Xaqani Qayıblı: Qürbətin yetirdiyi adam

Xaqani Qayıblını hələ işıq üzü görməmiş, dildə-ağızda gəzən, Qaraçöp məclislərində səslənən ilk şeirlərindən tanıyıram… O şeirlərdə Xaqaninin öz nəfəsiylə yanaşı, minillərin o üzündən gələn dogma notlar vardı, elə buna görə də çox-çox uzaqlara gedəcəyinə əmindim…
Xaqani Qayıblı da təkcə ruhən yox, həm də cismən çox-çox uzaqlara, Estoniyaya getdi, tanınmış semiotik alim, mərhum Arif Acaloğlunun yetişdiyi Tartu Universitetini bitirdi, elə orda da qaldı, yetişdi, püxtələşdi, türk ruhunun, Azərbaycan türkcəsi, ədəbiyyatı və mədəniyyətinin elçisi oldu…
Bununla belə, Xaqani Qayıblı kökündən də qopmadı, bir ayağı doğulub boya-başa çatdığı Qaraçöpdə, bir ayağı söz yoluna çıxdı Bakıda oldu, hər gəlişində də QÜRBƏTin ağrılarını dost-doğmaların sevgisiylə ört-basdır eləməyə çalışdı…
Onun insan və şair portreti də o gəlişlərin birində baş tutan söhbətimizdən yaranıb…
***
- Xaqani, iyirmi ildən artıqdı ki, vətəndən uzaqlarda – Estoniyada yaşayıb-çalışırsan. Bu uzaqlıq sənə nə verdi, yaxud səndən nələri aldı?
- Əvvəlcə, o uzaqlığın adını qoymaq lazımdı. Bunun isə min illərdi insanların həsrətinə, həyəcanına güzgü tutan, bir az da poetik adı var – QÜRBƏT. Mənim üçün bu altı hərflik söz, əlli illik ömrümü sığdıra biləcəyim, amma ifadə eləməkdə çətinlik çəkdiyim bir cümlə qədər yüklü, anlamlıdı. Bütün söhbətimizi təkcə qürbət mövzusuna həsr eləyə bilərik. Çünki ömrümün tam yarısını o beli qırılmış Qürbətdə yaşamışam. Yaşadığım illər ərzində heç “devir-təslim” haqqında düşünməmişəm desəm, yalan olar. Amma hər dəfə də özümə qısa, emosional cavab verməklə kifayətlənmişəm – Qürbətin verdikləri aldıqlarının yanında bir qara quruşa dəyməz. Bir qədər geniş, bir az da rasional cavab versəm, “bu uzaqlıq mənə çox şey verdi” deyə bilərəm, amma hamısını sadalayıb xronikal avtobioqrafiyaya çevirmək istəməzdim. Bununla birgə, dünyada nüfuzu olan, 400 illik tarixə malik Tartu Universiteti kimi bir elm ocağında təhsil aldığım, bir çox dünyaca ünlü professorların, xüsusilə məşhur semiotik Yüri Lotmanın mülahizələrini dinləmək imkanı əldə etdiyim üçün özümü şanslı adamlardan hesab edirəm. Bütün bunlar, bəlkə də başqalarının imrəndiyi, mənimsə burada sadalamaq istəmədiyim bir çox nüanslar Qürbətin mənə verdiklərinin görünən tərəfidi. Qürbətin məndən aldıqlarını isə kimsə nə gördü, nə də hiss elədi. Nələr almadı ki... Urvatlı bir iş görəndə atamın qürurlu baxışlarını, anamın qollarının boynumdakı doyumsuz təmasını, üzümdə dolaşan ilıq hənirtisini:
Atam ola, kəmər vura belimə,
Anam ola, sığal çəkə telimə,
Yarım ola, naz eləyə gülümə...
Harda qaldı o günlərim, a Dünya!
Dostlarla bir arada yaşana biləcək (kimlər üçünsə ritorik və cansıxıcı görünən, amma mənim burnumdan tüstü çıxaran) anların, görüşlərin mütəmadiliyini:
Dost toyundan qayıdır indi dostlar hardasa,
Tutub hönkürtü məni, tutub hıçqırıq məni...
Ömrüm qürbət ellərdə təklikdən batıb yasa,
Daha dostlar neyləsin bu qəlbi qırıq məni!
Görəndə varlığı tənimi təntidən, baxışları nəfəsimi təngidən Onun yaxınlığını:
Bir biləsən uzaqlarda
sənsiz darıxmaq necədir!
Çaşıb adını çağırmaq,
Sonra karıxmaq necədir!
- 1992-ci ildə unudulmaz şairimiz İsa İsmayılzadə sənin şeirlərini “Ədəbiyyat qəzeti”ndə təqdim eləyəndə yazmışdı: “Xaqani Aran Borçalısında – Qaraçöpdə dünyaya göz açıb, şeirlərini oxuduqca o yerlərin – o qeyrətli torpağın ətrini, sərt nəfəsini duyursan”. Qaraçöp məkan və Vətən mənasında yaddaşında hansı yeri tutur?
- Qaraçöp mənim üçün ilk dəfə yalın ayağımı basdığım, bu təmasdan da canıma, ruhuma... bütün varlığıma hakim kəsilən gizəmli, tükənməz bir duyğunun təməli olan müqəddəs Torpaq; son anımda o müqəddəs torpağından bir ovuc gözlərimə tökülməsini, qucağında əbədiyyətə qovuşmağı arzuladığım ulu Yurd; adını səsləndirəndə ömürmü-günümü sevincə, canımı həyəcana bürüyən qeyrətli El, görəndə sərənəmi yatırdan bənzərsiz bir Diyar; xatırlayanda məni havalandıran Vətəndi...
İndi – bu saat
bu meşənin qırağında,
bu çölün düzündə
məni yalnız qoymaya
bu baharın Göyüzündə
şimşək atam, bulud anam...
qəfil bir yağmur başlaya –
torpaq kəndimiz qoxuya,
mən havalanam!
- Sənin həmişə xatırladığın, haqqında sevgiylə danışdığın söz adamlarından biri də görkəmli yazıçımız rəhmətlik Fərman Kərimzadədi. Onunla bağlı çox kövrək xatirə yazın da var. Fərman Kərimzadəylə ünsiyyətin həyatında nələri dəyişdi?
- Desəm ki, adlarını çəkdiyin və mənim ədəbi dünyamda bənzərsiz yeri olan hər iki böyük Söz adamı - İsa İsmayılzadə və Fərman Kərimzadəylə şəxsi tanışlığım əslində Sözlə tanışlığım idi, buna inan. Bu, doğrudan da belə idi. Ovaxtacan sanki mən sözü sadəcə olaraq kullanırdım (bu kontekstdə “kullanmak” “istifadə etmək”dən daha ifadəlidi), o tanışlıqdan sonra isə Söz özünü mənə kullandırmadı, yəni, başına ip saldırmadı! Sizə zarafat gəlməsin, heç bir ədəbi mühit və yaxud ədəbi dərnək-filan görməyən 23-24 yaşlarında gənc olasan, o böyüklükdə Fərman Kərimzadə ilk görüşdəncə səni bağrına basa, üzündən-gözündən öpə, sonra da səndən xəbərsiz haqqında Azərbaycan ədəbi camiəsində yaxşı mənada səs-küy qaldıra. Digər tərəfdən, İsa İsmayılzadə kimi ustad “Sözü, ümidi sənə əmanət eləyə”. O İsa İsmayılzadə ki, hətta az-çox imzasını təsdiq eləmiş şairlər belə, ona şeir verməyə çəkinirdilər, Tofiq Abdinin təbirincə desək, “ona şeir bəyəndirmək Allahın zülmüydü”. Di, oğulsan, bu etimaddan sonra Sözü kullan görüm, necə kullanırsan. Beləcə, həyatımın Sözün qılığına girmə dövrü başladı.
Baxıram, böyrümdə qardaşım yatıb,
Üzümə qoxusu dəyir gündüzün...
Bu gecə vaxtında qan-tərə batıb
Qaçıram dalınca bir qatar Sözün!
- Sən təkcə Estoniyada təhsil almadın, həm də bu ölkədə türkologiyanın förmalaşmasında sanballı rol oynadın. “Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” adlı elmi işinlə dünya dilçiliyində fin-uqor və türk-tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimsən, Estoniya prezidentinin şəxsi tərcüməçisisən, Tartu Universiteti Türk Dili Mərkəzi müdirisən, Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyin xüsusi xidmətlərə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türksən. Qarşıda daha hansı hədəflərin var?
- Bilmirəm bunu hədəf adlandırmaq olar, ya yox, amma bundan sonrakı ömrümü Qürbətdə deyil, Vətəndə yaşamaq istəyirəm. Bildiklərimi, təcrübəmi, təbir yerinə düşürsə, millətimə, dövlətimə vermək istəyirəm. Amma gerçəkləşdirmək istədiyim bir arzum da var – doğulub boya-başa çatdığım Qaraçöpdə milli gimnaziya yaratmaq. Son illərdə Gürcüstanda bir çox islahat həyata keçirilir, o cümlədən, təhsil sistemində dəyişiklik edilir və ediləcək. Gürcüstan və Estonyanın təhsil nazirliklikləri arasında sıx əməkdaşlıq münasibətləri var, bir neçəsində mən də iştirak eləmişəm. Yaxın gələcəkdə dövlət büdcəsindən maliyyələşən bütün məktəblər dövlət dilli tədris sisteminə keçəcək, yəni məktəblərdə dərslər yalnız gürcücə keçiriləcək. Eyni zamanda, milli azlıqlara öz dillərində özəl məktəblər açmağa icazə veriləcək, artıq verilib də. Yaratmaq istədiyim gimnaziya təkcə Qaraçöpdə deyil, bölgədə (Sərtçala Muğanlısı və Gömbördən tutmuş Qabaladək) yaşayan soydaşlarımızın doğma dilimizdə təhsilini mümkün qədər ən yüksək səviyyədə təmin etmək məqsədi daşıyır.
- “Türkcə-estonca, estonca-türkcə turist sözlüyü”, “Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası” kitablarını tərtib, “Türk dünyası yer adları”, “Estonca-azərbaycanca sözlük”, “Nağıllar körpüsü” (Baltik xalqları nağılları) kitablarını redaktə eləmisən, “Sənsiz ömrün bir ili” esse kitabın var. Bütün bunlar öz yerində. Amma indiyədək “Qırx yaşım, qırx sözüm” adlı bircə poetik toplu çap etdirmisən. Şeirlərindən oxucunun xeyrinə “ayrılmaq” səndən ötrü bu qədər çətindimi?
- Əvvəla, bir neçə kitablıq şeirimin olduğuna heç inanmıram, çünki az yazıram. Əslində, yazmamağa çalışıram, amma... elə məqamlar olur ki, artıq yazmaya bilmirsən, özünə yenilirsən. Bir də, axı iyirmi ildən artıqdı Azərbaycan mətbuatından uzaq düşmüşəm – içimdə həmişə tərəddüd dolaşıb ki, imzam çoxdan unudulub, yenidən “qayıtmağa” nə gərək var... Amma sağ olsunlar, dostlarım Məti Osmanoğlu və Qurban Yaquboğlu sürpriz elədilər – məndən xəbərsiz “Ədəbi Teleqraf”da imzamı yenidən “gündəmə gətirdilər”... “Oxucunun xeyrinə ayrılmaq” məsələsinə gəlincə, deyim ki, bayaq dediyin o uzaqlıq öz missiyasını yerinə yetirib – mətbuatda mütəmadi şeir çap etdirib, kitab çıxarıb imzamı tanıtdırmaq kimi həvəsim artıq, çox səmimi deyirəm, sadəcə olaraq yoxdu. Amma belə bir həyəcanverici həvəs Estoniyaya gəlmədən əvvəl bir an da olsa məni tərk etmirdi. Hətta kitabımın adını da qoymuşdum: “DAN ÜZÜNƏ DEDİKLƏRİM”. O kitab isə Estoniyanın Göy Üzündə “çap olundu” – gedəcək şeirləri Estoniyanın gah soyuq qış gecələrində, gah da yamyaşıl bahar günlərində üzümü göylərə tutaraq söyləyib durdum.
- Ədəbiyyatşünas-tənqidçi Məti Osmanoğlu yazır: “Xaqani qürbətdə yaşasa da, onun şeirləri məhz Azərbaycan ədəbiyyatının havası üstündə yaranır və Xaqaninin müasir Azərbaycan ədəbi prosesində öz yeri olan qələm sahiblərindən biri olduğu qənaətindəyəm. ...Xaqaninin yaradıcılığı Azərbaycan şeir düşüncəsinin və dilinin stixiyasının dərinliklərindən süzülüb gəlir, müasir axınlara qovuşur”. O havanı sənin içində yaşadan nədi?
- Təəssüflə boynuma alıram ki, Azərbaycanda çıxan şeir kitablarını çox az qisminə əlim çatıb. Doxsanıncı ildən sonra isə belə bir imkanım heç olmadı. Bunun da səbəbi çox sadədi – yenicə ədəbiyyata ayaq basırdım ki, bir də gördüm eston dilində ismin on dörd halıyla əlləşirəm. Dediyin havanı isə içimdə diri tutan iki varlığa – Anam Şərifə xanıma və qoynunda dünyaya gəldiyim Qaraçöpə borcluyam. Anamın hələ də qulaqlarımda səslənən şirin bir qımqımıyla oxuduğu bayatılar, Qaraçöpün sazlı-sözlü yığnaqlarında aşıqların Qurbanidən, Tufarqanlı Abbasdan, Aşıq Ələsgərdən ta Aşıq Musayacan oxuduqları şeirlər, danışdıqları dastanlar hələ mən Sözlə tapışmamışdan çox-çox əvvəllər iliyimə işləyib... Sonra da Sözü tanıdım! Bu isə sıradan bir tanışlıq deyildi.
- Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Kamal Abdullanın “Kim dedi ki, Simurğ quşu var imiş!”, Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi”, türk yazıçısı Tuna Kiremitçinin “Dualar qalıcıdır” kitablarını, eləcə də Bəhlul Abdullanın, Afaq Məsudun əsərlərini eston dilinə çevirmisən. Planında daha hansı əsərlər var?
- Hazırda Azərbaycan nəsrinin şah əsərlərindən olan “Əli və Nino”nu, Ahmet Hamdi Tanpınarın “Saatları ayarlama institutu” romanını, İftixarın “Eşqin tikan dairəsi” pyesini tərcümə edirəm. Plana gəlincə, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır”, Etimad Başkeçidin “Min yol mənə söylər...” (bir haşiyə çıxmaq istəyirəm, Etimadın bu əsərini mən 2012-ci ilin dekabr ayında Almaniyada, Ştutqartdan Nürnberqə gedən vaxt qatarda oxumuşam (hekayə variantını) və sözə çevirməkdə güclük çəkdiyim olağanüstü duyğular yaşamışam), sənin “Yolçu” romanın yaxın gələcəkdə tərcümə etmək istədiyim əsərlərdəndi. Bundan başqa, ömrüm çatsa, hər iki dildə 20 müəllifdən (10 yazıçı, 10 şair) ibarət kiçik bir antologiya tərtib edib çevirmək istəyirəm. Yəni 20 Azərbaycan yazarını estonlara, 20 eston yazarını da azərbaycanlılara tanıtmaq istəyirəm. Dediyim kimi, bunlar yaxın və uzaq gələcəyin planlarıdı.
- İctimai fəaliyyətin də çoxşaxəlidi, Estoniya-Azərbaycan cəmiyyətinin sədrisən, Estoniya-Türkiyə Mədəni Əlaqələr Cəmiyyəti İdarə Heyətinin, Estoniya Akademik Şərqşünaslar Cəmiyyətinin, Estoniya Jurnalistlər Akademiyasının, Estoniya Ana Vətən və Respublikaçılar Birliyi Partiyasının, Dünya Azrbaycanlıları Konqresi İdarə Heyətinin üzvüsən, beynəlxalq tədbirlərdə iştirak eləyirsən. Hər halda, elə bilirəm ki, yaradıcı adam üçün çətindi...
- Məncə, Vətəndən kənarda yaşayan hər bir insan, özü istəsə də istəməsə də, mənsub olduğu millətin təmsilçisinə, bir anlamda elçisinə çevrilir. Bu mənada, qürbətdə yaşayıb da ictimai fəaliyyətlə məşğul olmamaq mümkünsüzdü. İçtimai fəaliyyətsə daha çox həssaslıq və diqqət tələb eləyir, çünki atdığın hər addım fərd olaraq sənin adına yox, birbaşa mənsub olduğun, təmsil elədiyin millətin adına yazılır. Təbii ki, bu da öz növbəsində zaman tələb edir... Yaradıcı adam üçün də, lap elə elm adamı, iş adamı üçün də çətindi, çünki mövqe bildirmək, bunun üçün də dəqiq məlumatlar, bol material toplamağa vaxt ayırmaq lazımdı. Çətindi, amma şərəflidi, çünki millətinə xidmət edirsən, başqalarının görmək, yaxud dilinə gətirmək istəmədiyi həqiqətləri sən deyirsən, lazımi yerlərə sən çatdırırsan.
- Sən olan uzaqlıqdan bugünkü Azərbaycan mənəviyyatının və ədəbiyyatının mənzərəsi necə görünür?
- Açığı, bayaq dediyim kimi, ən azı son 20 ildə Azərbaycan ədəbiyyatından az xəbər tuturam. Sistemli bir şəkildə məlumatım olmasa da, tam məlumatsız da deyiləm. Məsələn, son bir neçə ildə Azərbaycan ədəbiyyatının səmalarında hara baxıram, Kamal Abdullanı görürəm. Son ayların ədəbi hadisəsisə sənin “Yolçu” əsərin kimi görünür.
- Öz köklərinə bağlı adamsan. Doğma yerlərə hər səfərində nə qədər duyğulandığını hiss eləyirəm. Bəlkə də vətəni daha çox sevmək üçün bir müddət uzaqda yaşamaq lazımdı. Mənimlə razısanmı?
- Bəlkə də sözlərində həqiqət var, amma səmimi desəm, məncə, kişi öz elində-günündə, millətinin içində, dost-tanışının, qohum-əqrəbasının yanında yaşayar.
Uzansa arası səfərlərimin,
Könlüm Eldən ötrü ah-fəğan eylər!
Həsrət körükləyər qəm atəşini –
Yurd eşqi içimdə bir tüğyan eylər!
Məncə, Qürbətdə yaşayanlar hər gecə ömrün hüsabatını verir... Amma ədəbiyyat anlamında hesabata gəlincə, sənin və Nurafizin israrlı təkidilə uzun illər içimdə öləziyən kitab çıxarmaq həvəsim yenidən körükləndi və oxucularla “YENƏ CANIM SÖZ GƏZİR” adlı bir kitabla görüşmək istəyirəm.
***
Amma Xaqani Qayıblı QÜRBƏTin ödəncini gördüyü işərlə də, yaradıcılığıyla da layiqincə verdi...
Uzun-uzadı dilə tutandan sonra 2014-cü ildə “Yenə canım söz gəzir” adlı poetik toplusunu nəşrə hazırlaya, çap eləyə bildik, üstəlik, Bakıda, Atatürk Mərkəzində kitabın təqdimatı və Xaqaninin 50 illik yubileyi baş tutdu.
Üstəlik, Tartu Universiteti Türk Dili Mərkəzində “Ərgənəkon” yayınları redaksiya heyətinin rəhbəri kimi, türk ədəbiyyatı və mədəniyyətinin təbliği yönümündə də çalışdı...
Hər halda, QÜRBƏT Xaqani Qayıblıdan aldığının əvəzində borclu qalmadı, onu böyütdi, şair və araşdırıcı kimi ərsəyə çatdırdı...
2014, fevral – 2023, noyabr
Nəriman ƏBDÜLRƏHMANLI