manera.az
manera.az

Gəl yenə görüşək, yenə ayrılaq - Şeirlər

Gəl yenə görüşək, yenə ayrılaq - Şeirlər
Manera.az gənc şair,qiraətçi Xəzər Süleymanlının şeirlərini təqdim edir:

ƏLVİDA, BAKI

Bir səhər güzgüdə özünə baxıb,
Son dəfə özündən doyub gedəsən.
Bu ömrü yarımçıq əlyazma kimi
Yazı masasında qoyub gedəsən.

Gedəsən, nə dərdin, nə qəmin qala,
Səni səadətin çəkə dalınca.
Masanın üstündə qələmin qala,
Üç nöqtə göz yaşı tökə dalınca.

Dönə göyərçinə bəyaz kağızlar,
Təlaşla boylana sən gedən yola.
Hərflər uşaqtək tuta əlindən,
Şeirlər hərəsi bir qadın ola.

"Səfillər" boylana kitab rəfindən,
"Yalquzaq" ulaya şam işığında.
"Qumarbaz" özünü itirə birdən,
Bu qorxunc səslərin qarışığında...

Birdən kürəyindən qanadlar çıxa,
Gerçəyə çevrilə xəyalındakı.
Buludlar içində gözdən itəsən,
Bərkdən qışqırasan:"Əlvida, Bakı!

YAXŞI Kİ, YOXSAN...

Mən indi beləyəm ilin hər günü
Qaranlıq adamı, gecə adamı
Mən indi bir az da içki düşkünü,
Mən indi bir az da küçə adamı...

Kaş sənə hər şeyi danışa bilsəm,
Mənə məskən olub soyuq səkilər
Mən indi səninlə üz-üzə gəlsəm,
Gözümdən gözünə yuxu tökülər...

Bilsəm ki, sonunda lap ölüm də var,
Dərdə də düşmərəm sonuma çıxsan.
Hələ bir yalandan təsəllim də var,
Mənim bu günümdə yaxşı ki, yoxsan...

BALIQ YADDAŞI

Bu dəniz ömrümün qum sahilinə,
Axır ki, məni də atdı tənhalıq.
Yoxsul taleyimə, kasıb bəxtimə,
Baxıb gülümsəyir bir qızıl balıq.

Köhnə xatirələr ləpələndikcə,
Gözümün yaşına qarışır sular.
Bu sonsuz dənizin bətnindən indi,
Beləcə doğulur, ölü arzular.

Bu nə vahimədir, bu nə təlatüm?!
Dalğalar elə bil durur qəsdimə,
Dənizi çaşdırıb oğru görkəmim,
Köpək balıqları hürür üstümə.

İndi bu vahimə, qorxu içində
Bir ümid doğulur hər addımbaşı.
Haçansa məni də xatırlayacaq,
Bir su pərisinin balıq yaddaşı.

GÜNAHKAR

Nə desən haqlısan, mənəm günahkar.
Üzünə baxmağa utanıram mən.
Niyə and içirsən, uşaq kimiyəm...
Sən yalan desən də inanıram mən...

Demə ki xoşbəxt ol, çat arzu-kama.
Çılğın gəncliyimin sönən dəmidir.
Bu sanki gözü kor olan adama,
"Gözün aydın olsun" demək kimidir.

Daha öz səsim də mənə yad olub,
Hardasa ağlayan körpə səsitək.
Mənim gözlərimdə həsrət iz salıb,
Körpələr evinin pəncərəsitək...

AĞ GÜNƏ ÇIXDIMI
QARA GÖZLƏRİN?


Yuxumu gözümdən oğurlayan qız,
Ağ günə çıxdımı qara gözlərin?
Elə ağladım ki arxanca sənin,
Yuyuldu yollardan ayaq izlərin...

Daha tükənmişəm, daha bitmişəm,
Sənin nə vecinə rahat yatırsan...
Mən sənə haqqımı halal etmişəm,
Sən niyə yuxuma haram qatırsan?

Qayıtmaz o günlər, bilirəm indi.
Qoyardın başını, sinəmə hərdən
Gecəni ikiyə bölürəm indi,
O yanında sən yat, bu yanında mən...

NECƏYƏM İNDİ?

Dilucu necəsən soruşub getmə.
Dayan, izah edim, necəyəm indi.
Dağılmış binayam, sökülmüş yolam,
Toz altda boğulan küçəyəm indi.

Hesabdan yaxşısan, hələ gəl otur.
Mən də sual verim tənliyini qur.
İkidən bir çıxıb sonra birə vur,
Hesabla, tap görüm, neçəyəm indi ?

Ürəyim inanmır ürək sözümə,
Bir ucuz ölüm də gülmür üzümə.
Sənsiz bütün gecə özüm- özümə,
Səni xatırladan gecəyəm indi.

BİR QIZ BAXAR PƏNCƏRƏMƏ

Buludların qarışığı,
Göy üzünün yaraşığı...
Gecə düşər ay işıgı,
Ulduz baxar pəncərəmə...

Səhər buludlar ağlayar,
Asimanı qucaqlayar.
Günəş ayı soraqlayar,
Yalqız baxar pəncərəmə...

Bu yuxumu,yoxsa gerçək?!
Ya arzudur, ya da istək.
Yenə gecə səhərədək,
Bir qız baxar pəncərəmə...

Bu qız gedər geri dönməz.
Yaxınlaşanda görünməz.
Nə danışmaz,nə də dinməz,
Səssiz baxar pəncərəmə...

DEYİRLƏR...

Deyirlər, sən artıq çox dəyişmisən...
Əvvəlki adamdan əsər də yoxdur.
Deyirlər tanınmaz hala düşmüsən,
Hardasan, necəsən, xəbər də yoxdur?!

Deyirlər, küsmüsən bəxtə, qismətə,
Qırışıb üz-gözün, ağarıb saçın,
Nəinki sevgiyə, saf məhəbbətə,
Bircə xoş sözə də var ehtiyacın...

Deyirlər, hər səhər əlin əsərək,
Köhnə bir şəkili öpüb gülürsən,
Ayağın tutulub qoca qarıtək,
Divardan yapışıb gəzə bilirsən...

Deyirlər, bir sənsən, bir də boş otaq,
Təkliyə qapılıb fikirləşirsən,
Kiminsə adını sayıqlayaraq,
Özündən çıxırsan, əsəbiləşirsən...

Deyirlər, ilk görüş yerindən hər gün,
Boş oturacağa baxıb keçirsən
Gözünün yaşını gizlətmək üçün,
Əlini üzünə sıxıb keçirsən...

Deyirlər, yalandan gülürsən üzdə,
Ürəyin kədərə bürünür yenə,
Hər gecə qaranlıq həyətinizdə,
Bir kişi kölgəsi görünür yenə...

MƏN BU TANIŞLIĞA YENƏ DƏ ŞADAM

Sən məni heç zaman başa düşmədin.
Bilmədin mən sənə doğmayam, yadam.
Bir dəfə dərindən fikirləşmədin,
Məndən nə istəyir axı bu adam?

İllərdir tanışsan mənə elə bil,
Sənə bu tanışlıq asandan asan,
Adını söyləmək təqdimat deyil,
Sən özün-özünü tanımamısan...

Bəlkə də bu addım çox tezdir hələ,
Gəl sənə özünü tanıdım bir az.
Gecə də, gündüz də danışsam belə,
Qorxuram kəlmələr yetərli olmaz...

Mən sənin qəlbinə çox uzaq biri.
Sən mənim qəlbimin ilk məhəbbəti,
Mən sənin ömrünün təsadüfləri,
Sən mənim ömrümün tək həqiqəti...

Mən səni hər dəfə görərkən ölən,
Qəmini ürəkdə daşıyan biri,
Sən isə sevinən, danışan, gülən,
Özü öz kefində yaşayan biri...

Mən necə söyləyə bilmirəm axı?
Sən mənim həsrətim, dərdim-sərimsən.
Mən sənin gördüyün ən şirin yuxu,
Sən mənim yuxusuz gecələrimsən...

İndi öz-özünü tanıdın sən də...
Ey məni yaşadan, öldürən adam.
Min il də yaşasam zillət içində,
Mən bu tanışlığa, yenə də şadam...

MƏKTUB

Yoxluğun çətindir mənə əzizim.
Bəlkə qayıdasan,düşün dərindən.
Bir məktub yazıram sənə əzizim,
Ayrılıq gününün ilk səhərindən.

Bu evdə hələ də var ayaq izin,
Otaqdan otağa aparır məni.
Daraqda saçların,güzgüdə üzün,
Mən necə bir yerə toplayım səni?

Ümidim əriyir daha get-gedə,
Qəlbimin küncünə qısılıb qalıb.
Sənin ən sevdiyin köynəyimdə də,
Saçının bir teli asılıb qalıb

Gözüm bir nöqtəyə baxır anbaan
Diqqət et,gör hardan hara gəlmisən?
Ən uzun cümləyə sığmayan adam
Kiçik bir nöqtəyə sığa bilmisən...

Gedənə ağlamaq qəribə işdir.
Gülümsə gələndə,ağla gedəndə...
Səndən də heç gözüm su içməmişdi,
Bu qədər göz yaşı hardandı məndə?

GƏL YENƏ GÖRÜŞƏK

Ağlıma gəlməyən başıma gəldi.
Bəlkə biz bu işə bir əlac qılaq?
Görüşüb ayrılmaq xoşuma gəldi,
Gəl yenə görüşək, yenə ayrılaq...

Gəl yenə görüşək bir sevgi istə,
Saxta gülüşlərlə, saxta baxışla,
Yenə də adi bir səhvimin üstə,
De ki, mən gedirəm, məni bağışla...

Mən də razılaşım, susum lal kimi,
İzləsin qəm dolu baxışım səni.
Cavabı olmayan bir sual kimi,
Gələndən, gedəndən soruşum səni...

Kaş mənim yanımda qalaydın, ya da,
Nə bilim, başqa bir yolu seçəydin...
Ürəyin belə çox yanırdısa da,
Aramızdan keçən suyu içəydin...

MƏN YAXŞIYAM...

Mən yaxşıyam...
Yavaş-yavaş öyrəşirəm tənhalığa...
Yavaş-yavaş barışıram qismət ilə...
Kədər ilə, həsrət ilə...
Bir az soyuq davranıram axan ilıq göz yaşımla...
Axır-axır, silmirəm heç..
Hardan gəlir, hara gedir, bilmirəm heç...
Doğrusunu desəm əgər, vaxtım yoxdur...
Zaman azdır, fikir çoxdur...
Əşşi nəysə...
Bax beləcə yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...

Yadındadır?
Yaman tənbəl idim, yaman...
Səhər tez oyanmağı da,
Bacarmırdım heç o zaman...
İndi saatı qururam,
Bir kənarda otururam...
Hey baxıram.....
Hey baxıram...
Yuxum üçün darıxıram...
Saniyələr qovha qovda,
Saat qaçaq...
Başı qaçmağa qarışan saat məni,
Görən necə oyadacaq?

Nə qəribə sualdır bu?
Axtardığım cavab budur...
O cihazdır,o qurğudur...
Saat insan deyil axı...
O unutqan deyil axı...
Yenə boş-boş danışıram…
Əşşi nəysə...
Bax beləcə yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031