Can üstündə ümiddir yaşamağın bir adı - Yeni şeirlər
MANERA.az İntiqam Yaşarın yeni şeirlərini təqdim edir:
***
Mən yalquzaq küləkləri yaxşı tanıyıram,
Ağacların ölümə dartınmasından.
Mən bu qışı da tanıdım gəlişindən.
Neçə evsizi son mənzillə təmin edəcək.
Ürəyimdən tutan ağrılar
Əlimdən tutan "dostlar"dan ürəkliymiş.
Bu ömrü bir dəfə yaşamışam mən,
Hər qarışına bələdəm.
Bütün yollar yaralı sürünür ömrün sonuna.
***
Unutmaq lazımdı həyatın bütün rənglərini,
Sadəcə, sinədolusu nəfəs bəs edər.
Düşündükcə gözlərinin qarşısında
sətirlər qarışar,
Düşündükcə bir boşluğa yuvarlanmaq var.
Ömrün ən böyük qazancı ölümdür,
Bunu bilə-bilə yaşamaq,
bunu bilə-bilə daşımaq
Özü də bir zülmdür.
Bütün məchullara yönələn
suallar, əslində, məlumdur,
Hamı gözəl bilir, hamıya aydındır,
Kim nəyə məhkumdur.
Ömür... ömür... bir naməlum boşluq!
***
Küçələr əl açıb adam dilənir,
Küçələr gözümdə səfil-sərgərdan.
Zamanla unutduğum ağrıları da
Yadıma salır yoxluğun.
Gözlərimdə rəngi solmuş min həqiqət var,
Min bir yalan.
Özümdən elə qisas alıram ki,
Ömrümə gecikmiş adam.
Bunu nə sən bacarardın, nə bir başqası.
Həqiqətə tərəf addım atıb yıxılmaq
Sənə bir addım da yaxınlaşmaqdır.
Mən dizlərimdəki yaralar qədərəm,
Yıxılmaq gözümü qorxutmaz...
***
Ömür sual yağışıdır,
Cavablar düşüb qurağa.
Üzülməli nə var burda,
Biz də çəkildik sınağa.
Atmağa bir daş da yoxdur,
Ataq ki, soyusun ürək.
Bir nəfəslik çimir alsın,
Bir azca uyusun ürək.
Bu bəxti kim atdan salıb
Ölümtək çöküb üstünə?
Bəlkə, elə bəxt üşüyüb
Ölümü çəkib üstünə?
TİKAN AĞACI
Bu açılan sabah soyuq açıldı,
Bu açılan sabah şaxtadı, dondu.
Ürəyə mən necə anladım axı,
Bir də gəlməyəcək, bu daha sondu?..
Ruhumda min dənə tikan ağrısı,
Gözümdə itirmək əzabları var.
İçim özü boyda həbsxanadır,
Hələ çəkilməmiş hesablarım var.
Canından hər ağrı unutsan, çıxar,
Canından itirmək ağrısı çıxmaz.
Hər gün söz verərsən, yalana çıxar,
Yüz sözdən bir dənə doğrusu çıxmaz.
Özünə min kərə yalan sözün var,
Bilirəm, sənin də sözündə mənəm.
Bir şəkil buz kimi qalıb gözündə,
O şəkil mənimdir, gözündə mənəm.
***
Bütün varlığımla sevirəm səni,
Bütün varlığımın həzin bəstəsi.
Sən necə möhtəşəm yaradılışsan,
Mən necə bir eşqin ağır xəstəsi.
Ömrümdə ən uzun yol imişsən sən,
Gözündə min illik həsrətinəm mən.
Sən başqa adamsan, başqa birisən,
Ömründə, bəlkə də, ən çətinəm mən.
Nəfəsim darıxar saçlarındaca,
Nəfəsim ağ bayraq qaldırar sənə.
Sən mənim ömrümə gələn günündən
Yaşamaq çox gözəl göründü mənə.
İndi mən əvvəlki adam deyiləm,
İndi mən ruhumda sən daşıyıram.
İndi təkcə nəfəs almıram ki mən,
İndi bilirəm ki, mən yaşayıram.
***
Gözümdə şəklini güllələdilər,
Axdı, qanı axdı səkilər üstə.
Sonra apardılar səni harasa,
Ağladı adamlar şəkillər üstə.
Hardansa bir nəfər adam da gəldi,
Öncə ağlamsındı, içini çəkdi.
Sonra hamı kimi səsə qarışdı,
Sonra hamı kimi göz yaşı tökdü.
Birdən yavaş-yavaş getdi adamlar,
Sonra bircə o kəs qayıdıb gəldi.
Gözünün yaşını tökmürdü daha,
Hardasa özünü ovudub gəldi.
Bir bulud misalı, duman misalı
Çökdü bir küncünə soyuq otağın.
Sonra bu dünyada ən gözəl rəsmi
Çəkdi bir küncünə soyuq otağın.
***
Söykən bu sevginin əl ağacına,
Nəfəs dər, toparlan, yolun uzaqdı.
Günəş də qocalıb, yaman ləng gəlir,
Yollar yağışlıdı, yollar sazaqdı.
Qolların üstündə yer ver, uyusun,
Gözündən dağılan yollara yazıq.
Gör neçə ümid var buxov sürüyən,
Bu səssiz-səmirsiz qullara yazıq.
Sən ömür üstünə qurban aparan,
Arzular sinəndə çarpaz dağ olur.
Nəfəs də bir dönük övlad kimidir,
Nəfəs də üzünə daha ağ olur.
YADDAŞ QEYDİ
Mən səni də hardansa tanıyıram, hardansa,
Xəyalların dənizdə batan yeri olmasın?
Mən səni də hardasa unutmuşam, hardasa,
Yaddaşımın ağrıdan itən yeri olmasın.
Can üstündə ümiddir yaşamağın bir adı,
Kölgələrin altına min bir arzu cəm olur.
Günəşə gülümsəmək bəzən olur, bəzən yox,
Bəzən də ümidlərin gözü elə nəm olur.
Günahkar axtarmağın zamanı çoxdan keçib,
Barışmışıq necə var, elə ömür sürürük.
İttiham eləməkçün zamanımız çatışmır,
Hələ bikar deyilik, hələ ömür sürürük.
***
Yenə yağış yağır bu boş şəhərə,
Yenə ağacların duası çindir.
Adamsız şəhərdə bir ağac olmaq
Susuz səhralardan daha çətindir.
Meyvəsi kölgədir, kölgəsi meyvə,
Uduzur ömrünü gündə bir yoxa.
Bu ağac bəxtindən haçan yarıya?
Öyrənib ümidi hey boşa çıxa.
Göylər... ümid yeri... son güman yeri,
Göylər əl uzadar yerdəkilərə...
Yarı yolda qalmaz göydən gələnlər,
Gec də olsa çatar yerdəkilərə.
ÜŞÜYƏN HEYKƏL
Üşüyən heykələm yağışın altda,
Sinəmdə ürək yox, isinə canım.
Kim ayaq saxlayar, kim hal soruşar,
Adamsız şəhərdə adam dörd yanım.
Gözümdən min sual tuşlanıb göyə,
Sual yağışıyla cavab verirəm.
Yağış altda qalmaq bilirəm nədir,
Tanrı, mən sənə çox əzab verirəm.
Mənim bağışlanmaq istəyim yoxdur.
Son nöqtə torpaqdı, daşdı uzağı.
Bir gün biri çıxıb soruşacaq ki,
Niyə yağış altda qoydun uşağı?
***
Kimdən söz düşsə də, səndən düşməsin,
Bir də qayıtmayım adın tərəfə.
Tövbəni boynumdan dua asmışam,
Yön çevirmərəm o qadın tərəfə.
Qismət bir oyundu zər yiyəsinə,
Bəxtini çağırmaq lal üçün dua.
İllərin tikanı üstə sürünmək
Ömür sürmək imiş mənimçün guya.
Nəfəs yorğunuyam ömür içində,
Ayağım buxovda, əlim qəfəsdə.
Gözümü açalı belə görmüşəm –
Yaşam qəfəsdədir, ölüm qəfəsdə...
"Ulduz" jurnalı.2021/İyul