manera.az
manera.az

Səsindən boy verən adam - Nurafiz yazır

Səsindən boy verən adam - Nurafiz yazır
Arıların fərqli güllərdən yığdığı şirəni bal içində ayıra bilmək istəyimiz mümkünsüz və ilahi Tanrı sirri olduğu kimi, elə adamlar da var ki, onlar el-elat sevgisinə, yurd havasına eləcə qaynayıb qarışmış bir ömür yaşamaq haqqı qazanıblar.

Sərgilədiyi hər günün, anın ağrı-acısını, uğurlu-urvatlı günlərinin havasını dualararında ovub-oxşayıb Tanrı icmarıcında saxlayırlar. Bu yönlü-yönümlü adamlar həmişə el-obanın gözündə ha yandan baxılsa da sözüylə, sambalıyla boy göstərmədədilər. Onların səsinə-sözünə üz qoyub içdən göyərə bilərsən, dualarını diləsən, Göylər də səni eşidər, arzuların da çin olar.Onlar havasıynan, duasıynan, oturuşu-duruşuynan, yaşam müstəvisində gözümüzün-könlümüzün görümünə uğur enerjisi sərgiləmələriylə bir torpaq, yurd misallıdırlar.

…Belə adamlar hər obada, oymaqda barmaq sayı qədər ola ya olmaya…

Xatirələrin diliylə bir igid ömrü geriyə dönüb, tələbəlik illərində olan xatırlamanın ətəyindən əl tutmaq istədim. İlk dəfə tanış olduğum, ağır ellərdən biri-Qaraçöpdən olan tanışımın dedikləri yadıma işıq çilədi:

-Sizdə - Təhlədə oxuyan-filan varmı ki? Sizinkilərin hamısı bütün yayı yaylaqlarda olur.

Onunla xeyli fikir bölgüsü edib, durulub arınmışdıq.

Bu görüşə qədər elə həmin yaylaqlarda uşaq vaxtı ilk dəfə Qraçöp, qaraçöplülər barədə böyüklərin dilindən eşitmişdim. Maşa Usufun oğlu Osmanın, “-Ya xan əmriylə, ya da yan dəmiriylə o qızı alacam, ya da hamını güllənin çığnağından keçirəcəm”, - demişdi. Elə o vaxtlardan dayımqızının həyat yoldaşı olan Osman qağa mənim üçün Qaraçöp adına xeyirxahlıq, əliaçıqlıq və mərdlik etalonuna çevrilmişdi. Ruhu şad olsun!

Uzun illər boyu çoxlu qaraçöplülərlə dostlaşsam da, Nəriman Əbdülrəhmanlı ilə tanışlıqdan sonar mən o mahala mənəvi müstəvidən qaynayıb-qarışdım. Bir az da qaraçöplü oldum. Elə Nərimanla 5-6 il öncə Gürcüstan səfərimizdə o yerlərə gedəndə bənzərsiz ziyalı, təcrübəli pedaqoq, ədəbiyyatşünas alim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Fərhad Xubanlıya baş çəkməyimizi təklif elədi. İlk görüşdən uzun illərin doğması kimi görüşdük. Bütün qış gecəsi uzun söhbətlərimiz oldu. Onun ağayana sadəliyi, səmimiyyəti, səsinin astagəl ritmi məndə bir torpaq doğmalığı yaratdı.

İllər boyu o yerlərdə at oynadan, mərdlikləri ilə ad çıxardıb, böyük hörmət-izzət sahibi olan bir eldən belə bir adamın olmasını heç sinirə də bilmirdim. İllərlə yaddaşımda daşlaşmış döyənəkdən ayrılmaq çıxılmazlığında vurnuxurdum. Fərhad müəllimi də o biri tanışlarım kimi çılğın, ötgəm davranışlı görmək istəmişdim. Amma onun çılğınlığı da, emosiyalarının ötgəmliyi də onun kübarlığında, səbrində, görmək istədiyi və görə bildikləri işlərin mayasına sığınıb yaşayır. O, canlı torpaq kimi arzuları, istəkləri məqam düşdücə dən kimi göyərtmək görəvini yerinə yetirməliymiş və yetirir də.

Uzun zamandı ki, təhsil sistemində ömür-gün əridən bu könlüşah kişi, xeyli zaman kəsiyində Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında dosent kimi çalışıb. Sonralar H.Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin professoru kimi fəaliyyətdə bulunub. Hal-hazırda dogma mahalda dil-ədəbiyyat fənni üzrə fəaliyyətini davam etdirir. Mətbuatda gedən bir çox folklor araşdırmaların müəllifidir. Bir neçə elmi kitabı və metodik vəsaitləri oxucuların ixtiyarına verilib. Pedaqoji elmlər üzrə fəlsəfə doktorudur.

Kitabım haqqında yazdığı könül ismarıcından sonar Fərhad müəllimin başqa bir yöndə mənəvi dünyasının qonağı oldum. Sonralar Zəlimxan Yaqub, Səməd Qaraçöp, Xaqani Qayıblı və bir çox başqa müəlliflər haqqında könül işığından keçirdiyi yazıların müəllifidir. Yurdu-yuvası şen olmuş, səsinin-sözünün duruluğunda ruhumuzu durultduğumuz bu böyük el adamı,elm adamı, qibləsi söz olan dr. Fərhad Xubanlı bu gün də yazıb-yaratmaqdan qalmır.

İç ağrılarını dualarına büküb Tanrıya ismarlayan bu bölgənin ruhunda, qanında, səsinin-sözünün işığında bu yerlərin qayğılarını, sevincli-ağrılı günlərini daşıyan əməlisaleh Fərhad müəllim elə bu yerlərin havasına köklənib yaşamalıymış. Belə adamlar eldə torpaq kimi, su kimidirlər. Onların işığından keçib durulmaq haqqı el-obanın tanrı payıdır, şükranlıq yeridir.

Sözün əlindən tutub gəlib 70 yaşın salamına alın yazısını söykəyən Fərhad müəllim könlündə də söz Tanrı dərgahına doğru çəhlim yormaqda ona, ruhuna yardımçı olub və olacaq, inşallah.

Yaşınız mübarək, Fərhad müəllim!

Ömrün 80-də könüllərə söz dəni səpmək diləyilə uğurlar Sizə!!!

DR. FƏRHAD XUBANLIYA

Bir səs boy göstərir bizdən uzaqda,
Umudu yalmanır boy-boya…
Neynək!
Bu yolun yörəsi - əlində iynə,
Ağrının yaxası düyməsiz köynək.

Bu hava ilikdə qanı çatdadır,
Sümüyü səzikir qəm sığalında.
Alın yazısının sıxıntıları
Üşənir yanağın nəm sığalında.

O yurd yerlərində qorsu köz ki, var -
Ruhun paxırını hənirləndirər.
Susan ağacların nə dediyini
Qanın yaddaşıyla öpüb dindirər.

Ötük ağrıların çəhlim yerində
Gümanlar at çapar üzü anrıya.
Susulan sirlərin pıçıltıları
Duayla çatırmı görən Tanrıya?!


NURAFİZ,
30.05.2020.

Səsindən boy verən adam - Nurafiz yazırБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031