Bütün yağışlar darıxır...- Xosrov Barışanın şeirləri

Manera.az Təbrizli şair Xosrov Barışanın şeirlərini təqdim edir:
SEVDA DEDİYİN...
Sevda dediyin;
Zaman kimidir!
Görülməzdir;
Zaman içində an kimidir!
Bilinməzdir!
Bunları deyərkən;
Sanmayın ki ömür kimidir.
Baxdığın göy belə;
Davan kimidir!
Getdiyin yol qalxar ayağa
Duvar kimidir!
Dünya sənə dar kimidir!
Həpis sellulunda;
Görülməyib, bilinməzdən;
Çıxan gür hay kimidir,
Həmişə məbdəyinə qayıdar;
Kimsə eşitməz ki onu,
Dört duvardakından başqa!
Sevda dediyin;
Olay içində ölüm kimidir,
Çatdi isə;
Qayıtmaq yox..!
YAŞAYAN DİLƏK
Biz paylaşılan
Birər çörəkdik
Sozarmış, çatlaq dodaqlara
Açılmayan süfrələrdə.
Lanət olsun...
Çürümüş bu dişlərin
Çırpışmasında
Dartılaraq
Tökülürük!
Biz bəzəyən
Birər çiçəkdik
Altın, qamaşdıran başaqlara,
Əkilməmiş zəmilərdə.
Lanət olsun...
İylənilmədən sozarırıq!
Biz bəlkə də;
Son insanın
Son nəfəsiydik.
Sarılan üzlü nəs(1)iydik
Yaşama dörd əllə
O süfrəli çöllərdə.
Hələ də ki hələdir;
Kəsilməmişik.
İTGİN ADA
Bir adayam, itgin ada...
Dəniz dönübdür bir oda.
Əkdiklərim cücərməyir
Nəfəs yolu yox burada
Məni anlamır vətənim
Həsrətəm indi hər zada.
Yalqızlıq içimdə yaşır
Sukutla dolmuş bir oda.
Cəhənnəm içrə cənnəti
Kimsə salanmayır yada
Silirlər məni nəxşədən
Kaşiflər çatmır imdada!
Çirkinlər içrə bir gözəl
Çevrilər əlbət irada.
️
Dərd məni məndən elədi.
Döndüm tarixdə fəryada.
Çatdım acılar içində
Şeir içrə şirin dada.
FƏRQANƏ MEHDİYEVAYA
Mən hər gecə
Şeirin şorunu çıxardıb
Suyunu süzürəm izlərimə.
Gözləriniz aydınlanır.
Və soyuram ürəyimi
Adəm cənnətdən qovulur;
Gözləriniz yaşlanır.
Məni belə qərib hallar tapar Fərqanə,
Belə əcib hallar...
Məni sözcüklər meymun eyləmiş Fərqanə!
24 saat durmadan
Başımın ətini yeyirlər!
Hansı sözcükdən hansı sözcüyə atılım?
Hansı gözləri dərim,
Şeirim doğsun mənim?
Yaman qorxuram fərqanə,
Şeirim həmişə uşaq qalır!
Necə insan təkamülə çatsın ki?
Tanrıya çatmaq üçün
Hansı nərdüvanı hansı göyə dayamalıyam?!
Uşaq idim
Anama ulduz dərmək istərdim...
Böyüdüm
Heç qız ulduz sevməyir ki..!
Deyir: -mən özüm bir ulduzam ay oğlan.
Və geçir aylar...
Aydan, ucadan
Sənə baxıram,
Özümə baxıram.
Tütsünün yuxarıya qalxdığından mı
Hər ürəkdə yanğın varsa
Tütsüsü mənim gözümə gedir?
Darıxmalar yağışları
Elə başlayırlar ki
Bütün yağışlar darıxır!
Bilirəm duz yeyib duzqabını sındırırlar!
Bizlərsə
Yaramızdan duz səpirik!
Əlimizin duzu olmasa da
Nəfəsimizin duzu bol olacaq!
Əə...əh, duzun nə yeri var bu şeirdə Fərqanə?!
Döktürlər yeməkdə belə
Yasaq etmişlər.
Duzun ürəyə zərəri vardır axı.
Halbuki mən
Duzlu bir qız doğacaqdım;
Adını isə “TÜRKAY” qoyacaqdım.
Ürək işçisi olan atasına öyünsün.
Bax
Hər ışıq hayxıran yaxılıb
Sonra da bir ulduz olub.
Sən demə əsil şair
“Urmu gölü”dür.
“Bakı”-“Təbriz” avtobusları
“Azərbaycan” boyda yalqızlığımdan geçməyirlər heç.
Dalğalar...
Dalğalar...
Dənizdə can verib
İçimdə canlanırlar.
Sən ağlayırsan...
Mən titrəyirəm...
Yolumuz eyni;
Tuvaletdəki kəpənəyin öyküsüdür alınyazımız!
Aşkar da olsan
Gizlənəcəksən.
Gizli də olsam,
Aşkarlanacağam.
Ah mən bir düşüncə heykəliyəm
Gözyaşlarımdan yonuluram Fərqanə.
Mən cənnəti yanmaqda gördüm.
Bu səbəbdən şairik Fərqanə.
Pəs yaşasın toprağımız.
***
Təbrizin axşamlarında
Yalqız,
Çolaq bir qurd yaşarmış,
Kimsə eşitməzmiş
Səsini
Kimsəyə duyurmazmış
Səsini
Öz içinə ularmış!!.
Öz içində ularmış!!.
Təbriz