Öz alın yazıma dəyim, yıxılım.. - Yeni şeirlər

MANERA.AZ Aydan Ayın yeni şeirlərini təqdim edir.
***
Bir gecədi, bir qəbirdi, bir də şam.
Bir güzgüdü, bir səhərdi, bir axşam
Boylanıb baxıram gözümdən yerə
Görürəm, hələ də doğulmamışam
Gecəni dilə tutan Tanrı - bəs hanı?
Ağlayır - göz yaşı əridir şamı.
Boylanıb baxıram gözümdən yerə
Qəbirdən gözümə neçə söz damır.
Güzgüdən baxansa kimdi bilmirəm
Kiminsə saçının dənidi - baxır.
Oturub gözlərinə bir məktub yazır
Məktuba sapsarı yağışlar yağır.
Bu yağışın altda islanan adam
Atamdı - tələsir evimizə indi.
Əlinin qabarı, gözünün nəmi
Adımı çağırır ki, gəl, bizi dindir.
Məktuba sapsarı yağışlar yağır...
Hərflər əzilir ayaqlar altda...
Görürəm hələ də doğulmamışam.
Deyəsən qorxuram doğulmaqdan ta...
Bir gecədi, bir qəbirdi, bir də şam.
Bir güzgüdü, bir səhərdi, bir axşam
Boylanıb baxıram gözümdən yerə
Görürəm hələ də doğulmamışam.
Bir səhərdi, düşüb yolun ağına
Adımı axtarır adam içində.
Bir günəş işığı axtarır hələ
Uçmuş, dağılmış o dam içində...
Axtarır ki, verə mənim əlimə
Mənə ümid versin - mən də doğulum
Mən ki istəmirəm axı doğulub
Öz alın yazıma dəyim, yıxılım...
***
...Kənd evinin qoynunda
Bir qoca can verir bu saat...
Gözlərini heç bir fəsil tanımır .
Ki, yapışa yaz gözlərinin qarasından,
apara körpə vaxtına.
...Evi küsüb buludlardan,
Son nəfəsi ilə şəkli yoxdu əllərinin də...
Son nəfəs şəkillərdə - ötüb gedən qatar kimi düşür daha.
Dilində darıxan adlardan nə evinin xəbəri var,
Nə buludun,
Nə onu unudan fəsillərin...
Belə yaşamaq istəmirdi qoca...
Onun üçün yaşamaq taleyini unutmaqıydı...
Saatdan asılı qalmağıydı...
Ürəyinin qanı axardı saat əqrəblərindən...
Danışa bilmədikcə...
Ürəyi gözlərini unudan fəsilləri danlayardı-
Heçmi çiçəklər öpməyib əllərindən bayramlarda?...
Heçmi qar görməyib doğum gününün qapısı ağzında səs salan, oynayan uşaqlığın?
Heçmi məktub almayıb günəşdən indi bükülmüş əllərin?...
Unuduldun heyif...
Son nəfəsin də sənə oxşadı.
Unutdu hamı onu!
Çiynində daşımağa gələn olmadı...
Son nəfəsindən nə bir məktub,
Nə bir söz,
Nə bir ümid pay vermədin gecəyə!
***
Adım dan yerində görünən gündən bəri
Elə sözlərin dalınca yüyürdü,
Yüyürdükcə bir məzar çağırdı çəkib apardı.
Bu məzarda itkin düşmüş payız fəsli böyüyür.
Atamın səsiylə danışır mənimlə.
Bilirdim tabutumda ağacların göz yaşı var təkcə...
Bilirdim getdiyim yollara sözü var saçımdakı dənin...
Deməyə qorxur...
Qorxur ki, Tanrı adam yox, qəbir olduğumu bilər, sevər təzədən məni!
MANERA.AZ