manera.az
manera.az

Şairlik və müəllimlik.. - Lütviyyə Əsgərzadə İbrahim Yusifoğludan yazır

Şairlik və müəllimlik.. - Lütviyyə Əsgərzadə İbrahim Yusifoğludan yazır
MANERA.AZ filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin "İbrahim Yusifoğlunun yaradıcılıq aktı: müəllif, mühit və cəmiyyət" yazısını təqdim edir.

Azərbaycan ədəbi-tənqidi fikrimizin patriarxı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Qarayev Azərbaycan ədəbiyyatı və pedaqoji fəaliyyəti sintez şəklində bir-birini tamamlayan Abdulla Şaiq haqqında yazırdı: “Abdulla Şaiq şair ikən də müəllim, müəllim ikən də şairdir... Şeirdə də, tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi.” Şərur rayonunun dağlar qoynunda yerləşən Axura kəndində dünyaya göz açan İbrahim Yusifoğlu da “şair ikən müəllim, müəllim ikən də şairdir.” Şairlik və müəllimlik... Hər ikisi də taleyüklü və məsuliyyətlidir.

Tanınmış şair, pedaqoq və publisist İ.Yusifoğlu ömrünün 48 ilini təhsil sahəsində çalışıb, daima müəllimlik peşəsinə hörmət və məhəbbətlə yanaşıb. Müəllimlik peşəsinə olan sevgisini və bu peşənin nə qədər şərəfli olduğunu onun şeirlərində izləmək oxucuya zövq verir, pedoqoji sahəyə hörmət və sevgi aşılayır:

“Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı.
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.”


Onu da qeyd edim ki, İbrahim Yusifoğlu hələ gənclik illərindənömrü ömürlərə paylanan müəllilər haqqında “Safdı, müqəddəsdir, müəllim ömrü” seriyasından onlarla müəllimin həyat yollarından bəh edənoçerklər yazmış, səkkiz adda kitab çap etdirmişdir.

50 ildir, həm təhsildə, həm də poeziyada “qələmlə külüng çalan” şair İbrahim Yusifoğlu oxucularının yeni-yeni kitablarla, “Araz bayatıları”, “Bu həyat mənimlə yola getmədi”, “Arxamca boylanan baxışların var”, “Mənim inamımı güllələdilər”, “Məni kövrəldəcək kədər qalmadı”, “Sulara danışdım yuxularımı”, “Dərdlərin belimi əydi, ay Vətən”, “Gəlib çatdım 50 yaşa”, “Seçilmiş əsərləri” ilə (dörd cilddə) sevindirir. Publisistik məqalələri də daxil olmaqla, 33 kitabın, şeirlər, poemalar, mənzum dramlar, nəsr və publisist əsərlərin müəllifi olan İbrahim Yusifoğlu, “Qızıl Qələm” media mükafatı laureatı, Prezident mükafatçısı, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisidir. Hal-hazırda AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır.

“Yaşadığı mühit bütövlükdə, cəmiyyəti, övladı olduğu xalqı dərk etməyin, yazıçı şəxsiyyətini, düşdüyü mikro və makro mühiti öyrənmək üçün ən yaxşı vasitəsi” olduğu kimi, “bütün ədəbi mətnlər öz mühitinin və bu mühitin formalaş¬dırdığı müəllifin yaradıcılıq aktıdır. Mətni-əsəri “dil açan şəxsiyyət” (S.Böv) hesab edən mütəxəssislərin fikrincə, poeziyadakı hər bir söz müəllifin etirafı, onun avtobioqrafiyasının bir hissəsidir (Mandelştam).
Şairlik və müəllimlik.. - Lütviyyə Əsgərzadə İbrahim Yusifoğludan yazır
İbrahim Yusifoğlu Naxçıvan ictimai-mədəni və maarifçi mühitinin yetirməsidir. Şairin yaradıcılığındakı mətnlər də onun “yaradıcılıq aktı”dır, deyə bilərik. Bu “yaradıcılıq aktı”nın içərisində onun doğulub-böyüdüyü torpağın ab-havası, mühiti, cəmiyyətdə baş verən hadisələrə münasibəti, xalqının sevinci və kədəri dil açıb danışır. Şairin doğulub-böyüdüyü Naxçıvan torpağının tarixi, təbiəti, gözəllikləri özünəməxsus tərzdə tərənnüm olunur, xüsusilə “Sulara danışdım yuxularımı”, “Bu nəğməm sənədir, doğma Naxçıvan” adlı poemalarında. “Bu nəğməm sənədir, doğma Naxçıvan” adlı poema və silsilə şeirlər yazan şairin tərənnüm etdiyi Naxçıvan “Odlar Yurdunun, Qeyrət qalası”, sinəsində memar Əcəmi nişanəsi daşıyan, “Şərqin qapısı”, “Nuhun yurdu”, "Məğrur “Əlincə”li, “Sirab”, “Badamlı” tək əvəzsiz varı”, “ Ordubad bəhrəli, Şərur barlı”, "düşmənin, yadın önündə sınmayan, döyüşən, "Nəsillər yaşayan “Gəmiqaya”, “Mömünə xatun”, “Qızlar bulağı” ünvanlı qədim diyardır:

Bu gün yer kürəsi öz məhvərində,
Ulu bir diyarla öyünür hər an.
Dünyanın döyünən düz ürəyində
Özünə yer tutub, durur Naxçıvan

(“Bütün istəyinə çatıb Naxçıvan”).

“Dünyanın döyünən ürəyində özünə yer tutan”, “qürur mənbəyimiz”, Naxçıvanın “daş yaddaşı” Əlincə şairin şeirlərində qədim bir tarixi özündə canlandırır. Qədim Naxçıvanın, dünyanın ən gözəl diyarlarından biri olduğu poetik dillə oxucuya çatdırılır. Naxçıvanın sirli-soraqlı, əfsanəvi yurd yerləri, sözlü-söhbətli adamları oxucusunun gözü önündə canlanır:

“O adi dağ deyil, Nəqşicahanın,
Bütövlük, mətinlik, güc simvoludu.
Namərdlər önündə dik tutub başın,
Əyilməzlik rəmzi, haqqın yoludu.

Əlincə ən acgöz, zalım şahları,
Tanrıdan güc alıb, bələyib qana.
Bədniyyət, qaniçən Miranşahları
Qoymayıb illərlə girə qoynuna.

(“Əlincə”).

Qeyd edək ki, Şərur və Əlincə adına yazılı tarixi mənbəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında, “Uşun Qoca oğlu Səkrəyin boyunda da rast gəlinir. Dastanda göstərilir ki, “Üç yüz nəfər say-seçmə igid Şərukun (Şərurun) ucundan Göyçə dənizinə qədər yol gedirlər. Orada qələbə çalıb Əlincə qalasına dönürlər.”

Dədə Qorqud gəzən Oğuz elidi,
Dili ana dili-türkün dilidi.
Məğrur Naxçıvanın “durna teli”di,
Qədimdi, uludu yaşı Şərurun

(“Şərurun”).

Nə qədər gözəl bir bənzətmədir “Şərur, Naxçıvanın “durna teli”dir.

Şairin “hər daşı, hər qayası sipər olub vətəni yadellilərdən qoruyan Əlincə kimi, uşaqlığı, gəncliyi keçdiyi Şərura məhəbbəti, sevgisi də şeirlərinin misralarına hopur. Şair, Şərurun qədim tarixinə ekskurs edir, onun qədim tarixi, “Dədə Qorqud” gəzən Oğuz eli olması qürurla vurğulanır. Və qururlanmaqda da haqlıdır. “Şərur” adının yaranması qədim Şumer əsatiri ilə bağlıdır. Şumerlər “Ninurta tanrının hünəri” adlı əsatirdə “İlahi nizə”ni “Şərur” adlandırıblar. Əsatirə görə, “Yeraltı dünyada Kur ölkəsində Asaq adlı qanadlı, qorxunc bir azman-nəhəng (əjdaha) yaşayırmış… Asaq ölüm saçan gözlərini bərəldir, Ninurta qorxub geriyə atılır. Şərur dilə gəlir: “Heç qorxma! At məni quduz azmanın üstünə, mən onu məhv edəcəyəm.”
Ninurta Şəruru azmana doğru atır. Şərur azmanı ortasından dəlib keçir.“ Bu qədim əsatirə görə, “Şərur” sözünün mənası “nizə”, yəni qara qüvvənin, şərin, pisliyin qənimi, “ilahi güc”, “əzəmət”, “qüvvət” deməkdir. Mərhum dilçi alim Arif Rəhimovun fikrincə, “Şərur” adı qədim elam-kassit tayfalarının dilində “Şeru” – “çöl”, “düzənlik” mənasını verir. Mövzudan uzaqlaşmadan İbrahim Yusifoğlunun “Şərurun” şeirində əks olunan bu tarixin səhifələrini çevirməkdə fayda var.

Tarixi abidələr diyarı, Gəlin qayası, Havuş mağarası (Havuş kəndi), Danaqalası Ağvantəpə, Hadıqayıb, Pisdər mağaraları (Axura kəndi), Qazma mağarası (Tənənəm kəndi), Qarasu qalası (Gümüşlü kəndi), Qız qalası, Aşağı Yaycı qalası (Yaycı kəndi), Dizə kəndində kurqanlar, Ovçular təpəsi, Qalacıq arxı (Oğlanqala kəndi), Şahbulaq və Danyeri kəndlərindəki qalalar, Dədəli körpüsü (Arpaçayı üzərində), Daş heykəl (Zeyvə kəndi) və s. abidələrində tarixi keçmişimiz, tarixi yaddaşımız yaşayan Şərur şairin poeziyasının ana xəttini təşkil edir: Yalnız Şərur deyil, onun kəndləri, dərəsi, dağı, düzü, çayı bütün gözəllikləri ilə “Ürək ovsunlu baharı, yayı, ”Mavi səmasında titrəşən “Ulduzu, Ayı”, payı, “Zərgər naxışlıdı qışı İbrahim Yusifoğlunun poeziyasında vəsf olunur, “Arpaçay Şərurun qaşı”na bənzədilir:

“Min büsat qurulur hər bucağında,
Güllər ətir saçır tər qucağında,
Ömrünün gəncləşən səhər cağında,
Qəlblər ovsunlayır halı Şərurun.”

Böyük şairimiz Məmməd Arazın “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, - sözləri vətəndaşlıq şərtinə çevrilib. Hansı peşənin sahibi olursansa ol, ilk öncə vətənə daş olacaqsan. İbrahim Yusifoğlu "vətən daşı"dır.
Şairlik və müəllimlik.. - Lütviyyə Əsgərzadə İbrahim Yusifoğludan yazır
Onun yaradıcılığından yaxın tariximiz misralarda əks olunur. Xalqımızın başına gətirilən müsibətlər: Azərbaycan xalqının taleyinə qara hərflərlə yazılmış 20 Yanvar, Qarabağ savaşı, Xocalı faciəsi vətəndaş şairin yaradıcılığında təsirli notlarla əks olunur.

Qanlı Yanvar hadisələrindən sarsılan şair, o ağır anlarda “Mənim inamımı güllələdilər” pıçıldayır və bu adda adlı ikihissəli poema yazmışdır:

Qan etdilər gecə yarı,
Nə halına özgə, yadın.
Dəhşətə bax, ulu Tanrı,
Güllələndi uşaq, qadın.


“Şanlı Qızıl Ordu”nun Bakıya gətirdiyi fəlakəti, erməni quldurları mühasirədə qalmış Naxçıvan elində, xüsusən qeyrət qalası Sədərək kəndində təkrar etdilər. şəhidlər verildi, uşaqlar güllələndi. Torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimiz haqqında ürək¬ağrısı ilə iki kitab yazdı İbrahim Yusifoğlu. Bunlardan biri, “Mənim inamımı güllələdilər” poetik nalədirsə, digəri, “Ölümü Tanrıdan gələnlər” publisistik ağıdır, ağrıdır, yanğıdır. Şairin qəlbində “böyük qardaşımıza”, “qardaşlıq beşiyi” sovet elinə olan inamı güllələnsə də, müstəqil respublikamızın sabahına, xoşbəxt gələcəyinə ümidləri sonsuzdur:

Axır ki ayırıb düşməni dostdan,
Tanıdın ən qəddar yağını, Vətən!
Qoynun uzaq olsun alovdan, oddan,
Yaşa müstəqillik çağını, Vətən!

(“Yaşa müstəqillik çağını, Vətən”).

20 Yanvar xalqımızın içindən qılınc kimi keçdi. Günahsız, əliyalın insanların üzərinə zirehli maşınlar sürüldü, insanlar rastgələ gülləbaran edildi. 20 Yanvar faciəsi ədəbiyyatımızda, həmçinin İbrahim Yusifoğlu yaradıcılğında kədərə, aha, göz yaşına döndü. O, “Azadlığa gedən yolun zirvəsi yaxud, 20 yanvar ağrısından, 20 yanvar qeyrətindən doğulan azadlıq” başlıqlı publisistik yazısında “milli vüqar, milli qürur günü kimi tariximizə yazılmış” tarixi hadisələrə münasibət bildirir: “Azərbaycanın azadlığı 20 Yanvar ağrısından, 20 yanvar qeyrətindən doğuldu.” Müəllif 20 Yanvar faciəsində şəhid olan insanların şəhadətə ucalmalarına toxunmaqla yanaşı, insanların tarixi keçmişində buraxdıqları tarixi səhvlərə də aydınlıq gətirilir. “Mənim inamımı güllələdilər” poemasının “Qara Yanvara gedir” adlanan hissəsində Qara Yanvara gələn tarixi yola, bütövlükdə xalqın tarixi keçmişinə nəzər salınır:

“Vətən, yadellilər yüz illərdi ki,
Daraşıb yeyirlər bitirdiyini.
Gəlmələr gör necə ərköyündü ki,
Dilə gətirmirlər itirdiyini.”


Vətənə müraciət edən, Qanlı Yanvara gedən yolu yüzillik tarixə malik olmasına eyham edən şair, “Tanrıya xalqının qorunması üçün dualar edir: “20 Yanvar 1990-cı il.... İllər boyu üzərimizə tuşlanan silahların tətikləri çəkildi. Sinəsi odlanan da oldu, şəhid olan da. Mənim isə inamım güllələndi!”

Deyirlər ki, “Ölən bir dəfə, qalan gündə yüz dəfə ölür.” Şəhidlərin ruhu müqəddəsləşərək göylərə yüksəlsə də, əzizlərini ömürlük həsrət və kədərə qərq etdilər. Poemada bu məsələyə də toxunulur. Şair bu ağrını bir ailənin, bir ocağın ağrısı kimi deyil, bütün yurdun, məmləkətin ağrı-acısı kimi təqdim edir. Bu mövzuya həssaslıqla, müqəddəslik duyğusu ilə yanaşan İ.Yusifoğlunun “Yarımçıq qalmış ömürdən sətirlər...” adlı publisistik yazısında şəhidlərin şəhadət olduğu məkanlarında güllərin bitməsinə toxunması rəmzi məna daşıyır. O, bu məkanda bitən güllərin şəhid qanları ilə suvarıldığına yönəldərək rəmzləşdirir: “Rənginə rəng verir şəhidlər qanı!” bu gülləri dərmək olmaz. Şəhit qanı ilə suvarılan bu güllərşairin şeir çələnginə hörülür: “Hər il bahar gələndə Fikrətin və polis dostu İmamverdinin şəhid olduqları yerdə qırmızı lalələr, kövrək bənövşələr, nərgizlər bitir. Bu gülləri dərmək, şəhidlərimizin məzarı üstə qoymaq da mümkün deyil. O gülləri mən Fikrətin və İmamverdinin xatirələrinə yazdığım şeir çələngimə hörür, yadigar verirəm.”

“Nərgizim, necə də ətirlənibsən,
Dərib yaxasına taxanın hanı?
Mənim lalə gülüm, çətirlənibsən,
Rənginə rəng verir şəhidlər qanı!

(“Sizi dərəmmədim Lalə Nərgizim”).

Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş insanların obrazın, onların şəhadəti vətənpərvər şairin şeirlərində, bədii və publisistik yazılarında ürək yanğısı ilə olunur, xalqın mənsub olduğu taleyinə və milli-mənəvi dəyərlərinə işıq salır. Şəhidlər ölmədi, onların ruhu göylərə yüksəldi, - fikri şairin misralarında poetikləşir:

“Torpağı uğrunda şəhid olanlar
Yaşayır göylərin yeddi qatında! “


19 yanvar 1990-ci ildə Naxçıvan MR Sədərək rayonu ətrafında gedən döyüşlərdə vətənin torpaqları uğrunda qurbanlar verildi. Azərbaycanın Milli Qəhrəmanı, polis kapitanı Məhərrəm Mirəziz oğlu Seyidov şəhid olaraq əbədiyyətə qovuşdu.

İbrahim Yusifoğlu “Ölümü Tanrı göndərəndə” publisist yazısında şəhidlərin əbədiyaşar olduğunu “maraqlı bədii priyomla təqdim etdi. O, orta məktəbdə dərs dediyişəhid Əhəd Nəriman oğlu Seyidova həsr etdiyi yazısında bunu şəhidin öz dili ilə ifadə etdi: “...Mən şəhidəm! Şəhidlər ölmür!” Şəhidlərimizin uyuduğu yer xalqın qürur yeri, şərəf, fəxarət yeridir.”

Düşmənə vəlvələ saldı igidlər,
El-oba naminə qeyrətləriylə,
Şəhidlik adını aldı igidlər.


Şəhidlərin ölməzliyi, əbədiyaşarlığı İ.Yusifoğlunun bədii və publisist yazılarının ana xəttini təşkil edir. “Can verib nam (ad) alan” şəhidlər yaddaşlarda yaşadığı kimi, uğrunda qurban getdiyi vətənin müxtəlif məkanlarında əbədiləşdirilir. Adları məktəblərə, küçələrə, kəndlərə verilir. İbrahim Yusifoğlu tərəfindən bu məqam. Azərbaycanın Milli Qəhrəmanı, polis kapitanı Məhərrəm Mirəziz oğlu Seyidova həsr etdiyi “Kapitan Seyidov küçəsindəyəm...” şeirində vurğulanır:

Kapitan Seyidov küçəsindəyəm,
Ulduzlar səmada alışıb yanır.
Onunla görüşmək həvəsindəyəm,
Osa gəlməyəcək, qəlbim odlanır.


Şair yalnız Məhərrəm Seyidova deyil, Azərbaycanın Milli qəhrəmanı Kərim Məmməd oğlu Kərimovun döyüş yolundan bəhs edən “Yarımçıq ömrün son akkordu: Milli qəhrəman” Sədi Sabir oğlu Əsgərovun xatirəsinə həsr edilmiş “Şəhidlik zirvədi, zirvədi, Sədi!”, Nüsrət Hidayət oğlu İsmayılova həsr edilmiş “Şəhidlik zirvəsinə yüksələn igid”, Naxçıvan Muxtar Respublikasının şəhid idman müəllimi Asəf Təfəkkül oğlu Fərəcova həsr etdiyi “Ölməli oğul deyildi Asəf” adlı publisisitik yazılarında, “Göylərdən ələnən göz yaşlarıydı...” povestində İbrahim Yusifoğlu şəhidlərin adının əbədiləşdirilməsi məqamına tarixi faktlarla aydınlıq gətirir. İbrahim Yusifoğlunun şəhadətə yükşəlmiş şəxslərin zaman və məkanından asılı olmayaraq, vətənin bütövlüyü, azadlığı uğrunda şəhid olmaları vəhdət şəklində təqdim edilir. “Göylərdən ələnən göz yaşlarıydı...” povestində “Biz onların qanını yerdə qoymayacağıq!”, “Şəhidlərin qanı yerdə qalmaz!” kimi fikirləri səsləndirir. İbrahim Yusifoğlunun müxtəlif illərdə işıq üzü görmüş “Mənim inamımı güllələdilər”, “Ölümü Tanrıdan gələnlər”, “O günü göylərdən kədər yağırdı” kitabları, onlarla publisistik məqalələri oxuculara hadisələri olduğu kimi əks etdirən bədii ərmağanlardır. “Mənim inamımı güllələdilər” kitabında 1988-ci ildən başlayaraq Moskvada hazırlanan xəyanət planlarının ermənilərin əli ilə həyata keçirilməsi xronoloji ardıcıllıqla əks olunur. İki hissədən ibarət olan poemanın birinci hissəsi “Qara Yanvara gedir” bölməsi ilə sona yetir:

“Şaxta yaman sərt kəsir,
Külək bərk tüğyan edir.
Bakı qara don geyir --
Qara Yanvara gedir

Tanrım, sən özün saxla,
Xalq gedir, dara gedir.
Bağla, bu yolu bağla,
Qara Yanvara gedir.”

Bütövlükdə, şairin yaradıcılığında, poeziyasında və publisistikasında itirilmiş müstəqilliyimizin qazanılması, Qara Yanvar gecəsində Bakı şəhəri dirəkləri laxlamaqda olan imperiyanın qoşunları tərəfindən amansızcasına gülləbaran edilməsi, əliyalın insanların vəhşiliklə öldürülməsi, az¬ğınlaşmış hərbçilərin təcili yardım maşınlarını və mülki vətəndaşların avtomobillərini tankların altında əzməsi, yaşayış binalarına müxtəlif çaplı silahlardan atəş açmaları, bir sözlə ölümsüzlüyə qovuşmaq üçün ölümə gedilən yol ürək ağrısı ilə izlənilir. Yaşanan tarix poetikləşdirilir. Şair, gördüyü hadisələr zamanı əbədiyyətə yüksələnlərlə qürur duyur. Çünki 20 yanvar həm də Azərbaycan xalqının millət olaraq özünü təsdiq etdiyi gündür. “Böyük vətən”dən imtina etdiyi, ölümün gözünə baxaraq keçmiş SSRİ-yə qiyam etdiyi gündü. “15 qardaş respublika”nın “sarsılmaz ittifaqı” olan SSRİ-yə məxsus hərb maşınlarından atəş açıldığı, şairin inamının güllələndiyi gündü:

“Sülhə, göyərçinə, süni hər şeyə,
“Qardaşlıq beşiyi” sovet elinə
Mənim inamımı güllələdilər…”


İbrahim Yusifoğlunun torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimiz haqqında qələmə alıdığı dəyərli əsərlərdən biri də “Ölümü Tanrıdan gələnlər” kitabıdır. Fitnəkar, şovinist erməni faşistlərinin iç üzü açılıb oxucuya göstərilən kitabda vətən övladlarının döyüşdüyü yurd yerlərinin vaxtsız solmuş laləsini, qandan doymuş dağlarını tərənnüm edən müəllif, “Bura Vətən torpağıdır, igidlərimizin qanı bahasına düşmən caynağına keçməyib bu torpaq, onu göz bəbəyimiz kimi qorumalıyıq!” – fikrini vurğulayır:

İbrahim Yusifoğlunun şəhidlik mövzusu ilə bağlı qələmə aldığı əsərlər yazılan məqalələrdə diqqətə çəkilir: “Milli şüurumuz və azadlıq düşüncələrimizdə milli yaddaşın unudulmamasına çağırış kimi dəyərləndirmək lazımdır. Bu çağırış şəhidliyin məhz bütöv Azərbaycan anlayışının dərkinin tarixi inkişaf yolu keçmiş prosesinin dərk edilməsinə yardım etdiyi” vurğulanır.

Müəllifin şəhidlik mövzusu ilə bağlı qələmə aldığı əsərlər yazılan məqalələrdə diqqətə çəkilir: “Milli şüurumuz və azadlıq düşüncələrimizdə milli yaddaşın unudulmamasına çağırış kimi dəyərləndirmək lazımdır. Bu çağırış şəhidliyin məhz bütöv Azərbaycan anlayışının dərkinin tarixi inkişaf yolu keçmiş prosesinin dərk edilməsinə yardım etdiyi” vurğulanır.

Bütövlükdə, İbrahim Yusifoğlunun qələmə almış olduğu bədii və publisist yazılarında təsvir etdiyi həyat hadisələrini əlaqələndirməsi, müəyyən bir sistem şəklində təqdim etməsi diqqətçəkicidir. Ümummilli liderin 1990-cı illərdə baş verən o ağır günlərdə “unudulmuş tənha adaya bənzədilən Naxçıvana gəlişi, xalqla birlikdəliyi, biradakı fəaliyyəti şairin yaradıcılığında xronoloji ardıcıllıqla əks olunur. 2023-cü il Azərbaycan xalqının görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilərkən İbrahim Yusifoğlu H.Əliyevə həsr etdiyi “O, Günəş ömrüdür, sönməyəcəkdir” poemanın kitab halında nəşr ulu öndərə xalqın sevgi və minnətdarlıq duyğularını, ümummilli liderin xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartmağı bacarmış tarixi şəxsiyyət olduğunu böyük sevgi və qürurla dilə gətirdi.

Şair poemanı epiqrafla başlayır, bu təsadüf deyil. Epiqraflar, “elmi-bədii, siyasi-iqtisadi, ictimai-psixoloji – yəni təfəkkür dünyasını əhatə edən yazıların (kitab, məqalə, araşdırma, məktub, gündəlik və s.) başlıqlarında hər hansı bir düşüncə adamının qısa fikri kimi işlədilir. İşlədildiyi nümunəni, yön, fikir, ideya baxımdan, əhatə edir, ilkin anlayış, məqsədi nəzərdə tutur.” epiqrafların işlənilməsi poemanın məzmun və ideyasını anlamağa yardımçı olur, ”təsvir edilən hadisələrin mahiyyətinə aydınlıq gətirir, həm də Heydər Əliyevin Azərbaycanın azad və bütöv bir dövlət olacağına inamını əks etdirir.

Ümummilli liderə aid olan epiqraf poemanın mövzusu ilə səsləşən hikmətli sözlər kimi diqqəti cəlb edir. Məsələn, H. Əliyevin Şuşanın azad olunacağı ilə bağlı olan inamı poemadaki epiqrafda aşağıdakı şəkildə əksini tapır: “Arzu edirəm ki, Sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün bu iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətizmizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhəri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti suyu... Biz onlarsız yaşaya bilməmişik.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinin poemada epiqraf kimi təqdim olunması maraqlı, maraqlı olduğu qədər də diqqətədəyərdir. Şairin təqdim etdiyi digər bir epiqrafda Azərbaycan Ordusunun qələbə qazanması, Azərbaycan torpaqlarının azad olunması poetik dillə təqdim edilir. İlham Əliyevin fikirlərini əks etdirən bu epiqrafda həm də ata vəsiyyətini yerinə yetirmiş insanın qüruru öz əksini tapır: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim! Bu böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!

Gözün aydın olsun, Azərbaycan!
Gözün aydın olsun, dünya azərbaycanlıları!
Füzuli bizimdir!
Cəbrayıl bizimdir!
Zəngilan bizimdir!
Qubadlı bizimdir!
Ağdam bizimdir!
Laçın bizimdir!
Kəlbəcər bizimdir!
Şuşa bizimdir!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır,
Eşq olsun Azərbaycana!”


Bu zaman şair, məkan və zaman anlayışına riayət edərək yaxın tariximizə ekskurs edir, xronoloji ardıcıllığı izləyir, az öncə bəhs etdiyimiz kimi, Heydər Əliyevin xalqın keçirdiyi təlatümlü tarixi olaylardan sonra hakimiyyətə gəlməsini, Naxçıvandakı fəaliyyətini, 1990-ci ildə baş vermiş tarixi olayları əks etdirir. Bütövlükdə, ulu öndərinin həyat və siyasi fəaliyyətinin əks olunan “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında “Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi özünüdərketmənin Heydər Əliyev siyasətinin, milli dövlətçilik təliminin ana xəttini təşkil etməsi, əsas prinsiplərindən olması” əks olunur, sələflik, xələflik, məsələlərinə toxunulur, Heydər Əliyevin siyasi yolunun oğlu İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanır:

Ata vəsiyyətin oğul prezident,
Doğrultdu müqəddəs əməllərində.
Yenilməz bir ordu qurub-yaratdı,
Dünyanın qarışıq, sərt illərində

(“O Günəş ömrüdür, sönməyəcəkdir”).

Qeyd edək ki, mənsub olduğu xalqın milli iftixar mənbəyi olan Heydər Əliyevin Azərbaycan ədəbiyyatında bədii obrazının yaradılması həm sovet dönəmində, həm də müstəqillik illərində aktual olmuş, bu yöndə saysız-hesabsız əsərlər yazılmışdı. Məsələyə münasibət bildirən akademik İsa Həbibbəyli “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında isə Heydər Əliyevin xilaskar obrazı yaradılmış, böyük ədəbiyyat onun milli dövlətçiliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsindəki rolunu bədii sözün bütün vüsəti ilə təsvir və tərənnüm etməyə səfərbər” olmalarını, bu ənənənin İbrahim Yusifoğlunun Heydər Əliyevin keçdiyi şərəfli, həmçinin keşməkeşli həyat yolunun izləndiyini “O, Günəş ömrüdü, sönməyəcəkdir” poeması ilə minnətdarlıqla davam etdirildiyini qeyd edir:

Heydər baba, həyatda,
Bu gün, sabah da varıq.
Firəvan günlər üçün,
Biz sənə minnətdarıq.


Heydər Əliyev ziddiyyətli və mürəkkəb bir dövrün içindən keçib xalqı ilə birlikdə qalibiyyət qazandı. Lakin heç bur qalibiyyət qansız olmur. 20 Yanvarda vətənin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün çıxılan mübarizə yolu da qansız, ölümsüz olmadı. Insanlar vətən uğrunda candan keçərək şəhidlik zirvəsinə yüksəldi. İbrahim Yusifoğlunun “O günü göylərdən kədər yağırdı” kitabındakı “Göylərdən ələnən göz yaşlarıydı” povesti də ermənilər tərəfindən tarixlər boyu xalqımızın başına gətirilən bəlaların, Şərurda baş verən hadisələrin yaddaşına həkk olunanlardı. Yazıçı bütün bunları povestin baş qəhrəmanı İlqar müəllimin dili ilə və tarixi faktlarla oxucuya çatdırır: “…Naxçıvan torpağı azad nəfəs alırdı. Naxçıvan xalqında inam, qətiyyət, qələbə hissi baş qaldırmışdı. Naxçıvanın başı üzərində Günəş doğmuşdu. Bu Günəş qara buludları dağıdır, havaya bir aydınlıq, istilik gətirirdi. Bu, Heydər Əliyev Günəşi idi. O böyük insan – Heydər Əliyev onu canı qədər sevən, ona inanan xalqının qarşısında, “Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm.

Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq olacağam. Azərbaycan dövlətinin müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır”, – deyirdi.

Ümumiyyətlə, şair-publisist İbrahim Yusifoğlu kitablarında azadlığa gedən yolun ağrısından, acısından doğulan azadlığı, bu azadlığı qazanan Vətənin oğul və qızlarının ölməzliyini qələmə almış, o illərin tarixi faciələrini bədii-publisistik dillə oxuculara çatdırmışdır. Bu zaman tarixi xronologiyaya sadiqlik göstərmiş, Qarabağ 44 günlük Vətən müharibəsinin zəfərlə taclanması şairin misralarında nəğməyə dönmüşdür:

Nəğmlərin müqəddəsi, ulusu,
Meyvələrin ən şirini, sulusu,
Bulaqların ayna kimi durusu,
Zəfər nəğməsi.

Bu nəğmənin hər sədası "Cəngi"di,
Al-qırmızı kəlmələrin rəngidi,
Dar anında bir oyanış zəngidi,
Zəfər nəğməsi.

Döyüşlərdə dönər dəmir yumruğa,
Haya yetən xilaskar quş Simruğa,
Səslənəndə el qarışar xoş çağa,
Zəfər nəğməsi.

İgidlərlə o, eyləyər yoxdan var,
Mərd əllərdə ilmələnər, toxunar,
Azad eldə, azad dildə oxunar,
Zəfər nəğməsi.

(“Zəfər nəğməsi”).

Bütün qaranlıqların sonu işıqlı olmaq arzusuyla İbrahim Yusifoğlunun haqqında yazdığım bu kiçik yazımı gözəl notlarla, İbrahim Yusifoğlunun “Şuşa şeiri“ şeiri ilə bitirmək istəyirəm.

Nə qədər qəlbləri sevgisi sarmış,
Ali Baş Komandan bəxtini yazmış,
Bütov Azərbaycan Şuşaya yarmış,
Hamısı bir olub qalxdı vuruşa,
Vəhşi caynağından qurtuldu Şuşa!
Şuşa!- qeyrət, şərəf, qürur şəhəri,
Şəfəqə dönəcək hər bir səhəri,
Dünyaya səs salıb dönüş zəfəri,
Xoş müjdə qəlbləri gətirib cuşa,
Bu gün anasına qovuşur Şuşa!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031