Yurd həsrətli şair - İldırım Şükürzadə yazır
Bakıya hər səfərimdə üz tutduğum ünvanlardan biri “Kredo” qəzetinin redaksiyası olur. Çünki, doqquz mərtəbəli “Azərbaycan Nəşriyyatı”nın ikinci mərtəbəsində yerləşən “Kredo” qəzetinin redaksiyası mənə doğma olan ünvanlardan sayılır.
Məndə bu ünvana sevgi-məhəbbəti yaradan “Kredo” qəzetinin nüfuzu və onun baş redaktoru Əli Rza Xələflinin şəxsiyyət və yaradıcılığı olmuşdur. Bu yaxınlarda “Kredo” qəzetinin redaksiyasında olarkən Əlirza müəllim haqqında bəhs edən və yenicə işıq üzü görmüş “Əli Rza Xələfli – 65” (Ədəbi tənqidi məqalələr, publisistik düşüncələr) II cild kitabını mənə hədiyyə etdi.
Sual oluna bilər, görəsən Əli Rza Xələfli kimdir və bizi bağlayan dostluq telləri haradan qaynaqlanır?
Adı böyük hərflərlə yazıla biləcək ƏLİ RZA XƏLƏFLİ çağdaş ədəbiyyatımızın və jurnalistikamızın tanınmış simalarından biridir. Əli Rza Xələfli imzası ilə yazıb-yaradan Əlirza Zal oğlu Əzizli 1953-cü il oktyabrın 1-də (dekabrın 7-də) Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuş, 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsini bitirmişdir. 1975-1980-ci illərdə Cəbrayıl rayonunun bir sıra məktəblərində müəllim, 1980-1993-cü illərdə “Kolxozçu” (sonra “Xudafərin” adlanmışdır) adlanan rayon qəzetində xüsusi müxbir, şöbə müdiri işləmiş, 1993-1999-cu illərdə “Qarabağ”, “Xudafərin”, “Qoşa qanad” və “Həyat” qəzetlərində müxbir işləmiş, 1999-cu ildən “Kredo” qəzetinin baş redaktorudur. 50-yə yaxın kitabın və çoxlu sayda məqalənin müəllifi olan Əli Rza Xələfli bir çox ədəbi mükafatların sahibi, “Qabaqcıl maarif xadimi” (1980) və Prezident təqaüdçüsüdür (2010).
Əli Rza Xələflini qiyabi olaraq təqribən 10 il əvvəl “Kredo” qəzeti vasitəsilə tanımışam. Ədəbiyyat qəzeti kimi tanınan “Kredo”nun hər bir sayını səbirsizliklə gözləyir və eyni zamanda böyük maraqla oxuyur və hazırda da oxuyuram. Qəzeti əldə etmək üçün Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinə gedir, orada bölmənin sədri şair İltifat Saleh (məqaləni yazarkən sosial şəbəkədən İltifat Salehin vəfatı xəbərini oxudum. Allah rəhmət eləsin) bölməyə gəlmiş qəzetin hər bir sayından mənə bir nüsxə verirdi. Əlirza müəllimlə şəxsi tanışlığımız isə 12 iyul 2017-ci ilə təsadüf edir.
Həmin vaxt Bakıda, Atatürk Mərkəzində tanınmış alim filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik yubileyində şəxsi tanışlığımızın və həmçinin dostluğumuzun təməli qoyulmuşdur. Əlirza müəllim “Əli Rza Xələfli – 65”, II cild kitabını 02 sentyabr 2019-cu ildə avtoqraf yazıb mənə hədiyyə etsə də, vaxt məhdudiyyətindən kitabı bir neçə gün öncə oxuyub qurtardım.
Tərtibçiləri fəlsəfə üzrə fəlsəfə doktoru Sabir Bəşirov (çox əfsuslar olsun ki, kitabın çapını görmək ona nəsib omamış, dünyasını dəyişmişdir) və filologiya elmləri doktoru Elçin Mehrəliyev (həm də kitabın redaktorudur) olan “Əli Rza Xələfli – 65”, II cild 2019-cu ilin avqust ayında Bakıda, “Vətən” nəşriyyatında 500 tirajla çap olunmuşdur. 320 səhifəlik bu kitabda ayrı-ayrı müəliflərin, o cümlədən akademiklər Teymur Bünyadov, Tofiq Hacıyev, Nizami Cəfərov, professorlar Mədəd Çobanov, Bədirxan Əhmədli, Təyyar Salamoğlu, Mahmud Allahmanlı, İslam Qəribli, ismayıl Kazımov, Hikmət Mahmud və digərləri Əli Rza Xələflinin son 5 illik həyat və yaradıcılıq mərhələsinə güzgü tutan ədəbi-tənqidi qeydləri və publisistik düşüncələri ilə yanaşı Əlirza müəllimin yaradıcılığından nümunələr də toplanmışdır. Yazılarda Əli Rza Xələflinin şair, publisist, nasir və jurnalist kimi fəaliyyəti təhlil edilir. Sevindirici haldır ki, Əlirza müəllim haqqında sosial şəbəkədə yazıb paylaşdığım geniş məzmunlu rəy “Ən çox hörmət bəslədiyim” başlığı altında kitabda verilmişdir (səh. 306-308).
Kitabı böyük diqqət və maraqla oxudum. Kitabı oxuduqdan sonra əlirza müəllimin şəxsiyyətinə, yaradıcılığına daha dərindən bələd oldum. Çağdaş ədəbiyyatımızın, mətbuatımızın zirvəsində dayanan bu şəxsin yaradıcılığının leytomativini yurd həsrəti, nisgil, ağrı-acılar təşkil edir. Bu heç də əbəs deyildir. Çünki Əlirza müəllim 26 ildir ki, sinəsində Qarabağ, Cəbrayıl, Xələfli nisgilini, həsrətini gəzdirir. Torpaqlarımızın 20 faizi, o cümlədən doğulub, boya-başa çatdığı və ömrünün 40 ilini keçirtdiyi qədim Cəbrayıl torpağı, Xan Çinarı erməni işğalı altındadır.
Buna görə də Əlirza müəllim qələmini süngüyə çevirərək öz yaradıcılığı ilə mənfur düşmənə qarşı mübarizə aparır. O, öz əsərlərində, məqalələrində düşmənə nifrət, vətənə, yurda sevgi hissini tərənnüm etməklə gənclərdə vətəvpərvərlik hissini daha da gücləndirmiş olur. Hər bir Azərbaycan vətəndaşı kimi Əli Rza Xələfli də işğal altında olan torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyir.
Bu gün Əlirza müəllimin şah əsəri “Kredo” hesab edilsə də, düşünürəm ki, o özünün şah əsərini hələ yazmamışdır. Əminik ki, Əli Rza Xələfli “Xan Çinar” adlanacaq şah əsərini doğma yurdu Cəbrayılda, uşaqlıq illərinin əmanəti olan Xan Çinarın (əgər ermənilər qırmayıbsa) altında yazacaqdır. Əli Rza Xələfli heç də təsadüfi deyildir ki, “Bir Çinar hekayəsi” adlı xatirə-poemasında yazmışdır:
... Mənim ürəyimdə Xan Çinar adlı,
Hələ yazılmayan bir kitab yatar.
Ömrün dan üzündən yol gələn atlı
Gün kimi doğular, ay kimi batar.
Əli Rza Xələfli şəxsiyyəti və yaradıcılığı haqqında yazmaq çətin və məsuliyyətli olsa da, mən də qələmimi sınayıb bu şəxsiyyətlə bağlı fikirlərimi sətirlərə köçürüb oxucularla bölüşməyə cəhd etdim.
Son olaraq Əlirza müəllimə can sağlığı, uzun ömür, şəxsi həyatı və yaradıcılığında uğurlar diləyirəm.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi,
AJB-in üzvü