manera.az
manera.az

Qürbətdən gələn səs - Nəriman Əbdülrəhmanlı yazır

Qürbətdən gələn səs - Nəriman Əbdülrəhmanlı yazır
Xəlil Şahvələdi (Allahverdiyev), az qala, bir insan ömrü qədər – 45 ildi ki tanıyıram...

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteri) filologiya fakültəsində təhsil alan, eləcə də universitetin 3 saylı yataqxanasında yaşayan humanitar fakültələr fakültə tələbələrinin əksəriyyətindən yaşlı olduğuna görə, demək olar, hamımızın ağsaqqalımız sayılırdı, bir dərdimiz, çətinliyimiz olanda Hacıxalılın (onu belə tanıyırdıq) üstünə qaçırdıq.

Onun unudulmaz Fikrət Mursaqulova qayğısı şəxsiyyətinə hörmətimizi daha da artırırdı. Üstəlik, Borçalı-Qazax-Tovuz bölgəsindən gələnlər (Məhərrəm Qasımlı, Məti Osmanoğlu, Nizami Cəfərov...) Xəlili özlərinə bir köynək yaxın hesab eləyirdilər. O da zəngin həyat təcrübəsi, xeyirxahlığı, ürəkgenişliyilə hamının hoyuna yetməyə çalışırdı. Təkcə tələbələr yox, müəllimlər də Xəlilə hörmətlə yanaşırdılar.

Elə o vaxt uşaqlıq çağlarından həyatın hər üzünü görmüş Xəlil zəhmətkeşliyi, səmimiyyəti, əzmkarlığıyla çoxlarının könlündə taxt qurmuşdu. Əlbəttə, əksər tələbələr kimi, bədii yaradıcılığa meyilliydi, “Sosialist Sumqayıtı” qəzetində şeirləri çap olunurdu, yazı-pozuya yenicə qədəm qoyanlar sözünün dəyərini bilir, məsləhətlərinə ehtiyac duyurdular.

Amma o, bir çoxları kimi, iddialı deyildi, alim, yaxud şair olmaq üçün əlləşib-vuruşmurdu, sadəcə yeri gələndə könül əsintilərini vərəqə köçürürdü. Şifahi söz yatırımıza və klassik ədəbiyyatımıza dərindən bələdliyi, saza-sözə vurğunluğu Xəlilin yaşam tərziydi, başqa cür ömür sürməyi ağlına belə gətirmirdi.

Universiteti bitirəndən sonra yollarımız ayrıldı, hərə öz arzularının arxasınca düşdü. O illərdə Xəlil Şahvələdin Borçalıda, Bolnisi rayon qəzetində işlədiyindən xəbər tutdum. Ara-sıra yazıları mərkəzi mətbuatda da işıq üzü görürdü. Hətta qaraçöplü el şairi Aşıq Musa haqqında bir portret yazısına da (sonralar həmin yazını tərtib elədiyim “Qaraçöp” tarixi-ədəbi toplusuna daxil elədim) da rast gəlmişdim.

Sonra sular bulandı, zəmanə dəyişdi, baş verən münaqişələr çoxlarını öz yurd-yuvasından perik saldı. 90-cı illərin əvvəllərində Xəlil Şahvələdin Rusiya Federasiyasının Samara vilayətinə üz tutduğunu öyrəndim. Qürbət ağrılarını yaşaya-yaşaya əvvəlcə kiçik bizneslə məşğul oldu, sonra hərbi hissədə işə düzəldi, Borçalıdan, Bolus-Kəpənəkçidən, doğma Güləverdən ötrü burnunun ucu göynəyə-göynəyə yeni yurd saldı, övladlarını ev-eşik sahibi elədi, nəvələrilə sevindi, üstəlik, ö bölgədə yaşayan soydaşlarımız arasında əlaqələrin qurulması üçün bacardığını əsirgəmədi. Bir də baxdı ki, ömrün yetmişinə varıb, yaşadığı illərin hesabatını vermək vaxtıdı.

Onun qürbət yaşantıları barədə yaxın münasibətdə olduğu qələm dostu Əlxan Orucoğlu vasitəsilə xəbər tuturdum. Bir neçə ilə əvvəl Bakıya yolu düşəndə görüşmək qismət oldu. Xatirələr çözələndi, dost-tanış xatırlandı, həmin məqamda da Xəlilin zərrə qədər də dəyişmədiyinin, həyat təcrübəsi artsa da, əvvəlki kimi, səmimi, duyğulu, kövrək qaldığının şahidi oldum.

Mənə görə, qürbət həyatı Xəlil Şahvələdin Sözə ehtiyacını bütün kəskinliyilə üzə çıxarıb, yalnız ağrılı-acılı yaşantılarını vərəqlərə köçürməklə təskinlik tapıb, sonra da xeyirxah dostlarının köməyilə “Qatarından qalan durna” (2008), “Yurd yeri” (2009) və “Qayadan cızan bulaq” (2013) poetik toplularını nəşr etdirib. O kitablarda toplanmış şeirlərdə dünya, həyat, xeyir, şər, yurd, ocaq, insan, sevgi... haqqında düşüncələrini poetik qəlibə salıb, qismətinə düşmüş ömrün aydın mənzərəsini yaradıb.

Xəlil Şahvələdin şeirləri möhkəm özül üzərində - dərindən bələd olduğu şifahi xalq yaradıcılığı və zəngin klassik ədəbiyyatımız – yaranıb, minillərin xalq müdrikliyindən qidalanıb, bu səbəbdən də oxucunun qəlbinin sarı siminə toxunur. Onun poetik kanonlara bələdliyi, sözün şəhdi-şəkərini çəkmək bacarığı, az sözlə tutumu obraz və mənzərə yaratmaq qabiliyyəti şeirlərinin dərhal yaddaşa yazılmasında az rol oynamır. Elə bu səbəbdən də qələmindən çıxanlar yaşadığı mühitdə sevilir, dildə-ağızda gəzir.

Bu şeirlərdə də o, özünə sadiq qalıb, Borçalının həsrətini çəkdiyi dağlarını, dərələrini, obalarını, bulaqlarını, insanlarını vəsf eləyib, yaddaşının o ucundan bu ucunacan şirin xatirələrlə, ağrı-acılarla, itkilərlə, tapıntılarlarla, məmnunluqla, peşmanlıqla... dolu olan uzun yol keçib, xeyri oyub, şəri lənətləyib, yaxşıları tərifləyib, pislərə tənə vurub, ilk sevgisinin nakamlığına yanıb-qovrulub. Bütövlükdə topludakı şeirlər keçən bir ömür haqqında poetik dastanı xatırladır.

Xəlil Şahvələdin sayca dördüncü poetik toplusu olan bu kitabı heç də yaradıcılığının yekunu saymaq olmaz. Hələ işıq üzü görmək üçün öz vaxt-vədəsini gözləyən dəftərlərdə bir neçə kitablıq şeirləri var. Əminəm ki, bu topludakı yaşantılar kimi, o qəlb çırpıntıları da bir vaxt öz oxucusunu tapacaq.

Nəriman ƏBDÜLRƏHMANLI
Bakı, iyun 2021-ci il
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031