yenidən qurşanmışdı. Qardaşının da işləri o qədər yaxşı getmirdi, iş sahəsində rəqibləri onu da sıxışdıra bilmişdilər. Gülnazın etirazlarına baxmayaraq, Saqif onun maşınını sataraq yaranmış borclarının bir qismini ödədi. Arxasınca özünün də maşınını satdı. Ancaq artıq onun zəif damarını tutan süfrə dostları da Saqifi rahat buraxmır, gündəlik olaraq qurduqları məclislərdə onu içməyə təhrik edirdilər.

Artıq Saqifin səhhətində də ciddi problemlər yaranmışdı. Oğlu da ona “içmə ay ata”desə də, çox vaxt sərxoş olan Saqif artıq düşkünü olduğu içkidən ayrıla bilmir, oğlunu qucaqlayıb uşaq kimi ağlayırdı. Belə hallarda Gülnaz hirslə gəlib oğlunu onun əlindən qoparıb öz otağına aparırdı.

Bir gün növbəti tutmalarından birində qardaşı onu öz maşınında xəstəxanaya apardı. Saqifin böyrəyinin biri demək olar ki, sıradan çıxmışdı. Qardaşı ona ağlını başına yığıb, evini satıb vətənə qayıtmağı məsləhət bildi. Elə qardaşının köməyiylə, Saqif ,Gülnazın etirazlarına baxmayaraq, tez bir zamanda evini satıb pulun bir hissəsini borclarına verib kəndə döndü.

Bir müddət atasının yanında qalıb aldığı torpaq sahəsində alçaq kürsülü, üç kiçik otaqdan ibarət ev tikdirdi. Gülnazın təkidiylə bir köhnə “Niva “maşını da aldı. Atası o kəndə dönəndən bir müddət sonra rəhmətə getdi. Nə qədər ki atası sağ idi, gəlininə maşın sürməyi qadağan etmişdi.
Kişinin ölməyiylə Gülnaz artıq “Niva”nı sürməyə başlamış, Saqifi rayon mərkəzindəki xəstəxanaya böyrək dializinə özü aparıb gətirirdi.

Saqifin növbəti müayinələrin birində şəkər xəstəliyinin də olduğu ortaya çıxmışdı. Gülnaz çox get-gəldən sonra, ona əlilik təqaüdü düzəltdirə bilmişdi. İndi ailə dolanmaq üçün ancaq onun təqaüdünün ümidinə qalmışdı. Bir gün Gülnaz ona yol kənarında evlərinin olduğunun üstünlüyünü deyərək, ağlına gələn bir fikirlə,əgər evlərinin qarşısında balaca meyvə-tərəvəz köşkü aça bilsələr, dolana biləcəkləırini dedi.

Bunun üçün kəndin imkanlılarından hesab olunan, kənddə və rayonda bir neçə mağaza sahibi Gəraydan borc və ya sələmə pul götürmək lazım idi. Saqif Gərayın onunla məktəb vaxtı olan dostluğunu xatırlayıb, pul almaqda bir problem olmayacağını düşündü. Sabahı günü Saqif oğluna məktəbdən qayıdanda, mağazaya girərək, Gərayı tapıb atasının onu görmək istədiyini, buna görə də Gərayı evlərinə dəvət etdiyini deməyi tapşırdı.

Sabahı günü adəti üzrə çarpayıda oturub həyətə baxan Saqif ,həyət qapısının açıldığını,oğlunun ,arxasınca da Gərayın həyətə daxil olduğunu görəndə sevindi. Saqif arvadını səsləyərək, qonağn qarşısına çıxmasını demək istəyirdi ki, həyətdə olan Gülnazın qonağı qarşılamaq üçün getdiyini pəncərədən görüb susdu. Gəray bir azdan içəri girdi. Ucaboylu, enlikürək, nazik qara bığlı, qapqara çəvə saçları olan Gəray görünüşcə arıq, zəfləmiş, başında artıq seyrəlmiş sarışın saçları olan Saqifin tamamilə əksi idi.

O, yerindən durmaq istəyən Saqifi qalxmağa qoymayıb, iki əlli onunla görüşdü. Çoxdan gəlmək istədiyini, amma işlərinin çoxluğundan gəlib onu görə bilmədiyini deyən Gəray üzrxahlıq elədi. Saqif sanki dirçəlmişdi. Bir yerdə olduqları müddətdə məktəb illərinə qayıtdılar, müəllimləri xatırladılar. Gülnaz qonağa çay gətirdi. O, içəri girəndə, hələ Rusiyada olarkən alınan, hardasa gizlədib saxladığı ətirdən vurduğu, otağa yayılan qoxudan bəlli oldu. Əynindəki koftasını da dəyişmiş Gülnaza nəzər salan Gəray gözünü tez çəkib Saqifə baxdı.

Saqif mətləbə keçib məqsədini bildirəndə, Gəray çayını içərək diqqətlə ona qulaq asdı. Gülnaz da bir stul gətirib ərinin çarpayısının baş tərəfində oturub Gəraya baxır, onun nə deyəcəyini gözləyirdi. Nəhayət, Gəray əlindəki boş stəkanı nəlbəkiyə qoyub Saqifdən çox Gülnaza baxaraq, kömək edəcəyini vəd etdi. Gülnazın sevinci üzündən oxunurdu. Saqif üçün də sevindirici xəbər o oldu ki, Gəray özü onların evlərinin qarşısında, yol qırağında balaca bir köşk tikəcəyini və onu lazımi məhsullarla təmin edəcəyini bildirdi.

Durub gedəndə, yerdə, döşəmədə oturub oyuncaq maşın sürən Saqifin oğlunun başını sığallayan Gəray, məktəbdən buraxılanda, tətildə onun da həmin köşkdə anasına kömək edə biləcəyini bildirdi. Gərayı Gülnaz həyət qapısına qədər ötürdü. Saqif pəncərədən onların qapı ağzında bir az dayanıb söhbət etdiklərini görəndə, bunun bir iş söhbəti olduğuna şübhəsi yox idi.

Oğlu onların dalınca çölə çıxıb söhbət edənlərə yaxınlaşıb, anasının yanında durdu. Saqif pəncərədən oğluna baxıb, sanki ilk dəfə görürmüş kimi boyuyla qürurlandı. Gəray gedəndən sonra Gülnaz evə girib, Gərayın necə də yaxşı adam olduğundan ağız dolusu danışmağa başlayanda, Saqif arvadının danışdıqca qəribə tərzdə, ov görmüş pişik gözü kimi parlayan gözlərinə baxıb, birdən-birə üşürgələndiyini hiss etdi.

Və o gündən sonra Gəray demək olar ki, onların evinin ayrılmaz qonağına çevrildi. Köşkü çox sürətlə tikdirən Gəray, çox vaxt evinə nahara da getməyib onlara gəlir, tikintiyə özü nəzarət edirdi. Artıq Saqifin evində ərzaq sarıdan heç bir korluq yox idi. Gəray onlara istədikləri qədər öz mağazasından nisyə mal verirdi. Çox vaxt gələndə də əlində mütləq müxtəlif pay şeyləri olan torba olardı. Saqif arvadının Gəraya saldığı mənalı baxışlarını, onun da öz növbəsində Gülnaza baxanda, az qala Saqifin varlığını belə unutduğunu görürdüsə də, bütün olanları səssizcə seyr etməkdən başqa əlindən bir şey gəlmirdi.

Bir gün də kənd camaatı Gülnazın yeni xarici marka maşın sürdüyünü görəndə, heç kim təəccüblənmədi. Artıq bütün kənd Gülnazla Gərayın münasibətini bilir, Gülnazın Saqif kimi oğlanın axırına çıxdığından danışırdı. Gərayın arvadı kənd məktəbinin qarşısında durub, Gülnaz maşınla oğlunu məktəbə düşürəndə, ona yaxınlaşmış, maşını təpikləyərək, Gülnazdan yerə düşməyi tələb etmişdi. Gülnaz düşməyəndə isə əl atıb açıq pəncərədən onun saçlarını əlinə keçirmiş, əməllicə dava etmişdilər. Onların davasına baxan adamların içindən kimsə, bu xəbəri məktəbdən o qədər uzaqda olmayan mağazaya gedib Gəraya xəbər vermiş, o da tez maşınla gəlib, öz arvadını az qala yerlə sürüyərək, maşınına basıb aparmışdı.

Gərayın arvadı balacaboylu, üzü çilli, kürən saçlı, bir az dolu bədənli qadın idi. Gün ərzində ev işlərini görəndən sonra, öz evlərinin yanında ərinin ilk tikib işlədiyi balaca köşkdə, elə ərinin gətirdiyi xırdavat şeyləri satardı. Kənd camaatından çox vaxt mal əvəzi yumurta, süd və meyvə alıb, rayon mərkəzində sahibi olduqları mağazaya satış üçün göndərərdi. Saqif bütün bu olanlardan xəbərsiz idi. Gülnaz ona artıq ”Niva”nın istismara yaramadığını bildirərək, kreditlə təzə maşın almaq istədiyini bildirəndə, günü-gündən zəifləyən canıyla əlləşən Saqif sadəcə bank üçün sənədləri necə düzəldəcəyini soruşmuşdu.

Gülnaz isə xeyirxahları olan Gərayın ona bütün sənəd işlərində kömək edəcəyini bildirmişdi. Yeni maşınla Saqifi də rayon mərkəzinə dializə aparıb gətirən Gülnaz yenə də qadın salonuna ayaq açmışdı. Artıq gününün çoxunu köşkdə keçirən Gülnaz ara-sıra evə gəlib Saqifə baş çəkir, yeməyini , çayını verirdi. Oğlu da dərsdən sonra anasına kömək edirdi.

Bir gün oğlu dərsdən gələndə atasına burun tərəfdən qopmaq üzrə olan ayaqqabısını göstərərək, son zəng üçün atasından ona təzə ayaqqabı almasını xahiş etdi. Saqif oğlu gedəndən sonra, ayaqqabı üçün pulu hardan tapa biləcəyini fikirləşdi. Son zəng gününə az qalırdı. Evin bütün xərcləri Gülnazın üstündə olduğundan, təqaüdünü də arvadı alır, lazımı yerə xərcləyirdi.

Saqif kiçik qardaşını xatırlayıb,ondan borc ala biləcəyini fikirləşdi. Qardaşı iki–üç gündən bir ona baş çəkməyə gəlirdi. Dünən, bu gün gəlməmişdi, Saqifin fikrincə sabah gəlməliydi. Doğrudan da, sabahı gün qardaşı, əlində evlərindən gətirdiyi pay dolu bir zənbillə qapıdan içəri girəndə, adəti üzrə çarpayıda oturub gözlərini çölə zilləmiş Saqifə elə bil dünyanı verdilər.

Qardaşlar bir-birindən hal-əhval biləndən sonra, kiçik qardaşı onun çarpayıda söykəndiyi balışları düzəldib, Saqifin yerində rahat oturmasına kömək etdi. Saqif qardaşından bir az borc pul istəyəndə, qardaşı pulun ona nə üçün lazım olduğunu soruşdu. Saqifin oğlu üçün ayaqqabı almaq istədiyini biləndə, onun narahat olmamasını, özünün uşaq üçün rayondan ayaqqabı alıb gətirəcəyini bildirdi.

Saqif qardaşından ayaqqabını gətirib gizlicə ona verməsini xahiş etdi, istəyirdi ki, oğlunu özü sevindirsin. Gözünün önünə sinif yoldaşlarına “bu ayaqqabımı atam alıb” deyən oğlunu gətirəndə, sönük gözləri işıqlandı. O, çoxdandı ki oğluna heç bir şey ala bilməyən ataya çevrilmişdi və bu hiss ona əzab verirdi. Səhəri gün günortaya yaxın, qardaşı yenə yolunu onlardan saldı və evdə heç kimin olmadığını görüb, əlindəki zənbildən, rayon mərkəzindəki yarmarkadan aldığı uşaq ayaqqabılarını çıxarıb qardaşına verdi.

Saqif ayaqqabıları əlinə alıb zəif hərəkətlə çevirib o üz-bu üzünə baxıb ”yaxşıdır, sağ ol”deyərək, onları harada gizləyə biləcəyini fikirləşdi. Nəhayət söykəndiyi balışın altına qoymağı qərara alıb, qardaşından ayaqqabıları oraya qoymağı xahiş etdi. İndi Saqif qardaşı getdikdən sonra oğlunun gəlişini gözləyirdi, xəyalında onun necə sevinəcəyini canlandıranda özü də uşaq kimi sevinirdi. Arada ürəyində özünü danlayaraq, niyə oğluna arabir, xırda da olsa, hədiyyələr etmədiyi üçün özünə acığı tuturdu.

Gülnazın ətirinin qoxusu hələ də otaqda dolaşırdı. Saqif birdən xatırladı. Əlbəttə,bu o ətirdən idi. Gülnaza toy günü üçün xüsusi olaraq aldığı və əvvəlcədən Gülnazdan məhz bunu vurmasını xahiş etdiyi həmin ətir idi. Axı o necə unuda bilərdi. Amma, o ətir çoxdan qurtarmışdı və daha heç vaxt ondan tapıb ala bilməmişdi. Saqifin gözü otağı fırlanaraq, nəhayət divardakı saata qonan qara milçəyə sataşdı, milçək donub durmuşdu.

Amma saatın saniyə əqrəbi şüşənin altında səssizcə fırlanırdı. Saqif bu saatı da nə vaxt aldığını xatırlamaq istədi. Yox, o almamışdı. Gəray bu saatı iş vaxtı bilinsin deyə ticarət köşkü üçün alıb gətirmişdi, Gülnaz isə gətirib düz Saqifin gözünü qarşısında, divarda asmışdı. Saqif evin çöl qapısının açılıb-örtülməsindən Gülnazın getdiyini bildi. Çevrilib pəncərədən həyət qapısına boylandı. Gülnaz saçlarına tumar çəkə-çəkə həyət qapısından çıxdı.

Saqif köksünü ötürüb,yenə də əlini balışın altında gəzdirdi, indi oğlunun tez gəlməsini istəyirdi. Saata baxdı, oğlu bu vaxtlarda, əgər köşkə girib ləngiməsə, gəlməliydi. Doğrudan da həyət qapısı açıldı, əvvəlcə oğlu, arxasınca da Gəray içəri girdi. Gəray ona nə isə deyib, əlindəki balaca sellofon torbanı qapıdan girəcəkdə yerə qoyub getdi. Oğlu bir azdan atası yatan otağa girib atasını salamladı. Oğlunun gəlişinə qədər Saqif ayaqqabıları balışın altından çıxarıb sinəsinin üstündə, yorğanın altında gizləmişdi.

Oğlunun üzündəki sevinc nəzərindən yayınmadı. Saqif uşağın yəqin dərslərin bitməsiylə bağlı sevindiyini düşünüb özü də gülümsədi. Oğlu birdən atasına bir şey göstərəcəyini deyib çölə çıxdı. Qayıdanda əlində ,eynən qardaşının alıb gətirdiyi ayaqqabılardan təzə bir cüt vardı. Saqif ürəyinin həyəcanla döyündüyünü hiss etdi. Yorğanın altından çıxarmaq istədiyi əllərini saxlayıb nəzərlərini oğlunun əlində ona göstərdiyi ayaqqabılara zillədi. Halsız halda, oğlundan bunu ona kimin aldığını soruşanda, oğlu”Gəray dayı bu gün aldı” dedi.

Saqif zorla başını çevirib donuq nəzərlərini divardakı saata zillədi, bayaqdan hərəkətsiz dayanan milçək vızıldayıb uçdu. Oğlu ayaqqabıları elə otaqda ayağına keçirib otaqda o baş-bu başa gedərək, atasına müraciətlə dediyi ”ata, bəs mübarəkdir demirsən?”- sualına cavab ala bilməyəndə, atasının çarpayısına yaxınlaşdı, onun divardakı saata zillənmiş hərəkətsiz, donuq baxışlarından qorxaraq, çölə qaçdı.

Həyət qapısından çıxanda, ayağındakı təzə ayaqqabının bir tayı qapının dabanına ilişib çıxdısa da, dayanmayıb anasını çağırmaq üçün köşkə getdi. Köşkdə güzgülənən anasına atasının qəribə hala düşdüyünü, bundan qorxduğunu bildirəndə, Gülnaz heç köşkü də bağlamadan, uşaqla bərabər tələsik evə gəldi.

Oğlu niyəsə içəri girməyib çöldə dayandı. Bir azdan içəridən bir səs gəlmədiyini görən uşaq qorxa-qorxa evə daxil oldu. Saqifin çarpayısının yanında dayanan Gülnaz ,ərinin üstündəki yorğanı qaldıranda, onun sinəsinin üstündə arıq əlləriylə bərk-bərk tutduğu bir cüt uşaq ayaqqabısına, açıq qalmış gözünün kənarından süzülərək donub qalmış iki damla göz yaşına baxaraq, səssizcə hıçqırırdı.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 136 | Yüklənmə tarixi: 17.04.2024 20:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031